Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

III fəsil. Yanğın təhlükəsizliyinin təmin edilməsi


Maddə 12. Yanğın təhlükəsizliyinin təmin edilməsi sistemi 
Yanğın təhlükəsizliyinin təmin edilməsi sistemi:
1) yanğın təhlükəsizliyi sahəsinin normativ-hüquqi tənzimlənməsindən;
2) yanğın təhlükəsizliyi sahəsinin elmi-texniki təminatından;
3) yanğın təhlükəsizliyi sahəsinin informasiya təminatından;
4) yanğına qarşı təbliğat aparılmasından və yanğın təhlükəsizliyi tədbirlərinin əhaliyə öyrədilməsindən;
5) yanğınsöndürmə texnikası məhsulunun istehsalından;
6) yanğınların söndürülməsindən və onunla bağlı zəruri işlərin görülməsindən (bundan sonra - yanğınların söndürülməsi);
7) yanğına qarşı xüsusi rejimin müəyyənləşdirilməsindən;
8) yanğınların və onların nəticələrinin uçotunun aparılmasından;
9) yanğın təhlükəsizliyi sahəsində işlərin görülməsindən və xidmətlərin göstərilməsindən;
10) yanğınsöndürmə texnikası məhsulunun və yanğın təhlükəsizliyi sahəsində xidmətlərin sertifikatlaşdırılmasından;
11) bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada yanğından sığortalamadan, habelə yanğın təhlükəsizliyini təmin edənlərin həvəsləndirilməsindən;
12) yanğın təhlükəsizliyi tədbirlərinin planlaşdırılmasından və həyata keçirilməsindən;
13) yanğın təhlükəsizliyinin təmin edilməsi dövlət yanğın nəzarətinin həyata keçirilməsindən ibarətdir.
Maddə 13. Yanğın təhlükəsizliyi sahəsində normativ-hüquqi tənzimləmə 
Yanğın təhlükəsizliyi sahəsində normativ-hüquqi tənzimləmə səlahiyyətli dövlət orqanları tərəfindən yanğın təhlükəsizliyinə dair normativ-hüquqi aktların (normativ sənədlərin) qəbul edilməsindən ibarətdir.
Yanğın təhlükəsizliyinə dair normativ sənədlərə yanğın təhlükəsizliyi standartları, normaları və qaydaları, təlimatlar, yanğın təhlükəsizliyi tələblərinin göstərildiyi başqa aktlar aiddir.
Maddə 14. Yanğın təhlükəsizliyinin elmi-texniki təminatı 
Yanğın təhlükəsizliyinin elmi-texniki təminatını elmi-tədqiqat, təcrübə-konstruktor, layihə və digər elmi-tədqiqat idarələri və təşkilatları, habelə müvafiq tədris müəssisələri həyata keçirirlər.
Yanğın təhlükəsizliyi sahəsində elmi-texniki araşdırmalar dövlət büdcəsinin, yerli büdcələrin, müəssisələrin və yanğın təhlükəsizliyi fondlarının vəsaiti, habelə qanuna zidd olmayan digər maliyyə mənbələri hesabına maliyyələşdirilir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumları tərəfindən elmi-texniki araşdırmalar dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Yanğın təhlükəsizliyi sahəsində elmi tədqiqatların əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına həvalə edilir.
Maddə 15. Yanğın təhlükəsizliyi sahəsində informasiya təminatı 
Yanğın təhlükəsizliyi sahəsində informasiya təminatı yanğın təhlükəsizliyinin təmin edilməsi sistemində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün zəruri olan xüsusi informasiya sistemlərinin və məlumat banklarının (bundan sonra — informasiya sistemləri) yaradılması və istifadə edilməsi vasitəsilə həyata keçirilir.
Yanğın təhlükəsizliyi haqqında məlumatların informasiya sistemlərinə daxil edilməsi əsasları və qaydası, habelə vəzifəli şəxslərin və vətəndaşların bu məlumatlarla tanış edilməsi şərtləri və qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, müəssisələr və təşkilatlar, meteorologiya xidmətləri və digər səlahiyyətli dövlət orqanları yanğın təhlükəsizliyi üçün əlverişsiz hadisələr və proqnozlar barəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və onun müvafiq qurumlarına ləngimədən əvəzsiz qaydada məlumat verməyə borcludurlar.
Maddə 16. Yanğına qarşı təbliğat və yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsi 
Yanğına qarşı təbliğat — kütləvi informasiya vasitələri ilə, xüsusi ədəbiyyat və reklam məhsulu nəşr etməklə, tematik sərgilər, baxışlar, konfranslar keçirməklə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmamış digər məlumatlandırma formalarından istifadə etməklə cəmiyyətə yanğın təhlükəsizliyinin təmin olunması problemləri və yolları haqqında məqsədyönlü biliklər verilməsidir. Yanğına qarşı təbliğatı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, müəssisələr və yanğından mühafizə bölmələri aparırlar.
Müəssisələrin işçilərinə yanğın təhlükəsizliyi tələblərini Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarına uyğun olaraq həmin müəssisələrin müdiriyyəti (mülkiyyətçiləri) öyrədir.
Məktəbəqədər tərbiyə müəssisələrində uşaqlara və ümumtəhsil məktəblərində şagirdlərə məcburi qaydada yanğın təhlükəsizliyi tədbirlərini müvafiq müəssisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış xüsusi proqramlar üzrə öyrədirlər.
Maddə 17. Yanğınsöndürmə texnikası məhsulunun istehsalı 
Yanğınsöndürmə texnikası məhsulu dövlət sifarişi və dövlət müdafiə sifarişi əsasında, habelə sahibkarlıq fəaliyyəti qaydasında istehsal edilir.
Yanğınsöndürmə texnikası məhsulun istehsalı dövlət tərəfindən tənzimlənir.
Yanğınsöndürmə texnikası məhsulu üçün dövlət sifarişi yanğın təhlükəsizliyi sahəsində respublika məqsədli proqramlar əsasında həyata keçirilir. Yanğınsöndürmə texnikası məhsulu üçün dövlət müdafiə sifarişini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
Dövlət sifarişinin və dövlət müdafiə sifarişinin yerinə yetirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Maddə 18. Yanğınların söndürülməsi 
Yanğınların söndürülməsinə qüvvə və vasitələrin cəlb olunması, yanğından mühafizə qarnizonlarında yanğınların söndürülməsinin təşkili qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
Əgər müəyyən ərazidə yerləşdirilmiş yanğından mühafizə qüvvələri və vasitələri, habelə həyat təminatı xidmətləri yanğının ləğvinə kifayət etmirsə, fövqəladə hala çevrilmiş yanğını söndürmək və onun nəticələrini aradan qaldırmaq üçün «Fövqəladə vəziyyət haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada zəruri olan əlavə yanğından mühafizə qüvvələri və vasitələri cəlb edilir.
Yanğından mühafizə bölmələri yanğınları söndürmək və onların ləğvində iştirak etmək üçün şərtsiz qaydada yola düşürlər.
Yanğından mühafizə bölmələrinin çağırılması üçün yaşayış məntəqələrinin telefon şəbəkələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən nömrə müəyyən edilir.
Yanğınlar söndürülərkən insanların təhlükəsizliyinin təmin olunması, əmlakın xilası üçün zaruri hərəkətlər edilir, o cümlədən:
1) yanğınların və onların təhlükəli təzahürlərinin yayıldığı (yayılması ehtimalının olduğu) yerlərə girilir;
2) yanğınların yayılmasına mane olan və ləğvini təmin edən şərait yaradılır;
3) rabitə və nəqliyyat vasitələrindən, avadanlıqlardan və digər texniki vasitələrdən əvəzsiz olaraq istifadə olunur;
4) yanğın yerlərinə giriş məhdudlaşdırılır və ya qadağan edilir, habelə oraya bitişik ərazilərdə nəqliyyatın və piyadaların hərəkəti məhdudlaşdırılır və ya qadağan edilir;
5) yanğın yerlərindən adamlar və əmlak köçürülür.
Yanğının söndürülməsinə bilavasitə rəhbərliyi yanğınsöndürmə rəhbəri — yanğından mühafizənin yanğın yerinə gəlmiş böyük operativ vəzifəli şəxsi (əgər ayrı qayda nəzərdə tutulmayıbsa) həyata keçirir. O, yanğının söndürülməsi üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizənin şəxsi heyətini, habelə yanğının söndürülməsinə cəlb olunmuş qüvvələri təkbaşçılıq prinsipləri əsasında idarə edir.
Yanğınsöndürmə rəhbəri yanğınsöndürmə tapşırığının yerinə yetirilməsinə, yanğının söndürülməsinin həyata keçirilməsində iştirak edən yanğından mühafizə şəxsi heyətinin və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrin təhlükəsizliyinə cavabdehdir.
Yanğınsöndürmə rəhbəri yanğının söndürülməsi üzrə əməliyyatların həyata keçirildiyi ərazinin sərhədlərini, göstərilən hərəkətlərin qaydasını və xüsusiyyətlərini müəyyənləşdirir, habelə yanğın zamanı adamların, əmlakın xilas olunması barədə qərarlar qəbul edir.
Zərurət olduqda yanğınsöndürmə rəhbəri digər qərarlar, o cümlədən göstərilən ərazidə vəzifəli şəxslərin və vətəndaşların hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edir.
Yanğınsöndürmə rəhbərinin göstərişləri yanğının söndürülməsi üzrə əməliyyatların həyata keçirildiyi ərazidə bütün vəzifəli şəxslər və vətəndaşlar tərəfindən hökmən icra olunmalıdır.
Heç kəs yanğın zamanı yanğınsöndürmə rəhbərinin hərəkətlərinə qarışa bilməz və ya onun verdiyi sərəncamları ləğv edə bilməz.
Yanğın söndürülərkən dəyən maddi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilməlidir. Son zərurət şəraitində fəaliyyət göstərmiş yanğından mühafizənin şəxsi heyəti və yanğının söndürülməsinin digər iştirakçıları dəyən ziyanın ödənilməsindən azad edilirlər.
Maddə 19. Yanğına qarşı xüsusi rejimin müəyyənləşdirilməsi 
Yanğın təhlükəsinin gücləndiyi hallarda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə müvafiq ərazilərdə yanğına qarşı xüsusi rejim müəyyənləşdirilir və xüsusi rejimin qüvvədə olduğu müddətdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və onun bölmələri ilə razılaşdırılan əlavə yanğın təhlükəsizliyi tədbirləri həyata keçirilir.
Maddə 20. Yanğınların və onların nəticələrinin uçotu 
Azərbaycan Respublikasında yanğınların və onların nəticələrinin statistik uçotunun vahid dövlət sistemi fəaliyyət göstərir.
Yanğınları və onların nəticələri üzrə rəsmi statistika uçotunu və dövlət statistika hesabatını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və onun bölmələri aparır.
Yanğınların və onların nəticələrinin uçotu qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
Maddə 21. Yanğın təhlükəsizliyi sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsi 
Yanğın təhlükəsizliyi sahəsində işlər və xidmətlər yanğın təhlükəsizliyi tələblərinin həyata keçirilməsi, habelə yanğınların qarşısının alınmasının və söndürülməsinin təmin edilməsi məqsədilə yerinə yetirilir. Yanğın təhlükəsizliyi sahəsində işlərə və xidmətlərə aşağıdakılar aiddir:
1) müəssisələrin və yaşayış məntəqələrinin müqavilə əsasında yanğınlardan qorunması;
2) yanğınsöndürmə texnikası məhsulunun istehsalı və alınması, sınaqların keçirilməsi;
3) layihə-axtarış işlərinin yerinə yetirilməsi;
4) elmi-texniki məsləhət verilməsi və ekspertiza keçirilməsi;
5) maddələrin, materialların, məmulatın, avadanlığın və konstruksiyaların yanğın təhlükəsizliyinin sınaqdan keçirilməsi;
6) əhaliyə yanğın təhlükəsizliyi qaydalarının öyrədilməsi;
7) yanğına qarşı təbliğat aparılması, xüsusi ədəbiyyatın və reklam məhsulunun nəşri;
8) yanğından qoruma və boru-soba işləri;
9) yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri;
10) yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası;
11) yanğından mühafizə binalarının, qurğularının, otaqlarının tikilməsi, yenidən qurulması və təmiri.
Yanğın təhlükəsizliyi sahəsində xidmətlərin və işlərin görülməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.

Maddə 22. Sertifikatlaşdırma 
Sertifikatlaşdırma — Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, məhsulun, xidmətlərin, binaların və qurğuların (bundan sonra — məhsulun və xidmətlərin) müəyyən edilmiş yanğın təhlükəsizliyi tələblərinə uyğunluğunun təsdiq edilməsi sahəsində göstərilən fəaliyyətdir. Sertifikatlaşdırmanın qaydalarına uyğun olaraq sertifikatlaşdırılmış məhsulun və xidmətin müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün uyğunluq sertifikatı verilir.
Məcburi qaydada sertifikatlaşdırılan məhsulun və xidmətlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
Sertifikatlaşdırmanın təşkili və aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan sertifikatlaşdırma işlərinin haqqını məhsulu hazırlayan (satan) və xidmətləri göstərən ödəyir, həm də sertifikasiya məsrəfləri məhsulun və xidmətlərin maya dəyərinə aid edilir.

Maddə 23. Yanğından sığortalama 
Yanğından sığortalama könüllü, həmçinin daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növlərinin tərkibində icbari qaydada həyata keçirilir.
Daşınmaz əmlakın, həmçinin daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari qaydada sığortalanması «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır.

Maddə 24. Yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsi 
Yanğın təhlükəsizliyi tədbirləri Azərbaycan Respublikasının qanunvericiliyinə və yanğın təhlükəsizliyinə dair normativ-hüquqi aktlara müvafiq surətdə, habelə yanğınlarla mübarizə təcrübəsi, maddələrin, materialların, texnoloji proseslərin, məmulatın, konstruksiyaların, binaların və qurğuların yanğın təhlükəsizliyinin qiymətləndirilməsi əsasında işlənib hazırlanır.
Maddələri, materialları, məmulatı və avadanlığı istehsal edənlər (göndərənlər) müvafiq texniki sənədlərdə həmin maddələrin, materialların, məmulatın və avadanlığın yanğın təhlükəliliyi göstəricilərini, habelə onlarla işləyərkən görülməli olan yanğın təhlükəsizliyi tədbirlərini hökmən göstərməlidirlər.
Müəssisələr, binalar, qurğular və başqa obyektlər üçün yanğın təhlükəsizliyi tədbirləri, o cümlədən onların layihələndirilməsi zamanı yanğın təhlükəsizliyi tədbirləri işlənib hazırlanarkən və həyata keçirilərkən başqa məsələlərlə yanaşı yanğına qarşı su təchizatı, avtomatik yanğınsöndürmə və siqnalizasiya, yanğın vaxtı adamların köçürülməsi barəsində qərarlar hökmən nəzərdə tutulmalıdır.
Şəhərlər, rayonlar və digər yaşayış məntəqələri üçün yanğın təhlükəsizliyi tədbirlərini müvafiq icra hakimiyyəti orqanları hazırlayır və həyata keçirirlər.
Binaların və qurğuların tikilməsinə, yenidən qurulmasına, təmirinə və yeni texnika ilə təchiz edilməsinə dair müvafiq orqanların və təşkilatların hazırladığı investisiya layihələri, o cümlədən xarici təşkilatların investisiya layihələri yanğından mühafizə tələblərinə, yanğın təhlükəsizliyi normalarına və standartlarına riayət olunması hissəsində hökmən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır.

Maddə 25. Dövlət yanğın nəzarəti 
Dövlət yanğın nəzarəti dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. Dövlət yanğın nəzarəti tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun rəhbəri öz vəzifəsinə görə eyni zamanda Azərbaycan Respublikasının yanğın nəzarəti üzrə Baş dövlət inspektorudur.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu dövlət yanğın nəzarətinin aparılması ilə bağlı aşağıdakı hüquqlara malikdir:
1) dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq;
2) dövlət orqanlarına, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlara və onların vəzifəli şəxslərinə, eləcə də vətəndaşlara yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi haqqında göstərişlər vermək;
3) yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müayinələr aparmaq;
4) tikinti meydançalarını (trasları) seçən komissiyaların, habelə tikintisi (yenidən qurulması) başa çatmış obyektləri qəbul edən komissiyaların işində həlledici səs hüquqi ilə iştirak etmək;
5) yanğınların törənməsi və insanların təhlükəsizliyi üçün qorxu yaradan yanğın təhlükəsizliyi tələblərinin pozulması haqqında məlumat olduqda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada vətəndaşların yaşayış yerlərinə və başqa tikililərinə, torpaq sahələrinə daxil olmaq;
6) müəssisələrin, binaların, qurğuların və başqa obyektlərin tikintisinə, əsaslı təmirinə, yenidən qurulmasına, genişləndirilməsinə və yeni texnika ilə təchiz edilməsinə dair layihə-smeta və şəhərsalma sənədlərini yanğın təhlükəsizliyi tələblərinə əməl olunması baxımından nəzərdən keçirmək və razılaşdırmaq;
7) Layihə və layihə-axtarış işlərini yerinə yetirən müəssisələrdə onların hazırladığı layihə və layihə-smeta sənədlərinin yanğın təhlükəsizliyi tələblərinə uyğunluğu baxımından seçmə yolu ilə yoxlamalar keçirmək;
8) yanğın təhlükəsizliyi qaydası tələblərinin pozuntularının aradan qaldırılması, yanğın təhlükəsizliyi qaydasının tələblərinə uyğun gəlməyən malların (işlərin, xidmətlərin) istehsaldan çıxarılması, buraxılışına son qoyulması, satışının dayandırılması barədə müəssisələrin rəhbərlərinə, vəzifəli şəxslərə və vətəndaşlara yazılı tələbnamələr vermək;
9) yanğın törənməsi və ya insanların təhlükəsizliyi üçün qorxu yaradan yanğın təhlükəsizliyi qaydasının tələblərinin pozuntularını, habelə müəssisələrin, binaların, qurğuların və başqa obyektlərin layihələşdirilməsində, tikintisində, əsaslı təmirində, yenidən qurulmasında, genişləndirilməsində, yeni texnika ilə təchiz olunmasında həmin tələblərin yerinə yetirilmədiyini aşkar etdikdə müəssisələrin (ayrı-ayrı istehsalatların), istehsal sahələrinin, aqreqatların işini, binaların, qurğuların istismarını, ayrı-ayrı işlərin görülməsini tamamilə və ya qismən dayandırılması barədə qərar qəbul etmək;
10) verilmiş tələbnamə və qərarlar icra edilmədikdə materialları Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərmək;
11) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yanğınlar və yanğın təhlükəsizliyi qaydasının tələblərinin pozulması haqqında tədqiqat aparmaq, habelə inzibati xətalar haqqında işlər üzrə icraatı aparmaq və bunlara dair qəbul olunmuş qərarları icra etmək.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu mülkiyyəti olan obyektlərdə və ya xarici investisiyalı müəssisələrdə dövlət yanğın nəzarətini apararkən bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş hüquqlara malikdir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun, habelə onların vəzifəli şəxslərinin göstərişlərinin və sərəncamlarının icrası Azərbaycan Respublikasının ərazisində olan bütün şəxslər üçün məcburidir.

Maddə 26. Yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin planlaşdırılması 
Azərbaycan Respublikasının, şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin, icra hakimiyyəti orqanlarının, müəssisələrin iqtisadi və sosial inkişafı proqramlarında yanğın təhlükəsizliyinin təmin edilməsi, yanğından mühafizənin bazasının inkişaf etdirilməsi və təkmilləşdirilməsi tədbirləri nəzərdə tutulmalıdır.

Maddə 27. Yanğın təhlükəsizliyi sahəsində maliyyə və maddi-texniki təminat 
Yanğın təhlükəsizliyinə dair dövlət və regional proqramlar üzrə məqsədli maliyyə təminatı dövlət büdcəsində ayrıca sətirdə göstərilməklə planlaşdırır və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bu vəsaitdən təyinatı üzrə istifadə edir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın təhlükəsizliyini həyata keçirən qurumlarının (müqavilələr əsasında yaradılan bölmələrdən başqa), yanğın-texniki elmi-tədqiqat və yanğın-texniki tədris müəssisələrinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Zərurət olduqda isə bunun üçün yerli büdcələrdən də əlavə vəsait cəlb edilə bilər.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğından mühafizə xidmətini həyata keçirən qurumunun müqavilə əsasında yaradılmış bölmələri onları yaradan müəssisələrin vəsaiti hesabına, zərurət olduqda isə həmçinin qanuna zidd olmayan digər maliyyələşmə mənbələri hesabına saxlanılır.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müqavilə əsasında yaradılmış xüsusi bölmələri dövlət büdcəsinin vəsaiti və onları yaradan müəssisələrin vəsaiti hesabına payçılıq əsasında saxlanılır.
Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğından mühafizə xidmətini həyata keçirən qurumunun şəhər (rayon) hissələri (bölmələri) müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır. Yaradılacaq hissələrin (bölmələrinin) minimum sayı əhalinin hər 1000 nəfəri üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğından mühafizə xidmətini həyata keçirən qurumunun şəxsi heyətinin bir vahidi hesabı ilə müəyyənləşdirilir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarında maddi-texniki təminat Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və normada həyata keçirilir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və onun bölmələrinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün müvafiq icra hakimiyyəti orqanları yerli büdcələrin və dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən işlər istisna olmaqla, müvafiq təşkilatlar tərəfindən maliyyələşdirilən obyektlərin tikintisi, əsaslı təmiri, yenidən qurulması, müəssisələrin, binaların, qurğuların və başqa obyektlərin genişləndirilməsi, yeni texnika ilə təchiz edilməsi işlərinin ümumi smeta dəyərinin 0,5 faizi məbləğində dövlət büdcəsinə köçürülən məcburi ayırmalar müəyyənləşdirirlər.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində təxirəsalınmaz tədbirlərin maliyyələşdirilməsi üçün, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən işlər istisna olmaqla, digər mənbələr hesabına maliyyələşdirilən bina və qurğuların (12 metr hündürlüyədək fərdi yaşayış və bağ evləri istisna olmaqla) tikintisi, yenidən qurulması və genişləndirilməsi işlərinin ümumi smeta dəyərinin 0,5 faizi məbləğində müvafiq icra hakimiyyəti orqanının hesabına məcburi ayırmalar ödənilir.