Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Müraciətlərə baxılma müddəti


5.1. Müraciət üzrə 3 gün müddətində aşağıda göstərilən qərarlardan biri qəbul edilməlidir:

            -  müraciət baxılması üçün icraata qəbul edilir;

           - müraciət aidiyyəti üzrə baxılması üçün tabelikdə olan və ya başqa daxili işlər orqanlarına göndərilir;

           - əvvəllər daxil olmuş müraciətə əlavə edilir.

           Müraciətdə qaldırılan məsələlər daxili işlər orqanlarının səlahiyyətinə aid olmadıqda  5 gündən gec olmayaraq aidiyyəti orqana göndərilməlidir (şəxsi qəbul zamanı isə aidiyyəti orqana müraciət etmək hüququ vətəndaşa izah edilməlidir).          

            Müraciətin digər daxili işlər orqanına və yaxud başqa təşkilata göndərilməsi haqda ərizəçiyə məlumat verilməlidir.

5.2. Müraciətdə daxili işlər orqanlarının səlahiyyətinə aid olan məqamlarla yanaşı digər təşkilatlar tərəfindən həll edilməli məsələlər qaldırıldığı halda 5 gündən gec olmayaraq həmin təşkilata müraciətin surəti və ya ondan çıxarış göndərilir və bu barədə müraciət edənə məlumat verilir.

5.3. Müraciətə 1 ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə isə ən geci 15 gün ərzində baxılmalıdır. Daxili işlər orqanının rəhbəri müraciətin baxılma müddətini qısalda bilər.

            Müraciətə baxılması üçün xüsusi yoxlama keçirmək, əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldikdə, orqanın rəhbəri tərəfindən müraciətə baxılma müddəti müstəsna hallarda 1 ayadək uzadıla bilər. Bu barədə müraciət edən vətəndaşa, müraciətin baxılması yuxarı orqan tərəfindən nəzarətdə saxlandıqda isə həmin orqana rəsmi surətdə yazılı məlumat verilməlidir.

            Müraciətə baxılma müddətinin sonuncu günü iş günü hesab edilməyən bayram və ya istirahət gününə düşdükdə, ondan sonrakı iş günü baxılma müddətinin bitdiyi gün sayılır.

5.4. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətinə daxil olduğu gündən etibarən ən geci 15 gün ərzində baxılır.

5.5. Azərbaycan Respublikası Milli Məclisi deputatının daxili işlər orqanına fərdi qaydada etdiyi rəsmi sorğuya 1 ay müddətində, seçicilərinin ərizə və şikayətləri əsasında müraciətinə isə 15 gündən gec olmayaraq cavab verilməlidir.

5.6. Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq baxılmalıdır.

5.7. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciət daxil olduqda, daxili işlər orqanının rəhbəri tərəfindən müraciət üzrə təyin edilmiş xidməti yoxlama 20 gün müddətində başa çatdırılmalı və nəticəsi daxili işlər orqanının rəhbərinə təqdim olunmalıdır. Əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda daxili işlər orqanın rəhbəri tərəfindən bu müddət daha 10 gün uzadıla bilər.

5.8. Müraciətin baxılıb həll olunma müddəti onun orqana daxil olduğu gündən müraciət edənə yazılı cavab göndərilən günədək hesablanır.

Vətəndaşların müraciətləri üzrə verilən cavablar yalnız “Göndərilən sənədlərin qeydə alınması jurnalı”nda müvafiq sıra nömrəsinin qarşısına şikayətlərin qeydiyyat nömrəsi əlavə edilməklə aparılmalıdır (məs.: 1/57-A 36, 1/85-C 11, 1/90-Kol-44).