Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Dövlət sirri haqqında


7 sentyabr 2004-cü ildə qəbul edilmiş 733-IIQ saylı
“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunundan çıxarış

Bu maddədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin fəaliyyətinə aid olan məlumatların altından xətt çəkilmişdir.

Maddə 5. Dövlət sirri təşkil edən məlumatların siyahısı

5.1. Hərbi sahədə aşağıdakı məlumatlar dövlət sirrini təşkil edir:

5.1.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, başqa silahlı birləşmələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər qoşunlarının strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsinə dair əməliyyatların hazırlanması və keçirilməsi üzrə strateji və əməliyyat planlarının, döyüşü idarəetməyə dair sənədlərinin məzmunu, onların döyüş və səfərbərlik hazırlığı, səfərbərlik ehtiyatlarının yaradılması və istifadəsi haqqında;

5.1.2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrinin quruculuq planları, silahların və hərbi texnikanın inkişafının istiqamətləri, silah və hərbi texnika nümunələrinin yaradılması və modernləşdirilməsi üzrə məqsədli proqramların, elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin məzmunu və yerinə yetirilməsinin nəticələri haqqında;

5.1.3. silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları, hərbi təyinatlı yeni növ maddələrin xüsusiyyətləri, resepturaları və ya texnologiyaları haqqında;

5.1.4. milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi, tikintisi və istismarı, habelə bu obyektlər üçün torpaq, yer təki və akvatoriyalar ayrılması haqqında;

5.1.5. qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı haqqında, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında;

5.1.6. Azərbaycan Respublikası ərazisinin müdafiə və mühüm iqtisadi əhəmiyyətli geodeziya məntəqələrinin və coğrafi obyektlərinin koordinatları haqqında.

 

5.2. İqtisadi sahədə aşağıdakı məlumatlar dövlət sirrini təşkil edir:

5.2.1. Azərbaycan Respublikasının və onun ayrı-ayrı bölgələrinin mümkün hərbi əməliyyatlara hazırlıq planlarının məzmunu, silah və hərbi texnikanın istehsalı və təmiri üzrə sənayenin səfərbərlik gücü, hərbi sahədə istifadə edilən xammal və materialların strateji növlərinin göndərilməsi həcmi, ehtiyatları, həmçinin dövlət material ehtiyatlarının yerləşdirilməsi, faktik həcmi və istifadəsi haqqında;

5.2.2. Azərbaycan Respublikasının müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin olunması məqsədi ilə onun infrastrukturundan istifadə olunması haqqında;

5.2.3. mülki müdafiə qüvvələri və vasitələri, inzibati idarəetmə obyektlərinin dislokasiyası, təyinatı və müdafiə olunma dərəcəsi, əhalinin təhlükəsizliyinin təmin olunma dərəcəsi, dövlətin təhlükəsizliyinin təmin olunması üçün nəzərdə tutulan nəqliyyat və rabitənin fəaliyyəti haqqında;

5.2.4. dövlət müdafiə sifarişlərinin həcmləri, planları (tapşırıqları), silah, hərbi texnika və digər hərbi məhsulların buraxılması və göndərilməsi (pul və ya natura ifadəsində), onların buraxılışı üzrə mövcud güc və bu gücün artırılması haqqında, göstərilən silah, hərbi texnika və digər hərbi məhsulları işləyib hazırlayan və ya istehsal edən müəssisələr, onların kooperasiya üzrə əlaqələri haqqında;

5.2.5. dövlətin təhlükəsizliyinə təsir edən mühüm müdafiə və ya iqtisadi əhəmiyyəti olan elmi və texniki nailiyyətlər, elmi-tədqiqat, təcrübi-konstruktor, layihə işləri və texnologiyaları haqqında;

5.2.6. siyahısı qanunvericiliklə müəyyənləşdirilən strateji növlü faydalı qazıntıların ehtiyatlarının, istehsalının, idxalı və ixracının, satışının həcmi, dövlət ehtiyatları haqqında, pul əskinazlarının, qiymətli kağızların hazırlanması, saxtalaşdırmadan qorunması, həmçinin dövlətin maliyyə fəaliyyətinin digər xüsusi tədbirləri haqqında.

5.3. Xarici siyasət sahəsində aşağıdakı məlumatlar dövlət sirrini təşkil edir:

5.3.1. Azərbaycan Respublikasının xarici-siyasi və xarici-iqtisadi fəaliyyəti haqqında, əgər onların vaxtından əvvəl açıqlanması dövlətin təhlükəsizliyinə ziyan vura bilərsə;

5.3.2. Azərbaycan Respublikasının digər dövlətlərlə hərbi, elmi-texniki və başqa sahələrdə əməkdaşlığı haqqında, əgər onların vaxtından əvvəl açıqlanması tərəflərdən heç olmasa biri üçün diplomatik fəaliyyətinin həyata keçirilməsində çətinlik yaranmasına səbəb ola bilərsə.

5.4. Kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti sahəsində məlumatlar:

5.4.1. kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin qüvvə və vasitələri, mənbələri, metodları, planları və nəticələri haqqında, habelə bu fəaliyyətin maliyyələşdirilməsinin göstəriciləri haqqında, əgər bu göstəricilər sadalanan məlumatları açıqlayırsa;

5.4.2. kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və əməkdaşlıq etmiş şəxslər haqqında;

5.4.3. dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin olunmasının təşkili, qüvvə və vasitələri, metodları haqqında, habelə bu fəaliyyətin maliyyələşdirilməsinin göstəriciləri haqqında, əgər bu göstəricilər sadalanan məlumatları açıqlayırsa;

5.4.4. şifrlənmiş, o cümlədən kodlaşdırılmış və məxfiləşdirilmiş rabitə sistemləri haqqında, şifrlər, şifrlərin işlənməsi və hazırlanması, onlarla təminat, şifrləmə və xüsusi mühafizə vasitələri haqqında, xüsusi təyinatlı informasiya-analitik sistemləri haqqında;

5.4.5. məxfi məlumatların mühafizəsi metodları və vasitələri haqqında;

5.4.6. dövlət sirrinin mühafizəsinin təşkili və faktiki vəziyyəti haqqında;

5.4.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi haqqında;

5.4.8. Azərbaycan Respublikasında dövlətin müdafiəsinin, təhlükəsizliyinin və hüquq-mühafizə fəaliyyətinin təmin olunması ilə əlaqədar dövlət büdcəsinin xərcləri haqqında;

5.4.9. dövlətin təhlükəsizliyinin təmin olunması məqsədilə keçirilən tədbirləri açıqlayan kadr hazırlığı haqqında.