DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

2012-ci ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əməliyyat-xidməti fəaliyyətin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun MƏRUZƏSİNİN MƏTNİ

28.01.2013

Hörmətli Fuad müəllim, hörmətli Kollegiya iştirakçıları və kütləvi informasiya vasitələrinin nümayəndələri!

Cinayətkarlığa qarşı mübarizənin və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarını müzakirə etdiyimiz 2012-ci il Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının hər bir sahəsində müsbət nəticələrin əldə edilməsi, demokratik proseslərin sürətlənməsi, bütövlükdə Heydər Əliyev siyasi kursunun uğurlu inkişafı ilə əlamətdar olmuşdur.
Yola saldığımız ildə davamlı şəkildə həyata keçirilən quruculuq işlərinə, tərəqqi proseslərinə zəmin yaradan ictimai asayiş, insan hüquq və azadlıqları etibarlı qorunmuş, ölkənin qanunlarından, Dövlət Başçısının fərman və sərəncamlarından, aidiyyəti plan və proqramlardan irəli gələn vəzifələr vaxtında və tam yerinə yetirilmişdir. Azərbaycan cinayətkarlıqla mübarizənin nəticələrinə görə 2012-ci ildə də MDB və Şərqi Avropa məkanında tutduğu öncül mövqeyi qoruyub saxlamış, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı azalaraq 266-dan 236-ya enmişdir.
 Hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə qeydə alınmış 21.897 cinayətin 94%-i və ya 20.675-i daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olmuşdur. Onların 88%-ni böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 12%-ni ağır və xüsusilə ağır növlər təşkil etmişdir.
Ötən ilin ilk günlərindən başlayaraq planlı şəkildə həyata keçirilmiş təşkilati-praktiki tədbirlər, o cümlədən profilaktik işin gücləndirilməsi, cinayət və hadisələr barədə məlumatlara vaxtında və çevik reaksiya verilməsi, orqan və hissələrin fəaliyyətinin istiqamətləndirilməsi məqsədilə qəbul edilmiş qərarlar - cinayətkarlığın dinamikasında müsbət dəyişiklikləri şərtləndirmişdir.
Belə ki, daxili işlər və prokurorluq orqanları üzrə qeydə alınmış cinayətlər 10%, şəxsiyyət əleyhinə olanlar 17,8%, oğurluqlar 15,6%, quldurluqlar 13,7%, soyğunçuluqlar 17,6% azalmışdır. Həmçinin, qrup halında cinayətlər 17,3%, o cümlədən əvvəllər məhkum olmuş şəxslərdən ibarət qruplar tərəfindən törədilənlər 25%, ailə münaqişəsi zəminində baş verən hüquqazidd əməllər 24% azalmışdır.
Peşəkarlıqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətlərin açılması 3,2% yaxşılaşaraq 86,2% təşkil etmişdir. Eyni zamanda, cinayətlərin ağır və xüsusilə ağır növlərinin açılması 5,1% (76,7%-dən 81,8%-dək), o cümlədən qəsdən adam öldürmələrin açılması 4,8% (87,6%-dən 92,4%-dək), hədə-qorxu ilə tələb etmələrin açılması 11% (81,3%-dən 92,3%-dək), quldurluqların açılması 13,7% (66,7%-dən 80,4%-dək), soyğunçuluqların açılması 1,4% (65,5%-dən 66,9%-dək) yaxşılaşmışdır. Prokurorluq orqanları ilə birgə, keçmiş illərdən bağlı qalmış 379 (+133), o cümlədən 81 (+30) ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.
Cinayətlərin profilaktikasında, hüquqazidd əməllərə məruz qalmış şəxslərin həyat və sağlamlığının müdafiəsində, bu sahədə operativ tədbirlərin görülməsində müasir texniki vasitələrin və informasiya texnologiyalarının da böyük rolu olmuşdur. Təkcə “102” xidmətinə daxil olan məlumatlar əsasında 8502 hüquqazidd əməlin qarşısı alınmış, 2051 cinayət işi başlanmışdır. “Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları sayəsində 61 cinayət açılmış, 6656 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən  111 hadisə aşkarlanmış, axtarışda olan 66 avtomobil saxlanılmışdır.
Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini istiqamətində həyata keçirilən davamlı tədbirlərlə müxtəlif cinayətlər törətmiş 12.526 nəfər məhkəmə məsuliyyətinə cəlb edilmişdir.
Təqsirləndirilən şəxslərin axtarışı işinin nəticələri də yaxşılaşmaqla istintaqdan və məhkəmələrdən yayınan 2148 nəfər tutulmuşdur. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 71 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri müəyyən olunmuşdur. Bütövlükdə axtarışa elan edilmiş şəxslərin 67,4%-i tutulmuşdur (+1,2%).
Mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə də sistemli xarakter daşımışdır. Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə 649 ağır və xüsusilə ağır cinayət, o cümlədən 15 qəsdən adam öldürmə, 61 quldurluq və 56 soyğunçuluq törətmiş 564 nəfərdən ibarət 200 cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir. Əllərdə saxlanılan 713 odlu silah və 35 minə yaxın patron götürülmüş, qanunsuz olaraq odlu silah saxlama və daşıma cinayətlərinə görə 100 nəfər məsuliyyətə cəlb olunmuşdur. Nəticədə odlu silahla törədilən cinayətlərin sayı 57 fakt təşkil etməklə 2011-ci illə müqayisədə 22% azalmışdır. Dövlətin iqtisadi təhlükəsizliyinin qorunması sahəsində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 12 saxta pul hazırlama və satma cinayəti aşkarlanaraq qeyri-leqal dövriyyədən ümumi məbləği 270 min manat olan 3011 ədəd saxta əskinas çıxarılmışdır. Bununla bərabər, istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma ilə bağlı müəyyən edilmiş 6 cinayət faktı üzrə qanunsuz dövriyyədən istifadə müddəti ötmüş 500 tona yaxın saxta tikinti materialları götürülmüşdür.
Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə və insan alverinə qarşı mübarizədə həyata keçirilən tədbirlər də məqsədyönlü olmuşdur. Narkotiklərlə əlaqədar 2453 cinayət, o cümlədən satışı ilə bağlı 713 fakt aşkarlanmış, 126 nəfərdən ibarət 51 cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir. Qanunsuz dövriyyədən 596 kiloqram (+39) narkotik vasitə və 50 kq prekursor çıxarılmış, 54,9 kq (+26) narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır. Tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası yönümündə xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə ümumi çəkisi 313 ton olan çətənə və xaş-xaş kolu aşkarlanaraq yaşıl kütlə halında məhv edilmişdir.
İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında həyata keçirilən əməliyyat tədbirləri ilə 29 faiz çox, yəni 89 (+20) cinayət faktı müəyyən olunaraq 22 (+2) nəfər məsuliyyətə cəlb edilmiş, 8 (+1) cinayətkar qrup zərərsizləşdirilmişdir. Bu əməllərin qurbanı olmuş 53 (+25) şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilmişdir.
Cinayətlərin açılmasında, vətəndaşların qanunun aliliyinə inamının möhkəmləndirilməsində başlıca rol oynayan istintaq və təhqiqat qurumları əməkdaşlarının fəaliyyəti də qənaətbəxş olmuşdur. 2011-ci illə müqayisədə müstəntiqlərin istintaqını apardığı cinayət işlərinin sayı 4% (+756) artaraq 21.330 təşkil etmişdir. Məhkəmələr tərəfindən əlavə araşdırmaya qaytarılan cinayət işlərinin sayı 22%, təqsirləndirilən şəxs müəyyən olunmadığından icraatı dayandırılmış cinayət işlərinin sayı 17% azalmışdır. Vətəndaşlara və dövlətə dəymiş 32 milyon 658 min manat maddi ziyandan  85 faizi ödətdirilmişdir ki, bu da müqayisə edilən dövrə nisbətdə 11,3% çoxdur.
Təhqiqatçılar tərəfindən araşdırılmış cinayət xarakterli ərizə və məlumatların dinamikasında isə - göstərilən sahədə 2011-ci ildə həyata keçirilmiş təşkilati-hüquqi tədbirlərin məntiqi nəticəsi olan azalma davam etmişdir. Həmin illə müqayisədə bu qurumun əməkdaşları tərəfindən baxılmış materialların sayı 22% azalaraq 81.114-ə enmişdir. Müvafiq materialların 4%-nə məhkəməyədək sadələşdirilmiş icraat açılmış, 1492-si yekun protokolu ilə prokurorluğa göndərilmişdir.
Daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində də müəyyən işlər görülmüşdür. Ötən il bu sahədə ictimai münasibətləri tənzimləyən 24 qanunvericilik aktı qəbul edilmiş, o cümlədən yol hərəkəti qaydaları əleyhinə olan əksər inzibati xətalara görə sanksiyalar sərtləşdirilmişdir. Bundan əlavə, Dövlət Başçısının 2012-ci il dekabrın 26-da imzaladığı Sərəncamın icrası çərçivəsində yol-patrul xidməti əməkdaşlarının vəzifə maaşlarına cərimələrdən daxil olan müvafiq əlavələrin ödənilməsi ilə bağlı yeni Qaydalar hazırlanaraq Nazirlər Kabinetinə, həmçinin yol-nəqliyyat hadisələrinə görə cinayət məsuliyyətinin sərtləşdirilməsi, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbulu və dövlət texniki baxışın keçirilməsi prosedurlarının təkmilləşdirilməsinə dair təkliflər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim olunmuşdur.
Yol hərəkətinə nəzarət prosesində 2011-ci illə müqayisədə 14% çox və ya 1.021.122 (+128.713) inzibati xəta müəyyən edilmişdir. Hesabat dövründə ilkin qeydiyyata 102.780 avtomobilin alınması və ölkə üzrə nəqliyyat vasitələrinin ümumi sayının 1.144.036-ya yüksəlməsi fonunda - respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələrinin sayı 2892 fakt təşkil etməklə sabit qalmışdır. Qəzalarda ölənlərin sayı 15% və ya 152 nəfər (1016-1168) artmış, yaralananların sayı 1% yaxud 34 nəfər (3031-2997) azalmışdır. Paytaxt ərazisində isə qəzaların və ölənlərin sayında azalma qeydə alınmışdır.
Vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi üzrə fəaliyyət çərçivəsində 383 min nəfərə ümumvətəndaş pasportu, 914 min nəfərə şəxsiyyət vəsiqəsi verilmişdir. Eyni zamanda, şəxsiyyəti təsdiqləyən biometrik sənədlərə keçidlə bağlı zəruri hazırlıq işləri davam etmiş, qanunvericilik aktlarına dəyişikliklər barədə təkliflər hazırlanaraq müvafiq dövlət strukturlarına təqdim olunmuşdur. Qeyri-leqal miqrasiyaya qarşı aidiyyəti dövlət qurumları ilə birgə həyata keçirilmiş tədbirlərlə müvafiq icazəsi, qeydiyyatı və yaşama hüququ verən sənədləri olmayan 3610 (+587) əcnəbi ölkə hüdudlarından kənara çıxarılmışdır.
Bütövlükdə, müxtəlif inzibati xətalara görə respublika üzrə 2011-ci illə müqayisədə 23% çox və ya 1.125.563 protokol tərtib olunmuşdur. Onlardan 89%-i yol hərəkəti, 7%-i yaşayış yeri üzrə qeydiyyat qaydalarının pozulması, 4%-i digər hüquqpozmalar ilə əlaqədardır. Nəticədə 1.075.688 nəfər cərimələnmiş, 2924 şəxs məhkəmələr tərəfindən həbs olunmuş, 25.330 nəfərə xəbərdarlıq edilmişdir.
Hörmətli Kollegiya iştirakçıları!
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində davamlı inkişafda olan Daxili Qoşunlar da ictimai asayişin keşiyində ayıq-sayıq dayanmış, qəfləti qarşıya çıxan 176 tapşırığı yüksək səviyyədə yerinə yetirmişdir. Hərbi qulluqçular vətəndaşların qanuni mənafelərinin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmini tədbirlərində və xüsusi əməliyyatlarda fəal iştirak etmişlər. Komandirlərin, idarəetmə orqanlarının və hərbi hissələrin döyüş qabiliyyətinin yüksəldilməsi, bölmələrin nizamlı fəaliyyəti, xüsusi texnikanın saz vəziyyətdə olması, qanunçuluğun, hərbi intizamın möhkəmləndirilməsi və şəxsi heyətin mənəvi-psixoloci hazırlığının artırılması gündəlik nəzarətdə olmuşdur.                 
Hərbi kadr potensialının formalaşdırılması çərçivəsində görülən işlərlə              ötən il 93 hərbi qulluqçu Türkiyə, Almaniya, Avstriya, Çin Xalq Respublikası və başqa ölkələrin ali hərbi məktəblərində təhsil almağa göndərilmişdir. Bununla bərabər, qoşunların maddi-texniki bazasının, sosial müdafiəsinin gücləndirilməsi, xidmət şəraitinin yaxşılaşdırılması sahəsində əlavə kompleks tədbirlər də müvəffəqiyyətlə davam etmişdir. Hərbi qulluqçular üçün modul tipli 9 yataqxana tikilib istifadəyə verilmiş, kazarmalarda, qarovul və tibb məntəqələrində əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.
Ümumən, polisin və Daxili Qoşunların şəxsi heyəti ölkənin müxtəlif yerlərində keçirilmiş 600, o cümlədən 500-ə yaxın beynəlxalq əhəmiyyətli kütləvi tədbirdə hüquq qaydasının təmin edilməsinə cəlb olunmuşdur. Bütün tədbirlərdə, o cümlədən «Eurovision-2012» mahnı müsabiqəsi və 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının keçirildiyi dövrdə - ictimai asayiş və təhlükəsizlik yüksək səviyyədə qorunmuşdur.
Təəssüf ki, ötən il, xidməti vəzifələrin icrası zamanı 3 əməkdaş həlak olmuş, 218 nəfər xəsarət almışdır. Əməkdaşların və hərbi qulluqçuların fədakar əməyi Möhtərəm Prezident tərəfindən növbəti dəfə də yüksək qiymətləndirilərək 60 nəfər dövlət mükafatlarına layiq görülmüşdür. Bundan əlavə, xidməti vəzifələrin icrasında fərqlənmiş 15.905, o cümlədən Nazirliyin əmrləri ilə 2528 əməkdaş barəsində müxtəlif həvəsləndirmə tədbirləri tətbiq olunmuşdur.
Fürsətdən istifadə edərək cinayətlərin böyük əksəriyyətinin açılmasında, ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində  yaxından iştirak etmiş ölkəmizin minlərlə sakininə yüksək vətəndaşlıq mövqeyinə görə dərin təşəkkür və minnətdarlığımızı bildirirəm. Bununla bərabər, xidməti vəzifələrin həyata keçirilməsində respublikanın digər hüquq mühafizə və təhlükəsizlik orqanları ilə birgə səmərəli fəaliyyətimizi də xüsusi qeyd edirəm.  
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması üzrə görülmüş işlərə keçməzdən əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin polisin 89-cu ildönümünə həsr olunmuş təntənəli mərasimdəki çıxışında qarşımızda qoyduğu çox mühüm bir tapşırığı xatırlatmaq istərdim. Möhtərəm Prezidentimiz demişdir: «... Biz hamımız, dövlət işində işləyən insanlar xalqa xidmət edirik. Bizi ona görə seçirlər, ona görə etibar edirlər ki, biz öz tərəfimizdən qərarların qəbul olunması ilə, öz hərəkətimizlə, öz nümunəmizlə xalqa xeyir gətirək. Onun problemlərini həll edək, dərdlərini dinləyək, ona kömək edək.». Zati-alilərinin bu tələbi proqram vəzifə                kimi qəbul edilərək müvafiq fəaliyyət sahəsi daim ciddi nəzarətdə saxlanılmış və zəruri təşkilati-əməli tədbirlər ötən il də planlı surətdə davam etdirilmişdir.
Nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən 5 mindən çox, o cümlədən qabaqcadan məlumat verilməklə 25 şəhər və rayon üzrə yüzlərlə vətəndaş qəbul olunmuş, qaldırılan bütün məsələlər nəzarətə götürülərək əksəriyyəti yerində müsbət həll edilmişdir. Hesabat ilində vətəndaşlardan Nazirliyə 37.819, o cümlədən elektron poçt ünvanına 7803 müraciət daxil olmuşdur. Onların 65%-i təhsil, işə qəbul, məişət, minnətdarlıq və sair məzmunlu, 34%-i ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmini, cinayətlərin açılması və istintaqı ilə bağlı, 1%-i (473) başqa dövlət orqanlarının səlahiyyətinə aid olanlardır. Ümumi müraciətlərin 72%-ni ərizələr, 27%-ni şikayətlər, 1%-ni təkliflər təşkil etmişdir. Hesabat dövründə şikayətlərin sayı 2011-ci illə müqayisədə 2,5 dəfə (-14.958), o cümlədən polis əməkdaşları barədə olanlar 26% (-526), habelə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına edilən analoci şikayətlər 19%, İnsan Hüquqları üzrə Müvəkkilə ünvanlanmış müraciətlər  2 dəfə azalmışdır.
Məlumdur ki, xalqa xidmət funksiyalarının effektli icrası şəxsi heyətin yüksək intizamından, peşəkarlığından və mənəvi saflığından bilavasitə asılıdır. Bu baxımdan, insan hüquq və azadlıqlarının qorunması işinə ötən il də böyük tələbkarlıqla yanaşılmışdır. Nəticədə, respublika üzrə insan hüquq və azadlıqlarının pozulması hallarının sayı 2011-ci illə müqayisədə əsasən sabit qalmış (177), paytaxtda isə - 33,6% (-36 fakt) azalmışdır. Eyni zamanda, əsassız saxlamalar 19% (26-21), əsassız gətirmələr 16% (25-21) az olmuş, işgəncə vermə, qanunsuz axtarış aparma, tabel silahını qanunsuz tətbiq etmə halları qeydə alınmamışdır.
Bununla yanaşı, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının cinayətkar qəsdlərdən etibarlı müdafiəsində - şəxsi heyətin peşəkarlıq səviyyəsinin, xidməti vəzifələrə münasibətinin böyük əhəmiyyət kəsb etməsi nəzərə alınaraq - kadr hazırlığı üzrə fəaliyyət də diqqət mərkəzində saxlanılmışdır. Ötən il 595 əməkdaş BMT-nin, ATƏT-in, Avropa İttifaqının, Avropa Şurasının, NATO-nun və digər beynəlxalq təşkilatların keçirdikləri treninqlərdə və ixtisasartırma kurslarında iştirak etmiş, habelə xarici dövlətlərdə təhsil almağa 16 əməkdaş göndərilmişdir. Sıravi və kiçik rəis heyətindən olan 202 əməkdaş orta rəis heyəti vəzifələrinə irəli çəkilmiş, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlarının nəticələrinə görə xidmətə 56 nəfər qəbul olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əvəzsiz diqqətinin və dəstəyinin nəticəsi olaraq daxili işlər orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, modernləşdirilməsi, şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması və infrastrukturun yenilənməsi ilə bağlı tədbirlər 2012-ci ildə də ardıcıllıqla davam etdirilmişdir. Dövlət investisiya xərcləri hesabına ümumi məbləği 54,6 milyon manat təşkil edən 36 obyektdə tikinti və yenidənqurma işləri aparılmışdır.
Belə ki, Nazirliyin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin,  Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 9 regional şöbəsinin, Baş Dövlət Yol Polisi İdarəsinin 9 müayinə məntəqəsinin və 3 stasionar postunun, Nizami, Sumqayıt, Lənkəran, Abşeron, Xocavənd şəhər, rayon polis orqanlarının və 4 ərazi bölməsinin yeni inzibati binaları istismara verilmiş, xidməti istifadə üçün 215 avtomobil alınmışdır. “Polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar 72 (Bakı şəhəri üzrə 67) yeni məntəqə tikilmiş, daha 790-nın (94) inşası üçün torpaq sahəsinin ayrılması təmin edilmişdir.
2012-ci ildə daxili işlər orqanlarında davam etdirilən modernləşmə prosesinin tərkib hissələrindən biri də texniki innovasiyaların geniş tətbiqi olmuşdur. «Təhlükəsiz şəhər» xidmətinin videonəzarət vasitələrinin əhatə dairəsi genişləndirilərək paytaxt üzrə əlavə 1064 nöqtədə 2902, Sumqayıt, Gəncə və Abşeronda isə 228 nöqtədə 653 kamera quraşdırılmışdır. Müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin, vətəndaşlarda olan odlu silahların mərkəzləşdirilmiş uçotu və post-patrul xidmətinin iş göstəriciləri üzrə, habelə rüsumları və xidmət haqlarını elektron formada ödəməyə imkan verən yeni informasiya sistemləri yaradılmışdır. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” ölkə Prezidentinin Fərmanına uyğun olaraq, Nazirlik Elektron Hökumət İnformasiya Sisteminə qoşulmuş, göstərilən 24 elektron xidmət üzrə inzibati reqlamentlər təsdiqlənərək Hüquqi Aktların Dövlət Reyestrində qeydə alınmışdır.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzində aidiyyəti fəaliyyət istiqamətləri üzrə işin təşkili məqsədilə Nazirliyin qurumlarına əlavə ştat vahidləri ayrılmış, Dövlət Agentliyi ilə operativ əlaqələndirməni təmin edən məsul şəxslər təyin olunmuşdur. Agentliyin “Çağrı” mərkəzi əməkdaşlarının ixtisaslaşmasına praktiki köməklik göstərilməsi üçün əməkdaşlar həmin mərkəzə ezam edilmişdir.
Hörmətli Kollegiya iştirakçıları!
Bildiyiniz kimi 2010-cu ildə qəbul edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunla aidiyyəti dövlət strukturları, o cümlədən polis orqanları qarşısında məişət zəminində baş verən hüquqazidd əməllərin təkrarlanmaması üçün tədbirlər görmək, profilaktik qeydiyyata götürülmüş şəxslərlə tərbiyəvi-qabaqlayıcı iş aparmaq, ailədə münasibətlərin bərpa olunmasına köməklik göstərmək kimi vacib vəzifələr qoyulmuşdur. Həmin Qanundan və onun icrası üzrə yerlərə göndərilmiş daxili normativ sənədlərdən irəli gələn funksiyaların həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərlə ötən il respublika üzrə ailə münaqişəsi zəminində törədilmiş cinayətlərin sayı 455 fakt və ya 26% azalmışdır.
Bununla belə, şəxsiyyət əleyhinə ayrı-ayrı cinayətlərin səbəbləri sırasında ailədaxili konfliktlərin xüsusi çəkisi yüksək olaraq qalmaqdadır. Təkcə onu qeyd edim ki, 2012-ci ildə açılması təmin olunmuş 277 qəsdən adam öldürmə və ona cəhdin 60%-i məhz qısqanclıq, mübahisə və digər ailə münaqişələri nəticəsində baş vermişdir. Xəzər, Bərdə, Göyçay, Tərtər, Şabran, Qaradağ, İmişli, Lerik və Balakən rayonlarında isə müvafiq motivlə törədilən cinayətlərin sayı bir neçə fakt artmışdır.
Bundan əlavə, ötən il ağır və xüsusilə ağır cinayətlərin açılmasında Naxçıvan Muxtar Respublikasının, habelə Gəncə, Ağdam, Ağcabədi, Göyçay, Şabran, Zaqatala, İsmayıllı, Quba, Qusar, Gədəbəy və digər şəhər, rayon polis orqanları tərəfindən yüksək nəticələrin əldə edilməsinə baxmayaraq, bəzi ərazi qurumlarının müvafiq sahədə fəaliyyəti lazımi səviyyədə təşkil etməmələri nəticəsində, həmin növ cinayətlərin  19%-i bağlı qalmışdır.
Qeyri-aşkar şəraitdə törədilən mülkiyyət əleyhinə cinayətlərin açılması isə Xətai, Nərimanov, Suraxanı, Səbail, Yasamal, Füzuli, Siyəzən, Şəmkir, Mingəçevir, Sabirabad, Balakən, Sumqayıt şəhər, rayon polis orqanlarında ümumrespublika (60%) səviyyəsindən aşağı olmuşdur.
Ümumən - ailə-məişət zəminində baş verən və mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və açılması işində yol verilmiş nöqsanların və təşkilati səhvlərin qısa müddətdə və tam aradan qaldırılması üçün adları çəkilən ərazi orqanlarının rəisləri lazımi nəticələr çıxarmalı, fəaliyyətlərində əsaslı dönüş yaratmalıdırlar.
Respublikada yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində həyata keçirilən tədbirlər barədə bir qədər əvvəl ətraflı məlumat verdim. Amma bu işdə əvvəlki kollegiya iclaslarında nəzərə çatdırılan əsas nöqsanlar tam aradan qaldırılmamışdır. Ötən il respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin sayı sabit qalsa da, qəzaların artımı və nəticələrinin ağırlaşması əsasən Qaradağ, Xəzər, Nərimanov, Yasamal, Səbail, Abşeron, Mingəçevir, Xaçmaz, Göyçay, Balakən, Astara, Siyəzən, Goranboy, Fizuli, Tərtər şəhər və rayonlarında qeydə alınmışdır. Təhlil göstərir ki, hadisələrin 30,2%-i nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 26,2%-i ötmə, 8,4%-i yolayrıclarının keçilməsi qaydalarının pozulması səbəbindən baş vermişdir. Ancaq yol hərəkətinə nəzarət prosesində aşkarlanmış ümumi inzibati xətaların içində sürət həddini aşmaların xüsusi çəkisi 13%, ötmə qaydalarının pozulması 2,3%, yolayrıclarını keçmə qaydalarının pozulması 2,9% təşkil etməklə müvafiq səbəblərdən törənən hadisələrin sayına adekvat olmamışdır. Qeyd edilən istiqamətdə iş göstəriciləri zəif olan Bakı şəhərinin, həmçinin Şabran, Abşeron, İmişli, Şəmkir, Şirvan, Tovuz, Balakən, Xaçmaz, Şamaxı, Quba, Qəbələ polis orqanlarının rəhbərliyi fəaliyyətdə ciddi dönüş yaratmalıdırlar.
Bundan əlavə, respublika üzrə qeyri-aşkar şəraitdə törədilmiş 103, o cümlədən ölümlə nəticələnən 27 yol-nəqliyyat hadisəsi bağlı qalmışdır. Qəzalarda həlak olan 741 sürücü və sərnişindən 65%-i, xəsarət alan 2196 nəfərdən 61%-i təhlükəsizlik kəmərindən istifadə etməmişdir. Ümumi aşkarlamada isə təhlükəsizlik kəmərinin bağlanılmaması kimi xətaların xüsusi çəkisi cəmi 18,2% təşkil etmişdir. Beynəlxalq təcrübə göstərir ki, ağır yol-nəqliyyat hadisələrində xilas olma hallarının 70%-i təhlükəsizlik kəmərindən istifadə edilməsi ilə bağlıdır. Bu baxımdan, müvafiq xətaların qarşısının alınması üzrə tədbirlər çərçivəsində, həm də təbliğat işi gücləndirilməlidir.
Bir neçə gün öncə, Baş Dövlət Yol Polisi İdarəsində keçirilən yekun müşavirəsində yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində qarşıda duran vəzifələri müəyyən edərək konkret tapşırıqlar vermişəm. Əmin olduğumu bildirmək istəyirəm ki, onların icrası, o cümlədən mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması və əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi üçün bütün lazımi tədbirlər görüləcəkdir.

Hörmətli Kollegiya iştirakçıları!

2012-ci ildə Nazirlik tərəfindən orqan və hissələrdə qanunçuluğun qorunması, o cümlədən insan hüquq və azadlıqlarına ciddi riayət olunması, bu sahədə işin təşkilində mühüm rolu olan Milli Fəaliyyət Planının aidiyyəti müddəalarının icrası gündəlik nəzarətdə saxlanılmışdır. Müvafiq məsələlərlə bağlı daxil olan şikayətlər hərtərəfli və obyektiv araşdırılmış, təsdiqlənmiş faktlar üzrə vətəndaşların pozulmuş hüquqlarının bərpası təmin edilmişdir. Daxili nəzarət qaydasında həyata keçirilən davamlı tədbirlərlə vətəndaşlarla kobud rəftara görə 70 (+1), sürücülərin hüquqlarının pozulması ilə bağlı 45 (+6) fakt aşkarlanmış və 255 (+8) əməkdaş barəsində ciddi intizam tədbirləri görülmüşdür. Nəticə etibarı ilə, çıxışımın əvvəlində qeyd etdiyim kimi, polis əməkdaşlarından şikayətlərin sayı 26 faiz azalmışdır.
Onu da diqqətə çatdırım ki, korrupsiya hüquqpozmaları ilə bağlı şəxsi heyət arasında aşkarlanmış 54 fakt üzrə intizam məsuliyyətinə cəlb olunmuş 81 əməkdaşdan 51-i xidmətdən xaric edilmiş, 24-ü tutduğu vəzifədən azad olunmuş, 6-sı barədə materiallar əmələ hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir. Daxili işlər orqanlarının nüfuzuna və polis əməkdaşının andına xələl gətirən bu cür neqativ halların tam aradan qaldırılması üçün fəaliyyətimiz bundan sonra da davamlı və qətiyyətli olacaqdır.

Korrupsiyaya qarşı mübarizə və açıq hökumətin təşviqi üzrə  Ölkə Başçısı tərəfindən təsdiqlənmiş Dövlət Proqramları, bu gün, xalqa xidmət funksiyalarının həyata keçirilməsi sahəsində qarşıya yeni vəzifələr qoyur. Odur ki, heç bir zaman arxayınlaşmamalı, Ulu Öndər Heydər Əliyevin möhkəm təməlini qoyduğu və Möhtərəm Prezidentimiz İlham Əliyevin fədakar fəaliyyəti nəticəsində dövlət quruculuğu sahəsində qazanılan nailiyyətlərin inkişaf etdirilməsi üçün ictimai asayiş daha etibarlı qorunmalı, qanunçuluq və hüquq qaydası günbəgün möhkəmləndirilməlidir. Eyni zamanda, ölkənin digər hüquq mühafizə orqanları, vətəndaş cəmiyyəti strukturları, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqələrin effektivliyi artırılmalıdır.
Bütün bunlarla əlaqədar, cari ildə görüləcək işlər Nazirliyin əsas təşkilati tədbirlər planında və bugünki kollegiya iclasının qərar layihəsində ətraflı əksini tapmışdır.
Çıxışımın sonunda bütün şəxsi heyət adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edirəm ki, əməkdaşlarımız və hərbi qulluqçular cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mühüm funksiyaları və qarşıya qoyulmuş tapşırıqları 2013-cü ildə də böyük əzmlə yerinə yetirəcəkdir!

Ən son press-relizlər