DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

22.05.2019

 DİN-in “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində respublikanın Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbin müəllim-komandir heyəti, növbəti tədris kursunun məzunları və xidmətə yeni qəbul olunmuş dinləyicilər ilə görüş keçirilib.

Tədbirdə çıxış edən nazir R.Usubov ölkə Prezidenti cənab İlham Əliyevin gənc kadrların hazırlanması  və irəli çəkilməsi işinə hər zaman xüsusi önəm verdiyini, nitq və çıxışlarında bunun gələcəyimizi şərtləndirən mühüm amillərdən biri kimi vurğuladığını xatırladıb, hazırkı tədbiri də bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasətin növbəti təzahürü kimi dəyərləndirib.

 Daha sonra nazir müstəqilliyin ilk illərində cərəyan edən gərgin ictimai-siyasi proseslər, ölkədə yaranmış vətəndaş qarşıdurması, Ermənistanın təcavüzü, partiya mənsubiyyətinə, şəxsi münasibətlərinə görə daxili işlər orqanlarına çoxsaylı təsadüfi, səriştəsiz insanların qəbul edilməsi, kriminogen durumun nəzarətdən çıxması barədə danışıb, xalqın təkidilə ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquq-mühafizə fəaliyyəti sahəsində də köklü hüquqi-demokratik islahatların həyata keçirildiyini, qanunvericilik bazasının yaradıldığını,  cinayətkarlıqla qətiyyətli mübarizənin əsasının qoyulduğunu, sabitliyin bərqərar edildiyini diqqətə çatdırıb. General-polkovnik R.Usubov bildirib ki, bu siyasət indi ölkə Prezidentinin rəhbərliyi ilə uğurla davam etdirilir, Daxili İşlər Nazirliyi sistemində də fəaliyyətin beynəlxalq standartlar səviyyəsində qurulması üçün ardıcıl, məqsədyönlü addımlar atılır.

Daxili İşlər naziri gənc polis əməkdaşlarını təbrik edərək çətin və şərəfli peşələrində uğurlar arzulayıb, daim öz üzərlərində işləmələrini, müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların qanunla qorunan hüquq və mənafelərinin keşiyində möhkəm dayanmalarını, peşəkar həmkarlarının təcrübəsindən bacarıqla yararlanmalarını tövsiyə edib.