DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun «Azərbaycan» qəzetinə müsahibəsi

22.10.2004



Ötən bir il ərzində Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik daha da möhkəmlənmiş, kriminogen duruma tam nəzarət olunmuş, dövlətin və xalqın təhlükəsizliyi məsələsi problemlər sırasından çıxmışdır. Həssas bir bölgədə, transmilli cinayətlər, beynəlxalq terrorizm, narkotik və silah qaçaqmalçılığı, insan alveri, qanunsuz miqrasiya və mütəşşəkkil cinayətkarlığın digər növləri ilə məşğul olan şəbəkələrin hədəfində yerləşən Azərbaycanda sabitliyi bərqərar etmək və onu qorumaq həqiqətən də böyük fədakarlıq və zəhmət tələb edir. Şübhəsiz ki, bu, yalnız ümummilli liderimiz Heydər Əliyevin misilsiz təşkilatçılıq fəaliyyətinin və idarəçilik bacarığının əyani nəticəsidir. Bu missiyanın uğurla həyata keçirilməsində əbədi rəhbərimizin ən sədaqətli və fəal icraçılarından biri isə məhz daxili işlər orqanları olmuşdur.

Həmsöhbətimiz - Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov son bir il ərzində bu sahədə qazanılmış uğurları Prezident İlham Əliyevin qətiyyətli fəaliyyəti və ulu öndər Heydər Əliyevin dövlət siyasəti kursunu layiqli davam etdirməsi ilə əlaqələndirir.

 

- Cənab nazir, müsahibəyə ənənəvi bir sualla başlamaq istərdim: Bu gün ölkədəki ictimai durum, kriminogen vəziyyət necədir?

- 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından sonra ölkəyə və xalqımıza bəxş olunan qurtuluş, şübhəsiz ki, ictimai-siyasi vəziyyətə, kriminogen duruma da köklü müsbət dəyişikliklər gətirdi. Hüquq-mühafizə orqanları məhz ulu öndərimizin rəhbərliyi altında ölkədə tüğyan edən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyllərə, qanunsuz silahlı birləşmələrə qarşı uğurlu fəaliyyət göstərmişlər. Bunun bariz nəticəsi odur ki, Azərbaycan indi nəinki MDB məkanında, həmçinin Şərqi Avropa bölgəsi üzrə də əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayının azlığı, sabitliyin mükəmməl və etibarlı təminatı baxımından ən yaxşı göstəriciyə malik ölkədir.
Əldə olunmuş nailiyyətlərin və uğurların geniş miqyası onların qazanılması istiqamətində göstərilən fədakarlıqları bir daha yada salmağı zəruri edir. Nəzərə almalıyıq ki, indi Azərbaycan kriminogen durumla bağlı müsbət statistik göstəricilərə görə öndə olduğu halda, cəmi 10 il əvvəl biz əks yönümdə - törədilmiş cinayətlərin sayına və onların açılmamasına, vətəndaşların təhlükəsizliyinin təmin edilməməsinə, hətta daxili işlər orqanları əməkdaşlarının özlərinin ağır cinayətlərdə iştirakı tendensiyasına görə ilk yerlərdə idik. Bütün bu müsbət dəyişikliklərin, uçurumdan qurtuluşa keçidin konkret müəllifi var və biz buna görə məhz əbədi rəhbərimiz Heydər Əliyevə borcluyuq. Ulu öndərimiz hələ 1993-cü ildə çox haqlı olaraq deyirdi ki, ölkədə ictimai-siyasi sabitliyi yaratmadan, cinayətkarlığın qarşısını almadan nə müharibədə qələbə qazanmaq, nə də ki, sosial-iqtisadi sahədə nailiyyət əldə etmək mümkündür. Məhz cənab Heydər Əliyevin böyük fədakarlığı, gərgin əməyi, konkret və qətiyyətli addımları nəticəsində bu kimi neqativ meyllər aradan qaldırılmış, təxminən iki ildən sonra Azərbaycanda kriminogen duruma nəzarət tam təmin olunmuşdur. Əlamətdar haldır ki, rəhbərimiz bu istiqamətdə hüquq-mühafizə orqanlarının birgə uğurlu fəaliyyətini təşkil etməklə kifayətlənməmiş, həm də xalqın qüvvəsini, potensialını sabitliyin əldə edilməsinə səfərbər edə bilmişdir. Bu isə şübhəsiz ki, «Heydər Əliyev-Xalq» vəhdətinin qırılmaz bağlılığından, bu ülvi birliyin qələbə təntənəsindən irəli gəlmişdir.

Ötən dövr ərzində cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətində bir çox qərarlar qəbul olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 9 avqust 1994-cü il tarixli «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında» fərmanı, eyni zamanda, müvafiq beynəlxalq qurumların, Avropa ekspertlərinin rəyləri nəzərə alınmaqla qəbul edilmiş yeni Cinayət-Prosessual Məcəlləsi, «Polis haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında» qanunlar, « Daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamə bu sahədə mükəmməl, təkmil qanunvericilik bazası yaratmış, onların uğurla icrası isə Azərbaycanda qeyd etdiyim nailiyyətlərin əldə olunması üçün hüquqi zəmin rolunu oynamışdır.

İndi hər bir Azərbaycan vətəndaşının, ölkəmizdə yaşayan hər bir insanın həyatı, sağlamlığı, hüquq və azadlıqları, qanuni mənafeləri və mülkiyyəti hüquqazidd əməllərdən etibarlı qorunur. Ölkəmizdə sabitliyin qorunub saxlanılması ilə bağlı görülən işləri xalqımız böyük razılıqla qarşılayır və daim dəstəkləyir. Biz, daxili işlər orqanları, buna təminat yaradan Heydər Əliyev siyasi kursunun uğurla davam etməsi üçün fəaliyyətimizi daha da gücləndirəcək, qanunvericiliklə müəyyən edilmiş vəzifələrimizi bundan sonra da dönmədən yerinə yetirəcəyik.

- Daxili işlər orqanlarına dövlət qayğısı siyasəti son bir il ərzində də davam etdirilmiş, bu strukturun şəxsi heyətinin sosial müdafiəsini daha da gücləndirmək məqsədilə qərarlar qəbul olunmuş, xeyli əməkdaş müxtəlif mükafatlarla təltif edilmişdir. Bütün bunlar respublikanın daxili işlər orqanlarında necə qarşılanmışdır?

- Daxili işlər orqanlarının, eləcə də polisin fəaliyyətinə, fədakarlığına əbədi rəhbərimiz Heydər Əliyev daim yüksək qiymət vermiş, şəxsi heyətimizin sosial-müdafiəsinin yaxşılaşdırılması üçün konkret addımlar atmışdır. Hələ hadisələrin çox qaynar bir dövründə - 1994-cü ilin 29 aprelində DİN-in rəhbər işçilərinin iştirakı ilə keçirilən müşavirədə Prezident Heydər Əliyev vurğulamışdı ki, «Daxili İşlər Nazirliyinin hər bir əməkdaşının sosial müdafiəsini təmin etməliyik. Bu əməkdaşlar ilk növbədə öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər, ikinci növbədə isə onların mənafeyi müdafiə olunmalıdır». Göründüyü kimi, ölkənin müqəddəratının həll olunduğu bir vaxtda belə, Heydər Əliyev daxili işlər orqanları əməkdaşlarının sosial durumunun qayğısına qalır və onların daha yaxşı yaşamaları üçün lazımi tədbirlərin həyata keçiriləcəyini deyirdi. Sonrakı illərdə bu istiqamətdə ümummilli liderimiz həqiqətən də böyük işlər gördü və bütün vətəndaşların, o cümlədən, daxili işlər orqanları əməkdaşlarının himayədarı olduğunu konkret qərarları ilə sübut etdi. Prezident Heydər Əliyevin 11 mart 1996-cı il tarixli fərmanı ilə Daxili İşlər Nazirliyi sistemində vəzifə və rütbə maaşları 1.2 dəfə, 25 iyul 1997-ci il tarixli sərəncamı ilə müəyyən kateqoriyalı işçilərin vəzifə maaşları 1.5 dəfə, 30 may 1998-ci il tarixli sərəncamı ilə Daxili Qoşunların hərbi qulluqçularının vəzifə maaşları 3,5 dəfə, 17 may 2000-ci il tarixli sərəncamı ilə daxili işlər orqanları əməkdaşlarının rütbə maaşları 2 dəfə, sıravi və kiçik rəis heyətinin vəzifə maaşları 1.5 dəfə, 30 iyun 2003-cü il tarixli sərəncamla isə daxili işlər orqanları əməkdaşlarının və mülki işçilərin aylıq vəzifə və rütbə maaşları 1.5 dəfə artırılmışdır. Bundan başqa, DİN əməkdaşlarının ölkənin yüksək dövlət mükafatları ilə təltif edilmələri barədə əbədi rəhbərimiz Heydər Əliyev tərəfindən bir neçə dəfə sərəncam imzalanmışdır.

Təqdirəlayiq haldır ki, bu himayədarlıq və qayğıkeşlik siyasəti ulu öndərimizin ən layiqli davamçısı, Prezident cənab İlham Əliyev tərəfindən də davam etdirilir. Dövlət başçısı Azərbaycanın daxili işlər orqanları əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirməklə yanaşı, bu sistemdə çalışan insanların sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə də mühüm qərarlar qəbul etmişdir. Elə 30 iyun 2004-cü il tarixdə, peşə bayramımız ərəfəsində, ölkə rəhbəri polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramını təsdiq etmiş, vəzifə maaşlarının artırılması, zabitlərə ali xüsusi rütbələrin verilməsi, əməkdaşların dövlət mükafatları ilə təltif olunması ilə bağlı dörd sərəncam və iki fərman imzalamışdır. Bu silsilədə Dövlət Proqramı xüsusi əhəmiyyət kəsb edir. Sənəddə daxili işlər orqanları əməkdaşlarının maaşlarının mütəmadi olaraq artırılması, onların yaşayış və iş şəraitinin yaxşılaşdırılması, demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin genişlənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi və daim müasirləşdirilməsi kimi vacib məsələlərin həlli nəzərdə tutulur.

Şəxsi heyətimiz cənab Prezidentin xidməti fəaliyyətimizə verdiyi bu yüksək qiyməti böyük minnətdarlıqla qarşıladı. Ümumi qənaət odur ki, Prezident İlham Əliyevin bu ali münasibətinin tərəfimizdən qarşılığı-qanunvericiliklə müəyyən edilmiş vəzifələrimizin daha böyük əzm və məsuliyyətlə həyata keçirməyimiz, peşə borcumuzu layiqincə yerinə yetirməyimiz və Heydər Əliyev ideallarına əbədi sədaqətimizdir.
 
- Son illər DİN-in beynəlxalq əlaqələri xeyli genişlənmişdir. Rəhbərlik etdiyiniz Nazirlik müxtəlif beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməklə yanaşı, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə də xüsusilə fərqlənir. Bu sahədəki vəziyyəti qənaətbəxş saymaq olarmı?

- Daxili İşlər Nazirliyində beynəlxalq əlaqələr öncül fəaliyyət sahələrindən biri kimi qəbul edilib. Dünyada gedən qloballaşma prosesinin və Azərbaycanın beynəlxalq birliyə inamlı inteqrasiyasının vacib tələblərindən biri də məhz xarici ölkələrin müvafiq qurumları, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini genişləndirmək və inkişaf etdirməkdir. Eyni zamanda, yeni dövrdə daha geniş miqyas alan beynəlxalq terrorizm, narkotik və silah qaçaqmalçılığı, insan alveri, qanunsuz miqrasiya, eləcə də transmilli cinayətlərin digər növlərinə qarşı mübarizə məhz bu bəlalara məruz qalan ölkələrin hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti nəticəsində uğurla aparıla bilər.

Ümummmilli liderimiz Heydər Əliyev də həmin cinayətlərə qarşı mübarizənin dünyadan təcrid edilmiş şəkildə aparılmasını yanlış sayır və bu sahədə fəaliyyətimizin yalnız beynəlxalq səviyyədə birgə səylərlə təşkilini ən düzgün yol kimi bizə tövsiyə edirdi. Cinayətkarlıqla mübarizədə beynəlxalq təcrübənin öyrənilməsi, mütərəqqi iş, forma və metodlarının praktiki fəaliyyətimizdə tətbiqi, Azərbaycanın qoşulduğu konvensiyalarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsi yönümündə işimizin əlaqələndirilməsi məqsədilə Daxili İşlər Nazirliyinin strukturunda Beynəlxalq Əməkdaşlıq İdarəsi yaradılmışdır. Biz beynəlxalq səviyyədə informasiya mübadiləsi kimi əhəmiyyətli bir prosesə də böyük önəm veririk. Xüsusilə təhlükəli cinayətkarlar və cinayətkar qruplaşmalar barədə məlumatların operativ şəkildə çatdırılmasının ümumi işimizə müsbət təsiri vardır.

İndi bizim MDB üzvü olan ölkələr - Rusiya, Ukrayna, Moldava, Belarus, Özbəkistan, Qazaxstan, Gürcüstan və digər dövlətlərlə sıx əməkdaşlıq əlaqələrimiz mövcuddur. Bunun nəticəsidir ki, təkcə ötən il Azərbaycanda cinayət törədib həmin ölkələrdə gizlənən 400-dən artıq şəxs müəyyənləşdirilərək tutulmuş və respublikamıza ekstradisiya edilmişdir. Bundan əlavə, Türkiyənin, ABŞ-ın, Avstriyanın, Fransanın, İngiltərənin, İtaliyanın, Almaniyanın, Misirin, İranın, Çinin, Pakistanın və digər dövlətlərin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq əlaqələrimizi də daim genişləndiririk. Bu ölkələrin yüksək ixtisaslı mütəxəssislərinin iştirakı ilə bizdə treninqlər, seminarlar, forum və konfranslar keçirilir, əməkdaşlarımızın peşə hazırlığını artırmaq və müasir tələblərə uyğun qurmaq üçün həmin dövlətlərdə kurslar təşkil olunur.

Beynəlxalq əlaqələrdə tələbə mübadiləsi də xüsusi yer tutur. Bu gün Azərbaycanın daxili işlər orqanlarının 90-dan artıq əməkdaşı Rusiyanın və Ukraynanın Polis akademiyalarında təhsil alır və 100-dən artıq əməkdaşımız Türkiyədə təhsilini başa vuraraq ölkəmizdə xidmətlərini davam etdirir. Bir məqamı da vurğulayım ki, Türkiyənin Jandarm Komandanlığının Azərbaycanın Daxili Qoşunlarının formalaşmasında, onların peşə və döyüş hazırlığının artırılmasında böyük və əvəzsiz yardımları olmuşdur. Daxili Qoşunların «Qala» təlim Mərkəzinin müasir tələblərə uyğun tikilməsi və orada tədris prosesinin yüksək səviyyədə təşkili də məhz onların köməkliyi ilə baş tutmuşdur.

Bu günlərdə MDB üzvü olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının Kiyevdə keçirilən iclasında əlaqələrin daha da genişləndirilməsi və transmilli mütəşəkkil cinayətkarlığın ən ağır növü sayılan beynəlxalq terrorizmə qarşı qüvvələrin səfərbər edilməsi, bu sahədə mövcud olan qabaqcıl təcrübənin yayılması kimi vacib məsələlər ciddi müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.

- Cənab nazir, bu gün DİN-də peşə hazırlığı, əməkdaşların vəzifə borcuna riayət səviyyəsi hansı vəziyyətdədir və aparılan struktur islahatlarının, kadr əvəzlənmələrinin nə kimi nəticələri olmuşdur?

- Birmənalı söyləmək olar ki, cinayətkarlığa qarşı fəal mübarizə, əməliyyat şəraitinin nəzarətdə saxlanılması və digər məsələlərin uğurla həll edilməsinin əsas şərti məhz şəxsi heyətin professional hazırlığı səviyyəsindən asılıdır. Bu işin yüksək tələblər əsasında həyata keçirilməsi üçün ölkənin, həmçinin daxili işlər orqanlarının rəhbərliyi tərəfindən müvafiq tədbirlər görülür.

Bu məsələ daim ümummilli liderimiz Heydər Əliyevin nəzarətində olmuş, əməkdaşlarımızın peşə hazırlığının yüksəldilməsi, intellektual səviyyəsinin artırılması məqsədilə konkret işlər həyata keçirilmişdir.

Bir faktı xatırladım ki, dövlətimiz üçün taleyüklü vəzifə sayılan bu proses yalnız 1993-cü ildən başlamamışdır. Hələ ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyev böyük uzaqgörənliklə Azərbaycanda Cəmşid Naxçıvanski adına məktəbi yaratmış, eyni zamanda dahi öndərin təşəbbüsü ilə hər il yüzlərlə gənc SSRİ-nin müxtəlif ali və orta ixtisas məktəblərində təhsil alaraq hüquq-mühafizə orqanları üçün yüksək səviyyəli, bacarıqlı kadr kimi formalaşmışdır.

Müstəqillik illərində də peşəkar kadr heyətinin formalaşmasına xüsusi diqqət yetirən əbədi rəhbərimiz bu sahədə işin təşkilinə öz qayğısını daha da artırmışdı. Məsələn, 2002-ci ilin 2 iyulunda «Polis günü»nə həsr olunmuş tədbirdəki çıxışında Ali Baş Komandanımız əməkdaşlarımızın vəzifə borclarını layiqincə yerinə yetirməyi, xalqa və dövlətə həmişə sədaqətlə xidmət etməyi, fəaliyyətimizi müasir tələblər səviyyəsində qurmağı tövsiyə etmişdi. Ulu öndərimiz Polis Akademiyasına da xüsusi qayğı ilə yanaşırdı. Bu təhsil ocağının müdavimlərinin yeni, müasir tələblər əsasında bilik və təcrübəyə yiyələnmələrini istəyən cənab Heydər Əliyev həm də Akademiyanın maddi-texniki bazanın təkmilləşməsinə diqqət yetirirdi.

Professional hazırlığın yüksəldilməsi işi bizdə bir neçə yönümdə gedir. Bir tərəfdən daxili işlər orqanlarındakı təhsil müəssisələrinin fəaliyyətinin keyfiyyət göstəricilərini artırırıq, digər tərəfdən isə başqa ali təhsil ocaqlarının məzunlarının DİO-ya cəlb olunmasına imkan yaradırıq. Məsələn, hər il BDU-nu əla qiymətlərlə başa vuran, yaxşı fiziki hazırlığa malik 25-30 tələbə DİN sistemində xidmətə qəbul edilir. Bundan əlavə, əməkdaşlarımızın peşə hazırlığını yüksəltmək üçün mütəxəsisslərin iştirakı ilə, həmçinin xarici ölkələrin mütəxəssislərini cəlb etməklə bölgələr üzrə də xüsusi məşğələlər, treninq və seminarlar təşkil edirik.

Mən daxili işlər naziri kimi şəxsi heyətimizin peşə hazırlığından, onların vəzifə borclarına münasibətindən razıyam və hesab edirəm ki, ölkəmizdə cinayətkarlığa qarşı uğurlu mübarizənin əsas şərti də məhz professionallığın yüksək səviyyədə olmasıdır. Lakin bununla belə, bu sahədə görüləcək işlər hələ yetərincədir və biz əbədi rəhbərimiz Heydər Əliyevin arzuladığı səviyyəyə çatmaq üçün fəaliyyətimizi durmadan təkmilləşdirməliyik.

Struktur islahatlarına gəlincə isə, qeyd edim ki, bunlar formal islahatlar deyil. Bu, daxili işlər orqanlarının daha çevik və peşəkar fəaliyyət göstərməsi, cinayətkarlığa qarşı mübarizənin daha effektli aparılması, ümumi işimizin nəticələrinin yüksəldilməsi vəzifələrinə xidmət edir. Daxili İşlər Nazirliyi sistemində yeni idarələrin - Daxili Təhqiqatlar, Şəxsi Heyətlə İş, Beynəlxalq Əməkdaşlıq idarələrinin, Mətbuat Xidmətinin yaradılması, eləcə də bir neçə ay öncə Daxili Təhlükəsizlik İdarəsinin təsis edilməsi ilk növbədə zamanın tələblərindən irəli gəlib. Kadr əvəzlənmələri isə daha çox rotasiya xarakteri daşıyır. Yəni kimisi xidmətdə olmanın son yaş həddinə çatdığına görə təqaüdə çıxır, digər hallarda isə müəyyən xidmət dövründən sonra rəhbər heyətin vəzifə yerdəyişməsi baş verir. Kadr seçimində əsas meyarlardan biri də məhz gənclərin sıralarımızda xidmətə cəlb edilməsi, perspektivli, idarəçilik bacarığı ilə seçilən kadrların irəli çəkilməsidir ki, bu sahədə də uğurlar var. Ümumiyyətlə isə daxili işlər orqanlarında kadr siyasəti sabit xarakterlidir.

- Məlum olduğu kimi, əvvəllər daxili işlər orqanlarından şikayətlər, narazılıqlar çox idi. Siz daxili işlər naziri kimi ölkə Prezidentini bölgələrə səfərlərində müşayiət edirsiniz və bu səfərlərdə əhali dövlət başçısına xeyli şikayət məktubu təqdim edir. Bu narazılıqlar silsiləsində daxili işlər orqanlarından olan tənqidlər hansı həcmdə olur?

- Vətəndaşların ərizə və şikayətlərinə baxılması işi Daxili İşlər Nazirliyinin daim diqqət mərkəzində olan məsələlərdəndir. Prezident İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» fərmanda da xüsusi vurğulanır ki, «Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə tapşırılsın ki, vətəndaşların müəyyən olunmuş qrafikə uyğun olaraq qəbulunu, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılmasını və haqlı tələblərinin həll edilməsini təmin etsinlər, müvafiq icra hakimiyyəti orqanlarının aparatlarında nizam-intizamın gücləndirilməsi üçün zəruri tədbirlər görsünlər».

Biz çalışırıq ki, vətəndaşlardan daxil olmuş məktublar həm operativ, həm də obyektiv öyrənilsin, araşdırılsın və ədalətli həllini tapsın. Təsadüfi deyildir ki, nazirliyin rəhbərliyi mütəmadi olaraq bölgələrdə olur və vətəndaşların yerlərdə qəbulunu təşkil edir. Bütün bunların əsas məqsədi odur ki, fəaliyyətimizin şəffaflığı təmin olunsun və hər hansı narazılıq elə yerindəcə aradan qaldırılsın. Digər tərəfdən, biz, bu sahədə görülən işləri, vətəndaşların qəbulu və onların ərizələrinə baxılmasını mütəmadi olaraq Kollegiya iclaslarında müzakirəyə çıxarır, bu prosesi daha da təkmilləşdirmək üçün konkret qərarlar qəbul edirik. Ancaq bəzən şikayətlərin əsassız, qərəzli və qeyri-obyektiv xarakter daşıması, bir qisminin isə ümumiyyətlə, daxili işlər orqanlarının səlahiyyətinə aid olmaması kimi hallar ilə də üzləşirik.

Qeyd etdiyiniz kimi, Prezident cənab İlham Əliyevin bölgələrə səfərlərində yerli əhali dövlət başçısına müxtəlif məzmunlu müraciətlər təqdim edir. Bütün bu ərizələr və məktublar Prezident tərəfindən öyrənilir, müvafiq dövlət strukturları isə vətəndaşları narahat edən problemlərin qısa müddət ərzində həll edilməsi ilə bağlı konkret addımlar atırlar. Bu baxımdan Daxili İşlər Nazirliyinin səlahiyyətinə aid olan müraciətlər də operativ araşdırılır. Eyni zamanda, ölkə rəhbərinin poçtuna daxil olmuş müraciətlər Prezident Administrasiyası tərəfindən baxılması və müvafiq ölçülər götürülməsi üçün bizə göndərilir. Biz bütün şikayət, ərizə və təklifləri diqqətlə araşdıraraq, lazımi tədbirləri görürük. Bu iş bir nazir kimi, həmişə mənim tərəfimdən nəzarətdə saxlanılır. Ümumən qeyd etmək olar ki, polisin fəaliyyəti ilə bağlı şikayətlər, daxili işlər orqanlarının işindən narazılıqlar nisbətən azalıb.

- Bir müddət öncə keçmiş XTPD-nin əməkdaşları sosial müdafiələrinin təşkili və onların orqanlara bərpa edilmələri ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etmişdilər. Onların müraciətləri öz həllini tapa bildimi?

- Əvvəla onu xatırladım ki, keçmiş XTPD-nin əməkdaşlarının böyük bir hissəsi son 10 il ərzində daxili işlər orqanlarında fəaliyyətlərini davam etdirmiş, Vətənə, Dövlətə və Prezidentə sədaqətlə xidmət göstərmişlər. Məlum olduğu kimi, onların bir qismi də 1995-ci ilin mart hadisələrində dövləti cinayətlərdə iştiraka görə həbs edilmişdilər. İstintaq və məhkəmə prosesi zamanı sübut olunmuşdu ki, bu şəxslər nəinki 1995-ci ildə, hələ ondan da əvvəl müxtəlif cinayətlərdə iştirak etmiş, banditizm, quldurluq, soyğunçuluq, digər mütəşəkkil cinayətkarlıqlarla məşğul olmuşlar. Dövlətin mənafeyini qorumaq, müstəqilliyi möhkəmləndirmək əvəzinə ona zərbə vuran, sarsıtmağa cəhd göstərən, vətəndaşların təhlükəsizliyini təmin etmək kimi vəzifə borcuna zidd fəaliyyət göstərən bu şəxslər ədalət mühakiməsi qarşısında dayanmış və haqlı cəzalarını almışlar. Lakin ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin humanizmi, qayğıkeşliyi sayəsində həbsdə olan keçmiş XTPD əməkdaşlarının mütləq əksəriyyəti əfv edilmişlər.

Onların bəziləri əmək kitabçaları, müharibə veteranı vəsiqələri ilə təmin olunmamaları, pensiya almamaları və sair barədə həqiqətən də son vaxtlar müxtəlif instansiyalara və kütləvi informasiya vasitələrinə müraciətlər etmişdilər. Bu məsələnin araşdırılması, onların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının təmin edilməsi üzrə görülmüş işlərə dair ətraflı və səhih məlumatın hazırlanması, mümkün çatışmazlıqların Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada aradan qaldırılması üçün mənim əmrimlə bu il avqustun 2-də xüsusi komissiya yaradılmışdır.

Qısaca olaraq, onu qeyd etmək istəyirəm ki, həmin əmrin icrası ilə əlaqədar ötən müddət ərzində keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin xidmətdən xaric edilmiş əməkdaşlarından 135 nəfərinə əmək kitabçası, 279-na «Müharibə veteranı» adının verilməsi təmin edilmiş, 5 nəfər Xüsusi Həkim Komissiyasının qərarı ilə əlillik dərəcəsi almaq üçün aidiyyəti dövlət strukturlarına göndərilmiş, bir nəfərə pensiya təyin olunmuşdur. Bu istiqamətdə tədbirlər davam etdirilir. Lakin məsələnin həllini qərəzli şəkildə təhrif edənlər də var. Özlərini «hüquq-müdafiəçiləri» adlandıran bəzi şəxslər siyasi sifariş əsasında xüsusi canfəşanlıqla iddia edirlər ki, guya keçmiş XTPD əməkdaşlarının hüquqları tam təmin olunmur. Ancaq unudurlar ki, dövlət və Prezident öz vətəndaşının cinayətini bağışladığı kimi, onun sosial müdafiəsinə, məşğulluq məsələsinə də xüsusi qayğı və diqqətlə yanaşır - ancaq qanunun imkan verdiyi miqyasda. Bu sahədə indiki iqtidara kiminsə məsləhət verməsinə, yol göstərməsinə heç bir ehtiyac yoxdur. Bir məqamı da xatırladım ki, müvafiq əsasnaməyə görə, cinayət törətmiş, məhkumluğu olan şəxslər daxili işlər orqanlarında işləyə bilməzlər. İndi biz məhkəmə tərəfindən dövləti cinayətlərdə təqsirli bilinən və buna görə məhkum olunmuş şəxsləri polis orqanlarında xidmətə necə bərpa edə bilərik? Axı özlərini «hüquq müdafiəçiləri» adlandıranlar hüquqi normalara, qanunlara niyə bu qədər etinasız yanaşırlar? Unutmayaq ki, dövlət onlara bəraət verməyib, sadəcə olaraq, Prezidentimiz humanizm göstərərək əfv edib. Bəraətlə əfvin fərqini bilməyənlərə, yaxud bilmək istəməyənlərə isə bundan artıq nəyisə başa salmaq həqiqətən də çətindir.

- Yeri gəlmişkən, 15-16 oktyabr hadisələrində təqsirli bilinən müxalifət funksionerlərinin məhkəmə prosesində daxili işlər orqanlarında onlara qarşı təzyiqlərin və təhdidlərin olduğu iddia edilirdi. Hətta şəxsən Sizin bu işin təşkilatçılarından biri olduğunuz bildirilir və şahid kimi məhkəməyə dəvət olunmağınız tələb olunurdu. Onların bu iddiası nə dərəcədə əsaslıdır?

- Birmənalı olaraq bildirirəm ki, həmin iğtişaşların, təxribatların ideoloqları və təşkilatçılarının əksəriyyəti bu gün ədalət mühakiməsi qarşısında dayanıblar. Bir neçə aydır ki, obyektiv, ədalətli, açıq məhkəmə prosesi gedir və kütləvi informasiya vasitələrində hərtərəfli işıqlandırılır. İstintaqın müvafiq rəyi artıq məhkəmə prosesində şahidlərin ifadələri və araşdırmalar nəticəsində tam sübuta yetib. Dövlətin, hakimiyyət strukturlarının, o cümlədən daxili işlər orqanlarının vəzifəsi ölkədə sabitliyi qorumaq, ictimai təhlükəsizliyi təmin etmək, cinayətlərin və digər hüquqpozmaların, iğtişaş cəhdlərinin qarşısını almaqdır. Belə olan təqdirdə, biz iğtişaşda, təxribatlarda necə maraqlı ola bilərik? Həmin radikal müxalifət bu cür əsassız bəyanatlar və artıq patoloji hal almış yalan, iftira kampaniyası ilə çalışır ki, öz cinayətini dövlət orqanlarının üstünə atsın. Ötən əsrin 90-cı illərinin əvvəllərindən etibarən onlar cinayət törədib sonradan bunun məsuliyyətini opponentlərinin üzərinə yönəltməyə cəhd göstərməyi artıq vərdiş ediblər.

15-16 oktyabr hadisələrindən bir il ötür. Ötən dövrdə baş verən proseslər bir daha təsdiq etdi ki, ölkədəki radikal müxalifət antimilli, antixalq fəaliyyət yolunu tutub və onlar əsas problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həllinə, sosial-iqtisadi inkişafa daim məqsədli şəkildə maneə yaradırlar. Bunun ən bariz təzahürü məhz 15-16 oktyabr hadisələri idi. Cinayətlərdə iştirakı artıq təsdiq edilən müxalifət funksionerləri tək ədalət mühakiməsi və aldadaraq bu iğtişaşlara cəlb etdikləri insanların ailələri qarşısında deyil, həm də tarix qarşısında da cavab verməlidirlər.

Hakimiyyətə gəlməyin yalnız bir yolu var - ulu öndərimiz Heydər Əliyevin bərqərar etdiyi demokratik, azad və ədalətli seçkilər yolu! Azərbaycan xalqının mütləq əksəriyyəti bu seçkidə Heydər Əliyev siyasi platformasına, bu siyasi kursun ən layiqli namizədinə etimad göstərdi. Və 15-16 oktyabr hadisələrinin mahiyyətində dayanan əsas məsələ də elə məhz xalqın iradəsinə, seçim hüququna qarşı təcavüz planı idi. Xalq öz dövlətinə, rəhbərinə, hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarına güvənərək, birgə inam, milli mənafe və məqsəd naminə həmin sınaqlardan da uğurla çıxdı və bu, Azərbaycan xalqının Heydər Əliyev siyasi kursuna nə qədər sadiq olduqlarını, ona alternativ görmədiklərini aşkar şəkildə nümayiş etdirdi.

Bir məqamı da vurğulayım ki, hələ 15 oktyabrdan öncə müvafiq dövlət orqanları həmin müxalifət funksionerlərinə rəsmi şəkildə müraciət edərək, iğtişaşa və təxribata yol verməmək üçün münasib yerdə mitinq keçirməyi təklif etmişdi. Yəni biz öz tərəfimizdən əlimizdən gələn hər şeyi etmişdik ki, bu hadisələr baş verməsin. Ancaq göründüyü kimi, müxalifətə mitinq yox, iğtişaş lazım idi.

- Ümumiyyətlə, 15-16 oktyabr hadisələrində daxili işlər orqanlarının əməkdaşları qanunazidd fəaliyyət göstərmişlərmi? Xatırladaq ki, bəzi xarici qeyri-hökumət təşkilatları DİN əməkdaşlarının bu hadisələrdə vəzifə səlahiyyətlərini aşdıqlarını bildirmiş və onların cəzalandırılmasını tələb etmişlər…

- Mən daxili işlər naziri kimi bütün məsuliyyətimlə bildirirəm ki, bu hadisələrdə əməkdaşlarımız qanuna riyaət etmiş, vəzifə borclarını layiqincə yerinə yetirmiş, yüksək professonallıq və vətənpərvərlik nümunəsi göstərmişlər. Həmin günün hadisələri, iğtişaşçıların hərəkəti və eyni zamanda, daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti hansısa qapalı zonada deyil, bütün xalqın gözü qarşısında baş verib və bunun telegörüntüləri ilə hər kəs tanışdır. Yəni, bütün xalqa məlum olan faktları kim təhrif edə bilər?

Bir qrup insanı zorla iğtişaşa cəlb edən, xüsusi və dövlət əmlakına külli miqdarda ziyan vuran, beş yaşlı körpəni ayaqlar altına atan, jurnalisti vəhşicəsinə döyən, Daxili Qoşunlara məxsus avtomobili ələ keçirərək polis əməkdaşlarınıni və hərbi qulluqçuların üzərinə sürən, ofisinə taxta, dəmir parçaları, daş-kəsək yığan, hətta hücum vaxtı yerdən asfalt örtüyünü qoparan şəxslər kimlər olmuşlar? Axı onların kimliyi - radikal müxalifətin amansızlığı və zorakılığı bütün Azərbaycan vətəndaşlarına məlumdur!

Ümumiyyətlə isə kütləvi iğtişaşlar zamanı Daxili İşlər Nazirliyinin ictimai asayişin bərpasına yönəldilmiş tədbirlərdə iştirak edən 160 nəfərdən çox əməkdaşına və hərbi qulluqçusuna, 25 nəfər mülki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmişdir. İğtişaşlarda iştirak edən şəxslər tərəfindən Daxili İşlər Nazirliyinin 13, müxtəlif müəssisə və təşkilatlara məxsus 25 avtomobil sıradan çıxarılmışdır. Bununla yanaşı, dövlət və xüsusi mülkiyyətdə olan onlarla obyektə ziyan vurulmuşdur. Cinayətlər nəticəsində dəymiş zərərin məbləği isə 4 milyard manata yaxın olmuşdur.

Hansısa xarici qeyri-hökumət təşkilatının bəyanatına gəlincə isə bildirirəm ki, baş verən hadisələrə ən obyektiv münasibəti yalnız xalq müəyyənləşdirə bilər, yəni ən ədalətli və qərəzsiz orbitr məhz xalqdır. Vətəndaşlarımızın həmin hadisələrdə rəyi isə məlumdur. Daxili işlər orqanlarının vətənə, dövlətə, rəhbərə sədaqət nümayiş etdirərək göstərdikləri fədakarlıqların xalq tərəfindən yüksək qiymətləndirilməsini mən qürur hissi ilə xatırlayıram. Məhkəmə prosesi də yekunlaşmaq üzrədir və şübhə yoxdur ki, hər kəs layiq olduğu cəzanı alacaq.

Bir daha bildirirəm, mənim, eləcə də daxili işlər orqanlarının əməkdaşları üçün ən üstün qərar xalqın rəyi, dövlətin hüquqi prinsipləri, ədalət məhkəməsinin hökmü, ən nəhayət, möhtərəm Prezidentimizin, Ali Baş Komandanımızın tapşırıq və göstərişləridir. Ermənistanın təcavüzkarlığına göz yuman, bir milyondan artıq azərbaycanlı qaçqının və məcburi köçkünün yaşamaq haqqını tanımayan, ikili standartların girovuna çevrilən və baş verən hadisələrə faktların gözü ilə yox, antiazərbaycançı şəbəkənin sifarişləri əsasında qiymət verən hansısa qeyri-hökumət təşkilatının rəyinə münasibət bildirməyə isə lüzum görmürəm. Zaman artıq kimin haqlı, kimin haqsız olduğunu tam müəyyənləşdirib.

- Cənab nazir, bir qədər şəxsi xarakterli sual vermək istərdik. Müxalifət funksionerlərinin ən çox tənqid hədəfində olan nazirlərdən biri də məhz Sizsiniz. Bu, Sizdə nə cür təəssürat yaradır?

- Əslində, istədiyimiz də odur ki, fəaliyyətimizdə yol verdiyimiz nöqsanlar, qüsurlar haqlı, əsaslı tənqid olunsun. Çünki sağlam tənqid həqiqətən də işimizə təkan verə bilər. Lakin təəssüf ki, biz onlar tərəfindən daim yalan, böhtan, iftira, mahiyyətlərinə uyğun qərəzli və məkrli antitəbliğat kampaniyaları ilə üzləşirik. Bunun da yalnız bir səbəbi var: daxili işlər orqanlarının əməkdaşları bir nəfər kimi dövlətinə, xalqına sadiqdir, Heydər Əliyev kursunu layiqincə davam etdirir və ölkəmizdə bərqərar olmuş sabitliyə qarşı çıxan, ümummilli mənafeyimizə zidd fəaliyyət göstərən hər bir qüvvəni digər müvafiq qurumlarla birlikdə yerindəcə zərərsizləşdirir.

Mən bir nazir və vətəndaş kimi həmişə bu prinsiplərə sadiqəm. Fəaliyyətim kimlərisə qane etmirsə, kimlərdəsə narahatlıq yaradırsa, bu onun problemidir. Xalqımızı bir daha əmin edirəm ki, nə qədər ki, ölkə prezidenti bu vəzifədə mənə etimad göstərir fəaliyyət prinsiplərim dəyişməyəcək. Heydər Əliyev amallarına, Heydər Əliyev kursuna həmişə sadiq qalacaq, dövlətə və xalqa bağlılığımı isə bir vətəndaş olaraq daim davam etdirəcəyəm.

Daxili işlər orqanlarının əməkdaşları həqiqətən də çox şərəfli, məsuliyyətli bir missiyanı həyata keçirir. Bu yolda qarşımıza maneə çıxarmağa, bizi öz yolumuzdan yayındırmağa cəhd göstərən, haqqımızda dedi-qodu, şayiə yayan bədxahlara bir daha bildirirəm: Heydər Əliyev siyasi platformasında, Prezident İlham Əliyev komandasında Azərbaycan dövlətinə və xalqına xidmət edən iqtidar mənsubları, o cümlədən şəxsi heyətimiz bölünməz, bütöv, yekdil, ölkəyə və millətə bağlı qüvvədir və qazandığımız hər bir uğur bizim monolitliyimizi daha da möhkəmləndirir.

- Cənab İlham Əliyevin dövlət başçısı seçilməsindən bir il ötür. Qeyd edilən müddətdə Prezidentin fəaliyyəti Sizdə bir vətəndaş olaraq hansı münasibət formalaşdırdı? Necə hesab edirsiniz, qeyd edilən dönəmdə Azərbaycan nə kimi uğurlar qazandı və bir il öncəki seçim özünü tam doğrultdumu?

- Ötən əsrin 80-ci illərinin sonlarından etibarən xalqımızın üzləşdiyi fəlakətlər, müsibətlər, ölkəmizin yaşadığı böyük böhranlar nəticə etibarilə vətəndaşlarımızda düzgün, ən layiqli, doğru-dürüst seçim ənənəsinin əsasını qoydu. Məhz 1993-cü ildə Azərbaycan vətəndaşları Heydər Əliyevə səs verməklə ulu öndərin siyasi kursunun alternativsizliyini və ona əbədi sadiqliklərini müəyyənləşdirdilər. Bu baxımdan da 2003-cü ilin 15 oktyabrında seçicilərin mütləq əksəriyyətinin cənab İlham Əliyevə etimad göstərməsini məhz bu konteksdə dəyərləndirmək lazımdır.

Lakin cənab İlham Əliyevə olan böyük etimad onun təkcə Heydər Əliyev siyasi kursunun davamçısı olması ilə əlaqədar deyildi. O, 1994-cü ildən etibarən iqtisadiyyatdan siyasətə, diplomatiyadan ictimai fəaliyyətə qədər dövlət quruculuğunun istisnasız olaraq bütün sahələrində fəal iştirak etmiş, o cümlədən Dövlət Neft Şirkətinin vitse-prezidenti, Milli Məclisin deputatı, Azərbaycan parlamentinin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, AŞ PA sədrinin müavini və büro üzvü, YAP sədrinin birinci müavini, MOK-un prezidenti, ən nəhayət, Baş nazir kimi ölkəmizin qazandığı uğurlara böyük töhfələr vermiş, müəllifi Heydər Əliyev olan cağdaş Azərbaycanın inkişaf strategiyasının ən fəal, ən istedadlı icraçısı olmuşdur. Şübhəsiz ki, bu və sadalamadığım digər fədakar xidmətlər qədirbilən Azərbaycan xalqının diqqətindən kənarda qala bilməzdi və vətəndaşlarımız hələ 90-cı illərin sonlarından etibarən cənab İlham Əliyevi ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin ən layiqli varisi kimi qəbul etmişdilər. Bu qənaət xalqın ayrılmaz hissəsi olan daxili işlər orqanlarının şəxsi heyəti tərəfindən də birmənalı mövqe kimi qəbul edilmişdir. Hələ 2001-ci ilin aprel ayında DİN-in gənc əməkdaşlarının ümumrespublika toplantısının iştirakçıları qarşısında çıxışımda qeyd etmişdim ki, Müxalifət hörmətli İlham Əliyevi müxtəlif vəzifələrə «təyin edir», proqnozları doğrulmadıqda isə onun həmin vəzifəyə layiq olmadığını qeyd edirlər. Əslində, bu, qısqanclığın, çox ciddi rəqiblə rastlaşmaq xofunun təzahürüdür. Əlbəttə ki, mən İlham Əliyev kimi bacarıqlı, səriştəli, yüksək intellektə malik, Vətənini sevən, Azərbaycan dövlətçiliyinə yüksək dərəcədə sədaqətli, kamil bir şəxsiyyəti onlarla müqayisə etmək istəmirəm. Onun təşkilatçılıq, idarəçilik və işgüzarlıq məziyyətləri ilə kim müqayisə oluna bilər? Tamhüquqlu, hərtərəfli hazırlıqlı bir vətəndaş kimi İlham Əliyev niyə yüksək dövlət postu tuta bilməsin?

Tarix üçün bir il o qədər qısa müddət sayılır ki, bu zaman çərçivəsində baş verən proseslərə qiymət vermək, adətən, çətin olur. Lakin cənab İlham Əliyevin prezidentliyinin bu qısa müddətli dövrünün icmalı qazanılan nailiyyətlər və bünövrəsi qoyulan qarşıdakı uğurlar barədə faktlar və arqumentlərlə saatlarla danışmaq imkanı yaradır. Son bir il ərzində dövlətin elə bir sahəsi yoxdur ki, orada nailiyyət göstəriciləri daha da yaxşılaşmasın, elə bir yönüm yoxdur ki, orada inkişaf dinamikası dəyişməz qalsın. İqtisadiyyat, sosial sfera, aqrar sektor, neft və qeyri-neft sənayesi, elm və təhsil, səhiyyə məhz dövlət başçısının birbaşa nəzarəti altında tərəqqi prosesini davam etdirir. Elə bir sosial zümrə yoxdur ki, Prezident İlham Əliyevin qayğısından, diqqətindən kənarda olsun. Elm xadimindən sənətkara, hüquq-mühafizə orqanı əməkdaşından səhiyyə işçilərinə qədər, qaçqın və məcburi köçkünlərdən idmançı və tələbələrədək, hətta cinayətkarından radikal müxalifət təmsilçilərinə kimi hamı - bütün Azərbaycan vətəndaşları öz rəhbərinin himayəsini, qayğısını, mərhəmətini gördü.

Ölkəmiz ulu öndər Heydər Əliyevin yaratdığı siyasi sabitlik, vətəndaş həmrəyliyi Prezident İlham Əliyevin əfv fərmanları, milli barışığa yönəlmiş addımları ilə daha da möhkəmləndi və bu proseslər dönməz axar aldı. Azərbaycanın sivil dünyaya, Avropa dəyərlərinə inteqrasiyası uğurla davam etdi, beynəlxalq birliklərdə, fövqəldövlətlərdə Azərbaycan həqiqətləri daha aydın qəbul edilməyə başladı. Dağlıq Qarabağ münaqişəsinin ədalətli, Azərbaycanın mənafeyinə uyğun nizamlanmasına olan ümidlər qətiləşdi. Bununla yanaşı, Ali Baş Komandan Azərbaycan Ordusunun qüdrətlənməsi prosesini inamla inkişaf etdirdi, hər bir bölgəyə səfərində mütləq qaydada əsgər və zabitlərlə görüşdü, onların qayğıları ilə maraqlandı, yerindəcə göstərişlərini verdi, xalqın və Prezidentin orduya güvəndiyini fəaliyyəti ilə təsdiqlədi.

Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunun davamçısı olduğunu bütün sahələrdə, xüsusən xalqa münasibətində dəfələrlə sübut etdi. Lənkəranda baş verən facəinin qurbanları xəstəxanada gözlərini açarkən qarşılarında ilk olaraq rəhbərlərini gördülər və Prezidentin yüksək insanpərvərliyinin, mənəvi qayğısının, davamı maddi formada oldu. Yüzlərlə qaçqın və məcburi köçkün ailəsi ulu öndərin vəsiyyətinə daim əməl edən öz xeyirxahının - cənab İlham Əliyevin səyləri nəticəsində münasib mənzillərdə məskunlaşdı və daha 3860 ailə rəhbərindən yeni evlərin müjdəsini aldı. Şəhər gəzintisinə çıxan, paytaxtın müxtəlif yerlərində olan Prezident ona yaxınlaşan yüzlərlə insanın təşəkkürünü, minnətdarlığını dinləməklə bərabər, onların cari problemlərinin həlli ilə bağlı konkret tapşırıqlar verdi.

Dövlət başçısının bölgələrə səfərlərində onu müşayiət edən bir şəxs kimi məndə çox böyük qürur doğuran təəssüratlar yarandı. Prezident İlham Əliyev hər yerdə bütün vətandaşlarla səmimi görüşür, onların problemlərini təmkinlə dinləyir, aqrar bölmənin təmsilçilərinin, yerli sahibkarların çətinliklərini öyrənir, elə yerindəcə tapşırıqlarını verir, yerli rəhbərliyi əhali ilə münasibətlərdə bürokratizm meyllərini aradan qaldırmağa çağırır, ən əsası isə hökumət üzvlərinə bölgələrə dövlət qayğısını artırmaq göstərişini verirdi. Cənab İlham Əliyev hələ ötən ilin noyabr ayının 17-də hökumət üzvləri ilə keçirdiyi ilk iclasda fəaliyyət strategiyasının ümumi prinsiplərini belə izah etmişdi: «Mən Heydər Əliyevin komandasının üzvüyəm və bu komanda ilə birlikdə işləyəcəyəm. Hər birinizin gələcək fəaliyyəti nəticələrdən asılı olacaqdır. Hamıdan tələb edirəm ki, öz işinə məsuliyyətlə yanaşsın və öz vəzifə borcunu vicdanla yerinə yetirsin. Biz Azərbaycan xalqı üçün işləyirik. Onlar bizə bu etimadı göstəriblər və biz də bu etimadı doğrultmalıyıq».

Bu tezis - «Azərbaycan xalqına işləmək və ümummilli etimadı doğrultmaq» prinsipi ötən bir il ərzində Prezident İlham Əliyevin fəaliyyətində prioritet təşkil etdi. Dövlət başçısı sübut etdi ki, xalq öz seçimində yanılmayıb və o, həqiqətən də layiqli Prezidentdir, hər bir vətəndaşın prezidentidir! Xalq da həmişə Prezident İlham Əliyevə güvəndiyini, ona dəstək olduğunu, eyni zamanda Heydər Əliyevin müqəddəs ideallarına sadiqliyini nümayiş etdirdi.

Ötən 10 il ərzində ümummilli liderimiz Heydər Əliyev xaosdan qurtuluşa keçidi yalnız xalqla vəhdətdə təmin etdi. İndi tam əminliklə söyləmək olar ki, Prezident İlham Əliyev məhz xalqının etimadı və inamı ilə Heydər Əliyevin əmanəti olan müstəqil Azərbaycanı daha böyük uğurlara, zəfərlərə doğru aparacaq.

Son bir il Prezident İlham Əliyev və onun komandası üçün həm də əbədi rəhbərimiz Heydər Əliyevin ruhu qarşısında sınaq dövrü idi. Biz milli liderimizin yadigarı olan dövlətə və onun daim bağlı olduğu Azərbaycan xalqına şərəflə xidmət etməklə bu sınaqdan da uğurla çıxdıq. Əminəm ki, Prezident İlham Əliyevlə xalqla bərabər onu Azərbaycana layiqli siyasətçi, qətiyyətli rəhbər, görkəmli dövlət xadimi kimi bəxş edən Heydər Əliyevin əbədiyaşar ruhu da qürur duyur. Fikrimcə, ötən bir ilin ən böyük nailiyyəti də elə məhz budur!


Ən son press-relizlər