Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Müraciətlərə baxılma qaydası


4.1. Daxili işlər orqanlarının vəzifəli şəxsləri öz səlahiyyətləri daxilində vətəndaşların müraciətlərinə  baxarkən:

            - onların mahiyyətini diqqətlə öyrənməli, zəruri olduqda lazımi sənədləri tələb etməli,  müraciətdə göstərilən xüsusatların tam və hərtərəfli yoxlanılmasını, qaldırılan məsələlərin obyektiv həllini, onlara qanunla müəyyən edilmiş müddətdə baxılmasını təmin etməli, şikayəti doğurmuş səbəblərin aşkar edilib aradan qaldırılması, habelə məsələnin həlli üçün başqa tədbirlər görməlidirlər;

            - müraciətlərə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı şəkildə məlumat verməli, onlar təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər;

            - müraciətlərlə bağlı  əsaslandırılmış qərarların qəbul edilməsi və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər;

            - vətəndaşların müraciətlərinə baxılması vəziyyətini müntəzəm olaraq yoxlamalı, təkrar ərizə və şikayətlərin verilməsi səbəbləri təhlil edilərək aradan qaldırılması üçün tədbirlər görməlidirlər.

4.2. Müraciətlərin yoxlanılmasına yüksək ixtisaslı mütəxəssislər, dövlət və ya yerli özünüidarəetmə orqanlarının nümayəndələri cəlb edilə bilərlər.

4.3. Müraciətin yoxlanılmasının nəticələri üzrə arayış, vətəndaşların qanuni hüquq və mənafelərinin pozulması, daxili işlər orqanlarının fəaliyyətində nöqsan və çatışmazlıqlar, vəzifəli şəxslərin vəzifədən sui-istifadə halları müəyyən edildikdə isə, müvafiq  rəy tərtib edilir.

Rəydə vətəndaşların pozulmuş hüquq və mənafelərinin bərpa edilməsi, nöqsan və qüsurların aradan qaldırılması, həmçinin təqsirkar şəxslər barədə görülmüş və yaxud görülməli tədbirlər əks etdirilir. Rəy yoxlamanı keçirən şəxs tərəfindən imzalanır, bilavasitə rəis ilə razılaşdırıldıqdan sonra DİN-in mərkəzi aparatında müvafiq xidmətin rəisi, ərazi strukturlarında isə orqanın rəhbəri tərəfindən təsdiq edilir.

4.4. Müraciət üzrə vəzifəli şəxsin qəbul etdiyi qərarın vaxtında və düzgün yerinə yetirilməsi məqsədilə, müvafiq xidmət tərəfindən bu iş nəzarətdə saxlanılaraq icrası təmin olunmalıdır.

4.5. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatından, Azərbaycan Respublikasının Milli Məclisindən, Nazirlər Kabinetindən göndərilən müraciətlərin baxılması həmin orqanlar tərəfindən nəzarətdə saxlandıqda, müraciət daxili işlər orqanlarında xüsusi nəzarətə götürülür.

4.6. Qəzet, televiziya, radio redaksiyalarından, başqa kütləvi informasiya vasitələrindən daxil olan müraciətlərə, habelə araşdırılması zəruri olan dərc edilmiş materiallara bu Təlimatla nəzərdə tutulmuş qaydada baxılır.

4.7. Vətəndaşların təklif, ərizə və şikayətlərində qaldırılan məsələlər araşdırılıb qüvvədə olan qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görüldükdə və buna müvafiq əsaslandırılmış yazılı cavab verildikdə, o cümlədən aşağıdakı hallarda müraciətlər mahiyyəti üzrə baxılmış hesab edilir:

4.7.1. müraciət tam və ya qismən təmin edildikdə və daxili işlər orqanlarının səlahiyyətinə aid məsələlər üzrə müvafiq tədbirlər görüldükdə;

4.7.2. müraciətin təmin edilməsi mümkün olmadıqda və ya əvvəllər baxılmış müraciət üzrə qəbul olunmuş qərar təsdiq edildikdə;

4.7.3. Müraciətdə qaldırılan məsələlərin baxılması daxili işlər orqanlarının səlahiyyətlərindən kənar olduqda və onun həlli qaydaları barədə müraciət edənə məlumat verildikdə.

4.8. Müraciətlə bağlı vətəndaşa cavab məktubu, bir qayda olaraq, Daxili İşlər Nazirliyinin mərkəzi aparatında müvafiq xidmətin, yerlərdə isə şəhər-rayon-xətt polis orqanlarının rəisləri tərəfindən imzalanır.

4.9. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına, Azərbaycan Respublikasının Milli Məclisinə, Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) yazılmış cavab məktubları yalnız Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən imzalanır.

Daxili İşlər Nazirliyinin tabeliyində olan orqan və hissələrə yuxarıda göstərilən dövlət orqanlarından birbaşa daxil olmuş müraciətlərə həmin orqan və hissələrin rəhbərləri tərəfindən cavab məktubları imzalana bilər.

4.10. Müraciətə baxılmasına dair vətəndaşa göndərilən cavab məktubu aidiyyəti xidmətin və ya orqanın müvafiq blankında çap edilir. Cavab məktubunun mətni sadə və aydın dildə yazılmalı, orqan və xidmətlərin qısaldılmış adlarından (DİN, FHN, BCAİ, BİsTİ, BİTİ və s.) mümkün qədər  istifadə olunmamalıdır. Qanunvericilik aktlarının müvafiq maddələrinə istinad edildikdə, onların qısa məzmunu və ya izahı verilməlidir.  Cavab məktublarında səhvlərə və düzəlişlərə yol verilməməlidir.

Kollektiv müraciətlərə cavab məktubu onları imzalamış birinci şəxsin adına və ünvanına göndərilir və məktubda “kollektiv müraciətə baxılması” xüsusi qeyd olunur.

4.11. Vətəndaşların müraciətləri icraçılar tərəfindən mahiyyəti üzrə baxıldıqdan sonra həmin müraciətlər, onlara dair toplanmış materiallar və qeydiyyat-nəzarət vərəqələri kargüzarlıq işinin aparılması və müvafiq kartotekaların mərkəzləşdirilmiş şəkildə formalaşdırılması məqsədilə kargüzarlıq işini aparan vəzifəli şəxslərə qaytarılmalıdır.

4.12. Müraciətlərinə baxılması ilə əlaqədar vətəndaşlar aşağıdakı hüquqlara malikdirlər:

-  əlavə sənədlər təqdim etmək;

- dövlət sirri təşkil edən və ya daxili işlər orqanlarının xidməti fəaliyyətdə istifadəsi üçün nəzərdə tutulan məlumatları əks etdirməyən, habelə digər şəxslərin mənafelərinə toxunmayan  yoxlama materialları ilə tanış olmaq və müvafiq qeydlər aparmaq;

-  müraciətinə baxılmasının dayandırılmasına dair ərizə və teleqramla müraciət etmək;

- müraciətinin hərtərəfli, tam və obyektiv araşdırılmaması ilə bağlı yuxarı orqana və ya məhkəməyə şikayət etmək.