Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

I fəsil. Ümumi müddəalar


1. Daxili işlər orqanlarında xidmət keçmə—bu orqanların funksiya, vəzifə və hüquqlarını öz peşə fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür.

2. Daxili işlər orqanlarında xidmət keçmə haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və «Polis haqqında» Azərbaycan Respublikasının Qanunundan, bu Əsasnamədən, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarından ibarətdir.

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları daxili işlər orqanlarında xidmətə qəbul edilən şəxslərə şamil edilir.

3. Daxili işlər orqanlarında işləyən şəxslər arasında xidməti münasibətlərin tənzimlənməsi, onların xidmət müddətinin və ixtisas keyfiyyətlərinin müəyyən olunması məqsədi ilə bu orqanlarda sıravi heyət, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələri və xüsusi rütbələr müəyyən olunur.

4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, xüsusi rütbələr verilmiş, sıravi və kiçik, orta, böyük, ali rəis heyəti vəzifələrində işləyən və ya daxili işlər orqanlarının kadrlarında olan Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin müdavimləri daxili işlər orqanlarının əməkdaşları hesab olunurlar.

5. Daxili işlər orqanlarının əməkdaşları dövlət hesabına, geyim forması və fərqlənmə nişanları ilə təmin olunurlar. Geyim formasının və fərqlənmə nişanlarının təsviri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

6. Daxili işlər orqanlarının əməkdaşlarına, nümunələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xidməti vəsiqələr verilir.

7. Daxili işlər orqanlarının əməkdaşları xüsusi hazırlıq keçdikdən sonra qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvəni, xüsusi vasitələri və odlu silahı tətbiq etmək hüququna malikdirlər. Xüsusi vasitələrin və odlu silahın verilməsi, saxlanılması və gəzdirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

8. Daxili işlər orqanlarında xidmət keçmə hər bir əməkdaşın şəxsi işində öz əksini tapır (şəxsi iş daxili işlər orqanlarının kadr xidmətləri tərəfindən hazırlanır, aparılır və saxlanılır).

Daxili işlər orqanları əməkdaşının xidmət yeri dəyişdirildikdə onun şəxsi işi yeni xidmət yerinə göndərilir. Daxili işlər orqanları əməkdaşlarının şəxsi işlərinin aparılması və saxlanılması qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

9. Daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə təyin olunan şəxslərə aşağıdakı xüsusi rütbələr verilir:

1) sıravi heyət vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələr:

polis sıravisi, daxili xidmət sıravisi , tibb xidməti sıravisi; 

2) kiçik rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələr:

polis kiçik serjantı, daxili xidmət kiçik serjantı , tibb xidməti kiçik serjantı; 

polis serjantı, daxili xidmət serjantı , tibb xidməti serjantı; 

polis baş serjantı, daxili xidmət baş serjantı , tibb xidməti baş serjantı; 

3) orta rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələr;

polis kiçik leytenantı, daxili xidmət kiçik leytenantı , tibb xidməti kiçik leytenantı; 

polis leytenantı, daxili xidmət leytenantı , tibb xidməti leytenantı; 

polis baş leytenantı, daxili xidmət baş leytenantı , tibb xidməti baş leytenantı; 

polis kapitanı, daxili xidmət kapitanı , tibb xidməti kapitanı; 

4) böyük rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələr:

polis mayoru, daxili xidmət mayoru , tibb xidməti mayoru; 

polis polkovnik-leytenantı, daxili xidmət polkovnik-leytenantı , tibb xidməti polkovnik-leytenantı; 

polis polkovniki, daxili xidmət polkovniki , tibb xidməti polkovniki; 

5) ali rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələr:

polis general-mayoru, daxili xidmət general-mayoru , tibb xidməti general-mayoru; 

polis general-leytenantı, daxili xidmət general-leytenantı

polis general-polkovniki, daxili xidmət general-polkovniki

Ali rəis heyəti vəzifələrində işləyən şəxslərə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndinə əsasən ali hərbi rütbələr verilə bilər.

10. Daxili işlər orqanları rəis heyətinin əməkdaşları xidmətdən xaric edildikdə mövcud xüsusi rütbəyə «istefada olan» sözləri əlavə edilir (bu Əsasnamənin 135-ci maddəsinin 2-4, 7, 9 və 10-cu bəndlərinə müvafiq daxili işlər orqanlarından xaric edilənlər istisna olmaqla).

10-1. Daxili işlər orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrə işə götürülən mülki işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.