Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Xidməti və mülki silahın dövriyyəsi ilə bağlı


Azərbaycan Respublikasında xidməti və mülki silahın  və onun sursatının dövriyyəsi, habelə, müstəsna hallarda tətbiqi ilə yaranan hüquqi münasibətlər 30 dekabr 1997-ci ildə qəbul edilmiş “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimənir.
Respublikamızda 18 yaşına çatmış hər bir vətəndaşın mülki silah əldə etmək hüququ var. Mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır. Özünümüdafiə silahı - yalnız hücumu dəf etmək təyinatına malik olan gözyaşardıcı, qıcıqlandırıcı və ya qısa müddətə sinir-iflicedici maddələrlə təchiz edilmiş tapança (revolver), mexaniki-püsgürdücü və ya aerozol qurğulu qaz silahı; idman silahı - idman yarışlarında istifadə üçün nəzərdə tutulmuş odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silah, ov silahı isə vəhşi heyvanların və quşların ovlanması üçün nəzərdə tutulmuş yivli və ya yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır.
Mülki silah əldə etmək istəyən vətəndaş ərazi polis orqanına və ya DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidir. Bu zaman ondan ərizə, şəxsiyyət vəsiqəsi, ruhi-əsəb xəstəlikləri, narkomanlıq və alkoqolizmə düçar olub-olmaması, habelə görmə qabiliyyəti barədə müvafiq tibb müəssisəsindən arayış, iki ədəd fotoşəkil tələb olunur. Ərizə ilə müraciət etmiş şəxslərin məhkumluğunun olub-olmaması da DİN-in müvafiq idarəsi tərəfindən yoxlanılır.
Pnevmatik silahın və ya aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmur. Pnevmatik və özünümüdafiə silahını (aerozol qurğuları daxil olmaqla) ticarət müəssisələri yalnız 18 yaşına çatmış vətəndaşlara onların şəxsiyyət vəsiqəsi əsasında satır və bu barədə müvafiq qeydlər aparır.
İstifadəsində 5 ildən çox müddətdə yivsiz ov silahı olan və silahın dövriyyəsi ilə bağlı qaydaları pozmayan vətəndaşın  yivli lüləli odlu ov silahı əldə etmək, saxlamaq və təyinatı üzrə istifadə etmək hüququ vardır.
   
Sovet dövründə olan məhdudiyyətlərdən fərqli olaraq hal-hazırda hər bir vətəndaşa 7 ədəd mülki silahın alınmasına, saxlanılmasına və təyinatı  üzrə istifadə edilməsinə xüsusi icazə və şəhadətnamə verilə bilər. İncəsənət nümunələri olan və ya tarixi əhəmiyyət kəsb edən mülki silahların alınmasına say (yivli lüləli mülki silah istisna olmaqla) məhdudiyyəti qoyulmur.
Xidməti və mülki silahın satış qaydalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Bu cür silahın satışı ilə məşğul olmaq üçün Daxili İşlər Nazirliyi  tərəfindən xüsusi icazə verilir. Ov silahları və onların sursatlarının satışına xüsusi icazə verilmiş müəssisələr həm paytaxtda, həm də respublikamızın digər şəhər və rayonlarında fəaliyyət göstərir.
Odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi olmayan vətəndaşa belə silah üçün döyüş sursatının satılması qadağandır.
Silah haqqında qanunvericiliyin pozulmasına görə vətəndaşlar həm inzibati, həm də cinayət məsuluyyətinə cəlb olunurlar.
   
Aparılmış araşdırmalar zamanı bir sıra şəhər və rayonlardakı  orta təhsil məktəblərində hələ də ötən dövrlərdən qalmış təlim məqsədi ilə istifadə olunan silah-sursat olduğu müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq DİN-in aidiyyəti xidmət əməkdaşları tərəfindən orta məktəblərdə, habelə digər təhsil ocaqlarında təlim məqsədilə istifadə olunan silah-sursatın mövcudluğunun müəyyən olunması məqsədilə yoxlamaların aparılması və bu sahədə aidiyyəti polis əməkdaşlarının məsuliyyətinin artırılması barədə şəhər, rayon polis orqanlarına göstəriş verilmişdir.
Göstərişin icrası ilə bağlı həyata keçirilən yoxlamalar zamanı bir sıra orta məktəblərdə ötən dövrlərdən qalmış silah-sursat aşkar edilərək mütəxəssislərin iştirakı ilə götürülmüş və  müvafiq sənədləşmə aparılmışdır.
Yeri gəlmişkən onu da qeyd etmək yerinə düşərdi ki, xarici ölkələrdə vətəndaşlarda olan silahların, eləcə də silahla törədilən cinayətlərin, həm də məktəblərdə baş verən bu kimi cinayətlərin sayını respublikamızdakı anoloji vəziyyətlə müqayisə etmək düzgün olmazdı. Beynəlxalq təşkilatların hesabatlarına əsasən deyə bilərik ki, 1982-ci ildən 2014-cü ilə qədər məsələn, təkcə ABŞ-da 30 ştatın ərazisində odlu silahın tətbiqilə 61 kütləvi qətl hadisəsi törədilib ki, nəticədə minlərlə insan həyatını itirib. 1 il ərzində isə odlu silahla törədilən cinayətlər nəticəsində 3 mini uşaq olmaqla 32 minə yaxın insan qətlə yetirilib.  
   
Respublikamızda hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən vətəndaşların qanunsuz saxladıqları odlu silah-sursat  götürülərək müsadirə edilir və bu əmələ görə onlar məsuliyyətə cəlb olunur. Elə bunun nəticəsidir ki, ölkəmizdə odlu silahla törədilən cinayətlərin sayı da ildən-ilə azalır.
Təqdirəlayiq haldır ki, respublikamız əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin, o cümlədən, odlu silahlardan istifadə edilməklə törədilən cinayətlərin sayının azlığına görə nəinki MDB üzvü olan ölkələr, hətta Şərqi Avropa dövlətləri  arasında ilk yerlərdən birini tutur.

                                                    Baş İctimai Təhlükəsizlik İdarəsi




Çap et  Çap et