Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

21 il öncə millətimiz kimlərdən və nələrdən qurtuldu

18.06.2014
VƏTƏNDAŞ MÖVQEYİ

15 iyun günü xalqımızın, dövlətimizin tarixində ədalətin təntənəsi günü kimi əbədi qalacaq. 21 il bundan öncə müstəqilliyini yenicə əldə etmiş Azərbaycan "olum, ya ölüm" ayrıcında idi, xalq dar ayaqda qalmışdı. Lakin müdrik millətimizin təkidli  tələbi ilə hakimiyyətə gələn ümummilli liderimiz Heydər Əliyevin  güclü iradəsi və uzaqgörən siyasəti sayəsində xalqımız bu bəlalardan qirtuldu. 1997-ci il iyunun 27-də isə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 15 iyun günü haqlı olaraq Azərbaycan xalqının Milli Qurtuluş günü elan edildi. İndi xalqımız hər il 15 iyunu böyük coşqu və sevinclə ürəkdən qeyd edir.
Lakin bu günü özü və ailəsi üçün "hüzn günü" kimi qarşılayan da var imiş. Bu yazını yazmağa da məni məhz onun obyektivlikdən uzaq, korafəhim fikirləri sövq etdi. Bu, özünü böyük bir partiyanın sədri, "ana müxalifət" və daha nələr-nələr hesab edən Əli Kərimlidir.
O, Milli Qurtuluş gününü xalqımızın necə böyük coşqu və təntənə ilə qeyd etdiyini görüb paxıllıq və qısqanclıq hissindən boğularaq özü-özünə cavabını yaxşı bildiyi bir sual verır: "kimdən, nədən qurtuldu bu millət?"
Sual yaxşı sualdı və o özü də bu sualın cavabını elə 1993-cü ilin 15 iyunundan bilir. Bilməsə, belə "böyük, dahi siyasətçi" üçün ayıb olar, çünki bu sualın cavabını orta məktəblərimizin ibtidai siniflərində oxuyan balalarımız belə əzbər bilir. O ki, qaldı "ana müxalifət"  lideri olasan.
Mən də həm o illəri - 1993-cü ilin 15 iyununa qədərki, həm də ondan sonrakı illəri yaşamış, ictimai-siyasi hadisələri yaxından izləmiş canlı bir şahid olaraq, həm də Azərbaycan vətəndaşı olaraq istədim o suala qısa cavab verməklə öz vətəndaşlıq mövqeyimi bildirim.
Kimdən, nədən qurtuldu bu millət? Əli Kərimli, İlk növbədə sizdən və başçılıq etdiyiniz qaragüruhdan qurtuldu bu millət. Məhz sizin qanunsuz yolla, xalqla hesablaşmadan, döyüş bölgələrimizdəki tankı-topu Bakı küçələrinə daşıyaraq onların lüləsi ilə zəbt etdiyiniz hakimiyyət dönəmində ölkədə necə deyərlər, ara qarışıb, məzhəb itmişdi. Çünki müstəqillik yollarında ilk kövrək addımlarını atan Azərbaycanın idarəçiliyi sizlərin - naşı, səriştəsiz, elmi-tədqiqat institutlarının künc-bucağında veyillənən, ali təhsil müəssisələrini yenicə tərk edib, çaşqınlıq içində ora-bura vurnuxanların əlinə keçmişdi. Əsl xaos və anarxiya, başıpozuqluq ilə qarşı-qarşıya qalmışdı xalqımız.
O illəri ağrısız xatırlamaq mümkün deyil. AXC-Müsavat iqtidarının səriştəsizliyi üzündən hərc-mərclik, başıpozuqluq, hakimiyyət uğrunda didişmə dövlətin bütün sahələrinə sirayət etmişdi. Tarixi düşmənimiz olan ermənilər bir-birinin ardınca rayonlarımızı işğal edib, yüz minlərlə soydaşımızı öz vətənində qaçqına çevirmişdi. Xalq təşviş içərisində idi və aydın görürdü ki, hakimiyyətə sahib çıxan sizlərdən heç biriniz  Azərbaycanı sevmir. Aranızda bir nəfər də olsa vicdanlı vətənpərvər yox idi, rəhbərlik etdiyiniz siyasi elitada ikiüzlülük, riyakarlıq, yaltaqlıq baş alıb gedirdi.
Var-dövlət, xəzinə toplamaq, daha yüksək mənsəbə çatmaq üçün hamınız, “uf” demədən vətəni, prezidenti belə satmağa hazır idiniz. Bütün bünların nəticəsi olaraq Azərbaycan real vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə dayanmışdı. Müstəqilliyimizin itirilməsi qorxusu var idi. Azərbaycanı parçalamaq və bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etmək reallıqdan çox uzaq görünürdü. Xaricdən dəstək alan qiyamçı dəstələr fəallaşmışdı. Nizaminin yurdu Gəncədə qan tökülmüşdü. Cənubda üzdəniraq “Talış-Muğan Respublikası” yaratmaq xülyası ilə vətən xainləri meydan sulayırdı. Xoşbəxtlikdən 1993-cü il iyunun 15-də müstəqil  dövlətçiliyimizin  siyasi tarixinin ən məsul və şanslı nümunələrindən biri yaşandı. Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında Heydər Əlirza oğlu Əliyev Ali Sovetin Sədri seçildi. Bu qayıdış təkcə böyük Heydər Əliyev ömrünün deyil, bu, həm də bütün tariximizin xüsusi mərhələsi, əsaslı dönüş nöqtəsi oldu. Beləliklə xalq sizlərdən qurtuldu… Qazandığını isə biz yaxşı bilirik, istəsən qısaca olaraq sənə də xatırladım: Ümummilli liderimiz Heydər Əliyevin 15 iyun tarixi gündə siyasi hakimiyyətə gəlişi, xalqımızın itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə ümidini artırdı. Ümumiyyətlə, bu qayıdış Azərbaycanı bütün bəlalardan xilas etdi, qurtardı: ölkəmizdə qardaş qırğınının qarşısı alındı. Vətənimiz parçalanmaqdan, dağılmaqdan azad oldu,  anarxiyaya, xaosa, hərc-mərcliyə, ictimai-siyasi həyatdakı dərəbəyliyə, özbaşınalığa və qanunsuzluğa son qoyuldu, süqut etməkdə olan dövlətçiliyimiz və müstəqilliyimiz möhkəmlənməyə başladı; iqtisadiyyatımız yüksəliş yoluna qədəm qoydu, dövlət çevrilişlərinin qarşısı alındı, milli ordumuz silahlı dəstələrə parçalanmaqdan xilas olub güclənməyə başladı, yeni-yeni torpaqlarımızın işğalı dayandırıldı, “Əsrin müqaviləsi” imzalandı. Bütün bunlar az bir müddətdə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri nəticəsində mümkün olmuşdur.
Müasir Azərbaycanın banisi, Azərbaycanı sabitlik və inkişaf yoluna çıxarmış böyük Heydər Əliyev 2003-cü il prezident seçkiləri ərəfəsində çox böyük əminliklə Azərbaycan xalqına müraciət edirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək”.
Beləliklə, haqlı olaraq, 15 iyun 1993-cü il tarixində böyük Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı sayəsində ölkəsi və özü üçün tamamilə yeni bir tarixin yazıldığını və yaşandığını görən və milli qurtuluşuna nail olan Azərbaycan xalqı 2003-cü ilin oktyabrında çox böyük ruh yüksəkliyi ilə İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi, çox böyük ümid və inamla taleyini böyük Heydər Əliyevin zəka və iradəsinin varisi İlham Əliyevə etibar etdi, tapşırdı. Bu gün bizim qəlbimiz şükran duyğusu ilə doludur. Bütün varlığımızla fəxr edirik ki, bu gün ümummilli liderimiz Heydər Əliyevin böyük yolunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şərəflə davam etdir

Ehsan Zahidov,
DİN Mətbuat Xidmətinin rəis müavini



geriyə