Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

13.03.2017

Hər il olduğu kimi, bu il də Novruz ərəfəsində - martın 13-də daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin başçılığı ilə Nazirliyin nümayəndələri Sabirabadın Yeni Şəhriyar və Goranboyun Aşağı Ağcakənd qəsəbələrində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüblər.

Nazir müavini qarşıdan gələn əlamətdar bayram münasibətilə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun təbriklərini və xoş arzularını doğma yurd yerlərindən didərgin düşmüş həmvətənlərimizə çatdıraraq bu kateqoriyadan olan soydaşlarımızla sıx təmasların qurulmasının, onların qayğı və problemlərinə hər zaman diqqətlə yanaşılmasının əsasının hələ ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb.


Ümummilli liderimizin daxili və xarici siyasətini möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayan polis general-leytenantı İsmət Əliyev ölkə başçımıızın qaçqın və məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşmağı bütün icra  qurumlarının rəhbərlərindən tələb etdiyini diqqətə çatdırıb, sosial müdafiəyə ehtiyacı olan bu insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün görülən tədbirlərdən, dövlət və ordu quruculuğu, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə olunmuş uğurlardan danışıb.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov  və Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından söz açıb, bu yöndə adı çəkilən rayonlarda məskunlaşmış həmvətənlərimizin ehtiyaclarının ödənilməsinə və problemlərinin həllinə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşdığına görə dövlətimizin başçısına və Nazirliyin rəhbərliyinə təşəkkür ediblər.
Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər möhtərəm Prezidentimizin apardığı siyasət nəticəsində doğma torpaqlarına qayıdacaqlarına əminliklərini bildirərək, göstərilən daimi diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.   

Daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 67 min manatlıq vəsaitin 41 min manatı Sabirabadın Yeni Şəhriyar, qalan 26 min manatı isə Goranboyun Aşağı Ağcakənd qəsəbələrində məskunlaşmış soydaşlarımıza təqdim olunub.






Çap et  Çap et