Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Birinci fəsil. Ümumi müddəalar


Maddə 1. Əməliyyat-axtarış fəaliyyətinin anlayışı, məqsədləri və vəzifələri 
I. Əməliyyat-axtarış fəaliyyəti — müvafiq dövlət orqanları tərəfindən aşkar və qeyri-aşkar üsullarla bu Qanunla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsidir.
II. Əməliyyat-axtarış fəaliyyəti insan həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini, dövlət və hərbi sirrini, habelə milli təhlükəsizliyi cinayətkar qəsdlərdən müdafiə etmək məqsədi ilə həyata keçirilir.
III. Əməliyyat-axtarış fəaliyyətinin vəzifələri aşağıdakılardır:
1) hazırlanan və törədilən cinayətlərin qarşısının alınması;
2) törədilmiş cinayətlərin aşkar edilməsi və açılması;
3) cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi;
4) məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran və ya itkin düşən şəxslərin axtarılması;
5) naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsi.

Maddə 2. Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericilik 
1. Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar (bundan sonra əməliyyat-axtarış fəaliyyətinin subyektləri adlanacaq) öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əməliyyat-axtarış tədbirlərinin təşkilini və taktikasını tənzimləyən normativ-hüquqi aktlar qəbul edirlər.

Maddə 3. Əməliyyat-axtarış fəaliyyətinin prinsipləri 
I. Əməliyyat-axtarış fəaliyyəti qanunçuluq, humanistik, insan hüquq və azadlıqlarına hörmət, konspirasiya, aşkar və gizli iş üsullarının uzlaşdırılması prinsiplərinə əsaslanır.
II. Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa, hər hansı şəxsin vətəndaşlığı, milliyyəti, cinsi, yaşayış yeri, sosial və əmlak vəziyyəti, qulluq mövqeyi, ictimai birliklərə mənsubiyyəti, dinə münasibəti və siyasi baxışları əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə mane ola bilməz.

Maddə 4. İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatları 
I. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar:
1) bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmayan məqsədləri güdmək və ya vəzifələri yerinə yetirmək;
2) hər hansı şəxsin razılığı olmadan onun şəxsi həyatının toxunulmazlığına, o cümlədən şəxsi və ailə həyatının sirrinə, habelə onun şərəf və ləyaqətinə dair əldə edilmiş məlumatları yaymaq qadağandır.
II. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini pozmaq qadağandır. Əməliyyat-axtarış tədbirlərinin tətbiqi ilə bağlı insan və vətəndaş hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılmasına yalnız bu Qanunla müəyyən edilmiş qaydada cinayətlərin qarşısının alınması, onların açılması, məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran şəxslərin, itkin düşənlərin axtarışı zamanı yol verilə bilər.
III. Əməliyyat-axtarış fəaliyyəti subyektinin hər hansı bir siyasi partiyanın və ya digər ictimai birliklərin mənafeyi naminə hərəkətlər etməsi, qanunvericilik və ya məhkəmə hakimiyyəti orqanlarının, habelə qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş ictimai birliklərin və dini təşkilatların işində onların qanuni fəaliyyətinə təsir etmək məqsədilə məxfi iştirak etməsi qadağandır.
IV. Əməliyyat-axtarış fəaliyyəti subyektinin hərəkəti nəticəsində hüquq və azadlıqları pozulmuş hər bir şəxs həmin əməliyyat-axtarış fəaliyyətinin subyektinin tabe olduğu yuxarı orqanının rəhbərinə, prokurora və ya məhkəməyə şikayət etmək hüququna malikdir.
V. Belə şikayətin mahiyyəti üzrə qərar qəbul etmək üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada müvafiq olaraq xidməti yoxlama və ya məhkəmə baxışı aparılmalıdır. Onun hərtərəfliyini və dolğunluğunu təmin etmək məqsədi ilə əməliyyat-axtarış fəaliyyətinin subyekti məhkəmənin qərarına əsasən dövlət sirrinin, hərbi və xidməti sirrin yayılması və əməliyyat-axtarış fəaliyyətinin keçirilməsinə gizli surətdə yardım göstərən şəxslər haqqında məlumatlar istisna olmaqla, əməliyyat-qeydiyyat işinin məzmunu ilə şikayətçini tanış etməyə borcludur.

Maddə 5. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri 
I. Əməliyyat-axtarış fəaliyyətini Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat orqanları, korrupsiya ilə bağlı cinayətlər üzrə isə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı həyata keçirir.
II. Əməliyyat-axtarış tədbirlərinin əməliyyat-axtarış fəaliyyətinin hansı subyekti tərəfindən və hansı həcmdə tətbiqinin mümkünlüyünü Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
III. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin müvəkkil olunmuş şəxsləri öz vəzifələrini yalnız bu orqanların səlahiyyətləri daxilində həyata keçirirlər.
IV. Poçt göndərişlərinin, teleqraf və digər məlumatlarının yoxlanılması, mülkiyyət formasından asılı olmayaraq rabitə xidmətləri göstərən, rabitə vasitələri təqdim edən idarə, müəssisə və təşkilatların, fiziki və hüquqi şəxslərin stansiya avadanlığına qoşulma, telefon danışıqlarına qulaqasması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması ilə bağlı əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və ya korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı tərəfindən tətbiq edilir.
V. Korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış tədbirlərini yalnız korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı, yaxud həmin prokurorluq orqanının yazılı tapşırığı əsasında təhqiqat orqanları həyata keçirirlər.

Maddə 6. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin vəzifələri 
Bu Qanunun 1-ci maddəsində göstərilən məqsədlərə nail olmaq üçün əməliyyat-axtarış fəaliyyəti subyektlərinin aşağıdakı vəzifələri vardır:
1) insan və vətəndaş hüquq və azadlıqlarının, fiziki və hüquqi şəxslərin qanunla müdafiə olunan mənafelərinin, ictimai və dövlət təhlükəsizliyinin qorunması üçün öz səlahiyyətləri daxilində bütün qanuni tədbirləri görmək;
2) əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair məhkəmə qərarlarını, istintaq orqanlarının qərarlarını və ya cinayət işləri üzrə yazılı tapşırıqlarını, habelə əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarlarını yerinə yetirmək;
3) əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatları, onların mənbəyini və əldə edilməsi üsullarını yaymadan, konkret cinayət işi üzrə təhqiqatı və ya istintaqı aparan şəxsə və yaxud məhkəməyə vermək;
4) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən xarici dövlətlərin hüquq-mühafizə orqanlarının və müvafiq beynəlxalq təşkilatlarının sorğularına cavab vermək;
5) Azərbaycan Respublikasının ərazisində əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinin səlahiyyətinə aid olan faktların aşkar edildiyi təqdirdə təxirəsalınmaz tədbirlər keçirməklə onları xəbərdar etmək və lazımi kömək göstərmək;
6) əməliyyat-axtarış fəaliyyətini həyata keçirərkən konspirasiya qaydalarına riayət edilməsi üçün müvafiq tədbirlər görmək;
7) öz qulluq mövqeyinə görə məxfi məlumatlara və ya xüsusi icazə tələb edən işlərə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərini «Dövlət sirri haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirmək;
8) öz əməkdaşlarının, onların yaxın qohumlarının, əməliyyat-axtarış fəaliyyəti subyektlərinə kömək edən şəxslərin, onların yaxın qohumlarının, habelə cinayət prosesi iştirakçılarının, onların yaxın qohumlarının şəxsi təhlükəsizliyini və əmlakının hüquqa zidd qəsdlərdən qorunmasını təmin etmək;
9) hər hansı şəxslə əməkdaşlığın məxfiliyini və anonimliyini təmin etmək;
10) hadisələrin, faktların, əşyaların və digər informasiya mənbələrinin əməliyyat uçotunu aparmaq.

Maddə 7. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin hüquqları 
Əməliyyat-axtarış fəaliyyətinin subyektləri öz səlahiyyətlərini bilavasitə yerinə yetirərkən aşağıdakı hüquqlara malikdirlər:
1) bu Qanunun 10-cu maddəsində nəzərdə tutulmuş qaydada əməliyyat-axtarış tədbirlərini aşkar və gizli üsullarla həyata keçirmək;
2) əməliyyat-axtarış fəaliyyəti subyektlərinə məxfilik əsasında kömək etməyə razılaşan şəxslərlə əvəzli və ya əvəzsiz qaydada əməkdaşlıq etmək;
3) əməliyyat-axtarış fəaliyyətini təmin etmək üçün informasiya sistemi yaratmaq və ondan istifadə etmək;
4) əməliyyat-axtarış fəaliyyəti zamanı müqavilə və ya şifahi razılığa əsasən fiziki və hüquqi şəxslərin yaşayış və qeyri-yaşayış binalarından və otaqlarından, nəqliyyat vasitələrindən və digər əmlakından istifadə etmək;
5) konspirasiya məqsədi ilə uydurma idarə, müəssisə və ya təşkilat (hüquqi şəxs) yaratmaq, bu məqsədlə əməliyyat-axtarış fəaliyyəti subyektlərinin müvəkkil edilmiş şəxslərinin şəxsiyyətini, bu orqanların bölmə, təşkilat, bina və nəqliyyat vasitələrinin idarə mənsubiyyətini, eləcə də bu orqanlarla məxfilik əsasında əməkdaşlıq edən vətəndaşların şəxsiyyətini pərdələndirən sənədlərdən istifadə etmək.

Maddə 8. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin səlahiyyətlərinin həddi 
I. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə öz səlahiyyətlərinin icra edilməsi zamanı:
1) insanların həyatını, sağlamlığını, əmlakını və qanuni mənafelərini təhlükə altına alan hərəkətlərə yol vermək;
2) hər hansı şəxsi qanun pozuntularına təhrik etmək;
3) zor işlətmək, hədələmək və şantaj etmək, habelə insan və vətəndaşların hüquq və azadlıqlarını, qanunla müdafiə olunan mənafelərini məhdudlaşdıran digər qanunsuz tədbirlərə əl atmaq;
4) səlahiyyətindən kənara çıxan tədbirləri həyata keçirmək qadağan olunur.

Maddə 9. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərilməsi 
I. Azərbaycan Respublikasının dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxsləri əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərməyə borcludurlar.
II. Azərbaycan Respublikasının ərazisində olan hər bir şəxs əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə onların səlahiyyətlərinin yerinə yetirilməsində kömək göstərə bilər. Heç kəs əməliyyat-axtarış fəaliyyətində məcburi qaydada iştiraka cəlb edilə bilməz.
III. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməməsi və ya onlara maneçilik törədilməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan məsuliyyətə səbəb olur.