Axtarış

Virtual Karabakh Justice for khojaly

Tədbirlər


Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə sosial izolyasiya tədbirlərinin tətbiqinə başlanıldığı 2020-ci il 14 mart tarixədək olan müddətdə daxili işlər orqanları tərəfindən insan alveri ilə bağlı orta-ixtisas və ali təhsil müəssisələrində 350-dən çox görüş, yığıncaq və konfrans keçirilmişdir. Ümumilikdə 7 min şagirdin və onların qanuni nümayəndəsinin iştirak etdiyi həmin tədbirlərə səhiyyə qurumlarının həkim mütəxəssisləri və psixoloqlar cəlb olunmuşdur.                
Sonrakı dövrlərdə maarifləndirmə işi onlayn formatda təşkil edilmişdir. 
Konkret olaraq, Təhsil Nazirliyi və İnsan Alverinə qarşı Qeyri-Hökumət Təşkilatları Koalisiyası və ASAN könüllülərinin iştirakı ilə insan alverinə qarşı mübarizə gününə həsr olunmuş virtual görüş keçirilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunmuş daha 10 tədbirdə iştirakçılara məcburi əməyin, xüsusən uşaq əməyinin istismarının qarşısının alınması ilə bağlı qanunvericiliyin tələbləri izah edilmişdir. 
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə respublikanın 13 şəhər və rayonunda insan alverinə qarşı mübarizə mövzusunda 20-dən çox vebinar və iclaslar keçirilmişdir. 
Xarici dövlətlərə gedən vətəndaşların, eləcə də respublikanın ərazisindən tranzit istifadə edən və ölkəyə gələn əcnəbilərin insan alveri təhlükəsi barədə məlumatlandırılması davam etdirilmiş, bu məqsədlə 12 min buklet və flayer hazırlanaraq aidiyyəti dövlət orqanlarına təqdim olunmuşdur. 
Dövlət Sərhəd və Dövlət Miqrasiya xidmətləri tərəfindən sərhəd nəzarəti məntəqələrində beynəlxalq marşrutlarda hərəkət edən şəxslərə azərbaycan, ingilis və rus dillərində insan alveri riskləri, bu növ təhlükə ilə üzləşdikləri zaman müraciət edə biləcəkləri qurumlar haqqında bukletlər paylanmışdır.
Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən sosial şəbəkələrdə insan alveri ilə bağlı maarifləndirici məlumatlar yayımlanmış, səhiyyə müəssisələrinə müraciət edən vətəndaşlara müxtəlif məzmunlu bukletlər verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası insan alverinə qarşı mübarizə sahəsində ümumilikdə 31 tədbir keçirmiş, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri isə 15-ə yaxın televiziya və radio kanalında, eləcə də elektron kütləvi informasiya vasitələrində maarifləndirmə xarakterli verilişlərdə iştirak etmişlər. 
İnsan alverinə qarşı mübarizədə görülmüş işlərin ictimaiyyətə çatdırılması məqsədilə müvafiq məlumatlar Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin internet səhifəsində yerləşdirilmişdir (www.insanalveri.gov.az). 
Əvvəlki illərdə olduğu kimi, təbliğat işinin təşkilində, özündə 45 ictimai qurumu birləşdirən Qeyri-Hökumət Təşkilatları Koalisiyasının, vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin böyük əməyi olmuşdur.  
Eyni zamanda, qeyri-hökumət təşkilatlarının insan alverinə qarşı mübarizəyə dair təqdim etdiyi 20 layihəyə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən 172,5 min manat vəsait ayrılmışdır. 
Gənclər və İdman Nazirliyi tərəfindən Bakı şəhərinin 11, Səhiyyə Nazirliyi tərəfindən 7 şəhər və rayonda mütəxəssislər üçün insan alverinin qurbanlarına yardımların göstərilməsi ilə bağlı seminarlar keçirilmişdir.
Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin 800-dən çox psixoloqunun iştirakı ilə təşkil olunmuş təlimlərdə şagirdlərə distant psixoloji dəstəyin göstərilməsinin əsasları, uşaqların insan alverinin qurbanı olmasının təyin edilməsinin mexanizmləri öyrədilmişdir. 
İnsan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən mütəxəssislər, o cümlədən hüquq mühafizə orqanlarının əməkdaşları üçün təlim və treninqlər də pandemiya ilə bağlı hökumət tərəfindən müəyyən edilmiş tələblər çərçivəsində baş tutmuşdur. 
Daxili işlər orqanlarının rəhbər heyəti, əməliyyat və istintaq qurumlarının əməkdaşları üçün təşkil olunmuş ixtisasartırma kurslarında insan alveri ilə mübarizənin xüsusiyyətləri nəzərə çatdırılmış və həmin tədbirlərdə xüsusi polis qurumunun nümayəndələri təlimatçı qismində iştirak etmişlər. 
Yetkinlik yaşına çatmayanlarla iş strukturlarının 150-yə yaxın zabitinin iştirakı ilə keçirilmiş treninqlərdə insan alverinin qurbanı olan uşaqların aşkarlanması və müdafiəsi ilə bağlı mövzular tədris olunmuşdur.    
Bununla yanaşı, Ədliyyə Nazirliyinin və Vəkillər Kollegiyasının təşkilatçılığı ilə birinci və apelyasiya instansiyası məhkəmələrinin hakimləri və vəkillər üçün təşkil olunmuş ixtisasartırma kurslarında insan alveri probleminə ayrıca mövzu olaraq yer verilmişdir. 
Daxili İşlər və Ədliyyə nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin təhsil müəssisələrində, Dövlət Miqrasiya Xidmətinin təlim-tədris mərkəzində insan alverinə dair mövzuların tədrisi davam etdirilmişdir.  
İnsan alveri ilə bağlı əksər cinayətlərin transsərhəd xarakter daşıması nəzərə alınaraq hesabat dövründə xarici tərəfdaşlar və təşkilatlarla qarşılıqlı əlaqələrin gücləndirilməsi diqqət mərkəzində olmuşdur.
Mənşə və təyinat ölkələrin əlaqədar dövlət orqanlarının nümayəndələri ilə görüşlər zamanı məlumat mübadiləsinin intensivliyinin artırılması, qurbanların öz ölkələrinə qaytarılmasının sadələşdirilmiş mexanizmləri, axtarışa elan edilmiş təqsirləndirilən şəxslərin ekstradisiyası və digər vacib məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Xarici ölkələrdən olan həmkarlarla yaradılmış səmərəli əməkdaşlıq əlaqələri, xüsusən Daxili İşlər Nazirliyinin 40-a yaxın ölkənin aidiyyəti dövlət strukturları ilə imzaladığı 100-dən çox müqavilə – insan alverinin qurbanı olan Azərbaycan vətəndaşlarının yerinin digər dövlətlərdə operativ müəyyən edilməsində, həmin cinayətləri törədənlər haqqında məlumatların toplanmasında, razılaşdırılmış tədbirlərin keçirilməsində real nəticələr verməkdədir. 
İnsan alverinə qarşı mübarizədə əməkdaşlığın perspektivləri Beynəlxalq Miqrasiya Təşkilatının, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin, bu ölkənin Azərbaycandakı səfirliyinin təmsilçiləri ilə görüşlərdə də müzakirə edilmişdir.  
Müvafiq sahədə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin, Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə Ekspertlər qrupu – GRETA-nın, Beynəlxalq Miqrasiya və Beynəlxalq Əmək təşkilatlarının hesabatları öyrənilmiş, təklif və tövsiyələri nəzərə alınmış, bütövlükdə həmin donor təşkilatlarla əməkdaşlıq gücləndirilmişdir.
İnsan alverinin geniş yayılmış formalarından olan məcburi əməyə qarşı mübarizənin gücləndirilməsinə önəm verilərək bu istiqamətdə qarşıda duran vəzifələr planlı şəkildə yerinə yetirilmişdir. 
Pandemiya dövründə həyata keçirilən məşğulluq proqramı çərçivəsində 100 min nəfərin işlə təmin olunması, 12 min ailənin isə özünüməşğulluq proqramlarına cəlb edilməsi vətəndaşların məcburi əməyin qurbanına çevrilməsi riskini xeyli azaltmışdır. Bu xüsusda ölkə üzrə bağlanılan əmək müqavilələrinin sayında 327 min artımın qeydə alınması və onlardan 230 minə yaxınının özəl sektorun payına düşməsi, eləcə də işsiz və iş yerini müvəqqəti itirmiş şəxslərə dövlət tərəfindən 450 milyon manat vəsaitin ödənilməsi – qeyri-formal məşğulluğun azalmasında və məcburi əmək cinayətlərinin profilaktikasında mühüm amillərdən olmuşdur.  
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən həyata keçirilən nəzarət tədbirləri tikinti sektorunda əmək münasibətlərinin rəsmiləşdirilməsində ciddi irəliləyişlərin olduğunu göstərmişdir. Belə ki, əvvəlki illərdə tikinti obyektlərinin inşası ilə məşğul olan işçilərin təxminən 34 faizi əmək müqaviləsi bağlanmadan çalışırdısa, hazırda bu göstərici 13 faizədək azalmışdır. 
Monitorinqlər zamanı 67 nəfərin əmək və ya xidməti (mülki) müqavilə olmadan işləməsi aşkarlanmış və bununla əlaqədar  işəgötürən bir təşkilat barədə toplanmış materiallar Baş Prokurorluğa göndərilmiş, 4-ü inzibati qaydada cərimələnmişdir. 
Hesabat ilində həyаtа kеçirilmiş əməliyyаt-ахtаrış tədbirləri ilə respublika üzrə cəmi 5 məcburi əmək faktı müəyyən edilmişdir. Bu cinayətlərin 9 qurbanının ölkə daxilində kənd təsərrüfatı sahəsində istismar edildiyi məlum olmuş və hər bir fakt üzrə istintaq aparılaraq təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin edilmişdir. 
Müvafiq sahədə əhəmiyyətli tədbirlərdən biri də, ölkədə olma və yaşama qaydalarını pozan 6.377 əcnəbinin müəyyənləşdirilib inzibati məsuliyyətə cəlb edilməsi, o cümlədən 654 nəfərin deportasiyası olmuşdur. 
Uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilmiş reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 370 uşaq aşkar edilmişdir. Aparılmış yoxlamalar həmin uşaqların məcburi əməyin qurbanı olmadığını, lakin demək olar ki, hamısının Azərbaycanda uzun illər məskunlaşmış qaraçı ailələrindən olduqlarını göstərmişdir.  
Araşdırmalarla məlum olmuşdur ki, onların valideynlərinin bələdiyyə və pay torpaqlarının olmasına, dövlətdən ünvanlı sosial yardımlar almalarına baxmayaraq, müxtəlif bəhanələrlə dövlət və özəl sektorda, eləcə də kənd təssərüfatında işləməkdən boyun qaçırır, özlərinə peşə seçdikləri və azyaşlı uşaqlarını da cəlb etdikləri dilənçiliklə məşğul olurlar. 
Qeyd edilən şəxslər də daxil olmaqla övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 120 valideyn barəsində inzibati tənbeh tədbirləri görülmüşdür. Bununla bərabər, müvafiq problemin aradan qaldırılması, uşaqlara qayğı və yardımın göstərilməsi məqsədilə yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 450 material göndərilmişdir. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları 2020-ci ildə övladlığa götürülmüş, qəyyumluğa və himayəyə verilmiş 120 uşağın yaşadığı ünvanlarda monitorinqlər keçirmiş, hər birinə zəruri sosial yardımlar göstərmişlər. Eyni monitorinqlər yerli icra hakimiyyəti orqanlarının qəyyumluq və himayəçilik komissiyaları tərəfindən 277 uşağın yaşadığı ailələrdə də aparılmışdır.
İnsan alveri сinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə cəlb olunması sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 155 insan alveri, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 40 cinayət qeydə alınmışdır. 2019-cu illə müqayisədə sözügedən hüquqazidd əməllərin sayının 14 fakt və ya 7,5 faiz artması əvvəlki illərdə törədilmiş latent xarakter daşıyan cinayətlərin daha çox aşkarlanması ilə əlaqədar olmuşdur. 
Məcburi əmək cinayətlərinin hamısı, insan alveri cinayətlərinin isə 98 faizi açılmış, onları törətmiş 7 nəfərdən ibarət 3 сinayətkar qrup zərərsizləşdirilmişdir. Axtarışda olan 23 təqsirləndirilən şəxsdən 10-u tutulmuş, xarici dövlətlərdə gizlənən qalan 13 nəfərin aşkarlanıb ölkəyə ekstradisiya olunması istiqamətində isə hazırda lazımi tədbirlər görülür. 
İnsan alveri və məcburi əmək cinayətlərinə görə başlanılmış cinayət işləri üzrə 20 şəxs (17 qadın, 3 kişi) təqsirləndirilən qismində cəlb edilmişdir. Məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 15 nəfərdən 12-i azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2 nəfər şərti məhkum edilmiş, 1 nəfərin cəzası təxirə salınmışdır. 
Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin sayının aşkarlanmış faktlara nisbətdə az olması – bir insan alverçisinin bir neçə qurbanı istismar etməsindən irəli gəlməklə bu növ cinayətlərin xarakterik əlaməti kimi qeyd olunmalıdır. 
Müəyyən edilmiş 94 insan alveri qurbanından (89 qadın, 3 kişi, 2 uşaq) 93-ü Azərbayсan Respublikasının vətəndaşı, 1-i əcnəbi olmuşdur (Rusiya Federasiyasının vətəndaşı). Onlardan 81-i cinsi istismar məqsədilə Türkiyə Respublikasına, 4-ü Birləşmiş Ərəb Əmirliklərinə aparılmış, 9-u ölkə daxilində məcburi əməyə məruz qalmışdır.
Zərərçəkənlərdən 80-i Daxili İşlər Nazirlyinin sığınаcаğınа yеrləşdirilərək hər birinə tibbi, psiхоlоji, hüquqi yаrdımlar göstərilmiş və sosial xidmətlərlə əhatə olunması məqsədilə qeyri-hökumət təşkilatlarına yönləndirilmişdir. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan alveri qurbanları üçün Yardım Mərkəzində 90 qurbanın reabilitasiyası, cəmiyyətə reinteqrasiyası və normal həyat tərzinə qaytarılması üçün zəruri tədbirlər də görülmüşdür.
Nəticə etibarı ilə onlardan 12-i işlə təmin еdilmiş, 25-i pеşə kursunа göndərilmiş, 58-i аilələrinə qаytarılmış, 9-na şəxsiyyəti təsdiq edən sənədlərin alınmasında köməklik göstərilmiş və hər birinə 700 manat məbləğdə birdəfəlik müаvinət ödənilmişdir.
Qurbаnlаrın övladları dа diqqət mərkəzində sахlаnılaraq 12 uşаq məktəbəqədər təhsil proqramına yönəldilmiş, 9-nun аtаlığı müəyyən еdilərək аlimеnt alması, 14-nə doğum şəhadətnaməsinin verilməsi təmin olunmuşdur.
Xarici ölkələrdə əmək fəaliyyəti, təhsil, əcnəbilərlə nikah, məişət zorakılığı, miqrantların müvəqqəti qeydiyyatı, övladlığa götürmə və digər məsələlərlə əlaqədar “qaynar xətt” telefon xidmətinə daxil olmuş 5705 müraciət araşdırılaraq qanunauyğun ölçülər götürülmüş, təşəbbüskarlara zəruri izahlar verilmişdir. 
İnternet informasiya resurslarının və kütləvi informasiya vasitələrinin gündəlik monitorinqi də aparılaraq insan alveri, onun müxtəlif formaları və ictimai mənəviyyat əleyhinə olan 370-ə yaxın hüquqazidd əməl barədə məlumat aşkarlanmış və hər biri üzrə qanunauyğun tədbirlərin görülməsi təmin edilmişdir. Ümumən, iсtimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı 91 fakt müəyyən edilərək 24 nəfər cinayət, 185 nəfər inzibati məsuliyyətə сəlb olunmuşdur. 
Azərbaycan insan alveri ilə bağlı dördüncü Milli Fəaliyyət Planını qəbul etməklə qeyd olunan sahədə institusional islahatları davam etdirməkdə, dünya birliyinin göstərdiyi səylərə dəstək verməkdə israrlı olduğunu bir daha təsdiqləmişdir. 
Bu gün yeni Milli Fəaliyyət Planına uyğun olaraq insan alveri və məcburi əmək faktlarının vaxtında aşkarlanması, təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunması, qurbanların müdafiəsi, cəmiyyətə reinteqrasiyası və digər vacib istiqamətlərdə aidiyyəti dövlət orqanları və vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əlaqədə sistemli iş aparılır. 
BMT-nin sonuncu hesabatına görə dünya üzrə əhalinin hər 100 min nəfərinə 13 qurban düşdüyü halda, respublikamızda 1 nəfər təşkil edir. Bu və digər uğurlar həm də, ölkə iqtisadiyyatının inkişaf templərinin qorunub saxlanılması, əhalinin məşğulluğunun və həyat səviyyəsinin davamlı olaraq yaxşılaşması sahəsində dövlətin ortaya qoyduğu böyük bir fəaliyyətin nəticəsidir. 
Bütün bunlarla yanaşı, insan alveri ilə mübarizədə görülməli işlər də çoxdur. Növbəti illərdə qarşıda duran hədəflər: cinayət təqibinin, əməliyyat-axtarış fəaliyyətinin, maarifləndirmə işinin, qurbanların müdafiəsi və sosial reabilitasiyası üzrə fəaliyyətin səmərəsini daha da artırmaq, beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir. 
Bu istiqamətdə zəruri tədbirlər Azərbaycan Respublikasının qanunlarına, Dövlət Başçısının fərman və sərəncamlarına, ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun ardıcıllıqla davam etdirilir. 


DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi