Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

İnzibati sahə haqqında Əsasnamə


ƏMR № 356          25.06.2009

«İnzibati sahə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə»

Polis sahə inspektorlarının cinayətkarlıqla mübarizə, ictimai qayda və ictimai təhlükəsizliyin təmini sahəsində rolu və iştirakının artırılması, fəaliyyətlərinin beynəlxalq təcrübəyə uyğun təşkili, vətəndaşlarla əlaqələrin genişləndirilməsi məqsədilə «Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş «İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı»na əlavə edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 12 may 2009-cu il tarixli Fərmanına əsasən polis sahə rəislərinə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti verilmişdir.
Yeni yaradılan inzibati sahələrin vəzifə və funksiyalarının, strukturunun, fəaliyyətinin təşkilati əsaslarının və hüquqi statusunun müəyyən edilməsi məqsədilə «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında» Əsasnamənin 5.3.6-cı bəndini rəhbər tutub, 


Ə M R   E D İ R Ə M:


1. «İnzibati sahə haqqında» Əsasnamə təsdiq edilsin və xidməti fəaliyyətdə rəhbər tutulsun ( əlavə olunur).
2.  DİN-in şəhər, rayon polis orqanlarının rəislərinə tapşırılsın ki: 
-  Əsasnamənin aidiyyəti əməkdaşlar tərəfindən öyrənilməsi və məqbulların qəbul olunması təmin edilsin;
- yeni yaradılan inzibati sahələrin hüdüdları orada yaşayan əhalinin sayı, ərazinin xüsusiyyətləri və kriminogen durum nəzərə alınmaqla müəyyənləşdirilsin.
-  inzibati sahəyə təhkim edilmiş əməkdaşların fəaliyyəti üçün lazım olan bütün şərait yaradılsın.
3. Əmrin icrasına nəzarət və ondan irəli gələn məsələlərin həlli DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tapşırılsın.
4. DİN-in 21.04.2008-ci il tarixli 208 nömrəli əmri qüvvədən düşmüş hesab edilsin.
5.   Əmr respublika daxili işlər orqanlarında elan olunsun.


      N a z i r
general-polkovnik Ramil Usubov 



DİN-in 25.06.2009-cu il tarixli 356 nömrəli əmri ilə təsdiq edilmişdir.

İnzibati sahə haqqında Əsasnamə

Bu Əsasnamə inzibati sahənin hüquqi statusunu, vəzifə və funksiyalarını, strukturunu, eləcə də fəaliyyətinin təşkilati əsaslarını müəyyən edir.

I.  Ümumi müddəalar

1.1. İnzibati sahə - hüquq qaydasının təmin olunması, əhali ilə əlaqələrin möhkəmləndirilməsi, təhlükəsizliyin təmini işinə ictimaiyyətin cəlb edilməsi, cinayətlərin qarşısının alınması və açılması, habelə insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən qorunması sahələrində polis sahə rəislərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarının tərkibində yaradılır.
1.2. İnzibati sahədə xidmət aparan əməkdaşlar fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncam və qərarlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında» Əsasnaməni, Nazirliyin normativ-hüquqi aktlarını və bu Əsasnaməni rəhbər tutur.
1.3. İnzibati sahədə xidmətin təşkili insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik, eləcə də dövlət, yerli idarəetmə, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqə prinsipləri əsasında qurulur.

II. Əsas vəzifə və funksiyaları
2.1. İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması işinin həyata keçirilməsi.
2.2. Cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması və açılması işinin təmini.
2.3. Hüquq qaydasının təmin olunması, vətəndaşların qanunla müəyyən edilmiş hüquq və azadlıqlarının müdafiəsi, hüquqi biliklərin təbliği. 
2.4. Qanunvericilikdə səlahiyyətlərinə aid edilmiş inzibati xətalar haqqında işlərə baxılması.
2.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada təhqiqat, istintaq, prokurorluq orqanlarının və məhkəmələrin qərarlarının icra edilməsi.
  2.6. Hüquqpozmalar haqqında məlumatların toplanılması, ümumiləşdirilməsi və təhlili. 
2.7. Ümumi və fərdi profilaktik tədbirlərin həyata keçirilməsi. Cinayətlərin açılması, təqsirləndirilən və itkin düşmüş şəxslərin axtarışı. 
2.8. Vətəndaşların qəbulunun təşkili, onların müraciətlərinə baxılması. 
2.9. Yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələrinin iştirakı ilə vətəndaşların həftəlik qəbulunun təşkili. 
2.10. İnzibati sahədə cinayətkarlığın vəziyyəti haqqında məlumatların hazırlanması.
2.11. Cinayətlərin törədilməsinə şərait yaradan halların müəyyən olunması və aradan qaldırılması. 
2.12. Digər dövlət orqanları və ictimai təşkilatlarla birlikdə yetkinlik yaşına çatmayanlar arasında hüquq qaydasının pozulmasının və nəzarətsizliyin qarşısının alınması.
2.13. İnzibati sahədə yerləşən icra nümayəndəliyi, bələdiyyə, mənzil istismar sahəsi,  təhsil müəssisələri, kommunal strukturlar və s. ilə qarşılıqlı əlaqələrin təşkili. 
2.14. İctimaiyyətin nümayəndələrinin Hüquq qaydasının təmini üzrə İctimai Şuranın (bundan sonra İctimai Şura) fəaliyyətinə cəlb olunması. 

III. İnzibati sahənin tərkibi 

3.1. İnzibati sahənin tərkibinə polis sahə inspektorları, post-patrul xidməti əməkdaşları və sahəyə təhkim olunmuş yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor daxil edilir. İnzibati sahəyə polis sahə rəisi rəhbərlik edir. 
3.2. Polis sahə rəisi inzibati sahədə funksional vəzifələrini «Polis sahə rəisinin işinin təşkilinə dair» Təlimata uyğun olaraq həyata keçirir.
3.3. Polis sahə inspektorları inzibati sahədə funksional vəzifələrini polis sahə rəisinin rəhbərliyi ilə «Polis sahə inspektorlarının işinin təşkilinə dair» Təlimata uyğun olaraq həyata keçirirlər.  
3.4. Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor orta təhsil müəssisələri ilə qarşılıqlı əlaqədə yetkinlik yaşına çatmayanlarla tərbiyəvi-profilaktik işi təşkil edir, İctimai Şuranın fəaliyyətinə köməklik göstərir, öz funksional vəzifəsini «Yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikasında daxili işlər orqanlarının fəaliyyətinin təşkilinə dair Təlimatın təsdiq edilməsi haqqında» DİN-in 24.02.2007-ci il tarixli 110 nömrəli əmrinə uyğun olaraq həyata keçirir. 
3.5. Post-patrul xidmətinin əməkdaşları öz fəaliyyətlərini polis sahə rəisinin rəhbərliyi ilə «Polisin post-patrul xidməti nizamnaməsinin təsdiq edilməsi barədə» DİN-in 30.05.2001-ci il tarixli 212 nömrəli əmrinə uyğun olaraq həyata keçirirlər. 
3.6. Polis sahə inspektorları, post-patrul xidməti əməkdaşları və inzibati sahəyə təhkim olunmuş yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor polis sahə rəisi tərəfindən hər gün təlimatlandırılır.
3.7. İnzibati sahədə xidmət aparan əməkdaşlar verilmiş göstərişlərin və tapşırıqların icrasının nəticəsini polis sahə rəisinə məruzə edir.
3.8. İnzibati sahədə xidmət aparan əməkdaşlar polis sahə rəisinin göstərişinə əsasən İctimai Şuranın fəaliyyətinə köməklik göstərirlər (KİV-lə, QHT-lərlə əlaqələr, ümumi profilaktik tədbirlərin həyata keçirilməsi). 
3.9. İnzibati sahədə kargüzarlıq «Azərbaycan Respublikası Prezidentinin 27.09.2003-cü il tarixli 935 nömrəli Fərmanının elan edilməsi barədə»  DİN-in 24.10.2003-cü il tarixli 405 nömrəli əmrinin tələblərinə uyğun aparılır. 
3.10. Müraciətlərə baxılması polis sahə rəisi və polis sahə inspektorları tərəfindən «Daxili işlər orqanlarında vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Təlimatın təsdiq edilməsi barədə» DİN-in 05.01.2009-cu il tarixli 1 nömrəli əmrinə uyğun həyata keçirilir.
3.11. İcrası tamamlanmış sənədlər, dolmuş dəftərxana ləvazimatları polis sahə rəisi tərəfindən ərazi polis orqanının rəhbərliyinə məruzə olunmaqla polis orqanının (polis bölməsinin) katibliyinin (dəftərxanasının) arxivinə təhvil verilir və müəyyən olunmuş qaydada məhv edilir.

IV. İnzibati sahənin strukturu

4.1. İnzibati sahənin strukturu və ştat cədvəli «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında» Əsasnamənin 5.3.5-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Daxili İşlər Naziri tərəfindən təsdiq olunur.
4.2. İnzibati sahədə  hər bir polis sahə inspektoru kənd yerlərində 8-9 min, şəhər yerlərində 6-7 min nəfər əhaliyə xidmət edir. İnzibati sahələr polis orqanının rəisinin əmrinə əsasən yaradılır və sıra sayı ilə nömrələnir.
4.3. İnzibati sahənin hüdudları ərazi polis orqanının rəisi tərəfindən müəyyən edilir. Polis orqanı rəisinin xidmət üzrə rəis müavini (polis bölməsinin rəisi və ya müavini) və ictimai təhlükəsizlik xidmətinin rəisi tərəfindən əməliyyat şəraiti, əhalinin sayı və digər zəruri hallar nəzərə alınaraq inzibati sahənin hüdudlarının dəyişdirilməsi barədə polis orqanının rəisi qarşısında vəsatət qaldırıla bilər.
4.4. İnzibati sahə, ərazi polis orqanı rəisinin xidmət üzrə rəis müavini (polis bölməsinin rəisi və ya müavini), ictimai təhlükəsizlik xidmətinin rəisinin iştirakı ilə polis sahə rəisi tərəfindən təhvil alınır və bu barədə akt tərtib olunur.
4.5. Ərazi polis orqanı rəisinin xidmət üzrə rəis müavini (polis bölməsinin rəisi və ya müavini) və ya ictimai təhlükəsizlik xidmətinin rəisi inzibati sahənin təhvil-təsliminin nəticələri barədə raportla ərazi polis orqanının rəisinə məruzə edir. Təhvil-təslim haqqında akt raporta əlavə edilir.
4.6. Polis sahə rəisinin və onun tabeliyində olan əməkdaşların xidməti fəaliyyətinə nəzarət DİN-in müvafiq hüquqi-normativ aktları ilə müəyyən edilmiş qaydada ərazi polis orqanının (polis bölməsinin) rəisi, xidmət üzrə rəis müavini (polis bölməsinin rəis müavini), ictimai təhlükəsizlik xidmətinin rəisi tərəfindən həyata keçirilir. 




Çap et  Çap et