DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun "Azərbaycan" qəzetinə müsahibəsi

02.07.2011

Müsahibimiz Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovdur

- Cənab nazir, bu gün daxili işlər orqanlarının yaranmasından 93 il ötür. Dövlətçilik tariximizin son 16-17 ilini əhatə edən zaman kəsiyi isə olduqca məsuliyyətli, çətin və şərəfli xidmət dövrünü əks etdirir. Ölkədə sabitliyin, ictimai asayişin, dövlətçiliyin qorunmasında və möhkəmlənməsində danılmaz xidmətləri olan daxili işlər orqanları bu ildönümünü hansı nəticələrlə qarşılayır?

- Xatırlatdığınız dövrün hər bir mərhələsi, hər bir anı özündə Vətənə və xalqa sədaqətli xidməti, peşəkar və məsuliyyətli fəaliyyəti əks etdirir. Daxili işlər orqanlarının dövlətçiliyin ən böyük məktəbi olan Heydər Əliyev məktəbini keçdiyi dövrün uğurları möhtəşəm olmuşdur. Bu illər yeni yaranan dövlətini çevrilişlərdən, prezidentini, xalqını terror və sui-qəsdlərdən qorumağı bacaran, Qarabağ cəbhəsində şəhidlik zirvəsinə ucalan bütöv bir polis nəslini yetişdirmişdir. Ümummilli Lider daxili ictimai-siyasi sabitliyin təmin edilməsinin əhəmiyyətini xüsusi vurğulayaraq deyirdi: “Ən böyük nailiyyətimiz odur ki, biz Azərbaycanda ictimai-siyasi sabitlik yaratdıq... Bu sabitlik Azərbaycanın hər bir vətəndaşı üçün lazımdır. Bu sabitlik Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesinin təmin olunması üçün əsas şərtdir. Bu sabitlik Azərbaycanda siyasi, iqtisadi islahatların həyata keçirilməsi üçün çox vacib bir şərtdir... Əlamətdar haldır ki, daxili işlər orqanlarının şəxsi heyəti bu proseslərdə Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqlarını, özlərinin vətəndaşlıq borclarını və xidməti mənafeyini hər şeydən üstün tutmuşdur”.
Məhz Ulu Öndər Azərbaycan polisinin ayrı-ayrı qruplara xidmət edən pərakəndə dəstələr səviyyəsindən mütəşəkkil və peşəkar hüquq-mühafizə orqanına, müstəqil dövlətin təməli olan sabitliyin təminatçısına çevrilməsinə nail oldu. Ötən illər bizə, eləcə də gələcəkdə polis peşəsini seçəcək nəsillərə dövlətçilik dəyərlərini hər şeydən üstün tutan, ən ali məqsədi Vətənə xidmət etmək olan bir örnək yaratmışdır.

2003-cü ildən isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət quruculuğunun yeni - müasirləşmə, dinamik inkişaf mərhələsi başlamış və ictmai-siyasi sabitliyin sarsılmaz təməlləri üzərində milli yüksəliş davam edir. Dünya birliyinə intensiv inteqrasiya olunan Azərbaycan regionun sürətlə inkişaf edən dövlətlərindəndir.
Sabit ölkə kimi tanınmamız dövlətimizin beynəlxalq imicinin formalaşmasına olduqca müsbət təsir göstərmişdir. Azərbaycan qlobal enerci layihələrinin, beynəlxalq forum və sammitlərin daimi olaraq keçirildiyi məkana çevrilib. Sabitliyin və təhlükəsizliyin olmadığı bir yerdə isə belə tədbirlər keçirilmir. Bu tərəqqinin əsasını asayişin etibarlı qorunmasının təşkil etdiyini xüsusi vurğulayan Prezident İlham Əliyev demişdir: “Əldə edilmiş nailiyyətləri gələcəkdə inkişaf etdirmək, daha böyük işlər görmək üçün ölkədə ictimai-siyasi vəziyyət sabit olmalıdır. Sabitlik olmayan yerdə heç vaxt inkişaf ola bilməz. Hər bir inkişafın başlıca şərti sabitlikdir”. Bəli, bu gün Azərbaycan yalnız dinamik iqtisadi inkişaf tempinə görə deyil, həm də cinayətkarlığa qarşı mübarizə və əmin-amanlığın qorunması sahəsində lider dövlətlərdəndir. Ölkədə cinayətkarlığa qarşı qətiyyətli mübarizənin başlanğıcını qoymuş Ulu Öndər Heydər Əliyevin 9 avqust 1994-cü il tarixdə imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Fərmandan ötən dövrdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir. Əllərdə qanunsuz saxlanılan 34 minə yaxın odlu silah yığılmış və qeyd olunan illərdə onun tətbiqilə törədilən cinayətlərin sayı təxminən 11 dəfə azalmışdır. Axtarışda olan 78 mindən çox təqsirləndirilən şəxs tutulmuş, qanunsuz dövriyyədən 5 tona yaxın narkotik vasitə çıxarılmışdır. Həyata keçirilən profilaktik tədbirlərin məntiqi nəticəsidir ki, son illər bir sıra ağır cinayətlərin azalma tendensiyası müşahidə olunur. İl ərzində qeydə alınan hüquqazidd əməllərin 90 faizə qədəri bilavasitə kriminogen durumun gərginləşməsinə təsiri olmayan və bir çox hallarda ehtiyatsızlıqdan baş verən böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər, yerdə qalan hissəsi isə ağır və xüsusilə ağır növlərdir.
Müqayisə üçün bildirim ki, ötən il əhalinin hər 100 min nəfərinə nisbətdə qəsdən adam öldürmə və ona cəhdlər cəmi 2.7 fakt, quldurluqlar 1.9 fakt, hədə-qorxu ilə tələb etmələr 0.3 fakt, banditizm 0.01 fakt təşkil etməklə əksər Avropa, Amerika və Asiya dövlətləri ilə müqayisədə 2-10 dəfə azdır. Bütün bunlar həm həyata keçirilən kompleks profilaktik tədbirlərin, həm də daxili işlər orqanlarının digər hüquq mühafizə strukturları ilə qarşılıqlı işgüzar əməkdaşlığının nəticəsidir. Təkcə ötən il xidməti vəzifələrinin icrası zamanı 153 əməkdaş xəsarət almış, 5 nəfər həlak olmuşdur. Bunlar heç də adi rəqəm deyil, deyərdim ki,  şəxsi heyətimizin xidməti vəzifələrinin icrası zamanı hər cür rəşadətə hazır olduğunun göstəricisidir.

- Xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi və neqativ halların aradan qaldırılması istiqamətində son aylar Daxili İşlər Nazirliyinin gördüyü işlər ictimaiyyət tərəfindən razılıqla qarşılanır. Siz özünüz necə, həmin tədbirlərin səmərəsindən, nəticələrindən razısınızmı?

- Aparılan islahatları son dövrlərin prosesi kimi səciyyələndirmək düzgün olmazdı. Azərbaycanda, dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, daxili işlər orqanlarında da islahatlar 90-cı illərin ikinci yarısından etibarən həyata keçirilir və öz müsbət nəticələrini də verməkdədir. Yəni, toxunulan sahədə tədbirlərimiz kompaniya xarakteri daşımır, davamlı, sistemli və ardıcıl şəkildə gerçəkləşdirilir. İslahatların əsas qayəsi isə - fəaliyyətin, onu tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, beynəlxalq standartlar səviyyəsinə çatdırılması, şəxsi heyətin qabaqcıl dünya təcrübəsindən maksimum yararlanmaqla cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunması sahəsində peşəkarlığının artırılması, ayrı-ayrı neqativ halların tam aradan qaldırılması, modern idarəetmənin təmini, xidmətdə aşkarlığın və demokratik təmayüllərin inkişaf etdirilməsidir.
Hər bir islahatı və ya dəyişikliyi hazırlayarkən mütəxəssislərimiz onu dərindən öyrənir, nəticələrini proqnozlaşdırır, zərurət yarandıqda eksperiment keçirir və yalnız bundan sonra yekun qərar qəbul edilir. Möhtərəm Prezidentimiz qarşıya konkret vəzifə də qoyub: "Hakimiyyət nümayəndəsi olaraq polis xalqa xidmət etməli, öz qətiyyəti, peşəkarlığı və mədəniyyəti ilə onun daha böyük etimadını qazanmalıdır".
Mənim bir nazir kimi prinsipial mövqeyim ondan ibarətdir ki, polisin fəaliyyəti şəffaf, cəmiyyət üçün açıq və sosial yönümlü olmalıdır. Bu məqsədlə əhalinin bütün  qrup və təbəqələri, vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əlaqədə iş aparılır. Polisə münasibətin öyrənilməsi diqqət mərkəzində saxlanılır və öz növbəsində cinayətkarlığa qarşı mübarizənin nəticələri barədə ictimaiyyət mütəmadi məlumatlandırılır. "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli strategiya"ya uyğun olaraq müvafiq istiqamətdə tədbirlər hər il üzrə ayrıca hazırlanan xüsusi plan əsasında həyata keçirilir. Adı çəkilən sənədin icra olunduğu dövrdə 137 mindən çox müraciət daxil olmuşdur. Aparılmış araşdırmalarla təkcə cari ildə 26 fakt üzrə 71 əməkdaş xidmətdən xaric edilmiş, 11 nəfər tutduğu vəzifədən azad olunmuş, 22 rəhbər vəzifəli şəxs cəzalandırılmış, 8 material əmələ hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmişdir. Məlumat üçün bildirim ki, həmin müraciətlərin təxminən 1 faizi əməkdaşların korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verməsi ilə bağlıdır.
Digər tərəfdən, "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın icrası da davam etdirilir. Polisə gətirilmə, saxlanılma və məsuliyyət tədbirlərinin tətbiqi prosesində qanunçuluğa ciddi riayət olunması, bütövlükdə insan hüquq və azadlıqlarının təmin edilməsi kimi vacib məsələlər gündəlik nəzarətdədir. 2008-2010-cu illərdə insan və vətəndaş hüquqlarının pozulması ilə bağlı aşkarlanmış 437 fakta görə 685 əməkdaş barəsində ciddi intizam tənbehi tədbirləri görülmüş, o cümlədən 34 nəfər xidmətdən xaric olunmuşdur. Fəaliyyətdə şəffaflığın artırılması, aidiyyəti məsələlərlə əlaqədar müraciətlərin bilavasitə ünsiyyət olmadan qəbulu və çevik həll edilməsi, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına uyğun olaraq əhaliyə elektron xidmətlərin göstərilməsinin təşkili üzrə də əhəmiyyətli işlər görülür. Bu tədbirlər özündə Nazirliyin internet saytında xüsusi elektron xidmət bölməsinin yaradılmasını, xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin elektron formasının yerləşdirilməsini və qəbulunu, nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt recimində ödənilməsini və s. zəruri məsələləri ehtiva edir.
Mən daxili işlər orqanlarında aparılan islahatların gedişindən razıyam və xüsusi vurğulamaq istəyirəm ki, həyata keçirilən və praktikada özünü doğrultmuş bütün tədbirlər cinayətkarlığa qarşı mübarizəyə, vətəndaşların həyatının, sağlamlığının, qanuni mənafelərinin hüquqazidd əməllərdən effektiv qorunmasına xidmət edir.

- Cənab nazir, islahatlardan danışarkən, ictimaiyyətin diqqət mərkəzində olan yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində fəaliyyətin təşkilinə də toxunmanız maraqlı olardı.

- Qeyd edim ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə sanksiyalar sərtləşdirildikdən sonra ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı əhəmiyyətli dərəcədə azalmışdır. Lakin sürücülərin intizamı və sürücülük mədəniyyəti təəsüflər olsun ki, hələ də istənilən səviyyədə deyil. Yeri gəlmişkən, 2009-cu ildən fəaliyyətə başlayan "Təhlükəsiz Şəhər" Avtomatlaşdırılmış İdarəetmə Sistemi çərçivəsində paytaxt ərazisində 500-ə yaxın nöqtədə 1000-dən çox elektron müşahidə vasitəsi yerləşdirilib. Sistemin əsas funksiyalarından biri də yol hərəkəti qaydalarına nəzarəti həyata keçirmək, müvafiq inzibati xətalar ilə bağlı materialları hazırlamaq, dövlət qeydiyyat nömrələri üzrə oğurlanmış və ya qaçırılmış nəqliyyat vasitəsini avtomatik müəyyənləşdirməkdir.
Yolayrıclarında olan videonəzarət kameraları nəqliyyatın təhlükəsiz və rahat hərəkətinin təşkil olunmasında, ərazidə baş vermiş hadisələrin operativ və obyektiv araşdırılmasında, yol hərəkəti qaydalarını pozmuş və qəza törədərək hadisə yerindən yayınmış sürücülərin aşkarlanmasında, eləcə də polis-vətəndaş münasibətlərində subyektivliyin aradan qaldırılmasında çox mühüm rol oynayır.
Eyni zamanda, Baş Dövlət Yol Polis İdarəsində mərkəzləşdirilmiş elektron məlumat bazası yaradılmışdır ki, bu informasiya resursu da respublikanın istənilən ərazisindən nəqliyyat vasitələri, onların sahibləri və sürücüləri barədə operativ şəkildə ətraflı məlumat almaq imkanı verir. Həmçinin, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə cərimələrin yalnız bank və ya plastik kart vasitəsilə ödənilməsi təmin edilərək ilkin mərhələdə paytaxt üzrə patrul avtomobilləri müvafiq POS terminallarla təchiz olunmuşdur. İndi yol hərəkəti qaydalarını pozmuş nəqliyyat vasitəsi sahibindən sürücülük vəsiqəsi alınmır. Yalnız nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutan xətalar törədildikdə müvafiq qərar çıxarılanadək sürücülük vəsiqəsi götürülür və həmin şəxslərə nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənəd təqdim olunur. Nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edildikdə isə sürücülük vəsiqəsi qaytarılmır.
Bununla bərabər, Möhtərəm Prezidentin imzaladığı fərmanlara uyğun olaraq dövlət yol polisi tərəfindən nəqliyyat vasitələrinin qeydiyyata alınması, sürücülük vəsiqələrinin verilməsi, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbulu, nəqliyyat vasitələrinə dövlət texniki baxışın keçirilməsi prosedurlarının sadələşdirilərək ən yeni texnologiyalar əsasında, qısa müddətlərdə təşkili, bu məqsədlə növbələrin elektron idarəetmə sisteminin tətbiqi nəzərdə tutulur. Ölkə ərazisinə idxal edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və uçota alınması ilə bağlı işlərin "bir pəncərə" prinsipi əsasında həyata keçirilməsi üçün bir sıra zəruri təşkilati tədbirlər görülmüş və yaxın vaxtlarda bu prosedurun tətbiqinə də başlanılacaqdır.
Onu da diqqətə çatdırım ki, avtomotonəqliyyat vasitələrinə illik dövlət texniki baxışın daha keyfiyyətli təşkili və bu zaman sürücülərin vaxt itkisinin qarşısını almaq məqsədilə paytaxtın Sabunçu rayonu ərazisində 15 xətdən və 75 müayinə postundan ibarət yeni avtomatlaşdırılmış Müayinə Mərkəzi istifadəyə verilib.
Bütün bunlarda məqsəd vətəndaşlarımızın qurucu və yaradıcı əməyi üçün daha yaxşı şərait yaratmaq, qanunla qorunan hüquqlarının təminatını yüksək səviyyədə həyata keçirməkdir.

- Şəxsi heyətin peşə hazırlığı səviyyəsini necə qiymətləndirirsiniz?

- Daxili işlər orqanları əməkdaşlarının peşə hazırlığı əməliyyat-xidməti fəaliyyətin prioritet istiqamətlərindən biri olduğundan və ixtisaslı kadrlarla komplektləşdirmədə mühüm əhəmiyyət kəsb etdiyindən müvafiq sahədə işin məqsədyönlü təşkilinə və aparılmasına xüsusi diqqət yetiririk. Polisdə xidmətin yüksək vətəndaşlıq məsuliyyəti, cəsarət, şəxsi mətanət, bilik, geniş dünyagörüşü, elm, təhsil və təcrübə tələb etdiyini vurğulayan ümummilli liderimiz Heydər Əliyev professional səviyyənin yüksəldilməsini, xidmətin müasir tələblərə, beynəlxalq təcrübəyə uyğun qurulmasını bir tələb kimi qarşımıza qoymuşdu.
Bu proqram vəzifələrin yerinə yetirilməsi üçün Nazirlik sistemində video-konfrans texnologiyasına əsaslanan "Virtual Tədris Mərkəzi", habelə Baş Kadrlar İdarəsinin, Polis Akademiyasının, respublikanın 11 şəhər-rayon polis orqanının bazasında təlimlərin video-konfrans formatında keçirilməsinə imkan verən xüsusi tədris sinifləri yaradılmışdır. Akademiyada İdarəetmənin təşkili fakültəsi təsis olunmuş, müasir tədris korpusları, elmi-metodik kabinetlər, laboratoriyalar, kriminalistik təlim otaqları, xüsusi təchiz edilmiş auditoriyalar, idman kompleksi, sıra meydanları və s. tikilərək istifadəyə verilmişdir. Analoci tədbirlər A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbdə də görülmüşdür. Gənc kadrların tədris müəssisələrində aldıqları nəzəri bilikləri praktikada istifadə etməsinə, xidmətdə möhkəmlənməsinə və inkişafına bütün lazımi şərait yaradılmış, nəzəriyyə ilə təcrübənin uzlaşdırılmasına xüsusi önəm verilir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində yüksək ixtisaslı kadr potensialı, peşəkar özək formalaşmış və onun möhkəmlənməsinə yönələn tədbirlər məqsədyönlü şəkildə davam etdirilir.
Qabaqcıl dünya təcrübəsinin öyrənilməsi üçün əməkdaşlar mütəmadi olaraq  xarici dövlətlərdə təşkil olunan təlimlərdə, treninqlərdə, ayrı-ayrı xidmət sahələri və təsnifat vəzifələri üzrə müsabiqələrdə, informasiya texnologiyaları sahəsində xüsusi kurslarda iştirak edirlər. Şəxsi heyətin sıralarına hazırlıqlı və bacarıqlı gəncləri cəlb etmək üçün kadr seçiminə də xüsusi həssaslıqla yanaşırıq. Xatırladım ki, xidmətə qəbul şəffaflıq və müsabiqə prinsipləri əsasında həyata keçirilir.
Son illər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında keçirilən test imtahanlarının nəticələrinə görə ali hüquq təhsili olan yüzlərlə gənc orta rəis heyəti vəzifələrində xidmətə qəbul edilmişdir. Sıravi və kiçik rəis heyəti vəzifələrinə qəbul da analoci qaydada aparılır.
İctimai asayişin, insan hüquq və azadlıqlarının qorunması sahəsində fəaliyyətin yüksələn xətt üzrə inkişafı günümüzün reallığıdır. Əməkdaşların peşəkarlığının, rəhbər işçilərin idarəçilik bacarığının artırılması, cinayətkarlığa qarşı mübarizənin müasir formalarının tətbiqi ilə bağlı tədbirlər müasir standartlar səviyyəsindədir.

- Əhali ilə keçirdiyiniz görüşlər, canlı ünsiyyət vasitəsi ilə Siz, təbii ki, yerlərdə insanları daha çox narahat edən problemləri öyrənirsiniz. Ümumiyyətlə, Daxili İşlər Nazirliyində əhalinin təklif, ərizə və şikayətlərinə baxılması prosesi necə tənzimlənir?

- Vətəndaşların qəbulu və müraciətlərinə baxılması kimi mühüm vəzifələrin icrası "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" ölkə Prezidentinin 24 noyabr 2003-cü il tarixli Fərmanından irəli gələn tələblərə uyğun təşkil edilib. Təkcə son üç il ərzində və cari ilin ötən dövründə Nazirliyin rəhbərliyi tərəfindən paytaxtda və bölgələrdə yüzlərlə vətəndaş qəbul edilmiş, "Qaynar xətt"ə və elektron poçt ünvanına daxil olan 9 minə yaxın müraciətə baxılmışdır. Təkcə bu ilin dörd ayında Şirvan, Xaçmaz, Şəki, Lənkəran, Gəncə və Bərdə şəhərlərində keçirilən qəbullar 6 regionu və 41 rayonu əhatə etmişdir. Vətəndaşların müraciətləri, əsəsən, polisin fəaliyyəti ilə bağlı olmuşdur. Qaldırılan bütün məsələlər öyrənilmiş və əksəriyyəti qanunauyğun həllini tapmışdır. Onu da deyim ki, əhalinin müraciətlərinin qəbulu prosesində ən mühüm vasitələrdən biri də "102 Zəng Mərkəzi"dir. İndi hər bir vətəndaş polis orqanına getmədən baş vermiş cinayət və hadisə barədə bu xidmətə zəng vurub məlumat vermək imkanına malikdir. Bu gün "102" Zəng Mərkəzi sistemi respublikanın bütün ərazisini əhatə edir. Vətəndaşların verdiyi məlumatlar əsasında təkcə ötən il ərzində 175, o cümlədən 4 qəsdən adamöldürmə, 2 qəsdən adam öldürməyə cəhd, 9 soyğunçuluq, 6 quldurluq, 10 qəsdən sağlamlığa zərər vurma, 30 nəqliyyat vasitəsinin qaçırılması, 48 xuliqanlıq, 34 oğurluq və s. cinayətlər "isti izlərlə" açılmışdır.
Ümumən, polisin sosial funksiyalarının genişləndirilməsi, ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi əhali tərəfindən müsbət qarşılanır. Profilaktik işin ən effektli yollarından biri isə - polisin əhali ilə sıx təmas qurması, belə demək mümkünsə, cəmiyyətin içində olması, onun fəal təbəqəsi ilə birgə ehtiyacı olanlara yardım göstərməsi, maarifləndirmə tədbirləri keçirməsidir. Baş verən cinayətlərin açılmasında ictimaiyyətin iştirakı isə sözün əsl mənasında böyükdür. Qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin statistikasına nəzər salsaq görərik ki, 2009-cu ildə 6.120 cinayətin 85.8 faizi və ya 5.232-i, 2010-cu ildə 6.330-dan 87 faizi və ya 5.489-u, cari ilin 5 ayında isə 2.549 cinayətin 82.5 faizi və ya 2.103-ü vətəndaşların yaxından iştirakı ilə açılmışdır. Fürsətdən istifadə edərək qəzetiniz vasitəsilə ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə, asayişin qorunmasında iştirak edən bütün vətəndaşlarımıza öz dərin minnətdarlığımı və ehtiramımı bildirirəm.
Polis sahələrində fəaliyyət göstərən İctimai Şuraların işi də əhali tərəfindən rəğbətlə qarşılanır. Bu günədək 4000 vətəndaş İctimai Şura üzvlüyünə qəbul edilmişdir. Bu institutun yaradılması daxili işlər orqanları ilə vətəndaşlar arasında əlaqələrin, inamın və etimadın möhkəmlənməsinə, polisin fəaliyyətində şəffaflığın təmin olunmasına, həmçinin inzibati sahənin problemlərinin aradan qaldırılmasına əhəmiyyətli təsir göstərmişdir. Təsadüfi deyil ki, son bir ildə müxtəlif məsələlərlə bağlı polis sahə məntəqələrinə müraciət edən vətəndaşların sayı ötən illərlə müqayisədə yarıbayarı artmış, ailə-məişət zəminində baş verən münaqişələr isə nəzərəçarpacaq dərəcədə azalmışdır. İctimai Şura üzvləri tərəfindən övladlarına qarşı nəzarətsizliyə və baxımsızlığa yol verən valideynlərlə profilaktik söhbətlərin aparılması, təhsil müəssisələrində yetkinlik yaşına çatmayanlarla müxtəlif mövzularda tədbirlərin təşkili, həmçinin narkomaniyanın və alkoqolizmin profilaktikası inzibati sahədə hüquq qaydasının təmini üzrə vəziyyətin nəzarətdə saxlanılmasına imkan yaradıb.
Bütün bunlar, xalq ilə polis arasında yaranmış etimad mühitinin günbəgün möhkəmlənməsinin əyani təsdiqidir. 

- Cənab nazir, son vaxtlar radikal müxalifət tərəfindən yeni təxribatlara cəhdlər edilir. Azərbaycanda kriminogen duruma nəzarətə və asayişin təminatına cavabdeh olan strukturun rəhbəri kimi Sizin bu vacib məsələyə münasibətinizi bilmək maraqlıdır: belə anti-konstitusion hərəkətlərə münasibət necə olacaq?

- Radikal müxalifət partiyalarının son aylarda paytaxtın müxtəlif yerlərində ictimai asayişi pozmağa cəhdləri, əslində xuliqanlıq hərəkətləri və siyasi avantüradır. Belələri hər dəfə ayrı-ayrı kiçik qruplarla əhalinin dincliyini, hüquq və azadlıqlarını, nəqliyyatın normal fəaliyyətini pozur, onları hüquq qaydasına riayət etməyə dəvət edən polis əməkdaşlarına müqavimət göstərirlər. Radikal müxalifət illərdir ki, boş hay-küy salır, 1988-1993-cü ilin eyforiyasından hələ də azad ola bilmir, gerçəkliyi heç cür qəbul etmək istəmir. Reallıq isə onların hər seçkidə üzləşdikləri sarsıdıcı məğlubiyyət, ictimai dəstəyi tamamamilə itirmələridir. Ona görə də, bu gün bir qrup siyasətbazın dedi-qodusuna ciddi əhəmiyyət verməyə əsas yoxdur. Kimin-kim olduğunu aydın dərk edən xalq artıq Heydər Əliyev siyasi kursuna alternativ görmür, Prezident İlham Əliyevi özünün yeganə güvənc ünvanı qəbul edir.
Daxili işlər orqanlarının bütün şəxsi heyəti də bu reallığı görür və ürəkdən qəbul edir. Biz Azərbaycanda sabitliyin, ictimai asayişin pozulmasına, siyasi avantüraların xalqın mənafeyinə, dövlətçilik maraqlarına ziyan vurmasına heç vaxt imkan verməyəcəyik. Polis ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan Respublikasının, Azərbaycan xalqının və möhtərəm Prezidentin sadiq əsgəridir.

Müsahibəni apardı:
İxtiyar HÜSEYNLİ

Ən son press-relizlər