Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Bölmə V. Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti


Bölmə V. Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti
On dördüncü fəsil. Yetkinlik yaşına çatmayanların barəsində cinayət məsuliyyətinin və cəzasının xüsusiyyətləri
Maddə 84. Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti
84.1. Cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur.
84.2. Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.
Maddə 85. Yetkinlik yaşına çatmayanlara təyin edilən cəzanın növləri
85.1. Yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir:
85.1.1. cərimə;
85.1.2. ictimai işlər;
85.1.3. islah işləri;
85.1.4. müəyyən müddətə azadlıqdan məhrum etmə.
85.2. Cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayan məhkuma təyin edilir. Cərimə altı yüz manatadək miqdarda təyin edilir.
85.3. İctimai işlər səksən saatdan üç yüz iyirmi saatadək müddətə təyin olunur və yetkinlik yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti on beş yaşınadək şəxslər üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək şəxslər üçün isə gündə üç saatdan çox ola bilməz.
85.4. Yetkinlik yaşına çatmayan məhkumlara islah işləri iki aydan bir ilədək müddətə təyin edilir. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş miqdarda, beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur.
85.5. Azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayan məhkumlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayan məhkumlar cəzalarını aşağıdakı tərbiyə müəssisələrində çəkirlər:
85.5.1. yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar — ümumi rejimli tərbiyə müəssisələrində;
85.5.2. əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan oğlanlar — möhkəm rejimli tərbiyə müəssisələrində. (1, 45)
Maddə 86. Yetkinlik yaşına çatmayanlara cəza təyin edilməsi
86.1. Yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır.
86.2. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır.
Maddə 87. Tərbiyəvi xarakterli məcburi tədbirlərin məzmunu
87.1. Xəbərdarlıq yetkinlik yaşına çatmayana onun əməli nəticəsində vurulmuş ziyanın və bu Məcəllədə nəzərdə tutulmuş cinayətləri təkrar törətməyin nəticələrinin izah edilməsindən ibarətdir.
87.2. Nəzarətə götürmə valideynlərin və ya onları əvəz edən şəxslərin yaxud müvafiq icra hakimiyyəti orqanının üzərinə yetkinlik yaşına çatmayana tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək vəzifəsi qoyulmasından ibarətdir.
87.3. Vurulmuş ziyanı aradan qaldırmaq vəzifəsi yetkinlik yaşına çatmayanın əmlak vəziyyəti və müvafiq əmək vərdişlərinə malik olması nəzərə alınmaqla onun üzərinə qoyulur.
87.4. Asudə vaxtın məhdudlaşdırılması və yetkinlik yaşına çatmayanın davranışına xüsusi tələblərin qoyulması onun müəyyən yerlərə getməməsini, asudə vaxtdan istifadənin müəyyən formalarını, o cümlədən mexaniki nəqliyyat vasitələrinin idarə olunmamasını, günün müəyyən vaxtlarından sonra evdən kənarda olmamasını, müvafiq dövlət orqanının icazəsi olmadan başqa ərazilərə getməməsini nəzərdə tuta bilər. Yetkinlik yaşına çatmayana həmçinin təhsilini davam etdirmək və ya müvafiq icra hakimiyyəti orqanının köməyi ilə işə düzəlmək vəzifəsi də müəyyən edilə bilər. Bu tədbirlərdən başqa asudə vaxtın məhdudlaşdırılması və yetkinlik yaşına çatmayanın davranışına xüsusi tələblərin qoyulması digər tədbirləri də nəzərdə tuta bilər.
Maddə 88. Tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etmə
88.1. Yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər.
88.2. Yetkinlik yaşına çatmayanlara aşağıdakı tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər:
88.2.1. xəbərdarlıq;
88.2.2. valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq dövlət orqanının nəzarətinə vermək;
88.2.3. vurulmuş ziyanın aradan qaldırılması vəzifəsini həvalə etmək;
88.2.4. yetkinlik yaşına çatmayanın asudə vaxtını məhdudlaşdırmaq və onun davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmək.
88.3. Yetkinlik yaşına çatmayana eyni vaxtda bir neçə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Bu Məcəllənin 88.2.2 və 88.2.4-cü maddələrində nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqi müddəti bu tədbirləri təyin etmiş müvafiq dövlət orqanı tərəfindən müəyyən olunur.
88.4. Yetkinlik yaşına çatmayan tərbiyəvi xarakterli məcburi tədbirləri mütəmadi olaraq yerinə yetirmədikdə, müvafiq dövlət orqanının təqdimatı əsasında həmin tədbirlər ləğv edilir və materiallar yetkinlik yaşına çatmayanın cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəməyə göndərilir.
Maddə 89. Yetkinlik yaşına çatmayanın cəzadan azad edilməsi
89.1. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etməyə görə məhkum edilmiş yetkinlik yaşına çatmayan bu Məcəllənin 87.2-ci maddəsində nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməklə cəzadan azad oluna bilər.
89.2. Məhkəmə, az ağır cinayət törətməyə görə məhkum olunmuş yetkinlik yaşına çatmayanı yalnız belə şəxslər üçün nəzərdə tutulmuş qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsində və ya tibbi-tərbiyə müəssisəsində yerləşdirməklə cəzanın məqsədinə nail olmağı mümkün hesab edərsə, həmin şəxsi cəzadan azad edə bilər. Bu halda yetkinlik yaşına çatmayan göstərilən müəssisədə on səkkiz yaşına çatana qədər, lakin üç ildən artıq olmamaq şərti ilə saxlanılır.
89.3. Yetkinlik yaşına çatmayan islah olunduqda və bununla bağlı qeyd edilən tədbirin tətbiqinə zərurət aradan qalxdıqda, qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin və ya tibbi-tərbiyə müəssisəsinin müdiriyyətinin və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın birgə təqdimatına əsasən məhkəmə yetkinlik yaşına çatmayanın vaxtından əvvəl həmin müəssisədən buraxılması haqqında qərar qəbul edə bilər. (28)
Maddə 90. Yetkinlik yaşına çatmayanların şərti olaraq vaxtından əvvəl cəzadan azad edilməsi
90.0. İslah işlərinə və ya azadlıqdan məhrum etməyə məhkum edilmiş yetkinlik yaşına çatmayanlar barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, onlar:
90.0.1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra;
90.0.2. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını çəkdikdən sonra;
90.0.3. xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdən sonra tətbiq edilə bilər.
Maddə 91. Müddətin keçməsi
Yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilərkən, bu Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər yarıbayarı azaldılır.
Maddə 92. Məhkumluğun ödənilməsi müddətləri
92.0. Şərti məhkum etməyə görə məhkumluq istisna olmaqla, məhkumluğun bu Məcəllənin 83.3-cü maddəsində nəzərdə tutulmuş müddətləri cinayət törətmiş yetkinlik yaşına çatmayanlar üçün qısaldılır və aşağıdakı müddətlər keçdikdə məhkumluq ödənilmiş hesab edilir:
92.0.1. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzanın çəkilib qurtardığı gündən altı ay;
92.0.2. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən bir il;
92.0.3. ağır və ya xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən üç il keçdikdə. (101)