Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2007-cı ilin 1-ci yarımili üzrə təhlil


Son illərdə olduğu kimi 2007-ci ilin 1-ci yarımilliyində də daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla yerinə yetirilmiş, ölkədəki kriminogen durum nəzarətdə saxlanılmışdır.

2007-ci ilin yanvar-iyun aylarında respublikada 8967 (ötən ilin müvafiq dövrü ilə müqayisədə -115 və ya 1,3% az), o cümlədən daxili işlər orqanları tərəfindən 8676 (-30 və ya 0,3%) cinayət qeydə alınmışdır.

DİN sistemi üzrə qeydə alınmış cinayətlərin 3641 (42,0%) böyük ictimai təhlükə törətməyən, 4110 (47,4%) az ağır, 925 (10,7%) ağır  və xüsusilə ağır cinayətlər olmuşdur. Qeydə alınmış cinayətlərin strukturunda 3177 (2006-cı ilin müvafiq dövrü ilə müqayisədə +120 və ya 3,9% çox) şəxsiyyət əleyhinə, 3075 (-13 və ya 0,4%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 2047 (-162 və ya 7,3%) iqtisadi sahədə törədilən, onlardan 1992 (-165 və ya 7,6%) mülkiyyət əleyhinə, 376 (+24 və ya 6,8%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir. Qeydiyyata alınmış hər 2 cinayətdən 1-i az ağır və ya böyük ictimai təhlükə törətməyən, hər 6-si narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı, hər 9-su oğurluq, hər 13-si  yol-nəqliyyat hadisələri ilə bağlı olmuşdur.

Qeyd olunmalıdır ki, daxili işlər orqanları tərəfindən  uçota alınmış cinayətlərin 93,1%, o cümlədən şəxsiyyət əleyhinə olan cinayətlərin 97,1%, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə cinayətlərin 94,7%, onlardan narkotik vasitələrlə bağlı cinayətlərin 96,3%, xuliqanlıqların 96,7%, insan alveri ilə bağlı cinayətlərin 99,2%, yol hərəkəti və  nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin 91,7%, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı 93,7%, ekoloji cinayətlərin 94,9%, hədə-qorxu ilə tələb etmə, qaçaqmalçılıq, fahişəliyə cəlb etmə və ya əxlaqsızlıq yuvaları saxlama cinayətlərinin hamısının açılması təmin edilmişdir.

2007-ci ilin 6 ayı ərzində cinayətkarlığın dinamikası qəsdən adam öldürmənin 20,6 % (-22 fakt; 2007-ci ildə- 85, 2006-cı ildə- 107), oğurluğun 0,8% (-8; 1007-1015), o cümlədən mənzillərdən oğurluqların 5,9% (-18; 288-306), mal-qara oğurluqlarının 23,9% (-37;118-155), dələduzluğun 15,5% (-101; 552-653), soyğunçuluğun 23,7% (-31; 100-131), avtonəqliyyatın qaçırılmasının 11,4% (-5; 39-44), ekoloji cinayətlərin 5,1%  (-5; 94-99) azalması ilə xarakterizə olunmuş, banditizm və cinayət birlik yaratma, adamları girov götürmə cinayətləri  ümumiyyətlə qeydə alınmamışdır.

Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətləri ümumilikdə 31 (-4,3%; 693-724) fakt azalmasına baxmayaraq, ölümlə nəticələnən YNH 6 (+1,8%; 348-342) fakt artmışdır. Yol-nəqliyyat hadisələri nəticəsində 412 şəxs həlak olmuşdur.

Törədilmiş qəsdən sağlamlığa ağır zərər vurma 10 (+9,2%; 119-109), zorlama(cəhdlərlə) 5 (+45,5%; 16-11), seksual xarakterli zorakılıq hərəkətləri 11 (+2,2 d.; 20-9), mənimsəmə və israfetmə 3 (+7,1%; 45-42), hədə-qorxu ilə tələb etmə 24 (+2,6 d.;  39-15), qaçaqmalçılıq 11 (+61,1%;  29-18) fakt artmışdır.

İnsan alveri, narkotiklərlə mübarizə sahələrində fəaliyyətin gücləndiirilməsi və keçirilmiş  əməliyyat-axtarış tədbirləri nəticəsində hesabat dövründə aşkar edilmiş insan alveri ilə bağlı cinayətlərin sayı ötən ilin müvafmq dövrü ilə müqayisədə 58,6% (+51; 138-87), narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 4,8% (+67; 1465-1398), o cümlədən satış və ya satış məqsədilə 10,2% (+48; 520-472) artmışdır.

2007-ci ilin 1-ci yarmilliyində insan alveri ilə bağlı cinayətlərə görə 140 nəfər məsuliyyətə cəlb olunmuşdur. Qadınlara qarşı törədilən belə cinayətlərin sayı 84,6% (+22; 48-26) artmış, həmin cinayətləri törədənlərin yarıya qədərini (66; 47,1%) qadınlar təşkil etmişdir.

Hesabat dövründə qanunsuz dövriyyədən 218 kiloqrama qədər narkotik vasitə götürülmüş, 101 kiloqramdan çox narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilməsinin qarşısı alınmışdır.

Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1127 nəfərdən 1055-i (93,6%) əmək qabiliyyətli işləməyən və oxumayan, 361-i (32,0%) əvvəllər cinayət törətmiş şəxslər, 24-ü (2,1%) qadınlar, 1-i (0,09%) yetkinlik yaşına çatmayandır.

Odlu silahdan istifadə etməklə törədilən cinayətlərin sayı 13,3% (+6; 51-45) artmışdır. Küçə və parklarda törədilmiş cinayətlər 6,9% (+19; 294-275) artsmasına baxmayaraq, ümumilikdə ictimai yerlərdə baş vermiş cinayətlər 0,6% (-4; 617-621) azalmışdır.

2007-ci ilin 6 ayı ərzində daxili işlər orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində keçmiş illərdən bağlı qalmış 272, o cümlədən 35 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.

2006-cı ilin müvafiq dövrü ilə müqayisədə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı 55,6% (+85; 238-153), qadınlar tərəfindən 18,8% (+162; 1025-863), əvvəllər cinayət etmiş şəxslər tərəfindən 61,2% (+473; 1246-773), əcnəbilər tərəfindən törədilmiş cinayətlər 59,2% (+77; 207-130) artmış, sonunculara qarşı törədilən cinayətlərin sayı 26,6% (-17; 47-64) azalmışdır.

Hesabat dövründə axtarışda olan təqsirləndirilən şəxslərin 2071-i (56,2%), o cümlədən törədilmiş ağır və xüsusilə ağır cinayətlərin subyekti olan şəxslərin 174-ü (17,3%) tutulmuş, itkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 1046 nəfərdən      657-nın (62,8%) yeri müəyyən edilmişdir.

Hesabat dövründə 6727 nəfər cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 820-si (12,2 %) qadınlar, 177-si (2,6%) yetkinlik yaşına çatmayanlar, 5585-i (83,0%) işləməyən və oxumayan, 758-i (11,3%) əvvəllər məhkum edilmişlər olmuşdur.

Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi