DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

İnsan alverinə qarşı mübarizə üzrə milli kordinatorun hesabatı

29.10.2011

Cinayətkarlığın qloballaşdığı, yeni çağırış və təhdidlərinin artdığı dövrdə dünya birliyini narahat edən problemlərdən biri də şəxsiyyətin hüquq və azadlıqlarını ciddi şəkildə pozan və köləliyin müasir formasına çevrilmiş insan alverinin genişlənməsidir. Belə hüquqazidd əməllərin miqyasını və transsərhəd xarakter daşımasını səciyyələndirən başlıca amil - kriminal biznesin ən gəlirli növlərindən olmasıdır ki, bu mühüm faktor nəzərə alınmaqla ötən ilin iyul ayında Birləşmiş Millətlər Təşkilatı tərəfindən Qlobal Fəaliyyət Planı qəbul edilmişdir.

Lakin, insan alverinin qarşısının alınmasında universal resept mövcud deyil və hər bir ölkə onunla mübarizədə optimal milli mexanizm formalaşdırmaqla öz siyasətini müstəqil müəyyənləşdirir.

Bu baxımdan, əksər beynəlxalq konvensiyaların iştirakçısı olan ölkəmizdə də sözügedən cinayətlərin qarşısının alınması, onu doğuran səbəblərin müəyyən edilməsi və nəticələrinin aradan qaldırılması, qurbanların müdafiəsi, hüquqlarının bərpası, sosial reabilitasiyası və təhlükəsiz repatriasiyasını təmin etmək istiqamətində tədbirlər milli fəaliyyət planı əsasında məqsədyönlü şəkildə davam etdirilir.

Ötən dövrdə bu mühüm sənədin icra vəziyyəti, mövcud problemlər və onların həlli yolları, fəaliyyətin əlaqələndirilməsi və qarşılıqlı əməkdaşlığın təkmilləşdirilməsi məsələləri İnsan alverinə qarşı mübarizə üzrə İşçi Qrupun diqqət mərkəzində olmuşdur.

Ayrı-ayrı vaxtlarda Beynəlxalq Miqrasiya Təşkilatının, ABŞ-ın Azərbaycandakı diplomatik korpusunun, Böyük  Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun, BMT-nin «İnsan alverinə qarşı» Lider Qadınlar Komissiyasının rəhbərləri və üzvləri ilə görüşlər keçirilmiş, məsləhətləşmələr aparılmışdır.

Avropanın 7 ölkəsini təmsil edən ekspert qrupunun, habelə Avropa İttifaqının, ATƏT-in, Beynəlxalq Miqrasiya və Əmək təşkilatlarının, Amerika Hüquqşünaslar Assosiasiyası nümayəndələrinin iştirakı ilə hakimlər, prokurorlar və vəkillər üçün “İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Konvensiyasının implementasiyası mövzusunda təlimlər keçirilmişdir.

Cari ilin sentyabr ayında Qeyri-hökumət təşkilatları Koalisiyası ilə birgə insan alverinin, o cümlədən məcburi əməyin qurbanı olmuş şəxslərin müəyyən edilməsi, onların xüsusi polis qurumuna istiqamətləndirilməsi, qurbanların yardımlara çıxışının təmin edilməsi, əhali arasında maarifləndirmə tədbirlərinə və qarşılıqlı əlaqələrin perspektiv istiqamətlərinə dair fkir mübadiləsi aparılmışdır. Bu növ cinayətlərin profilaktikasında fəallığı ilə seçilən 10 qeyri-hökumət təşkilatı mükafatlandırılmışdır.

İnsan alverinə qarşı daha effektli mübarizə aparmağa imkan verən beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi məsələlərinə də önəm verilmişdir.

Qurbanlara yardım göstərilməsi ilə bağlı Azərbaycanın hökumət və qeyri-hökumət təşkilatlarına, habelə ədalət mühakiməsinin həyata keçirilməsinə  dəstək məqsədilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və ATƏT arasında 2011-2013-cü illər üzrə iki qrant müqaviləsi bağlanmışdır.

Mənbə və təyinat ölkələri ilə ikitərəfli münasibətlərin genişləndirilməsi istiqamətində atılan addımların davamı olaraq Daxili İşlər Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin İnsan alveri ilə Mübarizə üzrə Milli Komitəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmış, habelə Bolqarıstanın Daxili İşlər Nazirliyi ilə qarşılıqlı fəaliyyət üzrə əlaqələndirici zabitlər müəyyən edilmişdir.
Beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən layihələr formatında xüsusi polis qurumunun əməkdaşları Türkiyə, Avstriya, Ukrayna, Belarus, Moldova və Gürcüstanın müvafiq strukturlarının iş təcrübəsini öyrənmişlər.                        

ATƏT-in Bakı Ofisinin, Beynəlxalq Miqrasiya Təşkilatınin, Macarıstan Milli Təhqiqat Bürosunun numayəndələri tərəfindən respublikanın hüquq-mühafizə və digər dövlət qurumlarının əməkdaşları üçün insan alveri ilə mübarizədə əməliyyat-axtarış fəaliyyətinin və cinayət təqibinin səmərəliliyinin artırılması yollarına dair seminarlar keçirilmişdir.  

Azərbaycanın xarici dövlətlərdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının - akkreditasiya olunduqları ölkələrin insan alverinə qarşı mübarizə strukturları ilə əməkdaşlığının genişləndirilməsi, qurbanların ölkəyə  qayıtmalarına yardım göstərilməsi və bunun üçün lazımi sənədlərlə təmin edilməsi istiqamətində Xarici İşlər Nazirliyi ilə birgə tədbirlər də davam etmişdir.

Xarici ölkələrə gedən və xaricdə yaşayan soydaşlarımızın məlumatlılığının artırılması üçün insan alverinin, qanunsuz miqrasiyanın mahiyyəti və onların doğurduğu təhlükələr mövzusunda 6000-ə yaxın metodiki vəsait və qanunvericilik toplusu hazırlanıb aidiyyəti üzrə göndərilmişdir.

Milli Fəaliyyət Planının iştirakçısı olan ictimai qurumlar tərəfindən görülən işlər də əhatəli olmuşdur.

Qeyri-hökumət təşkilatları Koalisiyasının üzvləri - risk qrupuna aid şəxslər, o cümlədən cəzaçəkmə müəssisələrini, internat məktəblərini tərk etməyə hazırlaşan yeniyetmələr, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar və tənha qadınlar üçün maarifləndirmə tədbirləri təşkil etmiş, onların hüquqi-sosial problemlərinin həllində zəruri köməkliklər göstərmişlər.

Koalisiya ilə qarşılıqlı əlaqədə xüsusi proqram əsasında 51 şəhər və rayonda kütləvi tədbirlər keçirilərək “152” telefon zəng xidmətinin reklam çarxları, sənədli-detektiv filmlər nümayiş etdirilmiş, "Qaynar xətt"in və Sığınacağın fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Eyni zamanda, 25 orta ixtisas təhsil müəssisəsi və kollecinin müəllim-tələbə heyəti seminarlara cəlb olunmuşdur.

Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdə təşkil etdiyi layihə çərçivəsində orta ümumtəhsil məktəblərində müəllimlərə insan alveri ilə bağlı 19 min yaddaş kitabçası, şagirdlərə 81 min cib kartı, 42 min buklet və 5.750 plakat, habelə kiçik həcmli filmlərdən ibarət disklər paylanmışdır.
Bir sıra ali və orta ixtisas təhsil müəssisələrində, o cümlədən Bakı  Dövlət Universitetində, Dövlət İdarəçilik Akademiyasında, Turizm İnstitutunda, Dövlət Gömrük Komitəsinin Tədris Mərkəzində,  Polis Akademiyasında tədris planına akademik dərs saatları əlavə edilməklə tələbələrə, müdavim və dinləyicilərə insan alveri və qadın zorakılığı ilə bağlı mövzular tədris olunmuş və müvafiq sahədə fəaliyyət davam etdirilir.

Bu növ cinayətlərin profilaktikasında xüsusi əhəmiyyət kəsb etməsi baxımından görülən işlər, əldə edilən nəticələr respublikanın 50-dən çox kütləvi informasiya vasitəsində işıqlandırılmış, eləcə də mütəmadi olaraq xüsusi polis qurumunun veb saytında yerləşdirilmişdir.

Milli Fəaliyyət Planına uyğun olaraq insan alverinin və məcburi əməyin qurbanlarının müəyyən edilməsi istiqamətində də zəruri tədbirlər görülmüşdür.

Dövlət Əmək Müfəttişliyi, Dövlət Miqrasiya Xidməti, Azərbaycan Sahibkarlar Konfederasiyası və qeyri-hökumət təşkilatları ilə birgə ayrı-ayrı vaxtlarda müxtəlif tikinti şirkətlərində və daş karxanalarında monitorinqlər aparılmışdır.


Uşaqların pambıq və tütünçülük təsərrüfatlarında məcburi əməyə cəlb edilməsi ilə bağlı ABŞ-ın “Uşaq əməyinin ən kəskin formaları” adlı hesabatında əksini tapmış xüsusat - Saatlı, Sabirabad, Salyan, İmişli, Zərdab, Ucar, Yevlax, Bərdə, Kürdəmir, Zaqatala, Balakən rayonlarında yoxlanılmışdır.

Xüsusi metodika əsasında keçirilən belə tədbirlər, o cümlədən sorğular nəticəsində məcburi əməyin qurbanları müəyyən olunmamışdır.

Lakin tikinti təhlükəsizliyi və qeydiyyat qaydalarının, habelə əmək qanunvericiliyinin tələblərinin pozulması halları aşkarlanaraq müvafiq tədbirlərin görülməsi təmin edilmişdir.

Beynəlxalq təşkilatlardan ayrı-ayrı şirkətlərdə çalışan Çin, Türkiyə və Əfqanıstan vətəndaşlarının məcburi əməyə cəlb edilməsi ilə bağlı müraciətlər daxil olmuşdur ki, onların da araşdırılması zamanı - şikayətlərin əsasən əmək haqlarının gecikdirilməsi, tam ödənilməməsi və  digər əmək mübahisələri ilə əlaqədar olduğu müəyyənləşmiş, qaldırılan məsələlər qanunauyğun həllini tapmışdır.

Qarşıda duran vəzifələrin sistemli şəkildə yerinə yetirilməsi üçün insan alverinin səbəblərinin,  ona şərait yaradan halların aradan qaldırılması, cinayətlərin təşkilatçılarının, icraçılarının və digər iştirakçılarının məsuliyyətə cəlb edilməsi də diqqət mərkəzində saxlanılmışdır.

2011-ci ilin 9 ayında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində insan alveri ilə bağlı 70, habelə insan orqanlarının qeyri-qanuni tarnsplantasiyası ilə əlaqədar 2, məcburi əməklə bağlı 1 fakt aşkar edilmiş, 4 cinayətkar qrup zərərsizləşdirilmişdir. Həmin hüquqazidd əməlləri törətmiş 19 nəfər tutulmuş, insan alverinin qurbanı olan 27 nəfər müəyyən olunmuşdur.

Qurbanlardan 17 nəfəri Türkiyəyə, 5-i İrana, 2-i Birləşmiş Ərəb Əmirliklərinə, daha 2 nəfəri Rusiya Federasiyasına aparılmışdır. Araşdırmalar göstərmişdir ki, 27 qurbandan 3-ü təhsilsiz (11,1%), 3-ü natamam orta (11,1%),  21-i (77,8%) orta təhsilli, 25-i subay, 26-ı 18-35 yaş həddində olanlar, 1-i isə yetkinlik yaşına çatmayandır.  

Müvafiq hüquqazidd əməllərə görə beynəlxalq axtarışa elan edilmiş şəxslərdən 3-ü tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

 “Qaynar xətt” telefon xidmətinə insan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə düzəlmə, təhsil, əcnəbilərlə nikahdan ortaya çıxan problemlər və sair məsələlər ilə əlaqədar daxil olmuş 12 minə yaxın məlumat diqqətlə araşdırılaraq təşəbbüskarlara zəruri izahlar verilmişdir.  

Hesabat dövründə insan alverinin 18 qurbanı öz arzusu ilə təhlükəsiz Sığınacağa yerləşdirilmişdir. Onların hər biri tibbi, psixoloci yardımlarla əhatə olunmuş, zəruri vəsaitlərlə təmin edilmişdir. Cinayətlərdən zərər çəkmiş 26 nəfərə birdəfəlik, 19 nəfərə  isə Kömək Fondundan müavinətlər verilmişdir.

Səhiyyə Nazirliyi tərəfindən 25 qurbana müxtəlif tibbi xidmətlər göstərilmiş, 29 potensial qurban Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yardım Mərkəzinə, qurbanların övladları olan 6 uşaq yay düşərgələrinə və ümumtəhsil məktəblərinə göndərilmiş, 3-ü “Azərbaycan Uşaqlar Birliyi”nin səhiyyə və peşə proqramlarına cəlb edilmişdir.

Valideyn himayəsindən məhrum olmuş və baxımsız qalan uşaqların müəyyənləşdirilib qeydiyyata alınması və şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi üzrə tədbirlər də davamlı olmuşdur. Belə uşaqlardan 13-ü, eləcə də insan alverinin qurbanı və potensial qurban olan 46 nəfər şəxsiyyəti təsdiq edən sənədlərlə  təmin olunmuşlar.

Bununla bərabər, polis tərəfindən keçirilən reydlər zamanı küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 500-ə yaxın azyaşlı müəyyən edilmişdir. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin qurbanı olması təsdiqlənməmişdir.

Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən 177 valideyn barəsində 300 material qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyəti dövlət strukturlarına göndərilmişdir.

Məlumat üçün onu da qeyd edim ki, alternativ qayğı növü olan himayədar ailə sisteminin yaradılması ilə bağlı Təhsil Nazirliyi və “Hilfsverk Avstriya” beynəlxalq təşkilatı arasında imzalanmış qrant sazişinə əsasən 10 uşağın yaşayacağı ailə modelli kiçik qrupların cari ilin dekabr ayında mənzillə təmin edilməsi nəzərdə tutulur.

Beynəlxalq təşkilatların hesabatlarına görə, dünyada hər il təqribən 12 milyon şəxs insan alverinin qurbanına çevrilir. Köləliyin bu müasir formasından cinayətkarların əldə etdikləri gəlirin məbləği isə təxminən 32 milyard dollara bərabərdir.
 
Məlum olduğu kimi, Azərbaycanda bu problemlə hüquqi müstəvidə mübarizənin tarixi 2004-cü ildən sonrakı dövrü əhatə edir.

Ötən müddətdə «İnsan alverinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanunu, 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən iki milli fəaliyyət planı qəbul olunmuş, insan alveri əməlinin cinayət kimi tanınması üçün Cinayət Məcəlləsinə müvafiq əlavə və dəyişikliklər edilmişdir.

Hökumət tərəfindən insan alveri qurbanları üçün sığınacağın fəaliyyətini, qurbanların sosial reabilitasiyasını, dərhal və maneəsiz xüsusi polis qurumuna təhvil verilməsini tənzimləyən normativ sənədlər, "Qaynar xətt"in Nizamnaməsi, "Qurbanlara kömək Fondu haqqında Əsasnamə", "Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları", "Qurbanların müəyyən edilməsi Qaydaları (indikatorlar)", "İnsan alverinin qurbanı olmuş uşaqların sığınacaqda yerləşdirilməsi və saxlanılması Qaydaları" təsdiq edilmişdir.

Hesabat ilində əcnəbilərin ölkə ərazisində müvəqqəti olduğu və ya yaşadığı dövrdə əvvəlcədən bəyan etdiyi məqsədə uyğun olmayan fəaliyyətlə məşğul olmasına və fərdi icazə almadan işə cəlb edilməsinə görə inzibati məsuliyyəti müəyyən edən Qanunun qəbulu da məcburi əmək hallarının qarşısının alınmasında vacib mexanizmlərdən biri olmuşdur.

Həmçinin, 2011-ci ilin may ayında Hökumət tərəfindən “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılmasına yönəlmiş Proqram” təsdiq olunmuşdur ki, onun da məqsədi məcburi əməyin qurbanlarının və potensial qurbanların müəyyən edilməsi, yardımlara çıxışının, övladlığa götürülmə prosedurunun təkmilləşdirilməsi, zərərli mühitdə yaşayan uşaqlara və yeniyetmələrə sosial xidmətlərin göstərilməsi üzrə tədbirlərin həyata keçirilməsidir. Proqramın icrası çərçivəsində Təhsil Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları ilə birgə “Zorakılıq və cinayətlərin qurbanı olmuş uşaq və gənclər üçün psixo-sosial Reabilitasiya Mərkəzi”nin yaradılması planlaşdırılır.

Avropa Şurasının müvafiq Konvensiyasının implementasiyası, o cümlədən insan alverinə, xüsusən onun məcburi əməklə müşayiət olunan formasına qarşı mübarizənin gücləndirilməsi, məcburi əməyin insan alveri cinayəti kimi tanınması üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.

Həyata keçirilən bu və digər kompleks tədbirlərin nəticəsi olaraq son dörd ildə təyinat ölkələrinə aparılan qurbanların sayı  3 dəfə azalmışdır. Bütün bunlar Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizədə beynəlxalq öhdəliklərə ciddi yanaşmasının, milli və beynəlxalq səviyyədə göstərdiyi səylərin əyani təsdiqidir.   

Təəssüflə qeyd etməliyəm ki, bəzi qeyri-hökumət təşkilatları tərəfindən güya yüzlərlə vətəndaşımızın və əcnəbinin insan alverinin qurbanı və iştirakçısı olması barədə həqiqətə uyğun olmayan məlumatların yayılması beynəlxalq hesabatlarda Azərbaycanın qınaq obyektinə çevrilməsi və son 3 ildə “2-ci qrup nəzarət” siyahısında saxlanılması şəklində öz əksini tapır.

Mövcud vəziyyət baxımından tərəfimizdən aidiyyəti beynəlxalq qurumların və ABŞ-ın ölkəmizdəki səfirliyinin nümayəndələri ilə davamlı görüşlər keçirilməklə 2008-2010-cu illər üzrə hesabatlarda Azərbaycana aid tövsiyələrin tam yerinə yetirilməsi ilə bağlı zəruri izahlar verilmiş, rəsmi materiallar təqdim olunmuşdur. Onlar insan alverinə qarşı mübarizədə Azərbaycanda əldə olunmuş nəticələri müsbət qiymətləndirərək real vəziyyətin müvafiq hesabatlarda öz əksini tapması üçün lazımi tədbirlər görəcəklərini bildirmişlər.

Ümidvarıq ki, növbəti hesabat dövrlərində ölkəmizdə bu cinayətlərə qarşı mübarizədə ortaya qoyulan səylər obyektiv dəyərləndiriləcəkdir.

Hesab edirik ki, hökumətlərarası və parlamentlərarası təşkilatların, BMT strukturlarının, vətəndaş cəmiyyətinin, işgüzar dairələrin, kütləvi informasiya vasitələrinin koordinasiya olunan birgə səyləri insan alverinin aradan qaldırılmasına kömək edə bilər.

Ən son press-relizlər