Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

İkinci fəsil. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi


Maddə 10. Əməliyyat-axtarış tədbirləri 
I. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri bu Qanunla müəyyən edilmiş qaydada aşağıdakı əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər:
1) vətəndaşların sorğusu;
2) soraqlaşma;
3) telefon danışıqlarına qulaqasma;
4) poçt, teleqraf və digər göndərişlərin yoxlanılması;
5) texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması;
6) məhkumların məktublarının yoxlanılması;
7) nəqliyyat vasitələrinə baxış keçirilməsi;
8) binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə;
9) binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi;
10) insanların güdülməsi;
11) şəxsiyyətin eyniləşdirilməsi;
12) nəzarət qaydasında mal alınması;
13) əşya və sənədlərin tədqiqi;
14) müqayisəli tədqiq üçün nümunələrin toplanılması;
15) nəzarətli göndəriş;
16) cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi;
17) hüquqi şəxsin yaradılması;
18) əməliyyat eksperimenti, yəni cinayətkar fəaliyyəti təqlid edən davranış modelinin tətbiqi.
II. Bu maddənin I hissəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin siyahısı yalnız Qanunla dəyişdirilə bilər.
III. Bu maddənin I hissəsinin 3-5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu maddənin IV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir.
IV. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan:
1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər;
2) cinayəti hazırlayan, törədən, törətmiş, cəzaçəkmə müəssisələrindən və ya həbsdən qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər.
V. Bu maddənin III hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər.
VI. Hər hansı bir şəxsə zor işlədilməsi, hədə-qorxu ilə tələb etmə və ya hüquqazidd digər hərəkətlər tətbiq edilməsi təhlükəsinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməsi zərurəti olduqda, onların telefonu və ya digər danışıq cihazları ilə aparılan danışıqlara həmin şəxsin ərizəsi əsasında müvafiq əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən qulaq asıla bilər.
VII. Bu maddənin I hissəsinin 16-cı və 17-ci bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının nəzarətli göndərişinin tətbiqinə yalnız mütəşəkkil cinayətkar qurumlar tərəfindən hazırlanan və ya törədilən ağır cinayətlərin, habelə xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması, həmin cinayətlərin açılması və onları hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi ilə əlaqədar yol verilir.
VIII. Bu Qanunla müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən əməliyyat-axtarış tədbirlərinin aparılması, habelə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən (yəni əməliyyat-axtarış tədbirləri çərçivəsində informasiyanın gizli yolla əldə olunması məqsədilə xüsusi olaraq yaradılmış, işlənib hazırlanmış, istehsal olunmuş, proqramlaşdırılmış, təkmilləşdirilmiş avadanlıqlar, cihazlar, qurğular, ləvazimatlar və digər texniki vasitələr) istifadə olunması qadağandır.
IX. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyalara aiddir. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən onların istehsalı, satışı, əldə edilməsi, ölkəyə gətirilməsi və ölkədən çıxarılması yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada verilən xüsusi icazə əsasında həyata keçirilə bilər.
X. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin növləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qeyd: Bu Qanunun 10-cu və digər maddələrində «yaşayış yeri» dedikdə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 7.0.34-cü maddəsində nəzərdə tutulmuş yerlər başa düşülür.

Maddə 11. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəblər və əsaslar 
I. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat-axtarış fəaliyyətinin subyektlərində bu maddədə nəzərdə tutulmuş səbəblər və əsaslar olmalıdır.
II. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəblər aşağıdakılardır:
1) fiziki şəxslərin ərizələri;
2) müəssisə, idarə, təşkilatların vəzifəli şəxslərinin müraciətləri;
3) kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar;
4) əməliyyat-axtarış fəaliyyəti subyektlərinin bilavasitə əldə etdikləri məlumatlar;
5) əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinin yazılı sorğuları;
6) Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanlarını və xüsusi obyektlərini mühafizə edən orqanlarının yazılı sorğuları;
7) cinayət işləri üzrə təhqiqatı və ya istintaqı aparan şəxslərin yazılı tapşırıqları;
8) xarici dövlətlərin hüquq-mühafizə orqanlarının və ya müvafiq beynəlxalq təşkilatlarının rəsmi sorğuları.
9) kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin yazılı sorğuları.
III. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır:
1) məhkəmənin (hakimin) qərarları;
2) istintaq orqanlarının qərarları;
3) əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları.
IV. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə məhkəmənin (hakimin), istintaq orqanının və ya əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektinin qərarı yalnız aşağıdakı hallarda qəbul oluna bilər:
1) başlanmış cinayət işi mövcud olduqda;
2) cinayət işi başlananadək cinayət əlamətlərinin mövcudluğuna görə ibtidai istintaqın aparılması məcburi olduqda;
3) cinayət işinin başlanmasına kifayət qədər əsaslar olmasa da, cinayəti hazırlayan, törədən və ya törətmiş şəxs barəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduqda;
4) dövlət təhlükəsizliyinə və ya müdafiə qabiliyyətinə təhlükə yaradan hadisə baş verdikdə, yaxud onun qarşısı alındıqda;
5) şəxs məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizləndikdə, cəza çəkməkdən boyun qaçırdıqda, yaxud itkin düşdükdə;
6) naməlum meyit aşkar edildikdə.

Maddə 12. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarlar, yazılı tapşırıqlar və sorğular 
I. Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar, yazılı tapşırıq və ya rəsmi sorğu yalnız Azərbaycan Respublikasının qanunvericiliyinin əsasında belə səlahiyyətə malik olan şəxs tərəfindən verilə bilər.
II. Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda, yazılı tapşırıqda və ya rəsmi sorğuda belə tədbirin zəruriliyi əsaslandırılmalıdır.
III. Bu Qanunun 10-cu maddəsinin I hissəsinin 3—5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda bundan başqa aşağıdakılar mütləq öz əksini tapmalıdır:
1) müvafiq tədbir keçirmək təklifi verən əməkdaşın soyadı, adı, atasının adı və vəzifəsi;
2) haqqında tədbir keçirilməsi təklif edilən şəxsin soyadı, adı, atasının adı və ya obyektin təsviri;
3) müdaxilə xarakterli üsul və vasitələrin tətbiq olunması haqqında tələbi əsaslandıran faktlar;
4) adi təhqiqat üsulu vasitəsi ilə zəruri məlumatın alınmasının qeyri-mümkünlüyünün əsaslandırılması;
5) müdaxilə xarakterli üsul və vasitələrin tətbiqinin nəzərdə tutulan müddəti;
6) tədbir keçirilməsi ilə əlaqədar əldə edilə bilən nəticə.

Maddə 13. Əməliyyat-axtarış tədbirlərinin tətbiqinin şərtləri 
I. Qanunla mühafizə edilən yazışma, telefon, poçt-teleqraf və digər rabitə üsulları ilə ötürülən məlumatların sirrinin qorunması, eləcə də mənzil toxunulmazlığı ilə əlaqədar əməliyyat-axtarış tədbirlərinin tətbiqinə ancaq cinayət hazırlayan, cinayət törətməyə sui-qəsd edən, cinayət törədən, həmçinin məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran şəxslər barədə məlumat toplamaq, habelə oğurlanmış əmlakı tapmaq, gəlirlərin gizlədilməsinin və məhv edilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilən tədbirlər nəticəsində əldə olunmuş məlumatların cinayət işi üzrə sübut ola biləcəyini və axtarılan şəxslərin tutula biləcəyini güman etmək üçün kifayət qədər əsas olduğu halda icazə verilir.
II. Telefon və digər danışıqlara qulaq asılması və onların yazılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, poçt-teleqraf göndərişlərinin yoxlanılması və binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə baxış keçirilməsi ilə əlaqədar tətbiq edilən əməliyyat-axtarış tədbirlərində əməliyyat-axtarış fəaliyyəti subyektlərinin müvəkkil edilmiş şəxslərində həmin tədbirlərin tətbiqinə dair qərar və özlərinin xidməti vəsiqələri olmalıdır.
III. Şəxs tərəfindən cinayətin törədilməsi və ya hazırlanması barədə kifayət qədər əsas olduqda onun özü və əlaqələri haqqında məlumat almaq məqsədilə tətbiq edilən əməliyyat-axtarış tədbirində insanın səhhətinə və ətraf mühitə ziyan vuran texniki vasitə, psixotrop, kimyəvi və digər maddələrdən istifadə edilməsi qadağandır.
IV. Əməliyyat-axtarış tədbirləri tətbiq edilərkən əməliyyat-axtarış fəaliyyəti subyektinin müvəkkil edilmiş şəxsləri, həmin tədbirlərin cinayətkar qəsdlərin dövlətin və cəmiyyətin mənafeyinə vura biləcəyi ziyanın ictimai təhlükəlilik dərəcəsinə uyğunluğunu gözləməyə borcludurlar.

Maddə 14. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi 
I. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi əməliyyat-axtarış fəaliyyəti subyektinin rəhbərliyinin nəzarəti altında həyata keçirilir.
II. Əməliyyat-axtarış fəaliyyəti subyektinin müvəkkil edilmiş şəxsi əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi zamanı bilavasitə və birbaşa rəisinə tabedir. Rəisindən açıq-aşkar qanunsuz əmr və ya göstəriş aldıqda o, Qanunu rəhbər tutmalı və əməliyyat-axtarış fəaliyyəti subyektinin tabeliyi üzrə yuxarı orqanına bu barədə məlumat verməlidir. Əməliyyat-axtarış fəaliyyəti subyektinin müvəkkil edilmiş şəxsi tərəfindən rəisinin əmrini və yaxud göstərişini yerinə yetirdiyi vaxtda cinayət baş verərsə və ya verəcəyi ehtimal olunarsa, bu barədə əməliyyat-axtarış fəaliyyəti subyektinin tabeliyi üzrə yuxarı orqanına və yaxud məhkəməyə şikayət verə bilər .
III. Qanunla birbaşa buna müvəkkil edilmiş şəxslər istisna olmaqla əməliyyat-axtarış fəaliyyəti subyektlərinin və onların vəzifəli şəxslərinin qanuni hərəkətlərinə heç kəs müdaxilə edə bilməz .
1V. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı informasiya sistemlərindən, video və səsyazmadan, kino və fotoçəkilişlərdən, həmçinin vətəndaşların həyatı və sağlamlığına, ətraf mühitə zərər vurmayan digər texniki və başqa vasitələrdən istifadə edilə bilər.
V. Obyektiv səbəblərdən əməliyyat-axtarış tədbirlərinin tətbiqini qeyri-mümkün edən şərait yarandıqda (qarşısı alına bilməyən fövqəladə hadisə baş verdikdə və ya qarşısı alına bilməyən qüvvə mane olduqda və yaxud ictimai təhlükəsizliyə real təhlükə yarandıqda) belə tədbirlərin həyata keçirilməsi dayandırılır.
VI. Həyata keçirilən əməliyyat-axtarış tədbirlərinə aşağıdakı hallarda son qoyulur:
1) bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olunduqda;
2) haqqında əməliyyat-axtarış tədbiri həyata keçirilən şəxsin hərəkətlərində cinayət tərkibinin mövcudluğu 6 ay ərzində müəyyən edilmədikdə.
VII. Əməliyyat tapşırığını yerinə yetirərkən əməliyyat-axtarış fəaliyyəti subyektlərinin müvəkkil edilmiş şəxsin cinayətkar qrupların və ya kriminogen obyektlərin daxilində olması, habelə bu zaman zəruri özünümüdafiə və ya son zərurət halında onun tərəfindən yol verilmiş hərəkətlər Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət tərkibini yaratmır.
VIII.Əməliyyat-axtarış tədbirlərinin təşkili və həyata keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyəti sahəsində qanunvericilikdə nəzərdə tutulmuş digər məlumatlar dövlət sirrinin bir növü kimi müvafiq Qanunla müəyyən edilmiş qaydada mühafizə olunur.
IX. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirərkən dövlət sirri və xidməti sirr sayılan, əməliyyat-axtarış fəaliyyətinin təşkilinə, əməliyyat məlumatlarının mənbəyinə, üsul və metodlarına, eləcə də vətəndaşların şəxsi və ailə həyatına aid olan məlumatlar aşkarlanmamalıdır.
X. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə məxfi əməkdaşlıq etmiş və edən şəxslər barədə məlumatlar yalnız həmin şəxslərin yazılı razılığı ilə qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda aşkarlana bilər.

Maddə 14-1. Əks-kəşfiyyat fəaliyyətində əməliyyat-axtarış tədbirlərinin tətbiq edilməsi
I. Əks-kəşfiyyat fəaliyyətində əməliyyat-axtarış tədbirlərinin tətbiq edilməsi bu Qanuna, «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə müvafiq həyata keçirilir. 
II. Əks-kəşfiyyat fəaliyyətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün səbəblər və əsaslar, onların tətbiqi şərtləri, həyata keçirilməsi, tətbiqinə nəzarət, bu tədbirlərə dair qərarların, yazılı tapşırıqların və sorğuların verilməsi, habelə keçirilən tədbirlərin nəticələrindən istifadə edilməsi qaydaları bu Qanunla və digər qanunvericilik aktları ilə tənzimlənir.
Maddə 14-2. Həbs yerlərində və cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış fəaliyyəti 
I. Həbs yerlərində və cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış tədbirləri bu Qanunla müəyyən edilmiş qaydada tətbiq edilir.
II. Həbs yerlərində və cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış fəaliyyətini müvafiq olaraq həbs yerlərinin və cəzaçəkmə müəssisələrinin müdiriyyəti həyata keçirir. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə əməliyyat-axtarış fəaliyyətini həbs yerlərinin və ya cəzaçəkmə müəssisələrinin müdiriyyəti ilə birgə həyata keçirirlər. 
III. Həbs yerlərində və cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı qanunların icrasına nəzarəti bu Qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş qaydada prokurorluq orqanları həyata keçirirlər. 

Maddə 15. Əməliyyat-qeydiyyat işi 
I. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi lazım olduqda bu Qanunun 11-ci maddəsinin III hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işi başlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır.
II. Əməliyyat-axtarış fəaliyyətinin subyektində məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran, cinayət törətməkdə eyni hüquqazidd hərəkətlərə görə yalnız bir əməliyyat-qeydiyyat işi aparılmalıdır.
III. Əməliyyat-axtarış tədbirlərinin nəticələri əməliyyat-qeydiyyat işində əks edilməli və sistemləşdirilməlidir.
IV. Əməliyyat-qeydiyyat işi onu aparan əməliyyat-axtarış fəaliyyətinin subyektlərində saxlanılır.
V. Ədalət mühakiməsi naminə hallar istisna olunmaqla, cinayətin törədilməsində Qanunla müəyyən olunmuş qaydada təqsiri sübuta yetirilməyən şəxs haqqında əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş materiallar bir il müddətində saxlanılır, sonra isə məhv edilir.

Maddə 16. Əməliyyat-axtarış tədbirlərinin nəticələrindən istifadə edilməsi 
I. Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.
II. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi nəticəsində əldə edilmiş məlumatlar bu tədbirlərin məqsədlərinə uyğun olmadıqda onların aşkar edilməsi və ya hüquqi və fiziki şəxslərin əleyhinə istifadə edilməsi qadağandır.
III. Şəxs haqqında xüsusi texnikanın köməyi ilə əldə edilmiş məlumat açıqlandıqda həmin şəxs bu məlumatın qanunsuz əldə edilməyinə və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində xüsusi texnikanın tətbiqinə icazə alınmamasına əsaslanaraq ifadələrindən imtina və məhkəməyə şikayət edə bilər. Belə vəziyyətdə məhkəmə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi qanuniliyini araşdırıb mübahisəli məlumatların qanuni yolla əldə edilməsini və ya hüquqi baxımdan qüvvəsiz hesab olunmasını elan edir.
IV. Bu Qanunun tələblərinə riayət olunmadan əldə edilmiş məlumatlar dərhal məhv edilməlidir.
V. İnsanın şəxsi və ailə həyatına, şərəfinə və ya ləyaqətinə aid olan, lakin tərkibində qanunla qadağan edilməmiş hərəkətlərin törədilməsindən xəbər verən əməliyyat-axtarış tədbirlərinin nəticəsində əldə edilmiş məlumatlar saxlanıla bilməz və onlar məhv edilməlidir.
VI. Açılmamış cinayətlər üzrə insanların təhlükəsizliyinə və ya istintaqa ziyan vura biləcək, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatları yaymaq qadağandır.
VII.Hər hansı cinayətin törədilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlarla tanış olmaq hüquqi məlumatların mənbəyini aşkarlanmamaq şərti ilə yalnız həmin cinayət işi üzrə istintaqı aparan şəxsə, prokurora və ya məhkəməyə verilir.