Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

IV fəsil. Beynəlxalq əməkdaşlıq


Maddə 43. Beynəlxalq əməkdaşlıq

1. İştirakçı Dövlətlər bu Konvensiyanın 44-50-ci maddələrinə uyğun olaraq, cinayət-hüquqi məsələlər üzrə əməkdaşlıq edirlər. Məqsədə
müvafiq olduqda və daxili hüquq sistemlərinə uyğun gəldikdə, İştirakçı Dövlətlər korrupsiya ilə bağlı mülki-hüquqi və inzibati məsələlər
üzrə istintaq və icraat aparılmasında bir-birinə yardım etmək imkanlarını müzakirə edirlər.

2. Müvafiq əməlin qarşılıqlı olaraq cinayət kimi tanınması prinsipi beynəlxalq əməkdaşlıq məsələləri baxımından tələb olunursa və əgər
barəsində yardım tələb olunan, cinayət tərkibi yaradan əməl hər iki İştirakçı Dövlətin qanunvericiliyi ilə cinayət hüquqpozması kimi
tanınırsa, sorğu edilən İştirakçı Dövlətin qanunlarının həmin hüquqpozmanı, sorğu edən İştirakçı Dövlətdə olduğu kimi, eyni kateqoriyaya
daxil etməsindən və hüquqpozmanı eyni terminlərlə adlandırmasından asılı olmayaraq, göstərilən prinsip riayət olunmuş sayılır.

Maddə 44. Ekstradisiya

1. Bu maddə, ekstradisiya olunması xahiş edilən şəxs sorğu edilən İştirakçı Dövlətin ərazisində olduğu hallarda, bu Konvensiyaya uyğun
olaraq tanınmış hüquqpozmalara tətbiq edilir, o şərtlə ki, sorğunun aid olduğu hüquqpozma həm sorğu edən, həm də sorğu edilən İştirakçı
Dövlətin qanunvericiliyi ilə cəzalandırılsın.

2. Qanunvericiliyi imkan verirsə, İştirakçı Dövlət bu maddənin 1-ci bəndinin müddəalarına baxmayaraq, bu Konvensiya ilə əhatə olunan,
lakin onun daxili qanunvericiliyi ilə cəzalandırılmayan istənilən hüquqpozmaya görə hər hansı şəxsin ekstradisiya edilməsinə icazə verə bilər.

3. Ekstradisiya haqqında sorğu bir neçə ayrı-ayrı hüquqpozmaya aiddirsə və bunlardan ən azı biri bu maddəyə əsasən ekstradisiyaya əsas
ola bilərsə və digərləri azadlıqdan məhrumetmə müddətinə görə ekstradisiyaya əsas ola bilmirsə, ancaq bu Konvensiyaya uyğun olaraq
tanınmış hüquqpozma ilə əlaqəlidirsə, sorğu edilən İştirakçı Dövlət bu maddəni həmin hüquqpozmalar barəsində də tətbiq edə bilər.

4. Bu maddənin tətbiq olunduğu hər bir hüquqpozma İştirakçı Dövlətlər arasında ekstradisiyaya dair bütün müqavilələrə ekstradisiyaya
əsas ola bilən hüquqpozma kimi daxil edilmiş hesab edilir. İştirakçı Dövlətlər belə hüquqpozmaları gələcəkdə öz aralarında bağlanacaq
bütün müqavilələrə ekstradisiyaya əsas olan hüquqpozmalar kimi daxil etməlidirlər. Bu Konvensiyanı ekstradisiya üçün əsas kimi istifadə
edən İştirakçı Dövlət, əgər qanunvericiliyi yol verirsə, bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan hər hansı birini siyasi
hüquqpozma hesab etmir.

5. Ekstradisiyanı müqavilənin olması ilə şərtləndirən İştirakçı Dövlət ekstradisiyaya dair müqaviləsi olmayan başqa İştirakçı Dövlətdən
ekstradisiya ilə bağlı sorğu alırsa, o, bu Konvensiyanı bu maddənin tətbiq olunduğu istənilən hüquqpozma ilə bağlı ekstradisiya üçün
hüquqi əsas kimi qəbul edə bilər.

6. Ekstradisiyanı müqavilənin olması ilə şərtləndirən İştirakçı Dövlət:

a) bu Konvensiyanın ratifikasiya, qəbul olunması və ya təsdiqi və ya ona qoşulması barədə sənədini saxlanca verərkən, bu
Konvensiyanın digər İştirakçı Dövlətləri ilə ekstradisiya məsələlərində əməkdaşlıq etmək üçün bu Konvensiyanı hüquqi əsas kimi qəbul
edib-etməməsi barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibinə məlumat verir; və

b) əgər o, ekstradisiya məsələsində əməkdaşlıq üçün bu Konvensiyanı hüquqi əsas kimi qəbul etmirsə, bu maddənin tətbiq olunmasını
təmin etmək məqsədilə bu Konvensiyanın digər İştirakçı Dövlətləri ilə zəruri hallarda ekstradisiya barədə müqavilələr bağlamağa çalışır.

7. Ekstradisiyanı müqavilənin olması ilə şərtləndirməyən İştirakçı Dövlətlər bu maddənin tətbiq olunduğu hüquqpozmaları öz
münasibətlərində ekstradisiyaya əsas olan hüquqpozma kimi tanıyırlar.

8. Ekstradisiya sorğu edilən İştirakçı Dövlətin daxili qanunvericiliyində və tətbiq olunan ekstradisiya müqavilələrində nəzərdə tutulmuş
şərtlərə uyğun olaraq həyata keçirilir, bu şərtlərə, digər məsələlərlə yanaşı, həmçinin ekstradisiya üçün minimum cəza tələbi ilə bağlı şərtlər və
sorğu edilən İştirakçı Dövlətin ekstradisiyadan imtina etməsi üçün irəli sürəcəyi əsaslar da daxildir.

9. Bu maddənin tətbiq olunduğu bütün hüquqpozmalara münasibətdə İştirakçı Dövlətlər öz daxili qanunvericiliklərinə riayət etmək şərtilə,
ekstradisiya prosedurunu sürətləndirmək və onunla bağlı sübutların təqdim olunması tələblərini sadələşdirmək üçün səy göstərirlər.

10. Daxili qanunvericiliyinin və ekstradisiya barədə müqavilələrinin müddəalarına riayət etmək şərtilə, sorğu edilən İştirakçı Dövlət şəraitin
tələb etməsinə və təxirəsalınmaz xarakter daşımasına əmin olduqda, sorğu edən İştirakçı Dövlətin sorğusu ilə, öz ərazisində olan və
ekstradisiyası sorğu edilən şəxsi həbsə ala və ya ekstradisiya proseduru gedişində onun iştirakını təmin etmək üçün zəruri olan digər
tədbirləri görə bilər.

11. Əgər ərazisində cinayət törətməkdə şübhəli şəxs olan İştirakçı Dövlət bu maddənin tətbiq olunduğu hüquqpozma ilə əlaqədar həmin
şəxsi onun öz vətəndaşı olmasını yeganə əsas tutaraq ekstradisiya etmirsə, onda ekstradisiyanı istəyən İştirakçı Dövlətin sorğusu üzrə işi
cinayət təqibi məqsədilə, əsassız gecikdirmə olmadan, öz səlahiyyətli orqanlarına təqdim etməlidir. Bu orqanlar İştirakçı Dövlətin
qanunvericiliyində təhlükəli xarakterli sayılan istənilən digər hüquqpozma üçün müəyyən edilmiş qaydada öz qərarlarını qəbul edir və icraat
aparırlar. Maraqlı İştirakçı Dövlətlər belə təqibin səmərəliliyini təmin etmək üçün bir-biri ilə, xüsusən prosessual məsələlər və sübutetmə
məsələləri üzrə əməkdaşlıq edirlər.

12. İştirakçı Dövlətin daxili qanunvericiliyi onun öz vətəndaşlarından hər hansı birinin, sorğunun aid olduğu məhkəmə araşdırması və ya
icraatı nəticəsində təyin olunmuş cəzanın çəkilməsi üçün yenidən bu İştirakçı Dövlətə qaytarılması şərtilə, ekstradisiyasına və ya başqa üsulla
göndərilməsinə icazə verirsə və bu İştirakçı Dövlət və həmin şəxsin ekstradisiyasını sorğu edən İştirakçı Dövlət belə bir qayda ilə və zəruri
hesab etdikləri digər şərtlərlə razılaşmışlarsa, bu cür şərti ekstradisiya və ya göndərmə bu maddənin 11-ci bəndində müəyyən olunmuş
öhdəliyin yerinə yetirilməsi baxımından kifayət sayılır.

13. Sorğu edilən İştirakçı Dövlət hökmün icraya yönəldilməsi üçün ekstradisiyası sorğu edilən vətəndaşını ekstradisiya etməkdən imtina
edirsə, sorğu edən İştirakçı Dövlətin daxili qanunvericiliyinə uyğun olaraq çıxarılmış hökmü və ya hökmün qalan hissəsini, əgər buna sorğu
edilən İştirakçı Dövlətin daxili qanunvericiliyi yol verirsə və əgər bu onun qanunvericiliyinin tələblərinə uyğundursa, sorğu edən İştirakçı
Dövlətin müraciəti üzrə icraya yönəltmək məsələsini nəzərdən keçirir.

14. Hər hansı şəxsin işi üzrə bu maddənin tətbiq olunduğu istənilən hüquqpozma ilə bağlı icraat aparılırsa, bu şəxsə icraatın bütün
mərhələlərində onunla ədalətli davranılacağına, o cümlədən ərazisində olduğu İştirakçı Dövlətin daxili qanunvericiliyilə nəzərdə tutulmuş
bütün hüquq və təminatların həyata keçiriləcəyinə təminat verilir.

15. Sorğu edilən İştirakçı Dövlət ekstradisiya barədə sorğunun hər hansı şəxsi cinsinə, irqinə, dini etiqadına, vətəndaşlığına, etnik mənşəyinə
və ya siyasi baxışlarına görə cinayət təqibinə cəlb etmək və ya cəzalandırmaq məqsədi daşıdığını, yaxud həmin sorğunun təmin olunmasının
bu şəxsin vəziyyətinə göstərilən səbəblərin hər hansı biri üzündən zərər vuracağını güman etmək üçün mühüm əsaslara malikdirsə, bu
Konvensiyanın heç bir müddəası ekstradisiya öhdəliyi kimi şərh oluna bilməz.

16. İştirakçı Dövlətlər hüquqpozmanın, həmçinin vergi məsələləri ilə bağlı olmasını yeganə əsas götürərək, ekstradisiya üçün sorğunu yerinə
yetirməkdən imtina edə bilməzlər.

17. Ekstradisiyaya imtina etməzdən əvvəl sorğu edilən İştirakçı Dövlət, zəruri hallarda, sorğu edən İştirakçı Dövlətə öz fikirlərini təqdim
etməyə və öz tələbləri ilə bağlı məlumatları təmin etməyə lazımi imkan yaratmaq məqsədilə onunla məsləhətləşmə aparır.

18. İştirakçı Dövlətlər ekstradisiyanın həyata keçirilməsi və səmərəliliyinin yüksəldilməsi məqsədilə bir-birilə ikitərəfli və ya çoxtərəfli saziş və
ya müqavilələr bağlamağa çalışırlar.

Maddə 45. Məhkum edilmiş şəxslərin verilməsi

İştirakçı Dövlətlər bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalara görə azadlıqdan məhrumetmə və ya azadlığı məhdudlaşdıran
digər cəzalara məhkum edilmiş şəxslərin cəza müddətini öz ərazilərində çəkməsini təmin etmək üçün onların verilməsinə dair öz aralarında
ikitərəfli və ya çoxtərəfli müqavilə və ya sazişlər bağlamaq imkanını nəzərdən keçirə bilərlər.

Maddə 46. Qarşılıqlı hüquqi yardım

1. İştirakçı Dövlətlər bu Konvensiya ilə əhatə olunan hüquqpozmalarla bağlı istintaq, cinayət təqibi və məhkəmə icraatı üzrə bir-birinə ən
geniş formada hüquqi yardım göstərirlər.

2. Sorğu edən İştirakçı Dövlətin ərazisində bu Konvensiyanın 26-cı maddəsinə əsasən hüquqi şəxslərin məsuliyyətə cəlb olunmasına səbəb
ola bilən hüquqpozmalarla bağlı istintaq, cinayət təqibi və ya məhkəmə icraatı üzrə qarşılıqlı hüquqi yardım sorğu edilən İştirakçı Dövlət
tərəfindən onun müvafiq qanunlarına, beynəlxalq müqavilələrinə, saziş və razılaşmalarına uyğun olan maksimum mümkün həddə göstərilir.

3. Bu maddəyə uyğun olaraq göstərilən qarşılıqlı hüquqi yardım aşağıdakı hər hansı məqsədlərdən biri üçün istənilə bilər:

a) ayrı-ayrı şəxslərdən şahid ifadələrinin və ya ərizələrin alınması;

b) məhkəmə sənədlərinin verilməsi;

c) axtarışın, götürmənin və həbsin həyata keçirilməsi;

d) obyektlərin və yerlərin baxışının keçirilməsi;

e) məlumatların, maddi sübutların və ekspert rəylərinin təqdim edilməsi;

f) müvafiq sənəd və materialların, o cümlədən hökumət, bank, maliyyə, korporativ və ya kommersiya sənədlərinin əslinin və ya
təsdiqlənmiş surətlərinin təqdim edilməsi;

g) cinayət yolu ilə əldə edilmiş gəlirlərin, əmlakın, cinayət törədilməsi üçün istifadə olunan vasitələrin və digər predmetlərin sübutetmə
məqsədilə aşkar edilməsi və ya yerinin müəyyən edilməsi;

h) müvafiq şəxslərin sorğu edən İştirakçı Dövlətin orqanlarına könüllü gəlməsinə yardım;

i) sorğu edilən İştirakçı Dövlətin daxili qanunvericiliyinə zidd olmamaqla istənilən başqa formada yardım edilməsi;

c) bu Konvensiyanın V fəslinin müddəalarına uyğun olaraq, cinayət yolu ilə əldə edilən gəlirlərin aşkar edilməsi, üzərinə həbs qoyulması
və ya yerinin müəyyən edilməsi;

k) bu Konvensiyanın V fəslinin müddəalarına uyğun olaraq aktivlərin götürülməsi.

4. İştirakçı Dövlətin səlahiyyətli orqanları cinayət-hüquq məsələlərinə aid məlumatların digər İştirakçı Dövlətdə aparılan istintaq və cinayət
təqibi prosesinin müvəffəqiyyətlə həyata keçirilməsinə və ya başa çatdırılmasına kömək edə biləcəyini, yaxud həmin dövlətin bu
Konvensiyaya uyğun olaraq tərtib edilmiş sorğusuna səbəb olacağını hesab edərsə, öz daxili qanunvericiliyinə zidd olmamaq şərtilə, həmin
İştirakçı Dövlətin sorğusunu gözləmədən bu məlumatları onun səlahiyyətli orqanına verə bilər.

5. Bu maddənin 4-cü bəndinə uyğun olaraq məlumatlar onları verən səlahiyyətli orqanların təmsil etdiyi Dövlətdə istintaq və cinayət icraatı
prinsiplərinə zidd olmamaq şərtilə verilir. Məlumatları alan səlahiyyətli orqanlar bu məlumatların məxfiliyinin qorunması barədə xahişi
müvəqqəti olsa da yerinə yetirir və ya onun istifadəsində məhdudiyyətlərə əməl edirlər. Lakin bu, məlumatları almış İştirakçı Dövlətdə
aparılan icraat gedişində təqsirləndirilən şəxsə bəraət qazandıran məlumatların açıqlanmasına mane olmur. Belə hallarda, məlumatları almış
İştirakçı Dövlət həmin məlumatları açıqlamazdan əvvəl, məlumatları verən İştirakçı Dövləti bu barədə xəbərdar edir və əgər məlumatları
təqdim etmiş İştirakçı Dövlətin müvafiq məsləhətləşmə aparılması barədə xahişi olarsa, bu xahişi yerinə yetirir. Müstəsna hallar üzündən
həmin xəbərdarlığı əvvəlcədən etmək mümkün olmadıqda, məlumatları alan İştirakçı Dövlət məlumatları vermiş İştirakçı Dövlətə belə
açıqlama barədə dərhal məlumat verir.

6. Bu maddənin müddəaları qarşılıqlı hüquqi yardım məsələlərini tam və ya qismən tənzim edən və ya tənzim edəcək digər hər hansı ikitərəfli
və ya çoxtərəfli müqavilələr üzrə öhdəliklərə toxunmur.

7. Müvafiq İştirakçı Dövlətlər qarşılıqlı hüquqi yardım barədə hər hansı müqavilə ilə bağlı deyilsə, bu maddənin 9-29-cu bəndlərinin
müddəaları bu maddə əsasında göndərilən sorğulara tətbiq olunur. İştirakçı Dövlətlər belə müqavilə ilə bağlı olarsa və belə müqavilə
müddəalarının əvəzinə bu maddənin 9-29-cu bəndlərinin tətbiq olunacağı barədə onlar arasında razılaşma yoxdursa, həmin müqavilənin
müvafiq müddəaları tətbiq edilir.

8. İştirakçı Dövlətlər bank sirrinin qorunması tələbini əsas tutaraq, bu maddə üzrə qarşılıqlı hüquqi yardım göstərməkdən imtina etmirlər.

9. a) Sorğu edilən İştirakçı Dövlət, müvafiq əməlin qarşılıqlı olaraq cinayət kimi tanınmadığı hallarda bu maddəyə əsasən yardım
göstərilməsi barədə sorğuya cavab verərkən, bu Konvensiyanın 1-ci maddəsi ilə müəyyən edilən məqsədləri nəzərə alır;

b) müvafiq əməlin qarşılıqlı olaraq cinayət kimi tanınmadığı hallarda İştirakçı Dövlətlər bu maddə əsasında yardım göstərməkdən
imtina edə bilərlər. Lakin sorğu edilən İştirakçı Dövlət, öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olan hallarda, məcburi tədbirlər
tətbiq edilməyən yardım göstərir. Yardım edilməsi barədə sorğu de minimus xarakterli məsələlərlə, yaxud sorğu edilən əməkdaşlığın və
ya yardımın bu Konvensiyanın başqa müddəaları ilə təmin olunduğu məsələlərlə bağlıdırsa, belə yardımın göstərilməsindən imtina
oluna bilər;

c) hər bir İştirakçı Dövlət, müvafiq əməlin qarşılıqlı olaraq cinayət kimi tanınmadığı hallarda, bu maddəyə əsasən ona daha geniş
həcmdə yardım göstərmək imkanı verəcək zəruri ola bilən tədbirləri görmək məsələsinə baxa bilər.

10. Bir İştirakçı Dövlətin ərazisində həbsdə olan və ya azadlıqdan məhrumetmə cəzası çəkən şəxs bu Konvensiya ilə əhatə olunan
hüquqpozmalarla bağlı istintaq, cinayət təqibi və ya məhkəmə icraatı məqsədilə şəxsiyyətinin müəyyən edilməsi, ifadə verməsi və ya
sübutların əldə olunmasına başqa formada kömək göstərilməsi üçün digər İştirakçı Dövlətdə olmalıdırsa, aşağıdakı şərtlərə riayət olunmaqla
verilə bilər:

a) həmin şəxs buna sərbəst və şüurlu surətdə razılıq verdikdə;

b) hər iki İştirakçı Dövlətin səlahiyyətli orqanları bu İştirakçı Dövlətlərin lazımi hesab etdiyi şəraitdə razılığa gəldikdə.

11. Bu maddənin 10-cu maddəsinin məqsədləri üçün:

a) şəxsi verən İştirakçı Dövlət başqa formanı xahiş etməmiş və ya başqa cür sanksiya verməmişdirsə, şəxsin verildiyi İştirakçı Dövlət
verilmiş şəxsi həbsdə saxlamağa haqlıdır və borcludur;

b) şəxsin verildiyi İştirakçı Dövlət əvvəlcədən razılaşdırıldığı kimi və ya hər iki İştirakçı Dövlətin səlahiyyətli orqanları arasında başqa
cür razılaşdırıldığı kimi, bu şəxsin onu vermiş İştirakçı Dövlətə qaytarılması üzrə öhdəliyini təxirəsalınmadan yerinə yetirir;

c) şəxsin verildiyi İştirakçı Dövlət bu şəxsi vermiş İştirakçı Dövlətdən onun qaytarılması üçün ekstradisiya proseduru başlamağı tələb
etmir;

d) verilən şəxsin onun verildiyi İştirakçı Dövlətdə həbsdə olduğu müddət onu verən dövlətdə çəkməli olduğu cəza müddətindən çıxılır.

12. Bu maddənin 10 və 11-ci bəndlərinə əsasən hər hansı şəxsi verməli olan İştirakçı Dövlətin razılığı olmadan bu şəxs, vətəndaşlığından asılı
olmayaraq, onu verəcək dövlətin ərazisini tərk edəcəyi müddətə qədər olan dövrdə etdiyi hansısa hərəkət, hərəkətsizlik və ya məhkumluğa
görə, veriləcəyi başqa İştirakçı Dövlətin ərazisində cinayət təqibinə, həbsə, cəzalandırılmaya və ya şəxsi azadlığının başqa cür
məhdudlaşdırılmasına məruz qala bilməz.

13. Hər bir İştirakçı Dövlət qarşılıqlı hüquqi yardımın göstərilməsi üzrə sorğuların qəbul edilməsinə və ya onların yerinə yetirilməsinə, yaxud
bu sorğuların yerinə yetirilməsi üçün müvafiq səlahiyyətli orqanlara verilməsinə görə məsuliyyət daşıyan və müvafiq səlahiyyətlərə malik
olan mərkəzi orqan təyin edir. Əgər İştirakçı Dövlətdə qarşılıqlı hüquqi yardım göstərilməsi üçün ayrıca sistemi olan xüsusi region və ya
ərazi mövcuddursa, o bu region və ya əraziyə münasibətdə eyni funksiyanı yerinə yetirən xüsusi mərkəzi orqan təyin edə bilər.

Mərkəzi orqanlar qəbul edilmiş sorğuların operativ olaraq və lazımi qaydada yerinə yetirilməsini və ya aidiyyəti üzrə göndərilməsini təmin
edirlər. Əgər mərkəzi orqan sorğunun yerinə yetirilməsi üçün səlahiyyətli orqana göndərirsə, bu sorğunun səlahiyyətli orqan tərəfindən
operativ olaraq və lazımi qaydada yerinə yetirilməsinə kömək göstərir. Hər bir İştirakçı Dövlət bu Konvensiyanın ratifikasiya edilməsi, qəbul
və ya təsdiq edilməsi və ya ona qoşulma barədə sənədini saxlanca verərkən, Birləşmiş Millətlər Təşkilatının Baş katibinə həmin məqsədlə
təyin olunmuş mərkəzi orqan barədə məlumat verir. Qarşılıqlı hüquqi yardımın göstərilməsi barədə sorğular və ya onlara aid olan bütün
məlumatlar İştirakçı Dövlətlərin təyin etdiyi mərkəzi orqanlara göndərilir. Bu tələb İştirakçı Dövlətlərin belə sorğu və məlumatların onlara
diplomatik kanallar vasitəsilə, yaxud fövqəladə hallarda, əgər İştirakçı Dövlətlər bu bardə razılaşmışlarsa, Beynəlxalq Cinayət Polisi
Təşkilatı vasitəsilə, əgər mümkündürsə, göndərilməsini tələb etmək hüququna xələl gətirmir.

14. Sorğular yazılı formada, yaxud yazılı formanı tərtib etməyə imkan verən hər hansı vasitənin köməyi ilə və sorğu edilən İştirakçı Dövlət
üçün qəbul edilən dildə, habelə bu İştirakçı Dövlətə autentikliyi müəyyən etməyə imkan verən şərtlərlə göndərilir. Bu Konvensiyanın
ratifikasiya edilməsi, qəbul və ya təsdiq edilməsi və ya ona qoşulma barədə səndin saxlanca verilməsi zamanı Birləşmiş Millətlər Təşkilatının
Baş katibinə hər bir iştirakçı Dövlət üçün qəbulu mümkün olan dil və ya dillər barədə məlumat verilir. Fövqəladə hallarda və İştirakçı
Dövlətlər arasında müvafiq razılaşma olduqda sorğular şifahi formada göndərilə bilər, lakin dərhal yazılı formada təsdiq olunur.

15. Qarşılıqlı hüquqi yardımın göstərilməsi barədə sorğuda aşağıdakılar göstərilir:

a) sorğu ilə müraciət edən orqanın adı;

b) sorğunun aid olduğu məsələnin mahiyyəti və aparılan istintaqın, cinayət təqibinin və ya məhkəmə icraatının xarakteri, habelə bu
istintaqı, cinayət təqibini və ya məhkəmə icraatını aparan orqanın adı və funksiyaları;

c) məhkəmə sənədlərinin verilməsi sorğusuna aid faktlar istisna olmaqla, bütün digər müvafiq faktların qısa xülasəsi;

d) sorğu edilən yardımın təsviri və sorğu edən İştirakçı Dövlətin riayət olunmasını istədiyi bütün konkret prosedurlar barəsində
müfəssəl məlumat;

e) hər hansı müvafiq şəxsin şəxsiyyəti, olduğu yer və vətəndaşlığı barədə məlumatlar;

f) sorğu edilən sübutların, məlumatların və ya tədbirlərin məqsədi.

16. Sorğu edilən İştirakçı Dövlət o halda əlavə məlumatlar istəyə bilər ki, belə məlumatlar onun daxili qanunvericiliyinə uyğun olaraq
sorğunun yerinə yetirilməsi üçün zəruridir və ya belə məlumatlar sorğunun yerinə yetirilməsini asanlaşdıra bilər.

17. Sorğu onun ünvanlandığı İştirakçı Dövlətin daxili qanunvericiliyinə uyğun olaraq və bu Dövlətin daxili qanunvericiliyinə zidd olmayan
dərəcədə, habelə sorğuda göstərilmiş prosedurlara mümkün qədər uyğun olmaqla yerinə yetirilir.

18. İştirakçı Dövlətlərdən birinin ərazisində olan şəxsi digər İştirakçı Dövlətin məhkəmə orqanlarında şahid və ya ekspert qismində
dinlənilməlidirsə və bu şəxsin həmin Dövlətdə şəxsən olması qeyri-mümkün və ya arzuolunmazdırsa, şəxsin ərazisində olduğu İştirakçı
Dövlət digər İştirakçı Dövlətin sorğusu ilə bu şəxsin videorabitə vasitəsilə dinlənilməsinə icazə verə bilər. İştirakçı Dövlətlər dinləmənin sorğu
edilən İştirakçı Dövlətin məhkəmə orqanı nümayəndələrinin iştirakı ilə, sorğu edən İştirakçı Dövlətin məhkəmə orqanı tərəfindən aparılması
barədə razılığa gələ bilərlər.

19. Sorğu edən İştirakçı Dövlət sorğu edilən İştirakçı Dövlətin təqdim etdiyi məlumatları və ya sübutları istintaq, cinayət təqibi və ya
məhkəmə istintaqı aparılması istisna olmaqla, başqa məqsədlər üçün sorğu edilən İştirakçı Dövlətin razılığı olmadan başqasına vermir və
istifadə etmir. Bu bəndin heç bir müddəası sorğu edən İştirakçı Dövlətin öz orqanları tərəfindən aparılan icraat gedişində təqsirləndirilən
şəxsə bəraət verən məlumatları və ya sübutları açıqlamasına mane olmur. Belə hallarda, sorğu edən İştirakçı Dövlət məlumatları və ya
sübutları açıqlamazdan əvvəl, sorğu edilən İştirakçı Dövlətə bu barədə məlumat verir və əgər sonuncunun müvafiq sorğusu olarsa, onunla
məsləhətləşmə aparır. Müstəsna hallarda, əvvəlcədən məlumat vermək mümkün olmadıqda, sorğu edən İştirakçı Dövlət sorğu edilən
İştirakçı Dövlətə belə açıqlama barədə dərhal məlumat verir.

20. Sorğu edən İştirakçı Dövlət sorğu edilən İştirakçı Dövlətdən sorğunun mövcudluğu faktının və onun mahiyyətinin, sorğunun yerinə
yetirilməsi üçün zəruri olan məlumatlar istisna olmaqla, məxfi saxlanmasını tələb edə bilər. Sorğu edilən İştirakçı Dövlət məxfilik tələbini
yerinə yetirə bilmirsə, bu barədə sorğu edən İştirakçı Dövləti dərhal məlumatlandırır.

21. Qarşılıqlı hüquqi yardımın göstərilməsindən aşağıdakı hallarda imtina edilə bilər:

a) sorğu bu maddənin tələblərinə uyğun surətdə edilmədikdə;

b) sorğu edilən İştirakçı Dövlət sorğunun yerinə yetirilməsi nəticəsində onun suverenliyinə, təhlükəsizliyinə, ictimai qaydalarına və ya
digər həyati əhəmiyyətli mənafelərinə zərər vurulacağını hesab etdikdə;

c) əgər sorğu edilən İştirakçı Dövlətin daxili qanunvericiliyi onun orqanlarına, onun yurisdiksiyası daxilində istintaq, cinayət təqibinin
və ya məhkəmə icraatının predmeti ola bilən hər hansı oxşar hüquqpozmaya dair sorğu edilən tədbirlərin həyata keçirilməsini qadağan
edirsə;

d) sorğunun yerinə yetirilməsi İştirakçı Dövlətin qarşılıqlı hüquqi yardımla bağlı hüquq sistemi müddəalarına ziddirsə.

22. İştirakçı Dövlətlər qarşılıqlı hüquqi yardım barədə sorğunun, həmçinin vergi məsələləri ilə bağlı olmasını yeganə əsas göstərərək onun
yerinə yetirilməsindən imtina edə bilməzlər.

23. Qarşılıqlı hüquqi yardımın göstərilməsindən imtina bütün hallarda əsaslandırılmalıdır.

24. Sorğu edilən İştirakçı Dövlət qarşılıqlı hüquqi yardımın göstərilməsi barədə sorğunu mümkün qədər qısa müddətdə yerinə yetirir və
sorğu edən İştirakçı Dövlət tərəfindən təklif olunmuş və sorğunun özündə əsaslandırılmış hər hansı hüdud müddətlərini imkan daxilində
bütünlüklə nəzərə alır. Sorğu edən İştirakçı Dövlət onun sorğusunun təmin edilməsi üzrə sorğu edilən İştirakçı Dövlətin gördüyü tədbirlərin
statusu və həyata keçirilməsi gedişatı üzrə məlumatları almaq üçün ağlabatan sorğularla müraciət edə bilər. Sorğu edilən İştirakçı Dövlət
sorğunun statusu və təmin edilmə gedişatı barədə sorğu edən İştirakçı Dövlətin ağlabatan sorğularına cavab verir. Sorğu edən İştirakçı
Dövlət sorğu edilmiş yardıma daha ehtiyac olmadıqda, sorğu edilən İştirakçı Dövləti bu barədə operativ olaraq məlumatlandırır.

25. Sorğu edilən İştirakçı Dövlət qarşılıqlı hüquqi yardımın göstərilməsini onun ərazisində həyata keçirilən istintaqa, cinayət təqibinə və ya
məhkəmə icraatına mane olması əsası ilə təxirə sala bilər.

26. Bu maddənin 21-ci bəndinə əsasən sorğunun yerinə yetirilməsindən imtina etməzdən və ya bu maddənin 25-ci bəndinə əsasən sorğunun
yerinə yetirilməsini təxirə salmazdan əvvəl, sorğu edilən İştirakçı Dövlət yardımın onun tərəfindən zəruri hesab edilən müddətlərdə və
şərtlərlə göstərilə biləcəyini müəyyən etmək üçün, sorğu edən İştirakçı Dövlətlə məsləhətləşmə aparır. Sorğu edən İştirakçı Dövlət yardımın
belə şərtlərlə göstərilməsini qəbul edərsə, həmin şərtlərə riayət edir.

27. Bu maddənin 12-ci bəndinin tətbiqinə xələl gətirmədən, İştirakçı Dövlətin sorğusu ilə sorğu edən İştirakçı Dövlətin ərazisində icraat
zamanı ifadə verməyə və ya istintaq, cinayət təqibi və ya məhkəmə icraatı zamanı yardım etməyə razılıq verən şahid, ekspert və ya başqa şəxs
sorğu edilən İştirakçı Dövlətin ərazisindən çıxmasınadək edilmiş hərəkət, hərəkətsizlik və ya məhkumluq ilə əlaqədar sorğu edən İştirakçı
Dövlətin ərazisində cinayət təqibinə, həbsə, cəzaya və ya şəxsi azadlığının hər hansı başqa formada məhdudlaşdırılmasına məruz qoyulmur.
Şahid, ekspert və ya başqa şəxs onun iştirakına məhkəmənin ehtiyacı olmadığı barədə rəsmən məlumatlandırıldıqdan sonra ardıcıl olaraq on
beş gün ərzində və ya İştirakçı Dövlətlər arasında razılaşdırılmış hər hansı müddət ərzində sorğu edən İştirakçı Dövlətin ərazisini tərk etmək
imkanı olduğu halda bu ərazini tərk etməmiş və ya tərk etdikdən sonra öz iradəsi ilə geriyə qayıtmışdırsa, şəxsi təhlükəsizliyə verilən həmin
təminat qüvvədən düşür.

28. Maraqlı İştirakçı Dövlətlər başqa cür razılığa gəlməmişlərsə, sorğunun yerinə yetirilməsi ilə bağlı adi xərclər sorğu edilən İştirakçı
Dövlətlər tərəfindən ödənilir. Sorğunun yerinə yetirilməsi böyük və ya əhəmiyyətli miqdarda xərc tələb edir və ya edəcəksə, İştirakçı
Dövlətlər sorğunun yerinə yetirilmə şərtlərini və xərclərin ödənilmə qaydasını müəyyən etmək üçün məsləhətləşmə aparırlar.

29. Sorğu edilən İştirakçı Dövlət:

a) sərəncamında olan və daxili qanunvericliyinə əsasən ictimaiyyət üçün açıq olan hökumət materiallarının, sənəd və məlumatların
surətlərini sorğu edən İştirakçı Dövlətə təqdim edir;

b) sərəncamında olan və daxili qanunvericiliyinə əsasən ictimaiyyət üçün açıq olmayan hər hansı hökumət materiallarının, sənəd və
məlumatların surətlərini öz mülahizəsi ilə tam və ya qismən, yaxud lazımi hesab etdiyi şərtlərə riayət etməklə sorğu edən İştirakçı
Dövlətə təqdim edə bilər.

30. İştirakçı Dövlətlər, lazım gəldikdə, bu maddənin məqsədlərinə cavab verən, praktikada onun tətbiqini təmin edən və ya onun
müddəalarını möhkəmləndirən ikitərəfli və ya çoxtərəfli saziş və ya müqavilələrin bağlanması imkanını nəzərdən keçirirlər.

Maddə 47. Cinayət icraatının verilməsi

Bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalarla bağlı cinayət təqibi məqsədilə icraatın qarşılıqlı surətdə verilməsi ədalət
mühakiməsinin lazımi qaydada həyata keçirilməsi tələblərinə cavab verirsə və xüsusən işin bir neçə yurisdiksiyaya aid olduğu hallarda,
cinayət işlərinin birləşdirilməsi məqsədilə İştirakçı Dövlətlər icraatın qarşılıqlı surətdə verilməsi imkanını nəzərdən keçirirlər.

Maddə 48. Hüquq mühafizə orqanları arasında əməkdaşlıq

1. İştirakçı Dövlətlər bu Konvensiya ilə əhatə olunan hüquqpozmalarla mübarizədə hüquq mühafizə tədbirlərinin səmərəliliyini yüksəltmək
məqsədilə, öz daxili hüquq və inzibati sistemlərinə uyğun surətdə bir-birilə sıx əməkdaşlıq edirlər. İştirakçı Dövlətlər, xüsusən, aşağıdakıların
təmin edilməsinə yönəlmiş səmərəli tədbirlər görürlər:

a) bu Konvensiya ilə əhatə olunan hüquqpozmaların bütün aspektləri, habelə, əgər maraqlı İştirakçı Dövlətlər lazım hesab edərlərsə,
digər cinayətkar fəaliyyətlərlə bağlı əlaqələrə aid etibarlı və çevik informasiya mübadiləsini təmin etmək üçün onların səlahiyyətli
orqanları, təşkilatları və xidmətləri arasında əlaqə kanallarının möhkəmləndirilməsi və ya zəruri olduqda belə kanalların qurulması;

b) bu Konvensiya ilə əhatə olunan hüquqpozmalarla bağlı təhqiqatın aparılmasında digər İştirakçı Dövlətlərlə aşağıdakıları üzə
çıxarmaq məqsədilə əməkdaşlıq edilməsi;

I) belə hüquqpozmaların törədilməsində iştirak etməkdə şübhəli şəxslərin şəxsiyyəti, olduğu yer və fəaliyyəti və ya bununla əlaqəsi olan
digər şəxslərin olduğu yer;

II) cinayət yolu ilə əldə edilən gəlirlərin və ya belə cinayətlərin törədilməsi nəticəsində əldə olunmuş əmlakın yerdəyişməsi;

III) belə hüquqpozmaların törədilməsi üçün istifadə olunmuş və ya istifadəsi nəzərdə tutulmuş əmlakın, avadanlıqların və ya digər
vasitələrin yerdəyişməsi;

c) zəruri predmetlərin, yaxud zəruri miqdarda şeylərin, lazım gəldikdə, analiz və ya istintaq məqsədilə təqdim olunması;

d) bu Konvensiya ilə əhatə olunan hüquqpozmaların törədilməsində istifadə olunan konkret vasitə və üsullar, habelə fəaliyyətin
gizlədilməsi üçün saxta şəxsiyyət vəsiqələrindən, dəyişdirilmiş və ya saxtalaşdırılmış sənədlərdən və digər vasitələrdən istifadə barədə
informasiyanın lazım gəldikdə digər İştirakçı Dövlətlərlə mübadiləsi;

e) onların səlahiyyətli orqanları, təşkilatları və xidmətləri arasında səmərəli koordinasiyanı asanlaşdırmaq, əməkdaşların və ekspertlərin
mübadiləsini, habelə maraqlı İştirakçı Dövlətlər arasında ikitərəfli saziş və müqavilələrin mövcud olduğu hallarda əlaqələndirici
əməkdaşların göndərilməsini təşviq etmək;

f) informasiya mübadiləsi və bu Konvensiya ilə əhatə olunan hüquqpozmaların vaxtında aşkar edilməsi məqsədilə zəruri hallarda
görülən inzibati və başqa tədbirlərin koordinasiyası.

2. Bu Konvensiyanı praktiki tətbiq etmək məqsədilə İştirakçı Dövlətlər öz hüquq mühafizə orqanları arasında bilavasitə əməkdaşlığa dair
ikitərəfli və ya çoxtərəfli saziş və ya müqavilələrin bağlanması, belə saziş və ya müqavilələrin artıq mövcud olduğu hallarda isə onların
dəyişdirilməsi imkanlarını nəzərdən keçirirlər. Maraqlı İştirakçı Dövlətlər arasında həmin saziş və ya müqavilələrin olmadığı hallarda
İştirakçı Dövlətlər bu Konvensiya ilə əhatə olunan hüquqpozmalar üzrə hüquq mühafizə orqanları arasında qarşılıqlı əməkdaşlıq edilməsi
üçün bu Konvensiyanı əsas kimi nəzərdə tuta bilərlər. Lazımi hallarda İştirakçı Dövlətlər öz hüquq mühafizə orqanları arasında əməkdaşlığı
genişləndirmək üçün saziş və ya müqavilələri, o cümlədən beynəlxalq və ya regional təşkilatların mexanizmlərini tam həcmdə istifadə edirlər.

3. İştirakçı Dövlətlər bu Konvensiya ilə əhatə olunan, müasir texnologiyadan istifadə etməklə törədilən hüquqpozmaların qarşısının alınması
məqsədilə öz imkanları daxilində əməkdaşlıq etməyə səy göstərirlər.

Maddə 49. Birgə istintaqlar

İştirakçı Dövlətlər bir və ya bir neçə dövlətdə istintaq, cinayət təqibi və ya məhkəmə icraatının predmeti olan işlərlə bağlı səlahiyyətli
orqanların birgə istintaq qurumları yarada bilməsinə imkan verən ikitərəfli və ya çoxtərəfli saziş və ya müqavilələrin bağlanmasını nəzərdən
keçirirlər. Belə saziş və ya müqavilələrin olmadığı hallarda birgə istintaqlar hər bir xüsusi hal üzrə razılaşma əsasında həyata keçirilir.
Müvafiq İştirakçı Dövlətlər ərazisində belə istintaqın aparılmalı olduğu İştirakçı Dövlətin suverenliyinə tam hörmət olunmasını təmin edirlər.

Maddə 50. Xüsusi istintaq üsulları

1. Korrupsiyaya qarşı səmərəli mübarizə məqsədilə hər bir İştirakçı Dövlət öz ərazisində onun səlahiyyətli orqanlarının nəzarətli
göndərişlərindən və müvafiq hesab etdiyi hallarda elektron müşahidə və digər müşahidə formaları, agentura əməliyyatları kimi xüsusi
istintaq üsullarından lazımi formada istifadə etməsini, habelə bu üsulların köməyi ilə əldə edilmiş sübutların məhkəmədə qəbul edilməsini
təmin etmək üçün, öz daxili hüquq sisteminin əsas prinsiplərinə uyğun olan həddə və daxili qanunvericiliyi ilə müəyyən edilmiş şərtlərlə,
imkan daxilində olan tədbirləri görür.

2. Bu Konvensiya ilə əhatə olunan hüquqpozmaların istintaqı məqsədilə İştirakçı Dövlətlər həmin xüsusi istintaq üsullarının beynəlxalq
səviyyəli əməkdaşlıq çərçivəsində istifadə edilməsi üçün, zəruri hallarda, müvafiq ikitərəfli və ya çoxtərəfli saziş və ya müqavilələrin
bağlanmasına həvəsləndirilir. Belə saziş və ya müqavilələr dövlətlərin suveren bərabərliyi prinsipinə tam riayət etməklə bağlanılır və tətbiq
edilir və bu saziş və ya müqavilələrin şərtlərinə ciddi riayət etməklə həyata keçirilir.

3. Bu maddənin 2-ci bəndində göstərilən saziş və ya müqavilələr mövcud olmadıqda, həmin xüsusi istintaq üsullarının beynəlxalq səviyyədə
istifadəsi barədə qərar hər bir xüsusi hal üzrə qəbul olunur və zəruri olduqda, maraqlı İştirakçı Dövlətlərin yurisdiksiyanı həyata keçirməsinə
münasibətdə maliyyə müqavilələrini və qarşılıqlı anlaşmaları nəzərə ala bilər.

4. Nəzarətli göndərişlərin beynəlxalq səviyyədə istifadə olunması barədə qərarlara maraqlı İştirakçı Dövlətlərin razılığı olduqda, yük və ya
vasitələrin tutulması və onların toxunulmadan, yaxud tam və ya qismən götürülərək və ya dəyişdirilərək davam etdirilməsinə icazə verilməsi
kimi metod və vasitələr daxil edilə bilər.