DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:
image_1327415549_24.01.12-ikonka.jpg

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

24.01.2012

İclasda daxili işlər naziri, general-polkovnik Ramil Usubov hesabat məruzəsi ilə çıxış etmişdir. O demişdir ki, 2011-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının hər bir sahəsində müsbət nəticələrin əldə edilməsi, demokratik proseslərin sürətlənməsi, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, bütövlükdə Heydər Əliyev siyasi kursunun uğurla inkişaf etdirilməsi ilə əlamətdar olmuş, davamlı şəkildə gedən quruculuq işlərinə zəmin yaradan ictimai asayiş, insan hüquq və azadlıqları daha etibarlı qorunmuş, ölkənin qanunlarından, dövlət başçısının fərman və sərəncamlarından irəli gələn vəzifələr vaxtında və tam yerinə yetirilmişdir. Azərbaycan cinayətkarlıqla mübarizənin nəticələrinə görə 2011-ci ildə də MDB və Şərqi Avropa məkanında tutduğu öncül mövqeyi qoruyub saxlamışdır.

Bildirilmişdir ki, qeydə alınmış 22.982 cinayətin 90 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10 faizini ağır və xüsusilə ağır növlər təşkil etmişdir. Cinayətkarlığın strukturunda və dinamikasında ciddi dəyişikliklər baş verməmiş, əvvəlki illərdə qeydə alınan müsbət meyllər qorunub saxlanılmışdır. Ağır və xüsusilə ağır cinayətlər 6,5 faiz, o cümlədən qəsdən adam öldürmə və ona cəhdlər 2,2 faiz, quldurluqlar 11 faiz, hədə-qorxu ilə tələb etmələr 29,2 faiz azalmış, adamları girov götürmə və banditizm faktları qeydə alınmamışdır.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətlərin 83 faizinin açılması təmin edilmişdir. Prokurorluq orqanları ilə birgə, keçmiş illərdən bağlı qalmış 246, o cümlədən 51 ağır və xüsusilə ağır, habelə görülmüş təxirəsalınmaz və çevik tədbirlərlə 932 cinayət “isti izlərlə”açılmışdır.

Cinayətlərin profilaktikasında, bu sahədə operativ tədbirlərin görülməsində yeni informasiya texnologiyalarının öz effektivliyini artıq tam təsdiqlədiyini xatırladan nazir “102” və “Təhlükəsiz şəhər” sistemlərinin böyük rolunu vurğulamışdır. Qeyd edilmişdir ki, təkcə “102” xidmətinə daxil olan məlumatlar əsasında 2500-ə yaxın hüquqazidd əməlin qarşısı alınmış, 1609 cinayət işi başlanmışdır. "Təhlükəsiz şəhər" sisteminin texniki imkanları sayəsində 34 cinayət açılmış, 4493 yol-nəqliyyat qəzası, yol hərəkəti qaydaları əleyhinə olan 20 minə yaxın inzibati xəta, piyadaların vurulması ilə nəticələnən 118 hadisə müəyyən edilmiş, axtarışda olan 97 avtomobil aşkarlanıb saxlanılmışdır.
Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmin edilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlərlə müxtəlif cinayət törətmiş 13.792 nəfər məhkəmə məsuliyyətinə cəlb olunmuşdur. Eyni zamanda, yerli və dövlətlərarası axtarışda olan 2173, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 104 təqsirləndirilən şəxs həbs edilmişdir. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan   70 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri müəyyən edilmişdir. Mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə də məqsədyönlü və sistemli xarakter daşımaqla 492 ağır və xüsusilə ağır cinayət, o cümlədən 16 qəsdən adam öldürmə, 67 quldurluq və 57 soyğunçuluq törətmiş 560 nəfərdən ibarət  186 mütəşəkkil qrup və dəstə zərərsizləşdirilmişdir. Əllərdə saxlanılan 1037 odlu silah və 32 mindən çox patron götürülmüş, qanunsuz olaraq odlu silah saxlama və daşıma cinayətlərinə görə 95 nəfər məsuliyyətə cəlb olunmuşdur. Dövlətin iqtisadi təhlükəsizliyinin qorunması sahəsində həyata keçirilən əməliyyat tədbirləri ilə 38 saxta pul hazırlama və satma cinayəti aşkarlanaraq qeyri-leqal dövriyyədən ümumi məbləği 500 min manatdan çox olan 5235 ədəd saxta əskinas çıxarılmışdır.

Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə və insan alverinə qarşı mübarizədə görülən işlərə də toxunan nazir qanunsuz dövriyyədən 557 kiloqram narkotik vasitə çıxarıldığını, 28,6 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısının alındığını, ümumi çəkisi 367 ton olan narkotik tərkibli bitkinin aşkarlanaraq yaşıl kütlə halında məhv edildiyini nəzərə çatdırmışdır. İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında həyata keçirilən əməliyyat  tədbirləri ilə 69 cinayət faktının aşkarlanaraq 20 nəfərin məsuliyyətə cəlb edildiyini, 16 nəfərdən ibarət 7 cinayətkar qrupun zərərsizləşdirildiyini, bu əməllərin qurbanı olmuş 28 şəxsin müəyyən olunaraq cəmiyyətə reinteqrasiyasının təmin edildiyini bildirmişdir.

Məruzəçi demişdir ki, cinayətlərin açılmasında aparıcı rol oynayan istintaq və təhqiqat qurumları əməkdaşlarının hesabat dövründəki fəaliyyəti də qənaətbəxş olmaqla 2010-cu illə müqayisədə istintaqı aparılan cinayət işlərinin sayı 11,7 faiz artmış, onların 49,3 faizinin icraatı tamamlanıb ittiham aktı ilə məhkəmələrə göndərilmişdir. Cinayət işləri üzrə vətəndaşlara və dövlətə dəymiş maddi ziyanın 73,7 faizi ödətdirilmişdir ki, bu da müqayisə edilən dövrə nisbətdə 8,8 faiz çoxdur. O da diqqətə çatdırılmışdır ki, fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində 13 qanunvericilik aktı qəbul edilmiş, nəqliyyat vasitələrinin uçota alınmasının  “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsinə başlanılmışdır. İlkin qeydiyyata 73.337 avtomobil alınmaqla ölkə üzrə nəqliyyat vasitələrinin ümumi sayı bir milyonu keçmişdir. Respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələrinin 6,2 faiz, qəzalarda ölənlərin sayının 9,8 faiz, yaralananların sayının 5,6 faiz artdığını bildirən nazir, sürət həddini aşma, ötmə qaydalarını pozma, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmə, piyadaların yol hərəkəti, o cümlədən keçidləri keçmə qaydalarını pozma hallarının aşkarlanması sahəsində dövlət yol polisi əməkdaşlarının fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulamışdır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş, maddi-texniki bazası ilbəil güclənən, xidmət şəraiti, şəxsi heyətin sosial müdafiəsi davamlı olaraq yaxşılaşan Daxili Qoşunların da ictimai asayişin keşiyində ayıq-sayıq dayandığı, hərbi qulluqçuların vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmini tədbirlərində və xüsusi əməliyyatlarda fəal iştirakı, ümumən, polisin və Daxili Qoşunların şəxsi heyəti tərəfindən ölkənin müxtəlif yerlərində keçirilmiş 400-ə yaxın, o cümlədən 300-dən çox beynəlxalq əhəmiyyətli kütləvi tədbirdə asayişin və təhlükəsizliyin yüksək səviyyədə qorunduğu diqqətə çatdırılmışdır.

Cəmiyyətdə polisin nüfuzunun vətəndaşların müraciətlərinə vaxtında və operativ reaksiya verilməsindən, bununla əlaqədar ölkə Prezidentinin məlum fərmanının tələblərinin yüksək səviyyədə icrasından, bütövlükdə insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təminindən birbaşa asılı olduğunu qeyd edən general-polkovnik Ramil Usubov bu sahədə görülən işlərin ciddi nəzarətdə saxlandığını, zəruri təşkilati-əməli tədbirlər həyata keçirildiyini vurğulamışdır. Bildirilmişdir ki, Nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən 2010-cu illə müqayisədə 25 faiz çox, yəni 5 minə yaxın vətəndaş qəbul olunmuş, qaldırılan bütün məsələlər nəzarətə götürülərək əksəriyyəti yerində müsbət həll edilmiş, təşəbbüskarlara yazılı cavablar verilmiş, hüquqları izah edilmişdir. Eyni zamanda, Kollegiya iştirakçılarının diqqətini 2010-cu illə müqayisədə ümumi şikayətlərin içində polis əməkdaşları barədə olanların sayının 25,6 faiz, həmçinin əsassız saxlamaların 31,6, polisə əsassız gətirmələrin 45,6 və əsassız cinayət məsuliyyətinə cəlb etmələrin 60 faiz azalmasına, işgəncə vermə, tabel silahını qanunsuz tətbiq etmə kimi halların qeydə alınmamasına cəlb etmişdir.   

Müasir dövrdə şəxsi heyətin  peşəkarlıq səviyyəsinin davamlı olaraq artırılmasının əhəmiyyətini vurğulayan nazir kadrların hazırlanması üzrə fəaliyyətin də diqqət mərkəzində saxlanıldığını və ötən il daxili işlər orqanlarının 648 əməkdaşının BMT-nin, ATƏT-in, Avropa İttifaqının, Avropa Şurasının, NATO-nun və digər beynəlxalq təşkilatların respublikada və xarici dövlətlərdə keçirdikləri treninqlərdə, seminarlarda və ixtisasartırma kurslarında iştirak etdiyini, təcrübə mübadiləsinə cəlb olunduğunu bildirmişdir. Bununla bərabər, orqan və hissələrdə xidmət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər çərçivəsində 29 obyektdə tikinti və yenidənqurma işlərinin aparıldığını, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə cərimələrin ödənilməsində məmur-vətəndaş əlaqələrinin maksimum azaldılması məqsədilə, patrul avtomobillərində POS-terminalların, həmçinin sürücülər barədə məlumatların operativ əldə olunmasına imkan verən bort kompyuterlər quraşdırıldığını nəzərə çatdırmışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına uyğun olaraq vətəndaşlara internet vasitəsi ilə şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, müxtəlif xarakterli arayışlar, xüsusi icazə, lisenziya almaq və s. imkanlar yaradan, bütövlükdə isə 25 istiqaməti əhatə edən elektron xidmət sisteminin də yaxın müddətdə istifadəyə veriləcəyini vurğulamışdır.
Nazir cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əldə edilmiş müvəffəqiyyətlərin, həm də prokurorluq orqanları, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar, Nəqliyyat nazirlikləri, Dövlət Sərhəd Xidməti və vətəndaş cəmiyyəti institutları ilə sıx qarşılıqlı əlaqələrin önəmli nəticəsi olduğunu, ümumdövlət mənafelərinə xidmət edən bu əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd etmişdir.
Məruzədə əldə olunmuş uğurlarla bərabər xidməti fəaliyyətdə olan nöqsan və çatışmazlıqları da nəzərə çatdıran nazir Kollegiya iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin qarşıda duran vəzifələrə yönəltmişdir.

Məruzəətrafı müzakirələrdə çıxış edən Naxçıvan MR-in daxili işlər naziri Ə.Əhmədov, Bakı şəhər Baş Polis İdarəsinin rəisi R.Abbasov, Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi S.Mehrəliyev, Baş Mühafizə İdarəsinin rəisi Y.Əliyev, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi M.Seyidov, Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisiı S.Mirzəyev və başqaları 2011-ci il ərzində görülən işlər barədə hesabat verməklə bərabər, əməliyyat-xidməti fəaliyyətdə mövcud olan nöqsanlara da toxunaraq qısa müddətdə onların aradan qaldırılacağına söz vermişlər.

İclasa yekun vuran nazir Ramil Usubov daxili işlər orqanlarının normal fəaliyyəti üçün dövlət tərəfindən hər cür şəraitin yaradıldığını, polis əməkdaşlarının və hərbi qulluqçuların xüsusi qayğı ilə əhatə olunduğunu vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin etmişdir ki, öz andına həmişə sadiq olan şəxsi heyət cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin olunması, insan hüquq və azadlıqlarının müdafiəsi kimi mühüm funksiyaları, qarşıya qoyulmuş məsul tapşırıqları 2012-ci ildə də əzm və fədakarlıqla yerinə yetirəcək, xalqa, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcəkdir.

Ən son press-relizlər