Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Bölmə II. Cinayət haqqında


Bölmə II. Cinayət haqqında
Üçüncü fəsil. Cinayət anlayışı və cinayətlərin təsnifatı
Maddə 14. Cinayət anlayışı
14.1. Bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır.
14.2. Cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir.
Maddə 15. Cinayətlərin təsnifatı
15.1. Bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür.
15.2. Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur.
15.3. Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.
15.4. Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.
15.5. Bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. (3)
Maddə 16. Cinayətlərin təkrar törədilməsi
16.1. Bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir.
16.2. Bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir.
16.3. Əvvəllər törətdiyi cinayətə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətindən azad olunmuş, yaxud məhkumluğu götürülmüş və ya ödənilmiş şəxs tərəfindən həmin cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir.
Maddə 17. Cinayətlərin məcmusu
17.1. Bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır.
17.2. Bir hərəkətlə (hərəkətsizliklə) bu Məcəllənin iki və daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və daha çox cinayətin törədilməsi cinayətlərin ideal məcmusunu yaradır.
17.3. Şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir.
17.4. Bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur.
Maddə 18. Cinayətlərin residivi və onun növləri
18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.
18.2. Cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır:
18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda;
18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə.
18.3. Cinayətlərin residivi aşağıdakı hallarda xüsusilə təhlükəli sayılır:
18.3.1. qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda;
18.3.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə;
18.3.3. qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə.
18.4. Bu Məcəllənin 83-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, habelə on səkkiz yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır.
18.5. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir.(3)
Dördüncü fəsil. Cinayət məsuliyyətinə cəlb edilməli olan şəxslər
Maddə 19. Cinayət məsuliyyətinin ümumi şərtləri
Bu Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilir.
Maddə 20. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi
20.1. Cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir.
20.2. On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir.
20.3. İctimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman bu Məcəllənin 20.1 və 20.2-ci maddələrində nəzərdə tutulmuş yaş həddinə çatmamış şəxslər barəsində görülən tədbirlər və həmin tədbirlərin tətbiqi qaydası müvafiq qanunla müəyyən edilir. (3, 11)
Maddə 21. Anlaqsızlıq
21.1. İctimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir.
21.2. Anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.
21.3. Anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.
Maddə 22. Anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxsin cinayət məsuliyyəti
22.1. Anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir.
22.2. Anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər.
Maddə 23. Sərxoş halda törədilmiş cinayətə görə məsuliyyət
Səbəbindən asılı olmayaraq (alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində) sərxoş halda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad olunmur.
Beşinci fəsil. Təqsir
Maddə 24. Təqsirin formaları
24.1. Əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır.
24.2. Ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır.
Maddə 25. Cinayətin qəsdən törədilməsi
25.1. Birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır.
25.2. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur.
25.3. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur.
Maddə 26. Cinayətin ehtiyatsızlıqdan törədilməsi
26.1. Cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır.
26.2. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur.
26.3. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur.
Altıncı fəsil. Başa çatmayan cinayət
Maddə 27. Başa çatmış və başa çatmayan cinayət
27.1. Şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur.
27.2. Cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur.
27.3. Başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir.
Maddə 28. Cinayətə hazırlıq
28.1. Cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur.
28.2. Yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət məsuliyyətinə səbəb olur.
Maddə 29. Cinayət etməyə cəhd
Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.
Maddə 30. Cinayət törətməkdən könüllü imtina etmə
30.1. Cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edən şəxs tərəfindən cinayətə hazırlıq hərəkətlərinin və ya bilavasitə cinayət törətməyə yönəldilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) dayandırılması, cinayəti törətməkdən könüllü imtina etmə sayılır.
30.2. Cinayəti başa çatdırmaqdan könüllü olaraq qəti imtina edən şəxs cinayət məsuliyyətinə cəlb olunmur.
30.3. Cinayəti başa çatdırmaqdan könüllü imtina edən şəxs yalnız o halda cinayət məsuliyyətinə cəlb olunur ki, onun törətdiyi əməldə başqa bir cinayətin tərkibi olsun.
30.4. Cinayətin təşkilatçısı və cinayətə təhrikçi müvafiq dövlət hakimiyyəti orqanlarına vaxtında məlumat verməklə və ya digər tədbirlər görməklə icraçı tərəfindən cinayətin başa çatdırılmasını aradan qaldırdıqları halda, cinayət məsuliyyətinə cəlb olunmurlar. Köməkçi, bilavasitə cinayət törətməyə yönəlmiş əməllər başlananadək icraçıya qabaqcadan vəd olunmuş köməkdən imtina etmişdirsə və ya artıq göstərilmiş köməyin nəticələrini aradan qaldırmışdırsa, cinayət məsuliyyətinə cəlb olunmur.
30.5. Təşkilatçı və ya təhrikçi bu Məcəllənin 30.4-cü maddəsi ilə nəzərdə tutulan hərəkətləri ilə icraçı tərəfindən cinayətin törədilməsinin qarşısını ala bilmədikdə, məhkəmə cəza təyin edərkən onların hərəkətlərini yüngülləşdirici hal hesab edə bilər.
Yeddinci fəsil. Cinayətdə iştirakçılıq
Maddə 31. İştirakçılıq
İki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır.
Maddə 32. İştirakçılığın növləri
32.1. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar.
32.2. Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır.
32.3. Cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır.
32.4. Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır.
32.5. Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. (55)
Maddə 33. Cinayətin iştirakçılarının məsuliyyəti
33.1. Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir.
33.2. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər.
33.3. Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər.
33.4. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin xüsusi subyekti olmayan və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində iştirak edən şəxs, həmin cinayətə görə onun təşkilatçısı, təhrikçisi və köməkçisi qismində məsuliyyətə cəlb olunur.
33.5. İcraçı, onun iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilmədikdə, digər iştirakçılar cinayətə hazırlıqda və ya cinayət etməyə cəhddə iştirakçılığa görə cinayət məsuliyyətinə cəlb edilirlər. Öz iradəsindən asılı olmayan səbəblərdən başqa şəxsləri cinayətin törədilməsinə təhrik etməyə nail olmayan şəxs də cinayətə hazırlığa görə cinayət məsuliyyətinə cəlb edilir.
Maddə 34. Cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi
34.1. Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur.
34.2. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur.
34.3. Bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur.
34.4. Ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi məqsədi ilə sabit mütəşəkkil cinayətkar qrupun yaradılması və ya eyni məqsədlərlə iki və ya daha çox mütəşəkkil cinayətkar qrupun sabit birliyi cinayətkar birlik (cinayətkar təşkilat) hesab olunur.
34.5. Cinayətkar birliyin (cinayətkar təşkilatın) məqsədlərinin yerinə yetirilməsi ilə əlaqədar belə birliyin (təşkilatın) üzvü (üzvləri) tərəfindən, habelə cinayətkar birliyin (cinayətkar təşkilatın) tapşırığı ilə həmin birliyin üzvü (üzvləri) olmayan şəxs (şəxslər) tərəfindən törədilən cinayət, cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayət hesab olunur.
34.6. Mütəşəkkil dəstə və ya cinayətkar birlik yaratmış, yaxud onlara rəhbərlik etmiş şəxs bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələri ilə nəzərdə tutulan hallarda onları yaratmağa və rəhbərlik etməyə görə, habelə mütəşəkkil dəstənin və ya cinayətkar birliyin törətdiyi, bu şəxsin niyyəti ilə əhatə olunan bütün cinayətlərə görə məsuliyyət daşıyır. Mütəşəkkil dəstənin və ya cinayətkar birliyin digər üzvləri həmin cinayətlərdə iştirakına görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş hallarda, habelə hazırlanmasında və ya törədilməsində iştirak etdikləri cinayətlərə görə cinayət məsuliyyəti daşıyırlar.
34.7. Bu Məcəllənin Xüsusi hissəsinin maddələri ilə nəzərdə tutulmayan hallarda mütəşəkkil dəstənin yaradılması onun törədəcəyi cinayətə hazırlığa görə cinayət məsuliyyətinə səbəb olur.
34.8. Bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur.
Maddə 35. Ümumi niyyətdən kənara çıxan cinayətin törədilməsi (icraçının ekstsessi)
35.1. İcraçı tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin törədilməsi, icraçının ekstsessi hesab olunur.
35.2. İcraçının ekstsessinə görə cinayətin digər iştirakçıları cinayət məsuliyyətinə cəlb edilə bilməzlər.
Səkkizinci fəsil. Əməlin cinayət olmasını aradan qaldıran hallar
Maddə 36. Zəruri müdafiə
36.1. Zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır.
36.2. Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur.
36.3. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir.
Maddə 37. Cinayət törətmiş şəxs tutularkən ona zərər vurulması
37.1. Cinayət törətmiş şəxsin səlahiyyətli dövlət hakimiyyəti orqanlarına gətirilməsi və ya yeni cinayətlər törətməsinin qarşısının alınması məqsədi ilə tutulduğu zaman ona zərər yetirilməsi, əgər həmin məqsəd üçün bütün digər təsir imkanlarından istifadə lazımi nəticə verməmişsə və bunun üçün zəruri olan tədbirlərin həddi aşılmamışdırsa, cinayət sayılmır.
37.2. Cinayət törətmiş şəxsin tutulması üçün tətbiq edilən vasitələrin və üsulların törədilmiş əməlin və həmin əməli törətmiş şəxsin ictimai təhlükəlilik dərəcəsinə, habelə tutulmanın hallarına aşkar surətdə uyğun gəlməməsi və zərurət olmadan şəxsə açıq-aşkar həddən artıq zərər vurulması şəxsin tutulması üçün zəruri olan tədbirlərin həddini aşmaq hesab olunur. Həddi bu qaydada aşma, yalnız qəsdən zərər vurulduqda cinayət məsuliyyətinə səbəb olur.
Maddə 38. Son zərurət
38.1. Son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxslərin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini bilavasitə qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün bu Məcəllə ilə qorunan obyektlərə zərər vurmaq yolu ilə törədilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni başqa vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, cinayət sayılmır.
38.2. Baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə həmin təhlükənin aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər vurulması və vurulmuş zərərin qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olması son zərurət həddini aşma sayılır. Son zərurət həddini bu qaydada aşma, yalnız qəsdən zərər vurulduqda cinayət məsuliyyətinə səbəb olur.
Maddə 39. Əsaslı risq
39.1. İctimai faydalı məqsədə nail olmaq üçün əsaslı risq nəticəsində bu Məcəllə ilə qorunan obyektlərə zərər vurulması cinayət sayılmır.
39.2. Göstərilən məqsədə risq ilə əlaqədar olmayan hərəkətlə (hərəkətsizliklə) nail olmaq mümkün deyildirsə və risq edən şəxs bu Məcəllə ilə qorunan obyektlərə zərər dəyməsini aradan qaldırmaq üçün zəruri tədbirləri görmüşdürsə, risq əsaslı hesab edilir.
39.3. Bilə-bilə insanların həyatı üçün təhlükə ilə, ekoloji və ya digər fəlakət təhlükəsi ilə müşayiət olunan risq əsaslı hesab edilmir.
Maddə 40. Əmrin və ya sərəncamın yerinə yetirilməsi
40.1. Müəyyən edilmiş qaydada verilmiş və icrası şəxs üçün məcburi olan əmr və ya sərəncamı yerinə yetirərkən həmin şəxs tərəfindən bu Məcəllə ilə qorunan obyektlərə zərər vurulması cinayət sayılmır. Belə zərərə görə qanunsuz əmr və ya sərəncam vermiş şəxs cinayət məsuliyyəti daşıyır.
40.2. Bilə-bilə qanunsuz əmri və ya sərəncamı yerinə yetirməklə qəsdən cinayət törətmiş şəxs ümumi əsaslarla cinayət məsuliyyətinə cəlb olunur.
40.3. Qanunsuz əmr və ya sərəncamın yerinə yetirilməməsi cinayət məsuliyyətinə səbəb olmur.