Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Bölmə IV. Cinayət məsuliyyətindən və cəzadan azad etmə


Bölmə IV. Cinayət məsuliyyətindən və cəzadan azad etmə
On birinci fəsil. Cinayət məsuliyyətindən azad etmə
Maddə 72. Səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etmə
72.1. İlk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər.
72.2. Başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilə bilər.
Maddə 73. Zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə
İlk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər.
Maddə 74. Şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə
Şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər.
Maddə 75. Müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə (5)
75.1. Cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz:
75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə;
75.1.2. az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə;
75.1.3. ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə;
75.1.4. xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə.
75.2. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır.
75.3. Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur.
75.4. Ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayəti törətmiş şəxs barəsində müddətin tətbiq olunması məsələsi məhkəmə tərəfindən həll edilir. Məhkəmə, müddətin keçməsi ilə bağlı bu şəxsin cinayət məsuliyyətindən azad olunmasını mümkün hesab etmədikdə, həmin şəxsə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edə bilməz.
75.5. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur.(3, 7, 90)
On ikinci fəsil. Cəzadan azad etmə
Maddə 76. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə
76.1. Məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər.
76.2. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edərkən, məhkəmə məhkumun üzərinə, bu Məcəllənin 70.5-ci maddəsində nəzərdə tutulmuş və cəzanın çəkilməmiş müddəti ərzində onun tərəfindən icra edilməli olan vəzifələr qoya bilər.
76.3. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum:
76.3.1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını;
76.3.2. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini;
76.3.3. ağır və ya xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər.
76.4. Azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz.
76.5. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir.
76.6. Cəzanın çəkilməmiş hissəsi ərzində məhkum:
76.6.1. cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq olunarkən məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən mütəmadi, yaxud qərəzli olaraq boyun qaçırdıqda və ya ictimai qaydanı pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, bu Məcəllənin 76.5-ci maddəsində göstərilən orqanların təqdimatı əsasında məhkəmə şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və cəzanın çəkilməmiş hissəsinin icra olunması haqqında qərar çıxara bilər;
76.6.2. ehtiyatsızlıqdan cinayət törətdikdə, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir;
76.6.3. qəsdən cinayət törətdikdə, məhkəmə ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Ehtiyatsızlıqdan cinayət törədildiyi və məhkəmə tərəfindən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edildiyi halda da cəza həmin qaydalar üzrə təyin olunur. (61)
Maddə 77. Cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə
77.1. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzasını çəkdiyi dövrdə davranışını nəzərə alaraq, məhkəmə cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər. Bu halda şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər.
77.2. Cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəza müddətinin ən azı üçdə bir hissəsi çəkildikdən sonra tətbiq edilə bilər.
77.3. Cəzanın çəkilməmiş hissəsinin əvəz edilməsi zamanı məhkəmə bu Məcəllənin 42-ci maddəsində nəzərdə tutulmuş istənilən daha yüngül cəza növünü, hər cəza növü üçün bu Məcəllə ilə müəyyən edilmiş həddə seçə bilər.
Maddə 78. Xəstəliyə görə cəzanı çəkməkdən azad etmə
78.1. Cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs qanuni qüvvəyə minmiş hökmlə təyin edilmiş cəzadan və ya cəzanın qalan hissəsini çəkməkdən azad olunur. Belə şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.
78.2. Cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər.
78.3. İntizam xarakterli hərbi hissədə saxlama növündə cəza çəkən hərbi qulluqçular, onların hərbi xidmətə yararsız hesab edilməsinə səbəb olan xəstəliklərə düçar olduqda, cəzanın qalan hissəsini çəkməkdən azad edilirlər. Belə hallarda məhkəmə həmin şəxslərə (onkoloji xəstəliyin terminal mərhələsində olan şəxslər istisna olmaqla) cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər.
78.4. Bu Məcəllənin 78.1 və 78.2-ci maddələrində göstərilən şəxslər sağaldıqları halda, bu Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər keçməmişdirsə, cinayət məsuliyyətinə və cəzaya məruz qala bilərlər. (32, 101)
Maddə 79. Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması
79.1. Şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya səkkiz yaşına qədər uşağı olan qadınlar, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq səkkiz yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.
79.2. Bu Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər.
79.3. Uşaq səkkiz yaşına çatdıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir, yaxud məhkum edilmiş şəxsi cəzanın qalan hissəsini çəkmək üçün müvafiq müəssisəyə göndərir.
79.4. Cəzaçəkmənin təxirə salındığı müddətdə məhkum edilmiş şəxs yeni cinayət törətdikdə, məhkəmə ona bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. (42)
Maddə 80. İttiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad etmə
80.1. Məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən aşağıdakı müddətlərdə icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur:
80.1.1. böyük ictimai təhlükə törətməyən cinayətə görə məhkum edilərkən iki il keçdikdə;
80.1.2. az ağır cinayət törətməyə görə məhkum edilərkən yeddi il keçdikdə;
80.1.3. ağır cinayət törətməyə görə məhkum edilərkən on iki il keçdikdə;
80.1.4. xüsusilə ağır cinayət törətməyə görə məhkum edilərkən iyirmi il keçdikdə.
80.2. Məhkum edilmiş şəxs cəzanı çəkməkdən boyun qaçırdıqda, icra müddətinin axımı dayanır. Bu halda icra müddətinin axımı həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur.
80.3. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxs barəsində icra müddətinin tətbiq olunması məsələsini məhkəmə həll edir. Məhkəmə icra müddətini tətbiq etməyi mümkün saymadıqda, həmin cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilir.
80.4. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur.(3, 7, 90)
On üçüncü fəsil. Amnistiya. Əfv etmə. Məhkumluq
Maddə 81. Amnistiya
81.1. Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir.
81.2. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.
Maddə 82. Əfvetmə
82.1. Əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
82.2. Cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər.
82.3. Ömürlük azadlıqdan məhrum etmə cəzası əfv qaydasında iyirmi beş ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər.
82.4. Əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.
Maddə 83. Məhkumluq
83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.
83.2. Cəzadan azad edilmiş şəxs məhkumluğu olmayan hesab edilir.
83.3. Aşağıdakı hallarda:
83.3.1. şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda;
83.3.2. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə;
83.3.3. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən üç il keçdikdə;
83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə;
83.3.5. xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.
83.4. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.
83.5. Şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl onun üzərindən götürə bilər.
83.6. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.