DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

05.12.2016

Azərbaycan Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Serbiya Respublikası baş nazirinin müavini - daxili işlər naziri Neboyşa Stefanoviç dekabrın 4-də ölkəmizə rəsmi səfərə gəlib.
 Elə həmin gün səhər cənab Neboyşa Stefanoviç və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə əklil qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər çiçəklər düzülüb. 

Qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş mərd mübarizlərin məzarlarını da ziyarət edib, onların xatirəsinə ucaldılmış "Əbədi məşəl" kompleksinin önünə əklil qoyublar. Onlar həmçinin Bakının mərkəzindəki parkların birində serb xalqının böyük oğlu, görkəmli alim Nikola Teslanın şərəfinə ucaldılmış abidəni də ziyarət ediblər. 

Dekabrın 5-də daxili işlər naziri, general-polkovnik  Ramil Usubov Serbiya Respublikası baş nazirinin müavini - daxili işlər naziri Neboyşa Stefanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 Qonaqları səmimi salamlayan nazir ölkəmizin tarixən Balkan dövlətləri, o cümlədən Serbiya ilə dostluq əlaqələrinin mövcudluğunu, hələ ikinci dünya müharibəsi zamanı xalqlarımızın faşizmə qarşı birgə mərdliklə mübarizə apardıqlarını, Yuqoslaviya partizan hərəkatında azərbaycanlıların da yer aldıqlarını məmnunluqla xatırladıb. İkitərəfli münasibətlərin qurulmasına və inkişafına ulu öndər Heydər Əliyevin xüsusi önəm verdiyini, iki ölkə rəhbərliyinin qarşılıqlı səfərləri, aparılan danışıqlar və imzalanmış sənədlər sayəsində əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayan cənab Ramil Usubov 2010-cu il mayın 13-də Bakıda imzalanmış "Azərbaycan Respublikasının Hökuməti ilə Serbiya Respublikasının Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in bu baxımdan iki ölkənin Daxili İşlər nazirlikləri arasında əlaqələrin qurulmasında əhəmiyyətli rolunu  diqqətə çatdırıb.

Daha sonra nazir Ramil Usubov müstəqilliyin ilk illərində üzləşdiyimiz problemlər, ölkədə hökm sürmüş hərc-mərclik, anarxiya, cəzasızlıq mühiti, eyni zamanda, Ermənistanın hərbi müdaxiləsi nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi, nəticədə 1 milyondan artıq soydaşımızın doğma yurd yerlərindən didərgin düşməsi, yalnız xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyevin müdrik siyasəti, onun rəhbərliyi ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının birgə gərgin və səmərəli fəaliyyəti nəticəsində ölkədə asayişin, əmin-amanlığın bərpa edilməsi, kriminogen durumun nəzarət altına alınması, bugünkü ictimai-siyasi sabitliyin dönməzliyinin təmin olunması üçün görülən işlər barədə qısa məlumat verib.

Nazir daxili işlər orqanlarında həyata keçirilən islahatlar barədə danışıb, ölkəmizin Avropaya inteqrasiya etdiyini, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunlar qəbul olunduğunu, bu işdə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların böyük rolu olduğunu, həmin qanunların icrasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.   
Bu istiqamətdə mühüm dəyişiklərdən birinin fəaliyyətin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsi olduğunu deyən daxili işlər naziri son 10 ildə 8 minə yaxın əməkdaşın və hərbi qulluqçunun bir sıra beynəlxalq təşkilatların xəttilə çoxsaylı təlim və treninqlərə cəlb edildiyini, bunun şəxsi heyətin peşəkarlığının, hazırlıq səviyyəsinin daha da yüksəldilməsinə müsbət təsir göstərdiyini qeyd edib. Vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi baxımından ən müasir informasiya texnologiyalarının imkanlarından da geniş istifadə olunduğu bildirilib. 

Beynəlxalq hüququn təməl prinsiplərinə, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı məsələsinə münasibətdə  hər iki ölkənin mövqeyinin üst-üstə düşdüyünü nəzərə çatdıran cənab Ramil Usubov Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə, parlament tərəfindən Xocalı faciəsinin soyqırımı kimi tanınmasına görə Serbiya tərəfinə təşəkkür edib.
Mövcud problemlərə toxunan daxili işlər naziri transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıq ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb. 

Rəsmi dəvətə və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Neboyşa Stefanoviç ölkələrimiz arasındakı əlaqələrin son illər bütün sahələrdə genişlənərək  daha da dərinləşdiyini, oxşar münaqişələrdən əziyyət çəkən hər iki dövlətin bir sıra problemlərə dair beynəlxalq müstəvidə eyni mövqedən çıxış etdiyini, yaxın dost saydıqları Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb. 
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.