Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti


Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti Azərbaycan Respublikasının 14 iyun 1994-cü il tarixli “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, 13 mart 1996-cı il tarixli “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında”, 4 aprel 1996-cı il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və 22 dekabr 1998-ci il tarixli “İmmiqrasiya haqqında” Qanunları ilə tənzimlənir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına müvəqqəti və ya daimi yaşamaq üçün gələ bilər və ya onun ərazisində müvəqqəti ola bilərlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanından icazə almalıdırlar.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə aşağıdakı hallarda verilə bilər:
- həmin şəxslər Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;
- həmin şəxslər Azərbaycan Respublikasının vətəndaşı ilə nikaha daxil olduqda;
- həmin şəxslər ölkə iqtisadiyyatına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə investisiya qoyduqda;
- həmin şəxslər Azərbaycan Respublikasının banklarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə pul vəsaiti qoyduqda;
- həmin şəxslər Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi icazə aldıqda;
- həmin şəxslər Azərbaycan Respublikasının təhsil müəssisələrində əyani təhsil aldıqda;
- həmin şəxslər iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda ;
- qanunla müəyyən edilmiş digər hallarda.

Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə bir ilədək müddətə verilir. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə onu verən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edilə və ya onun müddəti dörd dəfədən çox olmamaq şərti ilə uzadıla bilər.
Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azı iki il Azərbaycan Respublikasında qanuni əsaslarla müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə “İmmiqrasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq hüququ (immiqrant statusu) verilə bilər.
Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış yeri üzrə qeydiyyata alınırlar.
Digər qanuni əsaslarla Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olan hesab edilirlər.

Azərbaycan Respublikasının ərazisində müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış və ya olduğu yer üzrə qeydiyyata alınmalıdır və onlar üçün müəyyən edilmiş müddətlər qurtardıqdan sonra Azərbaycan Respublikasının ərazisini tərk etməidirlər.
Yaşayış yeri üzrə qeydiyyata alınan əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə qeydiyyata alınma haqqında vəsiqə verilir.

       Həmin vəsiqənin etibarlıq müddəti aşağıdakı kimi müəyyən edilir
1) Azərbaycan Respublikasına viza ilə gələn şəxs üçün - vizada göstərilən ölkədə qalma müddətinə;
2) viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn şəxs üçün - 90 gün, Azərbaycan Respublikasında onun müvəqqəti olma müddətinin uzadılması haqqında Dövlət Miqrasiya Xidmətinin qərarı olduqda isə - qərarda göstərilmiş müddətə;
3) Azərbaycan Respublikasına viza ilə və ya viza tələb olunmayan qaydada gələn əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verildikdə - icazədə göstərilmiş müddətə.

Azərbaycan Respublikasında daimi yaşamaq istəyən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Dövlət Miqrasiya Xidməti tərəfindən immiqrant statusu verilməsi barədə qərar qəbul edildikdən sonra o, yaşayış yeri üzrə immiqrant kimi qeydiyyata alınması üçün DİN BPQMİ-nin Miqrasiya İdarəsinə müraciət edərək öz pasportunu və ya şəxsiyyətini təsdiq edən digər etibarlı sənədi, ona immiqrant statusu verilməsi barədə Dövlət Miqrasiya Xidmətinin qərarını, habelə yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsini və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa sənədi) və yaşayış sahəsi verən vətəndaşın ərizəsini təqdim etməlidir.

Viza tələb olunmayan qaydada Azərbaycan respublikasına gələrək 90 günədək müddətdə ölkədə müvəqqəti qeydə alınaraq müvafiq vəsiqə ilə təmin olunan əcnəbi bununla bağlı qanunla müəyyən olunmuş qaydada 10 (on) manat məbləğində dövlət rüsumu ödəməlidir. 

Yaşayış yeri üzrə qeydiyyata alınan immiqranta Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsi verilir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qeydiyyatsız yaşamaları və ya qanunsuz qalmaları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyət yaradır.

Maddə 330. Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qeydiyyatsız yaşaması və ya qanunsuz qalması.

Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində qeydiyyatsız yaşamasına və ya beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, rəsmiləşdirilmiş icazə (viza) olmadan qalmasına görə -əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilməklə onlar Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.

Maddə 339. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması, yaxud Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi qaydalarının pozulması.

339.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma qaydalarının pozulmasına, yəni:
339.1.1. Azərbaycan Respublikasında yaşama hüququ verən sənədlər olmadan yaşamasına;
339.1.2. etibarsız sayılan sənədlərlə yaşamasına;
339.1.3. işə düzələrkən müəyyən edilmiş qaydaları pozmasına, qeydəalınma və ya yazılma, yaxud bir yerdən başqa yerə getmə və yaşayış yeri seçmə üçün müəyyən olunmuş qaydaya əməl etməməsinə;
339.1.4. qanunvericiliklə müəyyən edilmiş qalma müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırmasına;
339.1.5. Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarına əməl etməməsinə görə - əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək - miqdarda cərimə edilir.

339.2. Azərbaycan Respublikasında əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri qəbul edən və ya onlara xidmət göstərilməsini və işə qəbul olunmasını təmin edən, onların Azərbaycan Respublikasında olması və Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi şərtlərinə əməl edilməsi ilə əlaqədar vəzifələri yerinə yetirən müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınmasının və qeydiyyatdan çıxarılmasının, onlara Azərbaycan Respublikasında yaşama, bir yerdən başqa yerə getmə və yaşayış yerini dəyişdirmə hüququ verən sənədlərin tərtib olunmasının müəyyən edilmiş qaydalarının pozulmasına görə -
vəzifəli şəxslər üç yüz manatdan beş  yüz manatadək miqdarda cərimə edilir.

Maddə 340. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsi.

Əcnəbiləri və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda yaşayış sahəsi vermiş vətəndaşlar tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada onların vaxtında qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görməməsinə görə -
üç yüz manatdan beş  yüz manatadək miqdarda cərimə edilir.


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport,
Qeydiyyat və Miqrasiya İdarəsi




Çap et  Çap et