Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Baş Cinayət Axtarışı İdarəsi


Azərbaycanın ərazisində cinayətlərin açılması, cinayətkarların müəyyən edilməsi və tutulması, kriminal elementlərin aşkar edilməsi üzrə işin aparılmasını həyata keçirən Axtarış Polisi Xidməti 20-ci əsrin əvvələrində Polis Departamentinin strukturunda yaradılmışdı.

1918-ci ildə suveren Azərbaycan Respublikası Nazirlər Şurasının sədri Fətəli Xan Xoyski bu xidmətin həll etdiyi vəzifələrin demokratik islahatlar dövründə xüsusilə mühüm əhəmiyyət kəsb etməsini qeyd etmişdir.
1921-ci ilin yanvar ayında xidmətin adı dəyişdirilərək Cinayət-Axtarışı İdarəsi adlandırılmış və onun Əsasnaməsi təsdiq edilmişdir.

Xidmətin funksiyalarını cinayətkarların axtarışı, yaxalanması və qeyri-aşkar şəraitdə baş vermiş cinayətlərin açılması üzrə əməliyyat tədbirlərinin həyata keçirilməsi təşkil edirdi.

İkinci Dünya Müharibəsi illərində Azərbaycanın cinayət-axtarış aparatı əməkdaşlarının böyük hissəsi milisin digər xidmətlərindən olan həmkarları ilə birgə döyüşən orduda qəhrəmancasına vuruşmuşdur. Xidmətlərini davam etdirən əməkdaşlar işini mürəkkəb şəraitdə davam etdirir, cinayətkarlığa qarşı mübarizə aparmaqla bərabər, həyatəhəmiyyətli obyektlərdə təhlükəsizliyi təmin edir, təxribatçıları zərərsizləşdirirdilər və s. funksiyaları həyata keçirirdilər.

Müharibədən sonrakı illərdə cinayət axtarışı xidməti quldur dəstələrinin zərərsizləşdirilməsi, odlu silahın yığılması, kriminal elementlərin qeydiyyatının təşkili, yetim qalmış uşaqlar arasında nəzarətsizliyinin qarşısının alınması üzrə vacib funksiyaları da yetirilmişdir.

Cinayət-axtarışı özünun təkamülü prossesində tədricən hüquqpozmaların profilaktikasının təşkili, cinayətkarlıqla mübarizə üzrə kompleks vəzifələri həll edən çoxfunksiyalı operativ xidmətə çevrilirdi.

Onun tərkibinə milis sahə inspektorları, yetkinlik yaşına çatmayanların işləri üzrə inspeksiyalar, mütəşəkkil cinayətkarlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə hissələri də daxil idi.

Sonrakı illərdə bu hissələrin bazasında müstəqil qurumlar yaradılmış və hazırda isə Baş İdarə statusunda fəaliyyət göstərirlər.

Cinayət-axtarışının zəngin tarixi və peşəkar ənənələri vardır. Bu xidmətin əməkdaşları həmişə cinayətkarlıqla mübarizəni qətiyyətlə aparmış, öz xidməti borclarını nümunəvi yerinə yetirmiş və onlardan bir çoxu xidməti vəzifələrinin icrası zamanı qəhrəmancasına həlak olmuşlar.

Cinayət-axtarışında xidmət etmək DİN sistemində həmişə ən çətin və şərəfli iş hesab olmuşdur. Bu cəsarət və peşə ustalığı məktəbidir.

Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov uzun illər cinayət-axtarışı xidmətində işləmiş və bu xidmətə rəhbərlik etmişdir.

Hazırda Daxili İşlər Nazirliyinin Baş Cinayət-Atarışı İdarəsi cinayətkarlıqla mübarizə, cinayətlərin qarşısının alınması və açılması, təhqiqat, istintaq və məhkəmə orqanlarından gizlənən və cəzadan yayınanların, xəbərsiz İtkin düşmüş şəxslərin, habelə oğurlanmış əmlakın axtarışı, şəxsiyyətinin tanınması mümkün olmayan meyitlərin müəyyənləşdirilməsi, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi funksiyalarını yerinə yetirən müstəqil struktur hissədir.