Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Vətəndaşların qəbulu qaydası


            8.1. Vətəndaşların qəbulu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bütün orqan və hissələrində, tədris müəssisələrində öz səlahiyyətləri daxilində qərar qəbul etməyə malik olan vəzifəli şəxslər tərəfindən həyata keçirilir.

            8.2. Vətəndaşlar müəyyən olunmuş müvafiq günlərdə və saatlarda qəbul edilirlər. Qəbul idarə, müəssisə və təşkilatların iş rejimi, digər yerli şərait və imkanlar nəzərə alınmaqla vətəndaşlar üçün əlverişli vaxtlarda keçirilir.

            8.3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən vətəndaşların qəbulu müvafiq cədvələ uyğun keçirilir.

            Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin və Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyi tərəfindən, vətəndaşlar ayda iki dəfədən az olmayaraq şəxsən qəbul edilirlər.

            Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Naxçıvan MR Daxili İşlər Nazirliyinin, Bakı şəhər Baş Polis İdarəsinin struktur xidmətlərinin rəisləri tərəfindən vətəndaşların qəbulu müvafiq qaydada təsdiq olunmuş cədvəl əsasında həftədə bir dəfə keçirilir.

            8.4. Daxili İşlər Nazirliyinin şəhər, rayon və xətt polis orqanlarında rəhbər vəzifəli şəxs tərəfindən vətəndaşların qəbulu həftənin bütün iş günlərində və ümumi istirahət günlərinin birində keçirilir. Həmin orqanların növbətçi hissələrində vətəndaşlar günün istənilən vaxtında qəbul edilməlidirlər.

            Vətəndaşların qəbulu polis sahə məntəqələrində inzibati ərazinin rəisi tərəfindən hər gün,  polis sahə inspektorları tərəfindən isə həftədə iki dəfədən az olmayaraq həyata keçirilməlidir.

            8.5. Vətəndaşların daxili işlər orqanlarında qəbulu üçün xüsusi otaqlar (qəbul otaqları) ayrılır və normal iş üçün lazımi avadanlıqla təmin edilir (əlavə № 4). Qəbul otağına giriş azad olmalıdır.

            8.6. Vətəndaşların daxili işlər orqanlarında qəbulu cədvəli vəzifəli şəxslərin soyadı, vəzifəsi, qəbul günü və saatı göstərilməklə orqan rəhbəri tərəfindən təsdiq edilir.

            Vətəndaşların qəbulu cədvəli qəbul otaqlarının qarşısında, görünən yerdə asılmalıdır.

            8.7. Vətəndaşların qəbulu növbə əsasında keçirilir.

            Azərbaycan Respublikasının Milli Qəhrəmanları, 1-ci və 2-ci qrup əlillər növbədənkənar qəbul edilirlər.

            Azərbaycan Respublikasının Milli Məclisinin deputatları daxili işlər orqanlarının vəzifəli şəxsləri tərəfindən təxirəsalınmadan qəbul edilirlər.

            8.8. Qəbul ilə bilavasitə əlaqəsi olmayan şəxslərin qəbul otağında olması yolverilməzdir.

            8.9. Vətəndaşların qəbulunun təşkilinə cavabdeh vəzifəli şəxs vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həllinə daxili işlər orqanlarının aidiyyəti rəhbər əməkdaşlarını cəlb edə, yaxud onlardan lazımi məlumatları (yazılı və ya şifahi) tələb edə bilər.

            8.10. Sərxoş vəziyyətdə olan şəxslər qəbula buraxılmırlar. Bu şəxslər yalnız hər hansı cinayətin hazırlanması və ya törədilməsi, həmçinin təcili tədbir görülməsini tələb edən digər hadisələr haqqında məlumat verdikdə qəbul oluna bilərlər.

            8.11. Qəbul vətəndaşa öz soyadını, adını, atasının adını, yaşayış və iş yerini bildirmək, şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, müraciət etdiyi məsələnin mahiyyətini göstərmək təklifi ilə başlayır. Əgər vətəndaş bu məsələ ilə əlaqədar əvvəllər həmin orqana müraciət etmişdirsə, söhbətə başlamazdan qabaq müvafiq sənədlər öyrənilir.

            Şəxsiyyəti təsdiq edən sənədlərin olmaması vətəndaşı dinləməməyə əsas vermir.

            8.12.  Qəbula gələn şəxslərin qaldırdığı məsələlər imkan daxilində qəbul vaxtı həll olunur.

            Qəbulu həyata keçirən şəxs müvafiq qanunvericiliyi və digər normativ-hüquqi aktları rəhbər tutaraq öz səlahiyyətləri daxilində aşağıdakı qərarlardan birini qəbul edir:

            - qəbul edilmiş qərarın icra müddətini və qaydasını bildirməklə qəbula gələn şəxsin xahişini təmin etmək;

            - qəbula gələn şəxsin xahişi təmin edilmədikdə, bunun səbəblərini göstərməklə qəbul edilmiş qərardan şikayət vermək qaydasını izah etmək.

8.13. Qəbula gələn şəxsin müraciətinə baxılması üçün xüsusi yoxlama keçirmək, əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldikdə, ondan yazılı ərizə alınaraq xahişinin qəbul prosesində təmin edilməməsinin səbəbləri bildirilməklə məsələyə baxılma müddəti və qaydası izah edilir.

            Vətəndaş hər hansı səbəbdən xahişini yazılı surətdə müstəqil olaraq ifadə edə bilmədikdə ona lazımi köməklik göstərilə bilər.

            8.14. Vətəndaşın müraciətdə irəli sürdüyü məsələnin həlli daxili işlər orqanlarının səlahiyyətlərinə aid olmadıqda qəbulu həyata keçirən şəxs vətəndaşa hara müraciət etmək lazım olduğunu izah etməlidir.

            8.15. Qəbul zamanı daxil olmuş müraciətlər nəzarətə götürülür və bu Təlimatın 3-cü, 4-cü və 5-ci bölmələrində göstərilən qaydada qeydiyyata alınaraq baxılır və həll edilir.

            8.16. Qəbul edilən vətəndaşların uçotu jurnalda (kompüterdə) aparılır və burada onların müraciətinin səbəbləri və baxılmasının nəticələri əks etdirilir (əlavə № 5).

            8.17. Daxili İşlər Nazirliyinin mərkəzi aparatında vətəndaşların qəbulu DİN-in rəhbərliyi tərəfindən  Nazirliyin qəbul otağında həyata keçirilir.




Çap et  Çap et