Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

II fəsil. Daxili qoşunların idarə olunması


Maddə 9. Azərbaycan Respublikası Daxili işlər nazirinin səlahiyyətləri 
Azərbaycan Respublikasının daxili işlər naziri:
a) daxili qoşunlara rəhbərlik edir və onlara həvalə olunmuş vəzifələrin icrası zamanı qanunçuluğun gözlənilməsini və Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ aktlarının, qərarlarının, tələblərinin yerinə yetirilməsini təmin edir;
b) daxili qoşunların komandanı vəzifəsinə təyin olunmaq üçün namizədi və ali zabit heyətinə aid hərbi rütbələrin verilməsi üçün zabitləri Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
v) daxili qoşunlar komandanının təqdimatı üzrə zabitləri alay komandiri də daxil olmaqla yuxarı vəzifələrə təyin edir;
q) ilk zabit və polkovnik rütbəsinədək hərbi rütbələri verir;
ğ) qüvvədə olan qanunvericiliyə müvafiq surətdə zabitləri hərbi xidmətdən buraxır;
d) Azərbaycan Respublikası Prezidentinin fərmanlarına əsasən daxili qoşunlara çağırılan şəxslərin seçilməsini daxili qoşunların komandanı, ərazi daxili işlər orqanları vasitəsilə təşkil edir;
e) daxili qoşunların həlak olmuş (vəfat etmiş) hərbi qulluqçularının ailə üzvlərinin işə düzəlməsinə kömək göstərir, maddi və məişət təminatı üçün qüvvədə olan qanunvericiliyə müvafiq surətdə tədbirlər görür;
ə) Daxili qoşunların hərbi şurasının tərkibini müəyyən edir.

Maddə 10. Daxili qoşunlar komandanının səlahiyyətləri 
Daxili qoşunların komandanı eyni zamanda Azərbaycan Respublikası daxili işlər nazirinin müavini və daxili qoşunların bütün şəxsi heyətinin birbaşa rəisi olmaqla:
a) daxili qoşunları bilavasitə idarə edir, onların döyüş və səfərbərlik hazırlığının saxlanılması və həvalə olunmuş vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır;
b) daxili qoşunların fəaliyyətinin və strukturunun təkmilləşdirilməsinə, təşkilati tədbirlər görülməsinə dair təklifləri hazırlayıb Azərbaycan Respublikasının daxili işlər nazirinə verir;
v) daxili qoşunların çağırış üzrə müddətli xidmət hərbi qulluqçuları ilə komplektləşdirilməsi üçün tədbirlər görür, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası daxili işlər nazirinin əmrlərinə uyğun olaraq onları hərbi xidmətdən buraxır;
q) əmrlər, direktivlər, təlimatlar, əsasnamələr qəbul edir;
ğ) daxili qoşunların döyüş və səfərbərlik hazırlığı planlarını və proqramlarını, habelə elmi tədqiqat, təcrübə-konstruktor işlərinin planlarını təsdiq edir;
d) hərbi hissələrin, idarələrin və hərbi təhsil müəssisələrinin ştatlarını daxili qoşunlar üçün müəyyənləşdirilmiş say hüdudlarında təsdiq edir və orada dəyişikliklər edir;
e) zabitləri ştatla mayor rütbəsinədək (bu rütbə də daxil olmaqla) hərbi rütbəyə görə tutulan vəzifələrə təyin (azad) edir, onları xidmət üzrə başqa vəzifələrə keçirir və hərbi xidmətdən ehtiyata buraxır;
ə) zabitlərə vəzifə ştatı üzrə (ilkin zabit rütbəsi, müddətindən əvvəl və növbədənkənar zabit rütbələri istisna olmaqla) nəzərdə tutulan mayor rütbəsinədək (bu rütbə də daxil olmaqla) zabit rütbələri verir;
j) daxili qoşunların hərbi qulluqçularını, qulluqçularını və fəhlələrini qanunvericiliyə uyğun olaraq mükafatlandırır və məsuliyyətə cəlb edir;
z) Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində daxili qoşunların maddi-texniki vasitələrlə, silahla, xüsusi vasitələrlə və döyüş texnikası ilə təmin edilməsi üçün sifarişlər verir;
i) yararsız hala düşmüş əmlakı və ya qoşunun (büdcənin) uçotunda olan itirilmiş maddi sərvətləri və pul vəsaitini Azərbaycan Respublikası daxili işlər nazirinin və maliyyə nazirinin müəyyənləşdirdiyi qaydada hesabdan silir;
ı) fövqəladə vəziyyət rejiminin tətbiqi şəraitində Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə verilən səlahiyyətlər daxilində fövqəladə vəziyyət rejiminin təmin olunmasına cəlb edilən daxili qoşunların, müvafiq ərazi daxili işlər orqanlarının fəaliyyətini əlaqələndirir;
y) daxili qoşun hissələrinin fəaliyyətinin sənədli təftişi və yoxlanılması materiallarını öyrənir və həmin materiallar üzrə verilmiş rəyləri təsdiq edir, aşkar edilmiş pozuntular, onları törətmiş şəxslər barədə və nöqsanların aradan qaldırılması üzrə qanunvericiliyə müvafiq tədbirlər görür;
k) müavinlərinin, Daxili Qoşunlar Baş İdarəsinin şöbələrinin və digər struktur bölmələrinin rəhbərlərinin səlahiyyətlərini müəyyənləşdirir.

Maddə 11. Daxili Qoşunlar Baş İdarəsi 
Daxili Qoşunlar Baş İdarəsinə daxili qoşunların komandanı başçılıq edir.
Daxili Qoşunlar Baş İdarəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müstəqil struktur bölməsi və hüquqi şəxs olmaqla həqiqi və şərti ada, müvafiq möhür və ştamplara malikdir.
Daxili Qoşunlar Baş İdarəsinin fəaliyyət qaydası Azərbaycan Respublikası daxili işlər nazirinin təsdiq etdiyi əsasnamə ilə müəyyənləşdirilir.

Maddə 12. Daxili qoşunların hərbi şurası 
Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi əsasnaməyə uyğun olaraq Daxili Qoşunlar Baş İdarəsində hərbi şura fəaliyyət göstərir.
Hərbi şuranın tərkibinə daxili qoşunların komandanı (şuranın sədri), daxili qoşunlar komandanının birinci müavini-qərargah rəisi (şuranın sədr müavini), daxili qoşunlar komandanının müavinləri, habelə Daxili Qoşunlar Baş İdarəsinin digər vəzifəli şəxsləri daxil olurlar.