Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

IV fəsil. Terror fəaliyyətində iştiraka görə məsuliyyət


Maddə 17. Terror fəaliyyətində iştiraka görə məsuliyyət 
Terror fəaliyyətində iştirak edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 
İnsan hüquqları və azadlıqları, dövlət təhlükəsizliyinin və beynəlxalq təhlükəsizliyin təmin olunması maraqlarını rəhbər tutaraq, terror əməlləri törədən və ya bu cür əməllərin törədilməsində iştirakçı olan şəxslər bu əməllərin planlaşdırılması və ya həyata keçirilməsi yerindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılırlar və ya cinayət məsuliyyətinə cəlb edilməsi, yaxud təyin edilmiş cəzanın icrası üçün xarici dövlətə geri verilə bilərlər.

Maddə 18. Terror fəaliyyəti ilə bağlı işlərə baxılması 
Terror fəaliyyəti ilə bağlı cinayətlərə, habelə terror aksiyaları nəticəsində dəyən ziyanın ödənilməsi üzrə işlərə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmənin (hakimin) qərarı ilə qapalı məhkəmə iclasında baxıla bilər.

Maddə 19. Terror fəaliyyətinə görə təşkilatların məsuliyyəti 
Terror fəaliyyəti ilə əlaqəsinə görə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təşkilat (onun filialı, nümayəndəliyi) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəmənin qərarı əsasında ləğv edilə bilər. 
Terror fəaliyyəti ilə əlaqəsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş təşkilat ləğv edilərkən ona mənsub olan əmlak Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilir və dövlətin hesabına keçirilir.