DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin ikinci ildönümü tamam olur

15.10.2005



İlham Əliyevin Prezidentlik fəaliyyəti
sosial-iqtisadi inkişafın və sabitliyin tam təminatıdır

          Daxili işlər naziri, general-polkovnik Ramil Usubov:

«Ümummilli liderimiz Heydər Əliyevin şah əsəri və müqəddəs əmanəti olan müstəqil Azərbaycan son iki il ərzində daha da gücləndi və ölkəmizin beynəlxalq nüfuzu yüksəldi»

     Cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin ikinci ildönümü tamam olur. Bu müddət tariximizə artıq mühüm nailiyyətlər, böyük yüksəlişlər dövrü kimi həkk olunub və ictimaiyyət tərəfindən yeni uğurların əsasının qoyulduğu mərhələtək qəbul edilir. Bütün sahələr üzrə müvəffəqiyyətlərlə müşayiət olunan son iki il həm də ictimai asayişin, siyasi sabitliyin dönməzliyinin daha da möhkəmlənməsi ilə səciyyələnir.  
      Müsahibimiz daxili işlər naziri, general-polkovnik Ramil Usubov da hesab edir ki, ötən müddət Heydər Əliyevin əbədiyaşar ideyalarının təntənəsi və Azərbaycanın qüdrətli dövlət kimi nüfuzunun daha da artması ilə əlamətdar oldu.

- Cənab nazir, İlham Əliyevin iki illik prezidentlik fəaliyyəti dövrünü necə xarakterizə edərdiniz?

     - Ötən iki ilin başlıca səciyyəvi məqamı odur ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf strategiyası, güclü dövlətçilik ənənəsi, əhalinin rifahını yüksəldən islahatlar siyasəti düzgün istiqamətdə böyük uğurlarla davam etdi və öz bəhrəsini verdi. Cənab İlham Əliyevin prezidentlik fəaliyyətini təhlil edərkən bu dövrün Azərbaycan tarixində böyük əhəmiyyətə malik anlarla əks olunduğunu, xalqın və dövlətin taleyində əsaslı irəliləyişlərin əldə edildiyini aydın görmək olar. Hələ 2003-cü il oktyabr ayının 1-də ümummilli liderimiz Heydər Əliyev bütün həyatını həsr etdiyi Azərbaycan xalqına müraciətində layiqli davamçısının xarakterik məziyyətləri və peşəkar dövlət xadimi keyfiyyətlərini xatırladaraq qeyd edirdi: «İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, energili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək. inanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə ilham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.». 
     Əbədiyaşar liderimizin bu sözlərinin həqiqət əmsalını cənab İlham Əliyev hələ 2003-cü ilədək xalqın nəzərində tam təsdiq etmişdi. Son iki il ərzində isə möhtərəm Prezident ona özü qədər inanan böyük şəxsiyyətin etimadını və 2003-cü ilin 15 oktyabrında misilsiz dəstəyini qazandığı xalqın ümidlərini ləyaqətlə doğrultdu. Andiçmə mərasimində «Müdrik Heydər Əliyevin əsəri olan müasir Azərbaycan dövləti bundan sonra da güclənəcək, zənginləşəcək və hərtərəfli inkişaf edəcəkdir… Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam, mən Azərbaycan üçün yaxşı prezident olacağam» - vədini verən ölkə rəhbəri fəaliyyətində bu sözlərinə daim sadiq oldu, həmişə «Əsil siyasət real, konkret iş görməkdən ibarətdir» - prinsipinə əsaslandı.
Ümumilikdə götürdükdə, son iki ildə iqtisadi inkişaf, sosial tərəqqi, effektiv xarici siyasət, sabitliyin qorunub saxlanılması və onun dönməzliyinin təmin edilməsi yönümündə ölkə Prezidentinin fəaliyyəti mühüm uğurlarla əlamətdar oldu və xalqımızın tam dəstəyini qazandı.

- Dövlət başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyətini necə qiymətləndirərdiniz?

     - Məlum olduğu kimi, 1994-cü ilin may ayında cəbhə xəttində əldə edilən atəşkəs rejimindən sonra Azərbaycan rəhbərliyi münaqişəninin sülh yolu ilə həlli variantına üstünlük verir. Bu yönümdə əsas ağırlıq isə diplomatik danışıqlar və informativ fəaliyyətə köklənir. Hər iki sahədə həyata keçirilən dövlət siyasətində cənab İlham Əliyevin iştirakı isə heç də 2003-cü ilin oktyabr ayından sonra başlamamışdır. Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri kimi 2001-ci ildən etibarən bu istiqamətdə fədakarlıqla fəaliyyət göstərən İlham Əliyev qısa müddət ərzində bu beynəlxalq təşkilatda Ermənistanın rəsmən təcavüzkar dövlət kimi tananmasına nail oldu.
     Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Heydər Əliyevin müəllifi olduğu siyasətin əsas aparıcı funksioneri olan cənab İlham Əliyevin prezidentlik fəaliyyətinə nəzər salsaq, birmənalı olaraq demək olar ki, burada ən ilkin istiqamət məhz problemin nizamlanmasına yönələn ardıcıl səylərdir. Xarici siyasətin vacib məqamına çevrilən bu məsələ ölkə rəhbərinin xarici dövlət başçıları və beynəlxalq təşkilatların təmsilçiləri ilə keçirdiyi görüşlərin, apardığı danışıqların prioritet mövzusudur. Münaqişənin ədalətli həlli vaxtının tezliklə reallaşacağına indi Azərbaycan vətəndaşlarında böyük inam yaranıb.

- Cənab nazir, Prezident İlham Əliyev fəaliyyətə başlayarkən Heydər Əliyev komandasının üzvləri ilə işləyəcəyini bildirmiş və iqtidar komandasının daim monolitliyini qoruyacağına inandığını ifadə etmişdi. Ötən iki il ərzində bu inam özünü nə dərəcədə doğrultdu?

     - Prezident İlham Əliyev hökumət üzvləri ilə ilk görüşündə xatırlatdığınız sözlərlə yanaşı, həm də bu fikri də vurğulamışdı ki, «Biz hamımız Heydər Əliyev komandasının üzvləriyik və bundan sonra da birlikdə Heydər Əliyevin siyasətini həyata keçirməli, Azərbaycana birlikdə xidmət etməliyik». Həqiqətən də, son 12 il ərzində Azərbaycanda əldə edilən bütün nailiyyətlərə, həyata keçirilən uğurlu islahatlara məhz Heydər Əliyevin dövlətçilik xətti əsasında nail olunub və gələcəkdə hansı müvəffəqiyyəti qazanacağıqsa, bunlar da Prezident İlham Əliyevin ümummilli liderimizin ideyalarını layiqincə davam etdirməsinin növbəti təzahürləri olacaq.
     Heydər Əliyevin irsi, siyasi strategiyası, ideoloji xətti Prezident İlham Əliyevin və onun rəhbərlik etdiyi iqtidar komandasının əsas istinadgahı, birgə fəaliyyətimizin uğurlu gedişinin vacib şərtidir. Prezident İlham Əliyevin Azərbaycanı gücləndirən, tərəqqiyə aparan fəaliyyəti, xalqın güzaranını yüksəldən siyasəti, ölkəmizin beynəlxalq nüfuzunu artıran diplomatiyası, malik olduğu güclü idarəçilik, qətiyyət, prinsipiallıq və humanizm kimi şəxsi keyfiyyətləri isə bizim birliyimizi daha da möhkəmləndirir, sıralarımızı monolitləşdirir, Azərbaycana şərəfli xidmət missiyamızda səfərbəredici funksiya daşıyır.
     Son iki il ərzində Prezident komandasının üzvü kimi cənab İlham Əliyevin hökumət üzvləri ilə ilk görüşündə bizə etdiyi bir tövsiyəni fəaliyyətimdə daim rəhbər tutmuşam: «Hamıdan tələb edirəm ki, öz işinə məsuliyyətlə yanaşsın və öz vəzifə borcunu vicdanla yerinə yetirsin… Biz Azərbaycan xalqı üçün işləyirik. Onlar bizə bu etimadı göstəriblər və biz də bu etimadı doğrultmalıyıq. Mən əminəm ki, belə də olacaqdır». Heydər Əliyevin idarəçilik ənənəsinə əsaslanan bu tövsiyə - Azərbaycana məsuliyyətlə xidmət etmək, yalnız xalqa işləmək vəzifəsi ötən müddət ərzində də iqtidar komandasının əsas fəaliyyət istiqaməti olmuşdur.

- Son iki il daxili işlər orqanlarının fəaliyyətində hansı uğurlarla əlamətdar olmuşdur?

     - Fəaliyyətimizdəki uğurlardan danışarkən, ümumiləşdirmə aparıb onu demək olar ki, ümummilli liderimiz Heydər Əliyevin böyük fədakarlıqlar hesabına nail olduğu və Prezident İlham Əliyevin xüsusi önəm verdiyi ictimai sabitlik və cinayətkarlığa qarşı effektiv mübarizə sahəsində yüksək nəticələr qorunub saxlanıb. Azərbaycan artıq neçə illərdir ki, MDB və Şərqi Avropa məkanında əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayının azlığı, sabitliyin mükəmməl və etibarlı təminatı baxımından ən yaxşı göstəriciyə malik ölkələrdən biridir.
     Konkret göstəricilərdən danışanda elə cari ilin 9 ayının kriminogen xronikasına nəzər salmaq kifayət edər. Respublikanın daxili işlər orqanları tərəfindən həyata keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində qeyd edilən müddətdə 954 cinayət törətmiş 2956 nəfərdən ibarət 1079, o cümlədən adam oğurluğu, hədə-qorxu ilə tələbetmə, quldurluq və soyğunçuluq cinayətləri törətmiş 130 nəfərdən ibarət 51 cinayətkar dəstə və qrup zərərsizləşdirilmişdir. Cinayətlərin strukturunda hədə-qorxu ilə tələbetmə, qəsdən sağlamlığa az ağır zərərvurma, xuliqanlıq, avtonəqliyyatın oğurlanması və mal-qara oğurluğu faktlarının sayı xeyli azalmışdır. Axtarışda olan 3445, o cümlədən MDB ölkələrində gizlənmiş 187 təqsirləndirilən şəxs, habelə ağır və xüsusilə ağır cinayətlər törətmiş 345 nəfər müəyyən edilərək tutulmuşdur.
     Hesabat dövründə Daxili İşlər Nazirliyi üzrə qeydə alınmış 12566 cinayətin 92,2 faizinin, onlardan qeyri-aşkar şəraitdə baş vermiş 3302 cinayətin 81,3 faizinin, habelə keçmiş illərdən bağlı qalmış 319 cinayətin, o cümlədən 93 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir. Cinayətlərin strukturunda şəxsiyyət əleyhinə olanların, o cümlədən qəsdən adam öldürmələrin açılma göstəriciləri yaxşılaşmış, banditizm və adamları girovgötürmə cinayətlərinin isə hamısı açılmışdır.
     Daxili işlər orqanları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən 163 kiloqrama yaxın narkotik vasitə götürülmüş, ümumi çəkisi 511 ton olan narkotik xassəli bitki yaşıl kütlə halında məhv edilmişdir. Narkotiklərin satışı ilə bağlı 2004-cü ilin 9 ayı ilə müqayisədə 6,5 faiz çox - 591 fakt aşkar olunmuş, həmin cinayətlərə görə 147 nəfərdən ibarət 64 qrup ifşa edilmişdir. Hesabat dövründə asayişin mühafizəsi və ictimai qaydanın təmin olunması sahəsində də bir sıra zəruri tədbirlər görülmüşdür.
     Uğurlu fəaliyyətin əsas şərti isə dövlətin, şəxsən Prezident İlham Əliyevin daxili işlər orqanlarına qarşı tələbkarlığı, eyni zamanda göstərdiyi diqqət və qayğıdır. Dövlət başçısı son iki il ərzində bu orqanlarda çalışan insanların sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə mühüm qərarlar qəbul etmişdir. Bütün bu tədbirlər ölkəmizin iqtisadi qüdrətinin artmasının əyani təzahürü olmaqla bərabər, həm də ölkə rəhbərinin öz vətəndaşlarına göstərdiyi qayğının, ictimai asayişin keşiyində duran daxili işlər orqanları əməkdaşlarının gərgin, səmərəli fəaliyyətinə verdiyi yüksək qiymətin və Azərbaycan polisinin güzaranına böyük diqqətinin göstəricisidir.
     Bu il peşə bayramımız ərəfəsində nazirliyin bir qrup rəhbər heyətini qəbul edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daxili işlər orqanlarının ötən dövrlərdəki fəaliyyətinə nəzər saldı, qarşımızda duran vəzifələri müəyyən etdi, öz tövsiyələrini və göstərişlərini verdi: «Azərbaycan xalqı Azərbaycan polisini sevməlidir, ona hörmət etməlidir. Bu gün bu hörmət var və mən istəyirəm ki, daha da çox olsun. Bunu etmək üçün gərək siz yaxşı işləyəsiniz, öz gündəlik fəaliyyətinizdə yaxşı nəticələr göstərəsiniz, cinayətkarlara qarşı daha da amansız mübarizə aparasınız. Mən bu sahədəki fəaliyyətdən razıyam. Demək olar ki, Azərbaycanda uzun illər ərzində nə cinayətkar dəstə problem yarada bilər, nə də ki, başqa qeyri-qanuni birləşmələr mövcud deyildir… Arzu edirəm ki, bundan sonra da doğma Vətənimizə ləyaqətlə xidmət edəsiniz. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi işində iştirak edəsiniz. Azərbaycanda bu gözəl vəziyyəti daha da möhkəmləndirmək üçün, bu gözəl ab-havanı əbədi etmək üçün əlinizdən gələni edəsiniz. Mən şübhə etmirəm ki, ölkəmiz daha da güclənəcək, Azərbaycanda insanlar rahat şəraitdə, sülh şəraitində yaşayacaqlar. Asayiş qorunacaq, sabitlik möhkəm olacaq və bilirsiniz ki, bu işdə polisin üzərinə xüsusi bir vəzifə düşür. Bu vaxta qədər siz bu vəzifəni ləyaqətlə icra etmisiniz. Arzu edirəm ki, bundan sonra da doğma vətənimizə öz xidmətlərinizi göstərəsiniz».
    Prezidentin bu etimadı, eyni zamanda üzərimizə qoyduğu şərəfli məsuliyyət fəaliyyətimizdə daha böyük irəliləyişlərə təkan verir. Lakin uğurlardan danışarkən, biz heç zaman unutmuruq və ümumiyyətlə unutmağa haqqımız da yoxdur ki, bu nəticələrdən arxayınlaşaq,  hər şey yaxşıdır - deyə cinayətkarlığa, asayişimizi, əmin-amanlığımızı pozanlara qarşı mübarizəni zəiflədək. Hesab edirəm ki, fəaliyyətimizə, qazanılan nəticələrə tənqidi münasibət ümumi işimizin xeyrinədir və yeni nailiyyətlərin əsasıdır.

- Cənab nazir, parlament seçkiləri ərəfəsində ölkədə ictimai sabitliyi pozmağa və təxribatlar yaratmağa yönəlmiş cəhdlər edilir. Artıq indidən müxalifət cəbhəsindən radikal çağırışlar eşidilir və anti-konstitusion addımlara hazırlıq görüldüyü söylənilir. Azərbaycanda kriminogen duruma nəzarətə və asayişin təmin edilməsinə cavabdeh olan strukturun rəhbəri kimi Siz bu məkrli ssenarilərin gerçəkləşməsini nə dərəcədə real sayırsınız?

     - Bu gün Azərbaycanda sabitliyi, vətəndaş sülhünü pozmağa, insan qanı tökməyə hazır qüvvələrin mövcud olduğu heç kəsə sirr deyil. Xalqın hakimiyyətdən sürüpüb tarixin arxivinə atdığı bu uğursuzlar indi «uğurlarını» qanunsuz hərəkətlər və Azərbaycan vətəndaşlarının qanı üzərində qazanmaq niyyətinə düşüblər. Son vaxtlar Bakı şəhərində baş verən iğtişaş cəhdləri bir daha sübut etdi ki, radikal müxalifət heç də seçki təbliğatı aparmaq üçün ictimai auditoriya əldə etmək, normal mitinq keçirmək niyyətində deyil. Bu qüvvələrin məqsədi tərəfdarları ilə təxribatlar törədib, qanunlara, Konstitusiyanın tələblərinə riayət etməmək və sabitiliyi pozmaq, qəsdən hakimiyyət strukturları ilə qarşıdurma yaratmaq, bununla da Azərbaycanın demokratik imicinə zərbə vurmaqdır.
     Bu qanunsuz hərəkətlər hakimiyyəti zorla ələ keçirmək, ölkədə və paytaxtda mövcud stabilliyi pozmaq çağırışları, eləcə də vətəndaşları qanunsuzluqlara sövq etmək kimi hüquqazidd əməllərlə müşayiət olunur. Həmin hadisələrdə polisə qarşı törədilən zorakılıqlar, dövlət və özəl sektora aid onlarla əmlaka ziyan vurulması, vətəndaşların normal istirahət hüququna maneə yaradılması ictimaiyyətdə haqlı narazılıqlar yaradır.
     Ancaq onların nə məqsəd güdmələrindən və hansı məkrli ssenarilər üzərində baş sındırmalarından asılı olmayaraq, Azərbaycanda sabitliyə xələl gətirmək, vətəndaşların təhlükəsizliyini pozmaq heç bir qüvvəyə nəsib olmayacaq. Prezident İlham Əliyevin DİN-in rəhbər heyəti ilə son görüşündə bizə verdiyi tövsiyə bugünkü fəaliyyətimizin əsas leytmotividir: «Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyir. 2003-cü ilin oktyabrında keçirilmiş Prezident seçkiləri bunu bir daha təsdiq etdi. Bu gün Heydər Əliyev siyasəti Azərbaycanda uğurla davam etdirilir. Azərbaycan xalqı bu siyasəti dəstəkləyir, bizim fəaliyyətimizi bəyənir. Biz buna arxalanaraq ölkədə islahatlar aparırıq, ölkəmizi inkişaf etdiririk. Əlbəttə ki, sabitliyin qorunması üçün çox ciddi addımlar atılmalıdır. Bu işdə daxili işlər orqanlarının üzərinə əlavə məsuliyyət düşür. Daxili işlər orqanları bunu dərk etməlidir, anlamalıdır və öz gündəlik fəaliyyətində bu prinsipləri rəhbər tutaraq əlindən gələni əsirgəməməlidir ki, Azərbaycanda ictimai-siyasi sabitlik, asayiş pozulmasın. Bunu daxildə də istəməyən qüvvələr var».
     Heç kəsdə zərrə qədər də şübhə olmasın ki, ümummilli liderimiz Heydər Əliyevin əmanəti olan və Prezident İlham Əliyevin bu gün uğurla rəhbərlik etdiyi müstəqil Azərbaycanda ictimai-siyasi sabitlik dönmədən qorunacaq, xalqın azad seçim hüququ tam təmin olunacaqdır. Hər hansı bir təxribatın, habelə Konstitusiyanın tələblərinə zidd hərəkətlərin, seçki prosesinin normal gedişinə yaradıla biləcək maneələrin qarşısı Azərbaycanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən, bütün sivil dövlətlərdə olduğu kimi, qanuni vasitələrdən istifadə edilməklə alınacaq.
     Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə əsaslanan demokratiya, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu iqtidarın ali məqsədidir. Bu yol bizi geniş miqyaslı uğurlara aparır, dövlətimizi möhkəmləndirir, xalqın daha xoş gələcəyə inamını artırır. Elə cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin ikinci ildönümünün ən əsas məntiqi nəticəsi də budur!

                                                                        Müsahibəni apardı:
                                                                                  İxtiyar HÜSEYNLİ,
                                                                                  «Azərbaycan»


Ən son press-relizlər