Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. «Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti 
İlham ƏLİYEV 
Bakı şəhəri, 3 may 2005-ci il 
№ 906-IIQ 

«Azərbaycan» qəzetində dərc edilmişdir (2 iyun 2005-ci il, № 124). 
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2005-ci il, № 6, maddə 470). 
1 oktyabr 2007-ci il tarixli, 420-IIIQD nömrəli; 30 dekabr 2008-ci il tarixli, 754-IIIQD nömrəli; 12 fevral 2010-cu il tarixli, 954-IIIQD nömrəli; 30 sentyabr 2013-cü il tarixli, 754-IVQD nömrəli Qanunlara əsasən dəyişikliklər və əlavələrlə.
________________________________________
Azərbaycan Respublikasının 
2005-ci il 3 may tarixli, 
906-IIQ nömrəli Qanunu ilə 
təsdiq edilmişdir
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında
Əsasnamə
I. Ümumi müddəalar 
1. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası (bundan sonra «Komissiya» adlanacaq) «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə uyğun olaraq yaradılmışdır və korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir.
2. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını və digər normativ hüquqi aktlarını, habelə bu Əsasnaməni rəhbər tutur.
3. Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.
4. Komissiya öz fəaliyyətini qanunvericilik, icra və məhkəmə hakimiyyətləri ilə qarşılıqlı əlaqədə qurur və korrupsiyaya qarşı mübarizənin vəziyyəti barədə mütəmadi olaraq onları məlumatlandırır.
II. Komissiyanın əsas vəzifələri 
5. Komissiyanın həyata keçirdiyi əsas vəzifələr aşağıdakılardır:
5.1. korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyətini əlaqələndirmək;
5.2. korrupsiyaya qarşı mübarizənin vəziyyətini və səmərəliliyini təhlil etmək;
5.3. korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının icrasına nəzarəti həyata keçirmək;
5.4. «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulan maliyyə xarakterli məlumatları qəbul etmək;
5.5. «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulan maliyyə xarakterli məlumatların təqdim edilməsinə nəzarəti həyata keçirmək;
5.6. korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək və müvafiq dövlət orqanlarına təkliflər vermək;
5.7. korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla əməkdaşlıq etmək.
6. Komissiya qanunvericiliyə müvafiq olaraq digər vəzifələri yerinə yetirir.
III. Komissiyanın əsas hüquqları 
7. Öz vəzifələrini yerinə yetirmək məqsədi ilə Komissiya aşağıdakı hüquqları həyata keçirir:
7.1. korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin icra vəziyyətini öyrənir və ümumiləşdirir, bu barədə hüquq mühafizə və digər dövlət orqanlarının rəhbərlərinin məlumatlarını və hesabatlarını dinləyir:
7.2. dövlət və yerli özünüidarə orqanlarından zəruri məlumatları və materialları alır, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular verir:
7.3. korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə müvafiq dövlət orqanlarından məlumatları alır və görülən işlərin vəziyyətini təhlil edir;
7.4. korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün təklif və tövsiyələr hazırlayır, onların həyata keçirilməsi üçün tədbirlər görür;
7.5. korrupsiya ilə bağlı ictimai rəyin öyrənilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmənin həyata keçirilməsi üçün tədbirlər görür;
7.6. qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və özəl sektorun nümayəndələri, müstəqil ekspertlər ilə əməkdaşlıq edir və zərurət olduqda, onları müəyyən işlərin görülməsinə cəlb edir;
7.7. korrupsiyaya qarşı mübarizənin təşkili və səmərəliliyinin artırılması üçün beynəlxalq əməkdaşlığın həyata keçirilməsində iştirak edir;
7.8. daxil olan korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında müraciətlərin ümumiləşdirilməsini həyata keçirir, habelə onun nəticələrinə əsasən fəaliyyətinə dair daha çox şikayətlərin daxil olduğu dövlət və ya bələdiyyə orqanlarının, habelə dövlət müəssisələrinin fəaliyyətinin yoxlanılmasını dövlət orqanlarına və ya auditor təşkilatlarına həvalə edir və cinayət əlaməti olan hüquqpozmalar aşkar edildikdə yoxlama materiallarını Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir;
7.9. korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir.
7.10. korrupsiyaya qarşı mübarizə məsələləri ilə əlaqədar proqramların və layihələrin hazırlanması və həyata keçirilməsi üçün qeyri-hökumət təşkilatlarına maliyyə yardımı göstərir.
8. Komissiya qanunvericiliyə müvafiq olaraq digər hüquqları həyata keçirir.
IV. Komissiyanın fəaliyyətinin təşkili 
9. Komissiyanın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini Komissiyanın sədri həyata keçirir. Komissiyanın sədri onun tərkibindən Komissiya üzvlərinin sadə səs çoxluğu ilə seçilir.
10. Komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlərə onun iclaslarında baxılır. Komissiyanın iclasları mütəmadi olaraq, lakin üç ayda bir dəfədən az olmayaraq keçirilir. Zərurət olduqda, bu Əsasnamənin 13-cü maddəsində nəzərdə tutulmuş Reqlamentlə müəyyən edilmiş qaydada Komissiyanın növbədənkənar iclasları çağırıla bilər. Komissiyanın iclasları onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Komissiyanın qərarları iclasda iştirak edən Komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Qərar qəbul edilərkən səslər bərabər olduqda, Komissiyanın sədri həlledici səsə malikdir. Səsvermə zamanı xüsusi rəyi olan Komissiyanın üzvü öz rəyini qəbul edilmiş qərara əlavə edə bilər. Komissiyanın səlahiyyətlərinə aid edilmiş bəzi məsələlər üzrə Kommissiyanın qərarları iclas çağırılmadan üzvlərinin rəyi öyrənilməklə Komissiyanın sədri tərəfindən qəbul edilə bilər.
11. Komissiyanın iclaslarına digər şəxslər də dəvət oluna bilərlər.
12. Komissiyanın üzvləri fəaliyyətlərində müstəqildirlər.
13. Komissiya özünün Reqlamentini təsdiq edir.
14. Komissiya Azərbaycan Respublikasının dövlət gerbi əks olunmuş xidməti blanka malikdir.
15. Komissiyanın nəzdində daimi fəaliyyət göstərən Katiblik yaradılır. Katibliyin rəhbəri Komissiyanın qərarı ilə, digər işçiləri isə Komissiyanın sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Katiblik Komissiyanın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həll edilməsi, Komissiyanın müzakirəsinə çıxarılacaq məsələlər üzrə sənədlərin hazırlanması, kargüzarlıq və digər işlərin aparılması üzrə fəaliyyəti həyata keçirir.
16. Katiblik dövlət orqanıdır və Katibliyin işçiləri dövlət qulluqçularıdır.
17. Katibliyin fəaliyyəti dövlət büdcəsi hesabına maliyyələşdirilir.
18. Katibliyin səlahiyyətləri Komissiya tərəfindən müəyyən edilir.
19. Komissiya fəaliyyəti haqqında illik məruzə tərtib edir və onu Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim edilsin.




Çap et  Çap et