Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2015-ci ilin 1-ci yarımili üzrə təhlil


2015-cü ilin 1-ci yarımilliyində cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının fəaliyyətinin nəticələrinə dair təhlil

Azərbaycan Respublikasında uğurla davam etdirilən strateji inkişaf kursunun və hərtərəfli islahatların məntiqi nəticəsi olaraq ölkədə dinamik sosial-iqtisadi tərəqqini təmin edən ictimai asayiş və sabitlik 2015-ci ilin birinci yarısında da etibarlı qorunmuşdur. Vətəndaşların və dövlətin qanuni mənafelərinin cinayətkar qəsdlərdən müdafiəsi sahəsində digər hüquq mühafizə orqanları ilə birgə həyata keçirilən tədbirlərlə respublikada əməliyyat şəraitinə nəzarət bütövlükdə təmin edilmişdir.
Hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 13533 (2014-cü ilin müvafiq dövrü ilə müqayisədə +1302 və ya +10,6%) cinayət qeydə alınmışdır. Onların 86,9 %-i və ya 11757-i daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olmuşdur. Bu cinayətlərin 84,9 faizini böyük ictimai təhlükə törətməyən (3400) və az ağır (6580), yalnız 15,1%-ni (1777) ağır və  xüsusilə ağır cinayətlər təşkil etmişdir.
Qeydə alınmış cinayətlərin strukturunda 2325-i (2014-cü ilin 1-ci yarımilliyi ilə müqayisədə 105 və ya 4,7% çox) şəxsiyyət əleyhinə, 5381-i (+456; +9,3%) iqtisadi sahədə törədilən, onlardan 5305-i (+446; +9,2%) mülkiyyət əleyhinə, 3689-u (-1, sabit) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə,  361-i (-30; -7,7%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.
Cinayətlərin açılması da yüksək olmaqla 84,3% təşkil etmişdir. Əvvəlki illərdə olduğu kimi əməliyyat-axtarış tədbirləri və prosessual fəaliyyət zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpasına  xidmət etmişdir.
 Uğurlu tədbirlərin nəticəsi olaraq, qeyri-aşkar şəraitdə baş vermiş ağır və xüsusilə ağır cinayətlərin açılması yaxşılaşmaqla (+1,1%) 72,1 faizə yüksəlmişdir.
Həyata keçirilən profilaktik tədbirlərlə şəxsiiyət əleyhinə olan cinayətlərin strukturunda qəsdən adam oldürməyə cəhdlər  12,8%(-5, 39-34), qəsdən sağlamlığa ağır zərər vurmalar 13,7% (-25, 183-158), xuliqanlıqlar 3,2 % (-17, 535-518) azalmışdır.
Analoji tendensiya ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlərdən, yol-nəqliyyat hadisələrinin sayında 14,1% (-171, 1216-1045), YNH-də həlak olanların sayında 20,5% (-105, 512-407), xəsarət alanların sayında 9,5% (-117, 1234-1117) müşahidə olunur.
  Mülkiyyət əleyhinə cinayətlərdən dələduzluq 437 (+34,1%; 1717-1280), oğurluq 29 (+1%;3041-3012), soyğunçuluq 21(+17,1%; 144-123), quldurluq ilə bağlı cinayətlər 18 (+26,5%; 86-68) fakt artmışdır.
Transmilli mütəşəkkil cinayətlərdən olan narkotiklərin qanunsuz dövriyyəsinə  və insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər məqsədyönlü olmuşdur.
Narkotiklərlə əlaqədar 1807 cinayət, o cümlədən satışı ilə bağlı 478 fakt müəyyən edilmiş, 77 nəfərdən ibarət 22 cinayətkar qrup zərərsizləşdirilmişdir. Qanunsuz dövriyyədən 432 kiloqrama yaxın narkotik vasitə çıxarılmışdır.
Bu cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1257 nəfərdən 1115-i (88,7%) əmək qabiliyyətli işləməyən və oxumayan, 466-ı (37,1%) əvvəllər cinayət törətmiş şəxs, 15-i (1,2%) qadınlardır.
İnsan alverinə qarşı ardıcıl şəkildə həyata keçirilən əməliyyat tədbirləri ilə 80 cinayət müəyyən olunmuşdur. Həmin faktlar əsasında başlanmış cinayət işləri üzrə 11 nəfər məhkəmə məsuliyyətinə verilmiş və bu əməllərin qurbanı olmuş 25 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilmişdir.  
Görülmüş tədbirlər nəticəsində daxili işlər orqanları tərəfindən keçmiş illərdən bağlı qalmış 217, o cümlədən 53 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.
Təqsirləndirilən şəxslərin axtarışı işinin nəticələri 0,4% yaxşılaşaraq istintaqdan və məhkəmələrdən yayınan 1184 nəfər tutulmuşdur. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarış verilmiş 50 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 25 şəxsin yeri myəyyən olunmuşdur. Ümumilikdə, axtarılanların 52,7 faizinin tutulması təmin edilmişdir.
Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə ağır və xüsusilə ağır cinayətlər törətmiş 455 nəfərdən ibarət 142 qrup və mütəşəkkil dəstə zərərsizləşdirilmişdir. Qanunsuz olaraq odlu silah saxlama və daşıma ilə bağlı 68 nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdur.
Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini istiqamətində həyata keçirilən davamlı tədbirlərlə müxtəlif cinayətlər törətmiş 6522 nəfər, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 1162 şəxs məhkəmə məsuliyyətinə cəlb edilmişdir.

                                                 Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi