Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

«Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi»nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı


«Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi»nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi» təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. üç ay müddətində:

2.1.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 9 iyul 2012-ci il

№ 680


Azərbaycan Respublikası Prezidentinin 
2012-ci il 9 iyul tarixli 
680 nömrəli Fərmanı ilə 
təsdiq edilmişdir

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin
Nizamnaməsi

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli 1358 nömrəli Sərəncamına əsasən yaradılmış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbi (bundan sonra — Məktəb) ali və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali hərbi təhsil müəssisəsidir.

1.2. Məktəb hüquqi şəxsdir, müstəqil balansa, xəzinə və bank hesablarına, Döyüş Bayrağına və şərti ada, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, ştamplara və blanklara malikdir.

1.3. Məktəb ali hərbi təhsilli kadrlar hazırlayır, hərbi qulluqçuların əlavə təhsil almasını, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının fəaliyyətinin aktual problemləri üzrə elmi tədqiqat işlərinin aparılmasını təşkil edir.

1.4. Məktəbdə təhsil əyani təhsilalma formasında, ali təhsil pilləsinin bakalavriat səviyyəsində həyata keçirilir. Məktəbdə təhsil müddəti 4 ildir.

1.5. Məktəb öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kollegiyasının qərarlarını, Azərbaycan Respublikası daxili işlər nazirinin əmr və sərəncamlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrini və bu Nizamnaməni rəhbər tutur.

1.6. Məktəbin yaradılması, yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

1.7. Məktəbin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi və Məktəbin akkreditasiyası «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

1.8. Məktəb dövlət orqanları və digər dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

1.9. Məktəb qanuna uyğun olaraq statistik və maliyyə hesabatlarını aidiyyəti üzrə təqdim edir, fəaliyyətinin nəticələri barədə Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini — Daxili Qoşunların Komandanına (bundan sonra — Daxili Qoşunların Komandanı) hesabat verir.

1.10. Məktəb Bakı şəhərində yerləşir.

2. Məktəbin fəaliyyətinin əsas istiqamətləri

2.1 Məktəbin fəaliyyətinin əsas istiqamətləri tədris, təlim-tərbiyə, metodiki, elmi tədqiqat və redaksiya-nəşriyyat işidir.

2.2. Tədris işi hərbi xidmətin tələblərinə uyğun komandirlik və rəhbərlik bacarığına, təlim və tədris potensialına malik kadrlar hazırlamaqdan, əlavə təhsili və təlim məşğələlərini həyata keçirməkdən, kurs və diplom işlərinə, təcrübi məşğələlərə rəhbərlik etməkdən ibarətdir.

2.3. Təlim-tərbiyə işinin mahiyyəti aşağıdakılardan ibarətdir:

2.3.1. dəyişən heyətə vətənpərvərlik hissləri aşılamaq, onları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər qanunvericilik aktlarına, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət ruhunda tərbiyə etmək;

2.3.2. dövlətə, xalqa sədaqət, xidməti borcun yerinə yetirilməsinə məsuliyyətlə yanaşma, yüksək intizam və mənəviyyat, mətinlik, fiziki dözümlülük və hərbi peşəkarlıq keyfiyyətlərini aşılamaq;

2.3.3. hərbi nizam-intizamı, səfərbərlik hazırlığını təmin etmək;

2.3.4. dəyişən heyətin milli və ümumbəşəri dəyərlərə yiyələnməsini təmin etmək.

2.4. Metodiki işin mahiyyəti aşağıdakılardır:

2.4.1 səmərəli forma və metodlardan, müasir texnologiya və texniki vasitələrdən istifadə etməklə, tədris prosesini metodiki təmin etmək;

2.4.2. xidməti-döyüş fəaliyyəti üzrə təcrübəni, pedaqoji fəaliyyətin qabaqcıl nümunələrini və hüquqi aktları öyrənmək, ümumiləşdirmək və təhsil prosesində tətbiq etmək;

2.4.3. metodiki materialların hazırlanmasında elmi əsaslara üstünlük vermək.

2.5. Elmi tədqiqat işinin mahiyyəti:

2.5.1. Daxili Qoşunlarda peşə təhsilinin təkmilləşdirilməsini elmi əsaslandırmaq, dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, məcmuələr, mühazirə, elmi-metodiki və konfrans materialları, məlumat bülletenləri hazırlamaq;

2.5.2. elmi araşdırmalar aparmaq;

2.5.3. elmi tədqiqat işlərinin aparılmasını təşkil etmək və həmin sahədə metodiki köməklik göstərmək.

2.6. Redaksiya-nəşriyyat işinin mahiyyəti dərsliklərin, dərs vəsaitlərinin, monoqrafiyaların, məcmuələrin, mühazirə, elmi-metodiki və konfrans materiallarının, məlumat bülletenlərinin və digər materialların redaktə edilməsi və nəşrindən ibarətdir.

3. Məktəbin vəzifələri və hüquqları

3.1. Məktəbin vəzifələri aşağıdakılardır:

3.1.1. ixtisaslı mütəxəssislər hazırlamaq, kadrların əlavə təhsilini həyata keçirmək;

3.1.2. təhsil proqramlarını və tədris planlarını hazırlamaq;

3.1.3. dəyişən heyətin attestasiyasını keçirmək;

3.1.4. təhsil haqqında diplomlar, habelə təhsilə dair digər sənədlər vermək;

3.1.5. tədris prosesinin maddi-texniki təminatını, bina və otaqların mövcud norma və tələblərə uyğun qurulmasını həyata keçirmək;

3.1.6. təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək, dəyişən heyətin intellektual və mədəni inkişafını təmin etmək, onlarda yüksək ideya, mənəvi və peşəkar xüsusiyyətləri formalaşdırmaq;

3.1.7. fəaliyyət sahəsi üzrə tətbiqi elmi tədqiqat işlərini təşkil etmək;

3.1.8. Məktəbə ayrılan maliyyə vəsaitinin təyinatı üzrə istifadə olunmasını təmin etmək;

3.1.9. təhsil prosesinin təmin edilməsi üçün tədris, tədris-metodiki, elmi ədəbiyyat, köməkçi materiallar hazırlamaq və nəşr etmək, maddi-tədris bazasını təkmilləşdirmək və inkişaf etdirmək;

3.1.10. qanuna uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması və təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirlər görmək;

3.1.11. qanunda və Azərbaycan Respublikası Prezidentinin aktlarında nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

3.2. Məktəb aşağıdakı hüquqlara malikdir:

3.2.1. «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq tədris prosesini sərbəst həyata keçirmək;

3.2.2. tədris, metodiki, elmi tədqiqat və analitik-informasiya fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək;

3.2.3. tədris prosesinin metodiki təminatını təşkil etmək və təkmilləşdirmək;

3.2.4. iclaslar, seminarlar, konfranslar keçirmək və onların işində iştirak etmək;

3.2.5. Daxili Qoşunların və Məktəbin fəaliyyəti ilə bağlı redaksiya-nəşriyyat işlərini həyata keçirmək;

3.2.6. Məktəbin hərbi qulluqçuları və işçilərinə fəxri adların, digər dövlət təltiflərinin və mükafatların verilməsi üçün Daxili Qoşunların Komandanı qarşısında vəsatət qaldırmaq;

3.2.7. təlim mərkəzlərindən istifadə etmək;

3.2.8. Məktəbin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən zəruri məlumatların alınması barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.9. qanuna uyğun olaraq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;

3.2.10. Məktəbin fəaliyyətinin təşkili məqsədi ilə öz səlahiyyətləri daxilində qanuna zidd olmayan aktlar qəbul etmək;

3.2.11. qanunda və Azərbaycan Respublikası Prezidentinin aktlarında nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

4. Məktəbin strukturu və idarə olunması

4.1. Məktəbin strukturu Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən təsdiq edilir. Məktəbin ştat cədvəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada təsdiq edilir.

4.2. Məktəbin strukturuna rəhbərlik, kafedralar, şöbələr və xidməti bölmələr daxildir.

4.3. Məktəbin rəhbərliyi Məktəbin rəisi və Məktəbin rəis müavinlərindən ibarətdir.

4.4. Məktəbin rəisi Azərbaycan Respublikası daxili işlər nazirinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən, Məktəbin rəis müavinləri Daxili Qoşunların Komandanının təqdimatına əsasən Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

4.5. Məktəbin rəisi bütün şəxsi heyətin birbaşa rəisi olmaqla, Məktəbin fəaliyyətini təşkil edir və Məktəbə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

4.6. Məktəbin rəisi bu Nizamnamədə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində əmr və göstərişlər verir, Məktəbi təmsil edir.

4.7. Məktəbin rəisi aşağıdakı sahələrə ümumi rəhbərliyi həyata keçirir:

4.7.1. təhsil, təlim-tərbiyə, metodiki, elmi tədqiqat və redaksiya-nəşriyyat fəaliyyəti;

4.7.2. rəhbər heyətin, professor-müəllim və elmi kadrların, habelə digər işçilərin seçilməsi, yerləşdirilməsi və əlavə təhsili;

4.7.3. döyüş və səfərbərlik hazırlığının təmini;

4.7.4. dövlət sirrinin və məxfilik rejiminin qorunması, Məktəbdə daxili təhlükəsizliyin təmin olunması;

4.7.5. Məktəbin Elmi Şurasının və digər məşvərətçi orqanlarının işinin təşkili;

4.7.6. Məktəbin maliyyə-təsərrüfat fəaliyyəti.

4.8. Kadrlarla iş sahəsində Məktəbin rəisi:

4.8.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin normativ hüquqi aktlarına müvafiq olaraq nomenklatura üzrə vəzifələrə işə qəbul və işdən azad edir;

4.8.2. qanuna uyğun olaraq daxili işlər orqanlarından, Daxili Qoşunlardan, eləcə də digər idarə, müəssisə və təşkilatlardan təhsil, elm və təsərrüfat işlərinə əvəzçiliklə, saathesabı və müqavilə ödənişi şərtləri ilə mütəxəssis və elmi işçilər cəlb edir;

4.8.3. Məktəbin şəxsi heyətinin attestasiyasını keçirir;

4.8.4. zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair təkliflər verir, onları hərbi rütbələrə təqdim edir.

4.9. Məktəbin rəis müavinlərinin funksional vəzifələrini Məktəbin rəisi müəyyən edir. Məktəbin rəis müavinləri Məktəbin rəisinə tabe olmaqla, Məktəbin şəxsi heyətinin birbaşa rəisləridir. Məktəbin rəisi olmadıqda və ya üzrlü səbəblərdən öz səlahiyyətlərini icra edə bilmədikdə, Məktəb rəisinin müavini — qərargah rəisi Məktəbin rəisinin səlahiyyətlərini həyata keçirir.

4.10. Məktəbin rəis müavinləri səlahiyyətləri daxilində Məktəbi təmsil edir, həvalə olunmuş sahələrdə işin vəziyyətinə görə məsuliyyət daşıyırlar.

4.11. Məktəbdə təlim-tədris, tədris-metodik və elmi tədqiqat işi «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin normativ hüquqi aktlarına uyğun təşkil edilir.

4.12. Məktəbin fəaliyyətinin mühüm məsələlərinin müzakirəsi üçün ali idarəetmə orqanı — Məktəbin Elmi Şurası (bundan sonra — Elmi Şura) yaradılır.

4.13. Elmi Şuranın tərkibi Daxili Qoşunların Komandanı tərəfindən təsdiq edilir. Elmi Şuranın tərkibinə tutduqları vəzifələrə görə Məktəbin rəisi (Elmi Şuranın sədri), Məktəbin rəis müavinləri, aparıcı kafedraların, tədris, hərbi-elmi şöbələrin, kadrlar xidmətinin və kursların rəisləri daxildir. Məktəb rəisinin vəsatətinə əsasən Elmi Şuranın tərkibinə digər şəxslər də daxil edilə bilər. Elmi Şuranın professor-müəllim heyətindən, elmi əməkdaşlardan və kursantlardan ibarət olan digər üzvləri müvafiq kollektivlərin iclaslarında gizli səsvermə yolu ilə seçilirlər.

4.14. Elmi Şuranın sədr müavinləri və katibi Elmi Şuranın tərkibindən seçilir. Elmi Şuranın səlahiyyət müddəti 3 ildir. Elmi Şuranın üzvlərinin səlahiyyətlərinə Elmi Şuranın qərarı ilə vaxtından əvvəl xitam verilə bilər. Elmi Şuranın vaxtından əvvəl yenidən yaradılması onun üzvlərinin azı üçdə iki hissəsinin tələbi ilə həyata keçirilir.

4.15. Elmi Şuranın fəaliyyəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin normativ hüquqi aktlarının və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş «Elmi Şura haqqında Əsasnamə»nin tələblərinə uyğun təşkil edilir. Elmi Şura ictimai əsaslarla fəaliyyət göstərir.

4.16. Elmi Şuranın qərarları Məktəb rəisinin əmrləri ilə təsdiq olunur.

4.17. Elmi Şura:

4.17.1. tədris, təlim-tərbiyə, metodiki və elmi tədqiqat işlərinin mühüm məsələlərini həll edir;

4.17.2. Daxili Qoşunların nəzəri və təcrübi fəaliyyətinin elmi problemlərini müzakirə edir;

4.17.3. kadrların hazırlanması və əlavə təhsil istiqamətində müvafiq tədbirlər hazırlayır və həyata keçirir;

4.17.4. tədris planları və proqramlarının, metodiki, təlim-tərbiyə, elmi tədqiqat və redaksiya-nəşriyyat işlərinin, əlavə təhsil üzrə planların layihələrini müzakirə edir;

4.17.5. imtahanların nəticəsi barədə kafedra və şöbələrin hesabatını dinləyir;

4.17.6. dərsliklərin, dərs vəsaitlərinin, monoqrafiyaların, elmi və elmi-metodiki ədəbiyyatın digər növlərinin layihələrini müzakirə edir;

4.17.7. əməkdaşları «professor» və «dosent» elmi adlarının verilməsi üçün təqdim edir;

4.17.8. baş elmi işçi vəzifələrinin doktorluq dissertasiyaları üzərində işləyən elmi adı olan müəllimlər tərəfindən tutulması üçün təklif verir;

4.17.9. professor-müəllim heyəti və elmi işçilər sırasından hərbi qulluqçu vəzifələrinə təyin olunmaq üçün mülki şəxsləri hərbi qulluğa tövsiyə edir;

4.17.10. Məktəbin maddi-texniki bazasının təkmilləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlı tədbirləri müzakirə edir;

4.17.11. adlı təqaüdlərin verilməsi üçün namizədləri təsdiq edir.

4.18. Tədris, təlim-tərbiyə, metodiki, elmi tədqiqat, redaksiya-nəşriyyat fəaliyyəti, kadrlarla iş, təhlükəsizlik rejiminin təmin olunması, döyüş və səfərbərlik hazırlığı və inzibati-təsərrüfat üzrə məsələlərə Məktəb rəhbərliyinin iclaslarında baxılır.

4.19. Məktəbin tədris şöbəsi tədris prosesinin planlaşdırılmasını, təşkilini və ona nəzarəti həyata keçirir.

4.20. Tədris şöbəsinə aşağıdakılar həvalə olunur:

4.20.1. tədris planlarının və proqramların layihələrini, tədris məşğələlərinin cədvəllərini və tədris prosesinin planlaşdırılması üzrə zəruri sənədləri işləyib hazırlamaq;

4.20.2. kursantların tədrisdə müvəffəqiyyətlərini, hərbi hissələrin məzunlar haqqında rəylərinin qeydiyyatını və təhlilini aparmaq, tədrisin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək;

4.20.3. tədris məşğələlərinə nəzarəti təşkil etmək və nəticələrini ümumiləşdirmək;

4.20.4. Semestr və kurs imtahanlarının keçirilməsinə nəzarət etmək;

4.20.5. tədris yükünün yerinə yetirilməsini planlaşdırmaq;

4.20.6. tədris prosesinin dərsliklər, dərs vəsaitləri, tədris-metodiki materiallar və xidməti sənədlərlə təmin edilməsini, tədris kitabxanalarının işini təşkil etmək;

4.20.7. tədris siniflərindən, auditoriyalardan (mühazirə zallarından) və maddi-tədris bazasının digər obyektlərindən istifadə edilməsinə şərait yaratmaq.

4.21. Kafedra Məktəbin əsas tədris-elm struktur bölməsi olub, bir və ya bir neçə yaxın fənlər üzrə tədris, metodiki, elmi tədqiqat fəaliyyətini və əlavə təhsili həyata keçirir.

4.22. Kafedranın əsas vəzifələri aşağıdakılardır:

4.22.1. bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazirələrin, laboratoriya işlərinin, praktiki seminarların və digər dərslərin elmi-nəzəri və metodiki səviyyədə aparılması;

4.22.2. kurs və buraxılış işlərinə (layihələrinə), təcrübələrə, kursantların sərbəst dərslərinə rəhbərliyin həyata keçirilməsi;

4.22.3. cari imtahanların keçirilməsi;

4.22.4. dövlət imtahanlarının təşkili və keçirilməsi;

4.22.5. dəyişən heyət arasında tərbiyə işinin təşkili;

4.22.6. kafedrada tədris olunan fənlər üzrə tədris proqramlarının işlənib hazırlanması və təsdiq üçün təqdim edilməsi, digər kafedralarda hazırlanan tədris proqramlarına rəy verilməsi;

4.22.7. dərsliklərin, dərs, metodiki və əyani vəsaitlərin hazırlanması, Məktəb rəisinin göstərişi əsasında dərslik, dərs vəsaiti və tədris-metodiki ədəbiyyata rəy verilməsi;

4.22.8. müəllimlərin tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi;

4.22.9. respublikanın və digər dövlətlərin müvafiq ali məktəblərinin qabaqcıl iş təcrübəsinin öyrənilməsi və tətbiqi, gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda kömək göstərilməsi;

4.22.10. tədris prosesində müasir texniki vasitələrdən istifadə edilməsinə dair tədbirlərin hazırlanıb həyata keçirilməsi;

4.22.11. mütəxəssislərin əlavə təhsilinə kömək göstərilməsi;

4.22.12. Məktəbin məzunları ilə mütəmadi əlaqənin təşkil edilməsi;

4.22.13. elmi biliklərin təbliğ olunması.

5. Məktəbə qəbul

5.1. Məktəbə qəbul planı Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən müəyyən edilir.

5.2. Məktəbə daxil olmaq üçün namizədlərin seçilməsi müəyyən edilmiş tələblər əsasında Daxili Qoşunların kadrlar qurumu tərəfindən aparılır. Məktəbə qəbul biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir.

5.3. Abituriyentlərin Məktəbə qəbul edilməsi Məktəb rəisinin əmri ilə təsdiq olunur.

5.4. Məktəbə qəbul edilən şəxslər qanunla müəyyən olunmuş qaydada hərbi and içirlər.

6. Tədris işinin təşkili və elmi tədqiqat fəaliyyəti

6.1. Məktəbdə tədris işi tədris planlarına və fənn proqramlarına uyğun təşkil olunur və aparılır.

Tədris planı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, Daxili Qoşunların Komandanı tərəfindən təsdiq olunur.

6.2. Semestrin müddəti, kursant və dinləyicilərin məcburi auditoriya dərsləri və həftəlik tədris işi ali təhsilin dövlət standartlarına müvafiq olaraq müəyyən edilir.

6.3. Məktəbdə təhsil Azərbaycan dilində aparılır.

6.4. Məktəbin tədris məşğələlərinə mühazirə, seminar, praktiki məşğələ, təlim, tematik mükalimə (kollokvium), məsləhət saatı və müstəqil hazırlıq saatı daxildir. Ayrı-ayrı fənlər üzrə nəzəri (elmi-praktik) konfranslar və Məktəbin Elmi Şurasının qərarı ilə müəyyən edilmiş digər növ məşğələlər keçirilə bilər.

6.5. Məktəbdə elmi işin əsas formaları aşağıdakılardır:

6.5.1. tətbiqi tədqiqatların aparılması;

6.5.2. nəzəri nəticələrin və müddəaların, tədqiqatların nəticələrinin ümumiləşdirilib tövsiyələr hazırlanması;

6.5.3. Daxili Qoşunların fəaliyyətini tənzimləyən sənədlərin layihələrinin hazırlanmasında iştirak edilməsi;

6.5.4. dərsliklərin, dərs vəsaitlərinin, monoqrafiyaların, məqalələrin, məruzələrin, təklif və rəylərin hazırlanması;

6.5.5. elmi konfransların, seminarların, müşavirələrin və nəzəri diskussiyaların hazırlanması, keçirilməsi və nəticələrinin ümumiləşdirilməsi.

7. Daimi və dəyişən heyət

7.1. Məktəbin şəxsi heyəti daimi və dəyişən heyətdən ibarətdir.

7.2. Daimi heyət rəhbərlik, professor-müəllim, elmi heyətdən və vəzifələri təşkilati-ştat əmri ilə təsdiq edilmiş digər hərbi qulluqçu və işçilərdən ibarətdir.

7.3. Daimi heyətdən olan hərbi qulluqçuları «Hərbi xidmət keçmə haqqında» Əsasnaməyə müvafiq olaraq Azərbaycan Respublikasının daxili işlər naziri və Daxili qoşunların Komandanı vəzifəyə təyin edir və vəzifədən azad edir. Hərbi qulluqçular istisna olmaqla, daimi heyətdən olan digər şəxslərin işə qəbul və işdən azad edilməsi Məktəbin rəisi tərəfindən həyata keçirilir.

7.4. Daimi heyətdən olan hərbi qulluqçuların hüquq və vəzifələri «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi», «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi», «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanunu və hərbi xidmət sahəsində Azərbaycan Respublikasının digər qanunları və Azərbaycan Respublikası Prezidentinin aktları, «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Nizamnamə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən olunur.

7.5. Hərbi qulluqçular istisna olmaqla, daimi heyətin tərkibinə daxil olan digər şəxslərin, o cümlədən Məktəbin inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat, mühəndis-texniki, tədris-köməkçi heyətinə aid şəxslərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsi, «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Nizamnamə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən olunur.

7.6. Professor-müəllim heyəti və elmi işçi vəzifələrinə peşə hazırlığına, sağlamlığına və mənəvi keyfiyyətlərinə görə dərs demək və elmi tədqiqatlar aparmaq bacarığına malik hərbi qulluqçular və mülki şəxslər təyin olunur.

7.7. Professor-müəllim heyəti vəzifələrinə təyinat zamanı elmi ada və elmi dərəcəyə, vəzifənin profilinə uyğun ali təhsilə, pedaqoji təcrübəyə və iş stajına malik şəxslərə üstünlük verilir.

7.8. Tədris, təlim-tərbiyə, metodiki və elmi tədqiqat işləri kafedraların planları, həmçinin tədris ili üçün fərdi planlar əsasında Məktəbin professor-müəllim heyəti tərəfindən həyata keçirilir.

7.9. Professor-müəllim heyəti və elmi işçilər təlim-tərbiyə sahəsində uğurlarına görə Silahlı Qüvvələrin hərbi nizamnamələrində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin normativ hüquqi aktlarında nəzərdə tutulmuş həvəsləndirmə tədbirləri ilə bərabər dövlət mükafatları, fəxri adlar, orden və medallar, döş nişanları, fəxri fərmanlarla mükafatlandırıla bilərlər.

7.10. Pedaqoji işçilərə fəxri adların verilməsi Azərbaycan Respublikası Prezidentinin aktları ilə tənzimlənir.

7.11. Professor-müəllim heyətinə və elmi işçilərə hərbi və əmək intizamını pozduqlarına görə intizam tənbehi tədbirləri hərbi qulluqçulara münasibətdə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi»ndə, digər işçilərə münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada tətbiq edilir.

7.12. Professor-müəllim heyətinin və elmi işçilərin beynəlxalq tədbirlərdə iştirakı, onların kütləvi informasiya vasitələrində Məktəbin adından çıxışları Daxili Qoşunların Komandanı tərəfindən müəyyən edilir.

7.13. Dinləyicilərin əlavə təhsil alması «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

7.14. Məktəbin dəyişən heyətinə Məktəbdə təhsil alan hərbi qulluqçular aid edilir. Xidmət mövqeyinə görə dəyişən heyət kursantlara və dinləyicilərə bölünür.

7.15. Kursantlar — ali təhsil almaq məqsədi ilə Məktəbə qəbul olunmuş şəxslərdir. Dinləyicilər — Məktəbdə əlavə təhsil alan hərbi qulluqçulardır.

7.16. Dəyişən kursant heyətinin tərkibinə daxil olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə hesab edilirlər və onlara hərbi qulluqçuların müvafiq kateqoriyaları üçün müəyyən edilmiş hüquq və güzəştlər şamil olunur.

7.17. Dəyişən heyətin tərkibinə daxil olan hərbi qulluqçuların pul, geyim, ərzaq və yaşayış yeri (yataqxana, kazarma) təminatı dövlət tərəfindən həyata keçirilir.

7.18. Dəyişən heyətin təhsil müddəti dövründə hüquq və vəzifələri «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi», «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi», «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanunu və hərbi xidmət sahəsində Azərbaycan Respublikasının digər qanunları və Azərbaycan Respublikası Prezidentinin aktları, «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Nizamnamə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən olunur.

7.19. Hərbi liseylərin məzunları və hərbi rütbəsi olmayan mülki şəxslər sırasından Məktəbə qəbul edilmiş kursantlara «əsgər» hərbi rütbəsi verilir.

7.20. Tağım komandirinin müavini, tədris qruplarının, manqalarının komandirləri Məktəb rəisinin əmri ilə həmin kursun kursantlarından təyin olunur. Bu vəzifələrə təyin edilmiş kursantlara qanuna müvafiq qaydada «kiçik çavuş», «çavuş» və «baş çavuş» hərbi rütbəsi verilə bilər.

7.21. Dəyişən heyətdən olan hərbi qulluqçular təhsildə və təlimdə əldə etdikləri yüksək göstəricilərə, elmi tədqiqat işlərində fəal iştiraka və hərbi xidməti borcun nümunəvi yerinə yetirilməsinə görə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi»ndə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin normativ hüquqi aktlarında nəzərdə tutulmuş qaydada həvəsləndirilirlər.

7.22. Dərs əlaçıları olan, elmi tədqiqat işlərində fəal iştirak edən kursantlar adlı təqaüdlərlə mükafatlandırılırlar.

7.23. Hərbi və tədris intizamını pozduqlarına görə dəyişən heyətdən olan hərbi qulluqçulara «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi»ndə nəzərdə tutulmuş qaydada intizam tənbehi tədbirləri tətbiq edilir.

7.24. Dəyişən heyətdən olan hərbi qulluqçular Məktəbdən aşağıdakı hallarda xaric edilirlər:

7.24.1. öz arzusu ilə;

7.24.2. digər təhsil müəssisəsinə keçirilməsi ilə əlaqədar;

7.24.3. səhhətinə görə (hərbi-həkim komissiyasının qərarına əsasən);

7.24.4. təhsildə müvəffəqiyyətsizliyə görə;

7.24.5. hərbi intizamı və Məktəbin daxili nizam qaydalarını kobud şəkildə və dəfələrlə pozduğuna görə;

7.24.6. qanunla hərbi qulluqçular üçün müəyyən olunmuş tələblərə uyğun olmaması ilə əlaqədar.

7.25. Dəyişən heyətdən olan hərbi qulluqçunun Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin sistemində başqa təhsil müəssisəsinə keçirilməsi Azərbaycan Respublikasının daxili işlər nazirinin qərarı əsasında həll olunur. Hərbi qulluqçunun Məktəbdən xaric edilməsi və ya Məktəbə bərpa olunması Məktəbin rəisinin təqdimatına əsasən Daxili Qoşunlar Komandanının əmri ilə həyata keçirilir.

7.26. Kursantların digər mülki və ya ali hərbi təhsil müəssisələrinə keçirilməsinə yeni dərs ilinin başlanmasına qədər icazə verilir.

7.27. Dövlət imtahanlarını vermiş kursantlara Məktəbdə yaradılan Dövlət Attestasiya Komissiyasının qərarı ilə, alınmış peşəyə uyğun olaraq ixtisas verilir, onlara diplom və döş nişanı təqdim olunur.

7.28. Məktəbi bitirmiş kursantlara «leytenant» hərbi rütbəsi verilir.

7.29. Dövlət Attestasiya Komissiyasının qərarı ilə fərqlənmə diplomu alan məzunlar xidmət yeri seçmək hüququna (Məktəb üçün müəyyən olunmuş tələbat daxilində) malikdirlər.

8. Daimi və dəyişən heyətin vəzifələri və hüquqları

8.1. Dəyişən heyətin vəzifələri aşağıdakılardır:

8.1.1. dövlət təhsil standartına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;

8.1.2. tədris tapşırıqlarını vaxtında yerinə yetirmək, təhsil proqramlarında nəzərdə tutulmuş imtahanları vermək;

8.1.3. pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

8.1.4. qanunlara əməl etmək, hərbi andın, hərbi nizamnamələrin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların əmr, təlimat, göstəriş və sərəncamlarının, bu Nizamnamənin, habelə Məktəbin daxili nizam qaydalarının tələblərini bilmək və yerinə yetirmək;

8.1.5. dövlət və cəmiyyət qarşısında məsuliyyətini dərk etmək;

8.1.6. qanuna uyğun olaraq məxfilik qaydalarına əməl etmək;

8.1.7. Məktəbin əmlakına qayğı ilə yanaşmaq;

8.1.8. bu Nizamnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

8.2. Dəyişən heyətin aşağıdakı hüquqları vardır:

8.2.1. dövlət təhsil standartına uyğun keyfiyyətli təhsil almaq;

8.2.2. Məktəbin mövcud infrastrukturundan (tədris, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman komplekslərindən, tibb məntəqəsindən, yataqxanalardan, kitabxanalardan və s.) istifadə etmək;

8.2.3. insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

8.2.4. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;

8.2.5. Məktəbin elmi, ictimai, sosial və mədəni həyatında iştirak etmək;

8.2.6. elmi-praktik konfransların, seminarların, yığıncaqların və görüşlərin, habelə təhsil həyatı ilə bağlı digər tədbirlərin keçirilməsində iştirak etmək;

8.2.7. Elmi Şuraya seçmək və seçilmək;

8.2.8. bu Nizamnamədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

8.3. Daimi heyətdən olan professor-müəllim və elmi işçilərin vəzifələri aşağıdakılardır:

8.3.1. təhsil proqramlarının mənimsənilməsini təmin etmək;

8.3.2. ixtisas və elmi-pedoqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq;

8.3.3. elmi tədqiqatla məşğul olmaq, elmi tədqiqat işlərinin nəticələrindən Elmi Şuranın tövsiyəsi ilə tədris prosesində istifadə etmək və bu nəticələrin Daxili Qoşunların praktiki fəaliyyətində tətbiq olunmasına köməklik göstərmək;

8.3.4. dərslik və dərs vəsaitlərinin, tədrisin qabaqcıl forma və metodlarını təmin edən elmi-metodiki materialların işlənib hazırlanmasında, müasir texniki vasitələrin tətbiqində iştirak etmək;

8.3.5. Daxili Qoşunların struktur qurumlarında peşə hazırlığına metodiki köməklik göstərmək;

8.3.6. vətəndaşlıq və xidməti borcunu ləyaqətlə yerinə yetirmək, Məktəbin daxili qaydalarına əməl etməklə, başqalarına şəxsi nümunə olmaq;

8.3.7. dəyişən heyətdə fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik ruhunda tərbiyə etmək və əmək fəaliyyətinə hazırlamaq;

8.3.8. dəyişən heyəti elmi fəaliyyətə cəlb etmək;

8.3.9. şəxsi nümunəsi ilə dəyişən heyətdə Azərbaycan Respublikasının müstəqilliyinə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, cəmiyyətə hörmət hissləri aşılamaq;

8.3.10. pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;

8.3.11. dəyişən heyətin fərdi keyfiyyətlərini öyrənmək, onların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq, dərs tapşırıqlarının yerinə yetirilməsini və hərbi nizam-intizama riayət olunmasını tələb etmək;

8.3.12. dəyişən heyəti zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;

8.3.13. dəyişən heyətin müstəqil hazırlığına, tədris materiallarının onlar tərəfindən mənimsənilməsinə kömək göstərmək;

8.3.14. qanunla müəyyən olunmuş qaydada attestasiyadan keçmək;

8.3.15. bu Nizamnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

8.4. Daimi heyətdən olan professor-müəllim və elmi işçilərin aşağıdakı hüquqları vardır:

8.4.1. normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;

8.4.2. bu Nizamnaməyə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək;

8.4.3. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək;

8.4.4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

8.4.5. Məktəbdə vəzifə tutmaq, uyğun olduqda Elmi Şuraya və digər seçkili vəzifələrə seçmək və seçilmək;

8.4.6. əlavə təhsil almaq;

8.4.7. qanuna və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğun olaraq mükafatlandırılmaq və təltif olunmaq;

8.4.8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada Daxili Qoşunların əməli fəaliyyətini əks etdirən aidiyyəti materiallarla tanış olmaq;

8.4.9. qanunla müəyyən edilmiş qaydada müəssisə və təşkilatlarda əvəzçiliklə elmi və pedaqoji fəaliyyətlə məşğul olmaq;

8.4.10. bu Nizamnamədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

9. Maliyyə-təsərrüfat fəaliyyəti

9.1. Məktəb Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaitləri və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

9.2. Məktəb maddi dəyərlilərin, pul vəsaitlərinin vəziyyəti və istifadə edilməsi barədə Daxili Qoşunların müvafiq qurumları qarşısında hesabat verir, cari mühasibat uçotunu həyata keçirir.

9.3. Məktəbin maddi-tədris bazası müəyyən olunmuş ixtisaslar üzrə tədris planlarına, proqramlarına və müasir tədris metodikasına uyğun olaraq kursantların və dinləyicilərin hazırlığını təmin etmək üçün nəzərdə tutulmuş maddi və texniki vasitələr kompleksidir.

9.4. Məktəbin maddi-texniki bazasını torpaq sahələri, binalar, tikililər, müxtəlif qurğular, silah və hərbi texnika, hərbi-tədris əmlakı, laboratoriya avadanlığı, tədrisin texniki vasitələri, tədris-metodiki materiallar, elmi və bədii ədəbiyyat, xüsusi texnika, nəqliyyat vasitələri, avadanlıqlar, tədris-idman bazaları, təlim mərkəzi və digər hərbi obyektlər, habelə başqa qiymətli maddi-texniki təchizat vasitələri təşkil edir.

9.5. Məktəbin maddi-tədris bazası dövlət əmlakı hesab olunmaqla, səmərəli istifadə edilməlidir.

9.6. Daxili Qoşunlar Komandanının razılığı olmadan Məktəb tərəfindən istifadə edilən bina və qurğuların, torpaq sahələrinin xidməti təyinatının dəyişdirilməsinə icazə verilmir.

9.7. Məktəbin maddi-tədris bazasının inkişafı və təkmilləşdirilməsi Daxili Qoşunların Komandanı tərəfindən təsdiq edilən perspektiv planlar və Məktəbin rəisi tərəfindən təsdiqlənən illik planlar əsasında həyata keçirilir.

10. Beynəlxalq əməkdaşlıq

Məktəbin xarici əlaqələri və beynəlxalq əməkdaşlığı, həmçinin kadrların hazırlanması sahəsində beynəlxalq əməkdaşlığı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə xarici ölkələrin dövlət orqanları arasında bağlanmış sazişlər əsasında həyata keçirilir.