Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009–2013-cü illər)


Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının (2009-2013-cü illər) təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

İnsan alverinə qarsı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, o cümlədən dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər) təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə Milli Fəaliyyət Planında göstərilən tədbirlərin yerinə yetirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 fevral 2009-cu il

№ 133

 


 

Azərbaycan Respublikası Prezidentinin

2009-cu il 6 fevral tarixli 133 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009–2013-cü illər) 

2004-cü il 6 may tarixli Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planına uyğun olaraq insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq,

İnsan alverinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin, Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının konvensiyalarının və digər beynəlxalq sənədlərin müddəalarını rəhbər tutaraq,

İnsan alverinin bütün formalarının aşkar edilməsi və qarşısının alınması, onu doğuran səbəblərin müəyyən edilməsi və nəticələrinin aradan qaldırılması, habelə insan alveri qurbanlarının müdafiəsi, hüquqlarının bərpası, sosial reabilitasiyası və təhlükəsiz repatriasiyasını təmin etmək məqsədilə,

İnsan alverinə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın zəruriliyini vurğulayaraq,

İnsan alverinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini nəzərə alaraq və bu sahədə həyata keçirilən təşəbbüsləri dəstəkləyərək,

Аzərbаycаn Rеspublikаsının 2009–2013-cü illər üçün İnsan alverinə qarşı mübarizə üzrə yeni Milli Fəaliyyət Planı (bundan sonra «Milli Fəaliyyət Planı») qəbul edilir.

 

I. GİRİŞ

 

1. Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilmiş əsas tədbirlər 

2004-cü il mayın 6-da Azərbaycan Respublikasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilmişdir. Bu Milli Fəaliyyət Planına uyğun olaraq «İnsan alverinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq əlavələr və dəyişikliklər edilmişdir.

Həmçinin insan alverinə qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən bir sıra normativ hüquqi aktlar qəbul edilmişdir:

• «İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları»;

• «İnsan alveri qurbanlarının dərhal və maneəsiz xüsusi polis qurumuna təhvil verilməsi Qaydaları»;

• «İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları»;

• «İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin müəyyən edilməsi barədə Qərar»;

• «İnsan alveri qurbanlarına kömək Fondu haqqında Əsasnamə».

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən «İnsan alveri cinayətindən zərər çəkmiş şəxslərə və insan alverinin potensial qurbanlarına xidmət edən „Qaynar xətt“in Nizamnaməsi» qəbul edilmişdir.

İnsan alverinə qarşı mübarizənin təşkilati əsaslarını təmin etmək üçün insan alverinə qarşı mübarizə üzrə məsul şəxs — Milli Koordinator təyin edilmişdir. Milli Fəaliyyət Planı iştirakçılarının vahid qarşılıqlı əməkdaşlıq sistemini yaratmaq və onlar arasında məlumat mübadiləsini təmin etmək məqsədilə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət işçi qrup yaradılmışdır.

2004-cü ildə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi nəzdində İnsan alverinə qarşı mübarizə İdarəsi (bundan sonra «İnsan alverinə qarşı mübarizə İdarəsi») təsis edilmiş, 2006-cı ildən etibarən bu idarə nazirlik strukturunda müstəqil qurum kimi fəaliyyət göstərməyə başlamışdır.

İnsan alveri ilə bağlı cinayət hadisələri, cinayət törətmiş şəxslər, insan alverinin qurbanları barədə məlumatların toplanması, ümumiləşdirilməsi və təhlil edilməsi məqsədilə İnsan alverinə qarşı mübarizə İdarəsində mərkəzləşdirilmiş məlumat bazası yaradılmış, məlumatların məxfiliyi təmin edilmişdir.

İnsan alverinin qurbanlarına və potensial qurbanlarına ölkə ərazisində ödənişsiz xidmət göstərən «Qaynar xətt» telefon xidməti fəaliyyətə başlamış və bu barədə ictimaiyyət məlumatlandırılmışdır.

İnsan alverinin qurbanları üçün təhlükəsiz sığınacaq istifadəyə verilmiş, sığınacaq daxilində insan alverinin qurbanlarına və ehtimal olunan qurbanlarına (bundan sonra «qurbanlar və ehtimal olunan qurbanlar») tibbi, psixoloji, hüquqi və digər yardımın göstərilməsi, burada olan şəxslərin təhlükəsizliyi və konfidensiallığı təmin edilmişdir.

Azərbaycan Respublikası insan alverinə qarşı mübarizə sahəsində əksər beynəlxalq müqavilələrə, o cümlədən BMT-nin «Transmilli Mütəşəkkil cinayətkarlığa qarşı» Konvensiyasına, onu tamamlayan «İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında» Protokola, «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair Fakultativ Protokolu"na, BMT-nin «İnsan alverinə və fahişəliyin üçüncü şəxslər tərəfindən istismarına qarşı mübarizə haqqında» Konvensiyasına qoşulmuşdur.

 

2. Аzərbаycаn Rеspublikаsının 2009–2013-cü illər üçün İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının məqsəd və vəzifələri 

2009–2013-cü illər üçün Milli Fəaliyyət Planının məqsədi insan alverinin bütün formalarının aşkar edilməsi və qarşısının alınması, habelə nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsidir. Milli Fəaliyyət Planı insan alverinə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, insan alverinin qarşısının alınması və profilaktikası, cinayət təqibinin təkmilləşdirilməsi, qurbanların və ehtimal olunan qurbanların təhlükəsizliyinin gücləndirilməsi, onların reabilitasiyası, insan alverinə qarşı mübarizədə əməkdaşlıq, əlaqələndirmə və maarifləndirmə üzrə tədbirlər müəyyən edir.

Milli Fəaliyyət Planı göstərilən məqsədlərə nail olunması üçün əsas vəzifələri, onların icra edilməsində müxtəlif qurumların (müvafiq icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, beynəlxalq tərəfdaşlar və digər qurumlar) iştirakını nəzərdə tutur.

İnsan alverinə qarşı mübarizə aparan bütün orqanlar Milli Fəaliyyət Planında müəyyən olunmuş ümumi prinsipləri rəhbər tutaraq öz fəaliyyətini həyata keçirirlər. Milli Fəaliyyət Planının insan alverinə qarşı mübarizədə müəyyən etdiyi ümumi vəzifələr aşağıdakılardır:

• insan alveri qurbanlarının cəmiyyətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması;

• insan alveri qurbanlarının təhlükəsizliyinin və onlarla nəzakətli rəftarın təmin edilməsi;

• insan alverinə görə cəzanın labüdlüyü;

• hüquqi, siyasi, sosial-iqtisadi və təşkilati xarakterli profilaktik tədbirlərin həyata keçirilməsi;

• insan alverinə qarşı mübarizəyə vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb edilməsi;

• insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi.

 

II. İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ ÜZRƏ TƏDBİRLƏR

 

1. İnsan alverinə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi 

İnsan alverinə qarşı mübarizədə qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İnsan alverinə qarşı fəaliyyət üzrə Avropa Şurası Konvensiyasına qoşulması üçün tədbirlərin görülməsi, həmçinin təhlil əsasında və beynəlxalq təcrübə nəzərə alınmaqla qanunvericiliyə zəruri əlavə və dəyişikliklərin edilməsi və müvafiq işçi qrupunun yaradılması nəzərdə tutulur. İnsan alveri cinayətləri ilə bağlı hüquqi şəxslərin cinayət məsuliyyətinin təsbit edilməsi üçün müvafiq qanunvericilik tədbirləri həyata keçiriləcəkdir.

 

2. İnsan alverinin qarşısının alınması və profilaktikasının gücləndirilməsi 

Milli Fəaliyyət Planına əsasən Milli İstiqamətləndirmə Mexanizminin tətbiq edilməsi planlaşdırılır. Milli İstiqamətləndirmə Mexanizminin əsas məqsədləri qurbanların hüquqlarının qorunmasını və onların aidiyyəti qurumlara təhvil verilməsini, təhlükəsizliyini, repatriasiyasını, reabilitasiyasını təmin edəcək səmərəli sistemin yaradılması və bu sahədə qaydaların formalaşdırılmasıdır. Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi üçün idarələrarası komissiyanın təşkil edilməsi nəzərdə tutulur.

İnsan alverinin qarşısının alınması məqsədi ilə qurbanların və potensial qurbanların onları gözləyən təhlükə, dövlət tərəfindən təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı həyata keçirilən təşkilati, hüquqi və digər tədbirlər barədə məlumatlandırılması həyata keçirilir.

Profilaktika məqsədi ilə həyata keçirilən məlumatlandırma tədbirlərinə qurbanların fəaliyyət göstərdiyi mühitdə çalışacaq qeyri-hökumət təşkilatlarının cəlb edilməsi, bu məqsədlə müvafiq qeyri-hökumət təşkilatlarının müəyyən edilməsi və zəruri treninqlərin keçirilməsi nəzərdə tutulur.

Bundan əlavə, qurbanlara və potensial qurbanlara pulsuz xidmət edən «Qaynar xətt» telefon xidməti barədə ictimaiyyətin məlumatlandırılması davam etdiriləcəkdir. «Qaynar xətt» telefon xidmətində çalışan operatorlara mütəmadi təlim keçirilməsi, bu xətlərin təhlükəsizliyinin və ondan istifadə edən şəxslərin konfidensiallığının təmin edilməsi üçün əlavə tədbirlər görüləcəkdir.

İnsan alveri qurbanlarının müəyyən edilməsi üçün qaydalar (indikatorlar) hazırlanacaqdır. Qaydaların məqsədi qurbanları daha asanlıqla müəyyən etmək və onların hüquqlarının təmini üzrə təxirəsalınmaz tədbirlər görməkdir. Qurbanlar nadir hallarda polis, miqrasiya və ya digər aidiyyəti orqanlara öz vəziyyətləri barədə məlumat verməyə meyillidirlər. Ona görə də aidiyyəti qurumların qurbanların müəyyən edilməsi barədə zəruri biliklərə malik olması vacibdir. İnsan alverinə qarşı mübarizə İdarəsi, miqrasiya sahəsində fəaliyyət göstərən orqanlar və digər aidiyyəti dövlət orqanlarının əməkdaşları üçün qurbanların müəyyən edilməsi üsullarına həsr olunmuş təlimlər keçiriləcəkdir.

İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılmasına yönəlmiş proqramların hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur. İnsan alverinin potensial qurbanlarının məşğulluğunun təmin edilməsi üçün əlavə tədbirlər görüləcəkdir. Həmçinin uşaqların baxımsızlığına şərait yaradan səbəblərin və halların aşkar edilməsinə və aradan qaldırılmasına yönəldilmiş sosial, hüquqi, pedaqoji və digər tədbirlər paketinin hazırlanması və ondan səmərəli istifadə edilməsi təmin ediləcəkdir.

Təhsildən yayınan uşaqların aşkar edilməsi və təhsilə cəlb edilməsi üçün tədbirlərin görülməsi nəzərdə tutulur. Təhsil müəssisələrində, uşaq evlərində, internat məktəblərində, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarda, digər aidiyyəti orqan və müəssisələrdə uşaq baxımsızlığının və hüquq pozuntularının profilaktikası üzrə xüsusi proqramlar hazırlanacaq və həyata keçiriləcəkdir.

 

3. İnsan alveri cinayətlərinə qarşı cinayət təqibinin təkmilləşdirilməsi 

İnsan alveri cinayətlərinin aşkar edilməsi və açılması, belə cinayətləri hazırlayan və törədən şəxslərin müəyyən edilməsi, cinayət təqibinin həyata keçirilməsi, habelə həmin cinayətlərin qurbanları və ehtimal olunan qurbanlarından məlumatlar əldə edilməsi tədbirləri davam etdiriləcəkdir.

İnsan alveri ilə mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə əməliyyаt-axtarış fəaliyyətinin və cinayət təqibinin həyata keçirilməsi üzrə təlim keçirilməsi, bununla əlaqədar müvafiq beynəlxalq qurumlar və xarici dövlətlərin hüquq mühafizə orqanları ilə əlaqələrin təkmilləşdirilməsi nəzərdə tutulur.

İnsan alveri cinayətləri ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin və cinayət təqibinin daha səmərəli şəkildə həyata keçirilməsi məqsədilə Milli Koordinator İnsan alverinə qarşı mübarizə İdarəsi, təhlükəsizlik orqanları, sərhəd və miqrasiya xidmətləri, polis, prokurorluq və digər hüquq mühafizə orqanları, habelə məhkəmələrlə lazımi əlaqələr qurur. Milli Koordinator zəruri hesab etdiyi hallarda digər dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə əlaqələrini genişləndirə bilər.

İnsan alveri ilə bağlı hazırlanan cinayətlər haqqında məlumatlar əldə edən dövlət orqanları təxirəsalınmaz tədbirlər görməklə İnsan alverinə qarşı mübarizə İdarəsini dərhal məlumatlandırır və ona lazımi kömək göstərir. İdarə həmçinin «Qaynar xətt» telefon yаrdım xidməti, təhlükəsiz sığınacaq və əməkdaşlıq fəaliyyəti üzrə qeyri-hökumət təşkilatları üçün əlaqə orqanıdır.

İnsan alverinə qarşı mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi üçün bundan sonra da tədbirlər görüləcəkdir. Aşağıdakı istiqamətlər üzrə İdarənin əməkdaşları üçün təlimlər davam etdiriləcəkdir:

— qurbanlardan və digər mənbələrdən qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatların, sənədlərin və digər əşyaların əldə edilməsi, təhlili və sübut qismində təqdim edilməsi;

— qurbanlar və ehtimal olunan qurbanların müəyyən edilməsi üsulları;

— müəyyən müşahidə üsullarından və texniki vasitələrdən istifadə edilməsi;

— qurbanlar və ehtimal olunan qurbanlarla davranış qaydaları.

İnsan alverinə qarşı mübarizədə şahidlərin və cinayət təqibini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəхslərin müdafiəsi işinin təkmilləşdirilməsi, insan alveri cinayətlərinin törədilməsində iştirak etmiş şəxslərin səlahiyyətli orqanlar ilə əməkdaşlığını, istintaq üçün faydalı olan informasiya verməsini stimullaşdırmaq üçün tədbirlər davam etdiriləcəkdir.

İnsan alverinə qarşı cinayət təqibinin təkmilləşdirilməsi üçün qurbanlar ilə işə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi nəzərdə tutulur. Qeyri-hökumət təşkilatları qurbanlarla təmasda olacaq, onları dövlət orqanları tərəfindən həyata keçirilən tədbirlər barədə məlumatlandıracaq, dövlət orqanları ilə əməkdaşlıq etməyə təşviq edəcəklər.

İnsan alverinə qarşı cinayət təqibi məsələləri və bununla bağlı yeni qəbul edilmiş qanunvericilik üzrə tədrisin təşkil edilməsi, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, insan alveri cinayətlərinin istintaqı üzrə aidiyyəti hüquq mühafizə orqanları üçün birgə treninq proqramların tərtib edilməsi nəzərdə tutulur.

İnsan alveri cinayətlərinə qarşı cinayət təqibini həyata keçirən orqanlar arasında əməkdaşlığın təkmilləşdirilməsi, səmərəli məlumat və təcrübə mübadiləsinin təmin edilməsi, insan alverinə qarşı mübarizə sahəsində meydana çıxan problemlərin birgə öyrənilməsi təşkil ediləcəkdir.

İnsan alverinə qarşı mübarizədə iştirak edən dövlət orqanları İnsan alverinə qarşı mübarizə İdarəsi ilə qarşılıqlı əlaqələrin təmin edilməsi məqsədilə əlaqələndirici qismində fəaliyyət göstərən əməkdaşları müəyyən edəcəklər. İnsan alveri cinayətlərinin istintaqı və ittihamı üzrə müvafiq əməkdaşlar ixtisaslaşmış treninqlərə cəlb ediləcəkdir.

 

4. İnsan alveri qurbanlarının müdafiəsinin və sosial reabilitasiyasının təkmilləşdirilməsi

 

4.1 İnsan alveri qurbanları üçün təhlükəsiz sığınacaqların fəaliyyətinin təkmilləşdirilməsi

 İnsan alveri qurbanları üçün təhlükəsiz sığınacaqların fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə sığınacaqlar daхilində qurbanların təhlükəsizliyinin və konfidensiallığının daha etibarlı təmin edilməsi üçün əlavə tədbirlər görüləcəkdir. Sığınacaqların təhlükəsizliyini təmin edən polis və orada işləyən qeyri-hökumət təşkilatlarının əməkdaşları üçün təlimlər davam etdiriləcəkdir. Təhlükəsiz sığınacaqda qurbanlara və ehtimal olunan qurbanlara tibbi, psixoloji, hüquqi və digər yardımın göstərilməsi işinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər həyata keçiriləcəkdir.

 

4.2 İnsan alveri qurbanları üçün yardım mərkəzlərinin təşkili 

Qurbanların hüquq və mənafelərinin müdafiəsinə dair mövcud təşkilati və hüquqi prosedurlar haqqında izahatlar vermək, onlara tibbi, psixoloji və digər zəruri yardım göstərmək, habelə bu şəxslərin sosial reabilitasiyasına kömək məqsədilə yardım mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bu mərkəzlərin maliyyələşdirilməsi, fəaliyyəti, habelə fəaliyyətinə nəzarət qaydaları müəyyən ediləcəkdir.

Yardım mərkəzləri qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərəcəkdir.

 

4.3 Qurbanların reabilitasiyası və reinteqrasiyası 

Qurbanlar ilə əlaqə, qurbanlara yardım, onların təhlükəsizliyinin təmin edilməsi və reabilitasiyası vəzifəsini həyata keçirən qurumların bu sahədə funksiyaları dəqiqləşdiriləcək, qurbanların sosial reabilitasiyasının həyata keçirilməsi qaydaları təkmilləşdiriləcəkdir.

İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin mərhələlərlə artırılması nəzərdə tutulur. Qurbanlara tibbi, o cümlədən psixoloji yardımın göstərilməsi üzrə proqramlar və kompleks tədbirlər planları hazırlanacaq və həyata keçiriləcəkdir. İnsan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi tədbirləri görüləcəkdir.

 

4.4 İnsan alverinin qurbanı olmuş uşaqlara göstərilən yardımın təkmilləşdirilməsi

 İnsan alverinin qurbanı olmuş uşaqlarla bağlı xüsusi tədbirlərin görülməsi zəruridir. Sığınacaqlar və yardım mərkəzləri tərəfindən insan alverinin qurbanı olmuş uşaq barədə qəyyumluq və himayə orqanına, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara dərhal məlumat verilməsi təmin edilməlidir.

Sığınacaqlarda uşaqların yerləşdirilməsi və saxlanılması üçün qaydalar müəyyən ediləcəkdir, onların sosial reabilitasiyası üçün xüsusi proqramlar hazırlanacaq və həyata keçiriləcəkdir.

İnsan alverinin qurbanı olmuş uşaqların valideynlərinin axtarılması, yaxud barəsində qəyyumluq və ya himayənin müəyyən edilməsi üçün tədbirlər görüləcəkdir.

İnsan alverinin qurbanı olmuş uşaqlara yardım göstərilərkən «Uşaq hüquqları haqqında» və «Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında» Azərbaycan Respublikasının qanunlarına, «Uşaq hüquqları haqqında» BMT-nin Konvensiyasına, habelə Azərbaycan Respublikasının digər qanunlarına və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq onların hüquqlarının və qanuni maraqlarının qorunması üçün tədbirlər görüləcəkdir.

Sığınacaqlara yerləşdirilmiş uşaqlara təhsillərini davam etdirmək, valideynləri ilə (uşağın insan alverinin qurbanı olmasına valideynlərinin səbəb olması güman edilən hallar istisna olmaqla) əlaqə və ünsiyyət saxlamaq imkanları yaradılacaqdır.

İnsan alverinin qurbanı olmuş uşaqların öz ölkəsinə repatriasiyası zamanı mənşə ölkəsində himayədarın müəyyən edilməsi üçün müvafiq tədbirlər görüləcək və onların təhlükəsiz repatriasiyası təmin ediləcəkdir.

 

4.5 İnsan alveri qurbanlarının təhlükəsiz repatriasiyası 

Azərbaycan Respublikasının hüdudlarını tərk etmək arzusunda olan qurbanların müvafiq sənədlərlə təmin edilməsi, onların zəruri xərclərinin ödənilməsinə köməklik göstərilməsi üçün tədbirlər nəzərdə tutulur. Azərbaycan Respublikasının hüdudlarını tərk etmək arzusunda olan qurbanların qəbul ediləcəyi ölkədə insan alverinin qurbanı olması təhlükəsinin azaldılması üçün zəruri tədbirlər görüləcəkdir. İnsan alverinin qurbanı olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin repatriasiyasına yardım məqsədi ilə mənşə ölkələrinin müvafiq dövlət orqanları ilə əlaqələrin genişləndirilməsi üçün praktiki işlər görüləcəkdir.

İnsan alverinin qurbanı olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq hüququ əldə etməsi üçün tədbirlər həyata keçiriləcəkdir.

Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının yerləşdikləri ölkələrin insan alverinə qarşı mübarizə aparan orqanları ilə əməkdaşlığının təkmilləşdirilməsi üçün əlavə işlər görüləcəkdir. Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən insan alveri qurbanlarının Azərbaycana qayıtması üçün yardım göstərilməsi, onlara qısa müddət ərzində Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlərin verilməsi təmin ediləcəkdir.

 

5. Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin və resurslarının əlaqələndirilməsi

 

5.1 Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi 

Milli Fəaliyyət Planı insan alverinə qarşı mübarizənin bütün aspektlərini əhatə edən və səmərəli şəkildə əlaqələndirilən sistemin yaradılmasını ehtiva edir. Milli Fəaliyyət Planında insan alverinə qarşı mübarizə sahəsində dövlət orqanlarının vəzifələri ilə yanaşı, tədbirlərin icrasına qeyri-hökumət təşkilatlarının, beynəlxalq təşkilatların və digər tərəfdaşların cəlb edilməsi, onların qarşılıqlı fəaliyyətinin Milli Koordinator tərəfindən əlaqələndirilməsi nəzərdə tutulur. Əlaqələndirilmənin məqsədi Milli Fəaliyyət Planı iştirakçılarının vahid qarşılıqlı əməkdaşlıq sisteminin yaradılması və bu qurumlar arasında məlumat mübadiləsinin təmin edilməsidir.

Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsinin və qarşılıqlı əməkdaşlığının təkmilləşdirilməsi, Milli Fəaliyyət Planı iştirakçıları arasında məlumat mübadiləsinin səmərəsinin artırılması nəzərdə tutulur.

Milli Koordinator Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə məsul şəxsdir və aşağıda göstərilən funksiyaları həyata keçirir:

— Milli Fəaliyyət Planında müəyyən edilmiş vəzifələrin icrası məqsədilə əlaqələndirmə fəaliyyətinin həyata keçirilməsi;

— Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində müvafiq iştirakçıların müəyyən edilməsi;

— İnsan alverinə qarşı mübarizə İdarəsinin fəaliyyətinə nəzarət edilməsi;

— Milli Fəaliyyət Planı iştirakçıları ilə mütəmadi əlaqələrin saxlanılması və digər orqanlarla əməkdaşlığın qurulması;

— Milli Fəaliyyət Planının icrasından irəli gələn tələbatların müəyyən edilməsi və onların həll edilməsi üçün müvafiq tədbirlərin görülməsi;

— Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün müvafiq dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının, beynəlxalq qurumların və digər tərəfdaşların yardımının əlaqələndirilməsi;

— yalnız zəruri məlumata malik olmaq prinsipinə riayət etməklə müvafiq orqanların məlumatlarla təmin edilməsi;

— Milli Fəaliyyət Planının icrasından irəli gələn məsələlərin həll edilməsi məqsədi ilə iştirakçıların mütəmadi görüşlərinin təşkil edilməsi;

— insan alverinə qarşı mübarizənin vəziyyəti ilə bağlı məlumatların verilməsi;

— Milli Fəaliyyət Planında nəzərdə tutulan vəzifələrin icrası üçün digər funksiyaların həyata keçirilməsi.

 

5.2 Milli Fəaliyyət Planına göstərilən dəstəyin və resursların əlaqələndirilməsi 

Milli Fəaliyyət Planına göstərilən dəstəyin əlaqələndirilməsi Milli Koordinator tərəfindən həyata keçirilir. Dəstəyin əlaqələndirilməsinin məqsədi beynəlxalq tərəfdaşların köməyi ilə Milli Fəaliyyət Planı iştirakçıları üçün yüksək peşəkar təlimi və praktiki yardımı, nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsini və son nəticədə Milli Fəaliyyət Planının davamlılığını və səmərəliliyini təmin etməkdir.

Resursların əlaqələndirilməsinin məqsədi Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi zamanı zəruri ehtiyacları təmin etməkdir. Resursların (informasiya, metodiki, təşkilati, maddi, konsultativ və sair) əlaqələndirilməsi Milli Koordinator tərəfindən həyata keçirilir. Milli Fəaliyyət Planı Milli Koordinatorun ümumi nəzarəti altında müvafiq dövlət və qeyri-hökumət resurslarının beynəlxalq təşkilatların və digər tərəfdaşların resursları ilə bir araya gətirilməsini və bu mənbələrdən lazımi vəsaitlərin əldə edilməsini nəzərdə tutur.

Milli Fəaliyyət Planının həyata keçirilməsi üçün donorların müəyyən edilməsi və donor yardımının təmin edilməsi məqsədilə tədbirlər həyata keçiriləcəkdir. Donorlar tərəfindən göstərilən yardımın (texniki, fiziki, maliyyə və sair) istifadə ediləcəyi sahələr müəyyən ediləcəkdir. Milli Koordinator dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının, beynəlxalq qurumların və digər tərəfdaşların yardımını əlaqələndirir və zəruri olduqda belə resursların əldə edilməsi üçün onlara müraciət edir.

 

6. İnsan alverinə qarşı mübarizədə əməkdaşlıq və maarifləndirmə 

6.1 İnsan alverinə qarşı mübarizədə əməkdaşlıq 

Milli Fəaliyyət Planı insan alverinə qarşı mübarizədə digər ölkələrin təcrübəsindən istifadəni, beynəlxalq təşəbbüslərdə iştirak edilməsini, eləcə də bu sahədə fəaliyyət göstərən dövlət orqanları və qeyri-hökumət təşkilatları, beynəlxalq qurumlar və digər tərəfdaşların əməkdaşlığını nəzərdə tutur.

 

6.2 İnsan alverinə qarşı mübarizədə maarifləndirmə

 İnsan alverinin, qanunsuz miqrasiyanın mahiyyəti və onların doğurduğu təhlükələr barədə ictimaiyyəti maarifləndirmək və məlumatlandırmaq məqsədilə müvafiq tədbirlər davam etdiriləcəkdir. Maarifləndirmə və məlumatlandırma Milli Fəaliyyət Planının bütün iştirakçıları tərəfindən həyata keçirilir.

 

7. Milli Fəaliyyət Planının maliyyələşdirilməsi 

Milli Fəaliyyət Planında göstərilən tədbirlər dövlət büdcəsindən və qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən maliyyələşir. Hər il dövlət büdcəsinin layihəsi hazırlanarkən dövlət orqanları Milli Fəaliyyət Planının icrası üçün zəruri maliyyə ayrılması məqsədi ilə öz təkliflərini aidiyyəti qurumlara təqdim edirlər.

 

 

İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı (2009 — 2013-cü illər)

 

 

Tədbirin adı

Məqsəd və gözlənilən nəticələr

İcra orqanı

İcra müddəti

1

İnsan alverinə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi

a. İnsan alverinə qarşı fəaliyyət üzrə Avropa Şurası Konvensiyasına qoşulması üçün tədbirlərin görülməsi

Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi

2009

b. İnsan alverinə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə müvafiq təhlil əsasında və beynəlxalq təcrübə nəzərə alınmaqla qanunvericiliyə zəruri əlavə və dəyişikliklərin müəyyən edilməsi, bu məqsədlə müvafiq işçi qrupunun yaradılması

2009

c. İnsan alveri cinayətləri ilə bağlı hüquqi şəxslərin cinayət məsuliyyətinin təsbit edilməsi üçün qanun layihəsinin hazırlanması

2009

2

İnsan alveri qurbanları ilə bağlı Milli istiqamətləndirmə Mexanizminin tətbiq edilməsi

a. İnsan alveri qurbanları ilə bağlı Milli istiqamətləndirmə Mexanizmi qaydalarının hazırlanması və təsdiq edilməsi

Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, aidiyyəti dövlət qurumları

fevral 2009

b. İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi üçün idarələrarası komissiyanın yaradılması

 

aprel 2009

c. İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin icra edilməsi

 

2009 — 2013

3

İnsan alverinin profilaktikasının gücləndirilməsi

a. İnsan alveri qurbanlarının və potensial qurbanların onları gözləyən təhlükə, dövlət tərəfindən təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı həyata keçirilən təşkilati, hüquqi və digər tədbirlər barədə məlumatlandırılması

Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, aidiyyəti dövlət qurumları

mütəmadi

b. Profilaktika məqsədi ilə həyata keçirilən məlumatlandırma tədbirlərinə insan alveri qurbanları ilə və onların fəaliyyət göstərdiyi mühitdə çalışacaq qeyri-hökumət təşkilatlarının cəlb edilməsi və zəruri treninqlərin keçirilməsi

 

mütəmadi

c. İnsan alveri qurbanlarına və potensial qurbanlara pulsuz xidmət edən «Qaynar xətt» telefon xidməti barədə ictimaiyyətin məlumatlandırılması

 

mütəmadi

ç. «Qaynar xətt» telefon xidmətində çalışan operatorlara təlim keçirilməsi

 

mütəmadi

d. İnsan alveri qurbanlarının müəyyən edilməsi qaydalarının (indikatorlarının) hazırlanması

Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Milli Təhkükəsizlik Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti

2009

e. İnsan alverinə qarşı mübarizə aparan xüsusi polis qurumu, miqrasiyanı idarə edən orqanlar və digər aidiyyəti dövlət orqanlarının əməkdaşları üçün insan alveri qurbanlarının müəyyən edilməsi üsullarına həsr olunmuş təlimlərin keçirilməsi

mütəmadi

ə. İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılmasına yönəlmiş proqramların hazırlanması və həyata keçirilməsi

Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, aidiyyəti dövlət qurumları

2009 — 2013

f. İnsan alverinin potensial qurbanlarının məşğulluğunun təmin edilməsi üçün tədbirlərin görülməsi

 

mütəmadi

 

 

g. Uşaqların baxımsızlığına şərait yaradan səbəblərin və halların aşkar edilməsinə və aradan qaldırılmasına yönəldilmiş sosial, hüquqi, pedaqoji və digər tədbirlər paketinin hazırlanması və ondan səmərəli istifadə edilməsi

Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Daxili işlər Nazirliyi, aidiyyət dövlət qurumları

2009 — 2013

 

 

ğ. Təhsildən yayınan uşaqların aşkar edilməsi və təhsilə cəlb edilməsi üçün tədbirlərin görülməsi

 

mütəmadi

 

 

h. Turizm şirkətlərinin nümayəndələri üçün insan alverinin qarşısının alınması ilə bağlı mütəmadi treninqlərin keçirilməsi

 

2009 — 2013

 

 

x. Təhsil müəssisələrində, uşaq evlərində, internat məktəblərində, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarda, digər aidiyyəti orqan və müəssisələrdə uşaq baxımsızlığının və hüquq pozuntularının profilaktikası üzrə xüsusi proqramların hazırlanması və həyata keçirilməsi

 

2009 — 2013

4

İnsan alveri qurbanları üçün təhlükəsiz sığınacaqların fəaliyyətinin təkmilləşdirilməsi

a. Təhlükəsiz sığınacaq daxilində insan alveri qurbanlarının təhlükəsizliyinin və konfidensiallığının daha etibarlı təmin edilməsi üçün əlavə tədbirlərin görülməsi

Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi

2009

b. Sığınacağın təhlükəsizliyini təmin edən polis və orada işləyən qeyri-hökumət təşkilatlarının əməkdaşları üçün təlimlərin keçirilməsi

 

mütəmadi

c. Təhlükəsiz sığınacaqda insan alveri qurbanlarına və ehtimal olunan qurbanlara tibbi, psixoloji, hüquqi və digər yardımın göstərilməsi işinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlərin görülməsi

 

2009 — 2010

5

İnsan alveri qurbanları üçün yardım mərkəzlərinin təşkili

a. İnsan alveri qurbanlarının hüquq və mənafelərinin müdafiəsinə dair təşkilati və hüquqi prosedurlar haqqında izahatlar vermək, onlara tibbi, psixoloji və digər zəruri yardım göstərmək, habelə qurbanların sosial reabilitasiyasına kömək məqsədilə yardım mərkəzlərinin yaradılması, bu mərkəzlərin maliyyələşdirilməsi, fəaliyyəti, habelə fəaliyyətinə nəzarət qaydalarının müəyyən edilməsi

Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi

2009

 

b. Yardım mərkəzlərində insan alveri qurbanlarının şəxsiyyətinin anonimliyinin və onların razılıqları olmadan barələrində hüquq mühafizə orqanlarına və ya digər dövlət orqanlarına məlumat verilməməsinin təmin edilməsi

 

mütəmadi

 

c. Yardım mərkəzlərinin qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərmələrinin təmin edilməsi

 

mütəmadi

6

İnsan alveri cinayətlərinə qarşı cinayət təqibinin təkmilləşdirilməsi

a. İnsan alveri cinayətlərinin aşkar edilməsi və açılması, belə cinayətləri hazırlayan və törədən şəxslərin müəyyən edilməsi, cinayət təqibinin həyata keçirilməsi, eləcə də həmin cinayətlərin qurbanlarından və ehtimal olunan qurbanlarından məlumatların əldə edilməsi

Daxili işlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, tövsiyə edilir: Baş Prokurorluq, Vəkillər Kollegiyası

mütəmadi

 

b. İnsan alveri ilə mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə əməliyyat-axtarış fəaliyyətinin və cinayət təqibinin həyata keçirilməsi üzrə təlim keçirilməsi

 

mütəmadi

 

c. İnsan alveri cinayətləri ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin və cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar beynəlxalq qurumlarla və xarici dövlətlərin hüquq mühafizə orqanları ilə əlaqələrin qurulması

 

mütəmadi

 

ç. İnsan alveri cinayətlərinin açılmasında iştirak etmiş şəxslərin səlahiyyətli orqanlar ilə əməkdaşlığını, istintaq üçün faydalı olan informasiyanın verilməsini stimullaşdırmaq üçün tədbirlər görülməsi

 

2009 — 2011

 

d. İnsan alverinə qarşı mübarizə aparan xüsusi polis qurumunun əməkdaşları üçün təlimlərin davam etdirilməsi

 

2009 — 2010

 

 

e. İnsan alverinə qarşı mübarizədə şahidlərin və cinayət təqibini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəxslərin müdafiəsi işinin təkmilləşdirilməsi

 

2009 — 2010

 

ə. İnsan alveri qurbanlarının məhkəmə və istintaqda müdafiəsi üçün vəkillərin təlimlərə cəlb edilməsi

 

2009 — 2010

 

 

f. İnsan alveri cinayətlərinə qarşı cinayət təqibini həyata keçirən orqanlar arasında əməkdaşlığın təkmilləşdirilməsi, səmərəli məlumat və təcrübə mübadiləsinin təmin edilməsi, insan alverinə qarşı mübarizə sahəsində meydana çıxan problemlərin birgə öyrənilməsinin təşkil edilməsi

Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi tövsiyə edilir: Baş Prokurorluq

2009 — 2013

g. İnsan alverinə qarşı cinayət təqibi məsələləri və bununla bağlı yeni qəbul edilmiş qanunvericilik üzrə tədrisin təşkil edilməsi, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, insan alveri cinayətlərinin istintaqı üzrə aidiyyəti hüquq mühafizə orqanları üçün birgə treninq proqramlarının tərtib edilməsi

 

2009 — 2013

ğ. İnsan alverinə qarşı mübarizədə iştirak edən dövlət orqanlarının insan alverinə qarşı mübarizə aparan xüsusi polis qurumu ilə qarşılıqlı əlaqələrinin təmin edilməsi məqsədi ilə əlaqələndirici qismində fəaliyyət göstərən və müvafiq təlim keçmiş əməkdaşlarının müəyyən edilməsi

 

mart-aprel 2009

 

h. İnsan alveri cinayətlərinin istintaqı və ittihamı üzrə müvafiq əməkdaşların ixtisaslaşmış treninqlərə cəlb edilməsi

 

2009 — 2013

7

İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası

a. İnsan alveri qurbanları ilə əlaqə, qurbanlara yardım və onların təhlükəsizliyinin təmin edilməsi və reabilitasiyası vəzifəsini həyata keçirən qurumların bu sahədə funksiyalarının dəqiqləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması

Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi

2009

b. İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi qaydalarının təkmilləşdirilməsi

 

2009

c. insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin mərhələlərlə artırılması

 

2009 — 2013

ç. İnsan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi

mütəmadi

d. İnsan alveri qurbanlarına tibbi, o cümlədən psixoloji yardımın göstərilməsi üzrə proqramların və kompleks tədbirlərin həyata keçirilməsi

Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi

2009 — 2013

8

İnsan alverinin qurbanı olmuş uşaqlara yardımın təkmilləşdirilməsi

a. Sığınacaqda uşaqların yerləşdirilməsi və saxlanılması üçün qaydaların müəyyən edilməsi

Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Qəyyumluq və himayə orqanları, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar

2009

b. Sığınacaqlar və yardım mərkəzləri tərəfindən insan alverinin qurbanı olmuş uşaq barədə təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə qəyyumluq və himayə orqanına, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara dərhal məlumat verilməsinin təmin edilməsi

 

mütəmadi

c. İnsan alverinin qurbanı olmuş uşaqların valideynlərinin axtarılması, yaxud barəsində qəyyumluq və ya himayənin müəyyən edilməsi üçün tədbirlər görülməsi

 

mütəmadi

ç. İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün xüsusi proqramların hazırlanması və həyata keçirilməsi

 

2009 — 2013

 

 

d. İnsan alverinin qurbanı olmuş uşaqlara yardım göstərilərkən «Uşaq hüquqları haqqında», «Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında» Azərbaycan Respublikasının qanununlarına, «Uşaq hüquqları haqqında» BMT-nin Konvensiyasına, habelə Azərbaycan Respublikasının digər qanunlarına və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq onların hüquqlarının və qanuni maraqlarının qorunması üçün tədbirlərin görülməsi

 

mütəmadi

e. Sığınacağa yerləşdirilmiş uşaqlara təhsillərini davam etdirmək, valideynləri ilə (uşağın insan alverinin qurbanı olmasına valideynlərinin səbəb olması güman edilən hallar istisna olmaqla) əlaqə və ünsiyyət saxlamaq imkanının yaradılması

 

mütəmadi

ə. İnsan alverinin qurbanı olmuş uşaqların öz ölkəsinə repatriasiyası zamanı mənşə ölkəsində himayədarın müəyyən edilməsi üçün müvafiq tədbirlərin görülməsi və təhlükəsiz repatriasiyanın təmin edilməsi

 

mütəmadi

9

İnsan alveri qurbanlarının təhlükəsiz repatriasiyası

a. Azərbaycan Respublikasının hüdudlarını tərk etmək arzusunda olan insan alveri qurbanının qəbul ediləcəyi ölkədə insan alverinin qurbanı olması təhlükəsinin azaldılması üçün zəruri tədbirlərin görülməsi

Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti

mütəmadi

b. Repatriasiyaya yardım məqsədi ilə mənşə ölkələrdə müvafiq dövlət orqanları ilə əlaqələrin genişləndirilməsi üçün praktiki tədbirlərin görülməsi

 

mütəmadi

c. İnsan alverinin qurbanı olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq hüququ əldə etməsi üçün tədbirlərin görülməsi

 

mütəmadi

ç. Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının yerləşdikləri ölkələrin insan alverinə qarşı mübarizə aparan orqanları ilə əməkdaşlığının təkmilləşdirilməsi

Xarici İşlər Nazirliyi

mütəmadi

d. Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən insan alveri qurbanlarının Azərbaycana qayıtması üçün yardım göstərilməsi, onların qısa müddət ərzində Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlərlə təmin edilməsi

 

mütəmadi

10

Milli Fəaliyyət Planına göstərilən dəstəyin və resursların əlaqələndirilməsi

a. Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsinin və qarşılıqlı əməkdaşlığının təkmilləşdirilməsi

Milli Koordinator, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

2009

b. Milli Fəaliyyət Planı iştirakçıları arasında məlumat mübadiləsinin səmərəsinin artırılması

mütəmadi

c. Dövlət və qeyri-hökumət qurumlarının, beynəlxalq təşkilatların və digər beynəlxalq tərəfdaşların yardımının əlaqələndirilməsi və belə resursların əldə edilməsi üçün müraciət edilməsi

mütəmadi

ç. Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin təşkili prosesində zəruri ehtiyacların təmin edilməsi

mütəmadi

d. Milli Fəaliyyət Planının lazımi vəsaitlə təmin edilməsi, onun davamlılığının və səmərəliliyinin qorunması, həmçinin Milli Fəaliyyət Planı iştirakçıları üçün beynəlxalq tərəfdaşların köməyi ilə yüksək peşəkar təlimin və praktiki dəstəyin təmin edilməsi

mütəmadi

e. Milli Fəaliyyət Planının həyata keçirilməsi üçün donorların və göstərilən yardımın istifadə ediləcəyi sahələrin müəyyən edilməsi

2009 — 2013

11

Maarifləndirmənin həyata keçirilməsi

a. İnsan alverinin, qanunsuz miqrasiyanın mahiyyəti və onların doğurduğu təhlükələr barədə ictimaiyyətin məlumatlandırılması

Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Nəqliyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti tövsiyə edilir: Baş Prokurorluq, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman), bələdiyyələr, kütləvi informasiya vasitələri

mütəmadi

b. Milli Fəaliyyət Planının məqsəd və mahiyyətinin ictimaiyyətə çatdırılması

mütəmadi

c. İnsan alverinə qarşı mübarizə haqqında sosial reklamların nümayiş etdirilməsi

mütəmadi

ç. İnsan alverinə qarşı mübarizəyə dair maarifləndirici vasitələrin hazırlanması və paylanması

mütəmadi

d. Maarifləndirmə tədbirlərinin səmərəliliyinin artırılması üçün müvafiq icra hakimiyyəti orqanları, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları üçün təlimlərin təşkili

mütəmadi

e. Ölkə ərazisində insan alverinin qarşısının alınması məqsədi ilə treninq və seminarların keçirilməsi

mütəmadi

ə. Sərhəd və gömrük keçid məntəqələrində, əsas istiqamət ölkələrin Azərbaycan Respublikasındakı konsulluqlarında, turizm şirkətlərində və digər aidiyyəti qurumlarda insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirici materialların paylanması

2009 — 2010

f. Xarici ölkələrdə işə düzəlmək üçün vasitəçilik edən şirkətlərə insan alverinin qarşısının alınması ilə bağlı treninqlərin keçirilməsi

2009 — 2010

g. Təhsil müəssisələrinin tədris planlarına insan alverinin profilaktikasına və qarşısının alınmasına yönəlmiş kursların daxil edilməsi və müvafiq tədris proqramlarının hazırlanması

2009 — 2013

ğ. Hüquq mühafizə orqanlarının tədris mərkəzlərinin müvafiq tədris proqramları və tədris vəsaitləri ilə təmin edilməsi

2009 — 2013

h. Beynəlxalq daşımaları həyata keçirən nəqliyyat təşkilatları, nəqliyyat vasitələrinin sahibləri və ya operatorları tərəfindən sərnişinlərin insan alveri təhlükəsi barədə məlumatlandırılması

mütəmadi

12

Milli Fəaliyyət Planının həyata keçirilməsində qeyri-hökumət təşkilatları, beynəxalq qurumlar və digər tərəfdaşlarla əməkdaşlıq

a. Milli Fəaliyyət Planının beynəlxalq tərəfdaşlara təqdim olunması

Daxili İşlər Nazirliyi, Milli Koordinator

fevral 2009

b. Milli Fəaliyyət Planında göstərilən vəzifələrin həyata keçirilməsinə qeyri-hökumət təşkilatlarının, beynəlxalq qurumların və digər tərəfdaşların cəlb edilməsi

 

mütəmadi

c. İnsan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və insan alverinə qarşı mübarizə aparan xüsusi polis qurumu arasında qarşılıqlı anlaşma Memorandumunun imzalanması

 

mart-aprel 2009