DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Azərbaycan Respublikasının daxili işlər naziri, genaral-polkovnik Ramil Usubovun «LİDER» televiziyasına müsahibəsi

23.02.2004



Müxbir: - Cənab nazir, söhbətimizə ötən ilin yekunlarından başlamaq istəyirəm. Nəticələr necədir? Baş verən cinayət hadisələrinin sayı, onların açılması göstəriciləri əvvəlki illə müqayisədə hansı vəziyyətdədir?

-Sizə məlumdur ki, müstəqillik dövrünün son 10 ilində Azərbaycanda ictimai-siyasi sabitlik, həmçinin kriminogen durum eyni cür olmayıb. İlk illər ölkədə ictimai-siyasi gərginlik, özbaşınalıq, xaos hökm sürüb, kriminogen durum nəzarətdən kənarda qalıb. O da məlumdur ki, Ümummilli Liderimiz cənab Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqımızın təkidli tələbi ilə ölkəyə rəhbərliyə qayıdandan sonra əsas fəaliyyətini ona yönəltdi ki, ilk növbədə, müharibə dayandırılsın və ölkədə ictimai-siyasi sabitlik bərqərar olsun. Həmçinin vətəndaşlarımızın təhlükəsizliyi, kriminogen duruma nəzarət məsələləri təmin edilsin. Onun həyata keçirdiyi qlobal tədbirlər nəticəsində təqribən il yarım-iki il ərzində Azərbaycanda həm ictimai-siyasi sabitlik bərqərar olundu, həm də kriminogen durum tamamilə nəzarət altına alındı.

Sonrakı dövrdə, yəni 1996-cı ildən başlayaraq, cinayətkarlığın dinamikasında ilbəil müsbət dəyişikliklər baş verdi və 1997-1998-ci illərdə artıq əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayına görə Azərbaycan MDB məkanında ən yaxşı göstəricilərə nail oldu. Bu ənənə 2003-cü ildə də davam etdirilib və baş verən cinayətlərin açılması yüksək səviyyədə təmin olunub. Əgər 2002-ci illə müqayisə etsək, məsələn, ölüm faktları, soyğunçuluq, quldurluq hadisələri təqribən 10-15 faiz azalıb. Azyaşlılar tərəfindən və odlu silah tətbiq etməklə törədilən cinayətlər də həmçinin. 2004-cü ildə qarşımızda duran vəzifə ondan ibarətdir ki, cinayətkarlığa qarşı daha uğurlu mübarizə aparaq, ölkə vətəndaşlarının qanunla qorunan hüquqlarını təmin edək, cinayətlər nəticəsində vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpası üçün bütün qüvvə və bacarığımızı əsirgəməyək. Bunu bizdən həmçinin Azərbaycan Respublikasının prezidenti zati-aliləri cənab İlham Əliyev də tələb edir və biz çalışırıq ki, daxili işlər orqanlarının fəaliyyətini ölkənin qanunlarına, dövlət başçısının tələb və tövsiyələrinə uyğun quraq. Bir sözlə, Azərbaycanda cinayətkarlığa qarşı uğurlu mübarizə 2004-cü ildə də davam etdirilir, əmin-amanlığın qorunması üçün polis bütün imkanlarını səfərbər edərək qarşısında duran vəzifələrin icrasını yüksək səviyyədə təmin edəcəkdir.

- Azərbaycan qonşu dövlətlərlə müqayisədə həm də onunla fərqlənib ki, bu ölkədə əmin-amanlıq, sabitlik hökm sürüb. Bu hal indi də qorunub-saxlanılırmı?

-Cənab Prezident bu yaxınlarda Rusiyada rəsmi səfərdə olarkən verdiyi müsahibədə bildirdi ki, ölkədə sabitlik əsas şərtdir, iqtisadiyyatın, mədəniyyətin və digər sahələrin inkişafında əsas amillərdən biridir. Məhz sabitliyin, əmin-amanlığın qorunub-saxlanması üçün hüquq-mühafizə orqanları indiyədək öz imkanları çərçivəsində bütün işləri görüblər və bundan sonra da davam etdirmək əzmindədirlər. Mən fürsətdən istifadə edərək vətəndaşlarımızı əmin etmək istəyirəm ki, onların qanunla qorunan hüquqları gələcəkdə də yüksək səviyyədə təmin olunacaqdır. Biz bunun üçün çalışırıq. Bu vəzifələr qanunla bizə həvalə edilib, həmçinin də cənab Prezidentin gündəlik tələbi, gündəlik qayğısı məsuliyyətimizi daha da artırır. Azərbaycan xalqı və ölkəmizin rəhbəri qarşısında öz məsuliyyətini dərk edən Azərbaycanın daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti digər hüquq-mühafizə orqanları ilə birgə əmin-amanlığın daimi olması üçün bundan sonra da qüvvə və bacarığını əsirgəməyəcək.

 -Cənab nazir, ölkədə əmin-amanlığın, sabitliyin mövcudluğu faktdır. Amma, bununla yanaşı, vətəndaşları bir məsələ narahat edir: Mütəşəkkil cinayətkar dəstələrin olması və onların adam oğurluğu cinayətləri törətmələri. Bununla əlaqədar mətbuatda tez-tez məlumatlar dərc olunur. Ümumiyyətlə, bu məsələ ilə bağlı bir nazir kimi nə deyə bilərsiniz? Mütəşəkkil cinayətkar dəstələr həqiqətən varmı və adam oğurluğu halları bu gün hansı səviyyədədir?

-Bildirmək istəyirəm ki, qrup halında cinayət törətmə halları bu gün də var. Amma hər şey müqayisə ilə ölçülür. Yəni, əgər biz 5 il, lap 10 il öncəyə nəzər salsaq, görərik ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə mövcud olan mütəşəkkil dəstələr getdikcə zərərsizləşdirilib və "cinayət varsa, cəza olacaqdır" prinsipi tam mənasında Azərbaycanda həyata keçirilir. Sözsüz ki, bu da öz bəhrəsini verir.

Təşkil olunmuş cinayətkar dəstənin elə ilk anda müəyyən edilib qarşısının alınması polis orqanlarının əsas vəzifələrdən biridir. Biz gözləmirik ki, cinayət baş versin və sonra cinayətkar dəstənin ifşası üçün tədbir görək. Düzdür, bəzən buna nail ola bilmirik, cinayət baş verir. Lakin bu mərhələdə, yəni cinayət baş verəndən sonra qarşımızda duran əsas vəzifə ondan ibarət olur ki, törədilmiş cinayətin açılması üçün aidiyyəti hüquq-mühafizə orqanları ilə əlaqəli surətdə işləyək, cinayətkarlar müəyyən olunsun və ədalət mühakiməsi qarşısında dursun. Mən deyərdim ki, bu istiqamətdə işimiz uğurlu gedir. Təkcə bir faktı qeyd edim ki, son 7 ildə baş verən cinayətlərin açılması 90 faizdən yuxarıdır. Bu onu göstərir ki, məhz ölkə prezidentinin rəhbərliyi ilə Azərbaycanın hüquq-mühafizə orqanları cinayətə görə cəzanın labüdlüyü prinsipini dönmədən, uğurla həyata keçirir və cinayət törətmiş hər bir adam məhkəmə qarşısında cavab verməli olur.

-Baş vermiş cinayətlərin açılması ilə bağlı məsələlərə toxundunuz, amma eyni zamanda mətbuatda tez-tez bir neçə nəfərin adı hallanır ki, onlara qarşı törədilmiş cinayətlərin üstü açılmadı, baş verən cinayət o qədər də dəqiq araşdırılmadı. Bir neçə nəfərə görə ümumilikdə görülən işlərə münasibət, qiymət vermək nə qədər doğrudur?

-Bilirsiniz, o qəzetlər ki, bu məsələləri qabardırlar, ayrı-ayrı vətəndaşların ölümündən də, cinayətlərin açılmamasından da siyasi məqsədləri üçün istifadə edirlər, onlar siyasi alver edənlərdir. Bütün bunlar iqtidarı Azərbaycan xalqı, beynəlxalq ictimaiyyət qarşısında gözdən salmaq üçün edilən uğursuz cəhdlərdir. Çünki bir daha deyirəm, statistikaya nəzər salsaq, hər hansı bir ölkədə baş verən cinayətlər 90 faizdən yuxarı açılırsa, bu çox böyük nailiyyətdir. Polisin, prokurorluğun, təhlükəsizlik orqanlarının işinə az da olsa bələd olan adam dərk edir ki, cinayətlərin 90 faizinin açılması necə ağır zəhmət hesabına başa gəlir. Buna adi hal kimi baxmaq olmaz.

İndi ayrı-ayrı, xüsusən də bəzi tanınmış adamların qətlinin açılmamasından bizə qarşı təzyiq vasitəsi kimi istifadə edərək iqtidarı guya cinayətkarlığa qarşı uğurlu mübarizə aparmamaqda günahlandırmağa cəhd göstərirlər. Məsələn, mərhum Rövşən Əliyevin ölümünə sanki onlar bizdən daha çox can yandırırlar. Amma, əslində, Rövşən Əliyevi mən bir nazir kimi yox, hələ çox-çox əvvəldən tanıyırdım və onun şəxsiyyətinə böyük hörmətim olub. Həm Baş prokurorluq, həm də polis orqanları çalışırlar ki, bu cinayət açılsın. Amma "Rövşən Əliyevin cinayəti niyə açılmır", - yazanlar o qədər də bunun marağında deyillər və hətta sevinirlər ki, bu hadisənin üstü açılmayıb. Hesab edirəm ki, onların sevincləri elə ürəklərində qalacaq və bu cinayət də açılacaqdır. Bir az geci-tezi var.

Biz heç bir zaman hüquqizidd əməllər, o cümlədən ölümlə bağlı olan baş vermiş cinayətlər arasında fərq qoymuruq ki, öldürülən şəxs əvvəl hansı vəzifədə işləyib, yaxud cəmiyyətdə hansı mövqe tutub, kim olub, nəçi olub. Hətta bizə qara yaxan adamlar da, əgər hər hansı bir cinayətə məruz qalacaqlarsa və ya onlardan kiminsə başına bir hadisə gələcəksə, özümüzə borc bilirik ki, Azərbaycan vətəndaşları kimi onların da hüquqları qorunmalıdır və həmin cinayəti törədənlər müəyyən edilib ədalət mühakiməsinə verilməlidir. Bizim yanaşmamız budur. Yenə də deyirəm, fərq qoymuruq ki, bu professordur və yaxud da fəhlədir. Fəhlə də insandır, professor da, hər hansı bir dövlət məmuru da. İnsan həyatının, hüquq və azadlıqlarının qorunması isə cinayətkarlığa qarşı mübarizə aparan bütün dövlət orqanlarının vəzifə borcudur.

-Polis əməkdaşlarının gördüyü müsbət işlərə toxunduq. Mən istərdim bir qədər nöqsanlardan da danışaq. Son dövrlər polis əməkdaşlarının müəyyən cinayət əməllərində iştirak etməsi hallarına da rast gəlinir. Kollegiyada Siz də bu faktı etiraf etmisiniz ki, təxminən 212 nəfər məsuliyyətə cəlb olunub. Bu barədə nə deyə bilərsiniz?

-Azərbaycan xalqının Ümummilli Lideri cənab Heydər Əliyev bizə tövsiyə edirdi ki, işinizə tənqidi yanaşın, öz nöqsanlarınızı görün və onu açıq deməkdən, etiraf etməkdən çəkinməyin. Biz bu meyarları rəhbər tutub fəaliyyət göstəririk. Həmin əməkdaşlar ki, tərəfimizdən ifşa olunublar, bu işdə heç bir müxalifət partiyası gəlib bizə kömək etməyib və yaxud da onun yerini deməyib. Həmin əməkdaşları törətdikləri cinayətlərə görə məhz özümüz, öz təşəbbüsümüzlə ifşa etmişik və artıq layiq olduqları cəzalarını alıblar. Bundan sonra da belə olacaqdır. Bizim meyarımız budur: Tutduğu vəzifədən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, əgər vətəndaş cinayət törədibsə, o, qanun qarşısında cavab verməlidir. Təəssüf ki, bizim ayrı-ayrı opponentlərimiz - müxalifət bundan da özünün çirkin siyasi məqsədləri üçün istifadə etməyə çalışır. Amma buna heç vaxt nail olmayacdır. Çünki vətəndaşlarımız görür ki, bu gün Azərbaycanda ictimai-siyasi sabitlik, əmin-amanlıq məhz xalqın milli mənafeyinə, rifahına, ölkənin inkişafına xidmət edir. Cinayətkarlığa qarşı mübarizədə Azərbaycan xalqı bizimlədir, bizə yaxından kömək edir və arxa olur. Mən buna görə xalqımıza minnətdarlığımı bildirirəm.

Qaldı ki, ayrı-ayrı polis əməkdaşlarının məsuliyyətə cəlb olunması məsələsi, bəli, gələcəkdə də istər polis, istər digər hüquq-mühafizə orqanının işçisi olsun, fərq etməz, əgər xidməti fəaliyyətində qanunazidd hərəkətlərə yol verəcəksə və törətdiyi əməl cinayət məsuliyyətinə cəlb olunması üçün əsas verəcəksə, o, mütləq məsuliyyət daşıyacaq. Bunu biz həmişə açıq demişik və bu gün də deyirik. Bunu bizim polis orqanlarının şəxsi heyəti də yaxşı başa düşür. Biz öz içərimizdən təmizlənməsək, qanuna hörmət eləməyənləri, cinayət törədənləri müəyyənləşdirib ifşa etməsək, xalqın bizə inamı azalar. Biz bunu yaxşı başa düşürük. Bu, son 10 ildə Azərbaycan Prezidentinin apardığı siyasətdir. Həmin siyasət bu gün də uğurla davam etdirilir və biz öz işimizi bu siyasətə uyğun qururuq.

-Polis işçiləri işə götürülərkən onlar yoxlamadan keçirilirmi, fiziki və psixoloji durumları öyrənilirmi?

-Polisdə xidmət edən cəsarətli, psixoloji və fiziki baxımdan sağlam və möhkəm olmalıdır, yaranmış ekstremal vəziyyətdə düzgün variant seçib hərəkət etməyi bacarmalıdır. Şübhəsiz ki, daxili işlər orqanlarına qəbul zamanı bu şərtlər hökmən nəzərə alınır. Amma bəzən olur ki, ayrı-ayrı polis əməkdaşları orqanda xidmətə götürülərkən bu xüsusatlar tam nəzərə alınmır. Tutaq ki, həmin şəxs mənəviyyatca təmizdir, psixoloji vəziyyəti normaldır, amma fiziki cəhətdən zəifdir. Ayrı-ayrı belə halları aşkar edəndə, əlbəttə rəisi və ya komandiri intizam qaydasında tənbeh edirik və qeyd olunan qaydapozmaların gələcəkdə təkrarlanmaması üçün lazımi təşkilati tədbirlər görürük.

Son 4 ildə sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbul edilən şəxsləri dərhal müstəqil işə buraxmırıq. Daxili İşlər Nazirliyinin sıravi və kiçik rəis heyəti hazırlayan məktəbi var. Qəbuldan dərhal sonra əməkdaş orada 4 aylıq kurs keçməlidir. Məktəbdə həm fiziki hazırlıq təkmilləşdirilir, həm də ibtidai hüquq təhsili verilir. Yalnız imtahanları müvəffəqiyyətlə verib həmin məktəbi bitirmiş əməkdaşlar polisdə sərbəst xidmətə buraxılır. Bu da artıq öz müsbət nəticələrini göstərir və yeri gəlmişkən, bildirmək istəyirəm ki, polis əməkdaşları arasında qanun pozuntuları ilbəil alır.

-Cənab nazir, bir məqam yadıma düşdü. Mətbuatda belə yazılar dərc olunurdu ki, guya bəzi polis işçiləri öz tabel silahlarını satırlar. Doğrudan da belə bir hal varmı?

-Bilirsiniz, bir faktla bütün polis haqqında fikir söyləmək olmaz. Son 10 ildə iki belə fakt olub, o da müəyyən edilib və həmin adamlar öz cəzalarını alıblar. Əgər tabel silahı itirilirsə və yaxud da əməkdaşın səhlənkarlığı ucbatından oğurlanırsa, bu zaman o, daxili işlər orqanlarından xaric olunmağadək intizam cəzasına məruz qala bilər. Ona görə də hansı polis əməkdaşı silahını satıb özünü bu vəziyyətə salar? Bundan əlavə, biz itirilmiş tabel silahına görə onun qiymətini üçqat ödətdiririk. Deməli, nə maliyyə, nə də hüquqi baxımdan əməkdaş üçün əlverişli deyil ki, öz tabel silahını kiməsə satsın, yaxud kiməsə versin. Odur ki, yenə deyirəm, belə yazılar təxribat xarakteri daşıyır və polisi gözdən salmaq məqsədi güdür. Onu da qeyd edim ki, bəzən hətta ayrı-ayrı rəhbər vəzifəli polis əməkdaşlarının fikirlərini də qəsdən təhrif olunmuş formada qəzetlərə verirlər. Bir də görürsən ki, mənim özümün demədiyim bir sözü və ya fikri qəzetə yazırlar. Məsələn, guya Ramil Usubov deyir ki, curnalistlər cinayət törətsələr belə, məsuliyyətə cəlb olunmayacaqlar.

-Hətta onun cinayəti varsa da...

-Daxili işlər naziri heç vaxt belə söz deməz, çünki mənim ifadə etdiyim fikirlər qanuna söykənir. Həmişə demişəm, bu gün də deyirəm, istər jurnalist olsun, istər polis əməkdaşı, yaxud başqa sahənin adamı, əgər cinayət törədibsə məsuliyyət daşımalıdır. Bütün vətəndaşlar qanun qarşısında barəbərdir.

Yəni nəyi demək istəyirəm. Bəzən söyləmədiyimiz və ya o cür demək istəmədiyimiz fikirləri müxalifət mətbuatına, özü də manşetə çıxarırlar. Bütün bunlar bizə qarşı təxribat, qara yaxmaq məqsədləri güdür. O qədər belə yalan yazıblar, yalan deyiblər ki, indi açığını deyim, xalq onlara inanmır.

-Cənab nazir, bir müddət əvvəl hüquq-mühafizə orqanları işçiləri arasında müəyyən kadr dəyişikliyi oldu. Ümumiyyətlə, kadr dəyişikliyi cəmiyyətin çox həssas yanaşdığı bir məsələdir. Bu proses yenə də davam etdiriləcəkmi? Etimadı doğrultmayanlar yeniləri ilə əvəz oluna bilərlərmi?

-İşimizin uğurlu getməsində kadrların düzgün seçilib-yerləşdirilməsinin əhəmiyyəti böyükdür. Bu mənada həmişə onu əsas götürmüşük ki, yüksək vəzifəyə irəli çəkilən əməkdaşlar həm peşəkarlığı, qanunlara hörməti, yüksək mədəniyyəti, həm də idarəçilik təcrübəsi ilə seçilsinlər.

On ildir ki, daxili işlər naziriyəm. İndi tutaq ki, hər hansı bir rayona polis rəisi təyin eləmişik. 5 ildir, 3 ildir işləyir. Şübhəsiz ki, ayrı-ayrı bölgələrdə cinayətkarlığa qarşı mübarizənin müsbət nəticələrinin daha çox olması üçün, əlbəttə Nazirliyin Kollegiyasının borcudur ki, kim daha yaxşı işləyirsə, o, iş həcmi daha böyük və daha ağır olan sahədə xidmət aparmağa göndərilsin. Biz bu prinsipi həmişə rəhbər tuturuq və işimizi də bu istiqamətdə qururuq. Son zamanlar apardığımız müəyyən kadr dəyişiklikləri məhz bu məqsədlərdən irəli gəlib, eyni məqsəd daşıyan belə yerdəyişmələr gələcəkdə də ola bilər. Amma, həmin qəzetləri diqqətlə oxusanız, görərsiniz ki, onları heç də ümumi işin xeyri, cinayətkarlığa qarşı uğurlu mübarizə düşündürmür. Əksinə, bu yazıların əsas məqsədi odur ki, Daxili İşlər Nazirliyinin rəhbərliyinə qarşı ərazi orqanlarının rəislərində narazılıq yaratsınlar və bundan da özlərinin hakimiyyəti zəiflətmək məqsədləri üçün istifadə etsinlər.

Bildirmək istəyirəm ki, özlərini yormasınlar və ən əsası odur ki, Azərbaycan xalqına hörmətlə yanaşsınlar, belə primitiv üsullardan əl çəksinlər. O yazıların arxasında nə dayanırsa, biz onu yaxşı görürük. Onların yazdıqlarının əksinə olaraq, bu gün daxili işlər orqanlarında, Daxili Qoşunlarda aparılan yerdəyişmələr, kadr islahatları yalnız bir məqsədə xidmət edir: Necə edək ki, Azərbaycan xalqına daha yaxşı xidmət göstərək, Azərbaycanda sabitlik daha yaxşı təmin edilsin, cinayətkarlığa qarşı mübarizə uğurla davam etdirilsin və ölkə prezidentinin qarşımızda qoyduğu yüksək tələblər uğurla yerinə yetirilsin. Bizim məqsədimiz budur və buna da nail olacağıq. Kimlər narahatdırsa, onlar, deməli, Azərbaycan xalqının mənafeyini, ümumiyyətlə, istəyən adamlar deyillər.

-Ramil müəllim, cənab Prezidentin sahibkarlarla görüşü zamanı Dövlət Yol Polisi əməkdaşları ilə bağlı müəyyən iradlar səsləndi. Həmin məsələ araşdırılıbmı və konkret olaraq, nəticə nədən ibarətdir? Cəzalandırılan varmı?

-Son illər sahibkarlarlığın inkişafı və sahibkarlıq fəaliyyətinə maneçilik törədən amillərin aradan qaldırılması üçün Prezidentimiz tərəfindən böyük işlər görülüb və davam etdirilir. Daxili İşlər Nazirliyinə aid olan məsələlər də daim diqqət mərkəzimizdə olub və belə maneələrin, belə narahatçılıqların aradan qaldırılması üçün son 3-4 ildə xeyli işlər görülüb. Siz bilirsiniz ki, ayrı-ayrı lüzumsuz qurumların ixtisara salınması prosesi gedib. Ədalət naminə deyirəm ki, belə maneələr xeyli azalıb. Amma desək ki, bu gün polis əməkdaşları arasında iş adamlarına maneçilik törədənlər yoxdur, bu, düzgün olmaz. Bəli, belə hallar olub, lakin nazirliyin rəhbərliyinin, Kollegiyasının, şəhər rayon polis orqanlarının rəhbərliyinin əsas diqqəti ona yönəlib ki, bu cür hallar minimuma endirilsin və ümumiyyətlə, kökü kəsilsin. Bu sahədə işlər gedir və deyilən tənqiddən sonra nazir müavininin, Baş Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin iştirakı ilə müşavirə keçirilib. Mən müvafiq göstərişlər vermişəm. Hazırda belə halların qarşısının alınması üçün əlavə tədbirlər görülür və bundan sonra da davam etdiriləcəkdir.

İş adamlarından isə mənim yeganə xahişim ondan ibarətdir ki, bu məsələlərdə obyektiv olsunlar. Kiminsə kimdənsə xoşu gəlmədi, kimsə hansısa qanunsuz iş gördü və onun qarşısı alındı, ona görə gedib yuxarı orqanlara müraciət etməsinlər, ədalətsiz mövqe tutmasınlar. Hər bir iş ölkənin iqtisadiyyatının yüksəlməsinə xidmət etməlidir. Bu isə bütün dövlət məmurlarının məvaciblərini artırılmasına gətirib çıxarar və bunda biz də maraqlıyıq. Sahibkarlar üçün lazımi şəraiti dövlət yaradır, cənab Prezident yaradır. Amma onların da fəaliyyəti, onların da işi o istiqamətə yönəlməlidir ki, dövlətin büdcəsinə gəlir daha çox gəlsin, ayrı-ayrı adamlar varlansınlar, amma dövlətin hesabına yox.

Yaxın zamanlarda mən iş adamlarını qəbul edəcəyəm. İstərdim ki, onların açıq fikirlərini dinləyəm. Ola bilər ki, müəyyən məsələlər cənab Prezidentin səviyyəsində qaldırılmadı, bəlkə də utandılar deməyə. Amma istərdim ki, bizim nöqsanlarımızı mənə açıq desinlər. Dövlət başçımızın siyasəti budur və mənim də nazir kimi borcumdur ki, cənab Prezidentin siyasətinin həyata keçirilməsində üzərimə düşən vəzifələri yerinə yetirəm.

-Ramil müəllim, hələ sovet dönəmində milisə münasibət o qədər də, mən deyərdim, xoş olmayıb. Belə münasibət bu gün də davam etməkdədir. Ümumiyyətlə, bugünkü vətəndaş-polis münasibətləri bir nazir kimi Sizi qane edirmi?

-Mən sovet dönəmindəki milis ilə bugünkü müstəqil Azərbaycan Polisini və ona olan münasibəti belə müqayisə etmək istəməzdim. Aparılan rəy sorğuları bunu deməyə əsas verir ki, polisə münasibət müsbət mənada xeyli dəyişib. Yəni daxili işlər orqanlarının gərəkliliyini, vacibliyini, cinayətkarlığa qarşı mübarizədə, dövlətçiliyin qorunmasında, ölkədə sabitliyin yaranmasında rolunu Azərbaycan vətəndaşları indi sovet dönəmindən daha çox anlayırlar və onun çox mühüm bir qurum olmasını yaxşı bilirlər. Amma əlbəttə ki, polis orqanlarında, polis əməkdaşları arasında ayrı-ayrı neqativ halların və özbaşınalıqların mövcudluğu, vətəndaşlarımıza ədalətsiz münasibətin olması polisin nüfuzuna təsir edən amillərdəndir. Bir zaman - 60-cı illərdə Nikita Xruşşovun vaxtında deyirdilər ki, ümumiyyətlə, bu orqan lazım deyil, çünki cəmiyyət inkişaf etdikcə cinayətkarlıq yox olacaq, kommunizm cəmiyyətində isə, ümumiyyətlə, cinayət baş verməyəcək. İndi gördünüz ki, bunun əksinə oldu. Cinayətin kökünü tamamilə kəsmək mümkün deyil, amma cinayətkarlığa qarşı mübarizəni uğurla aparmaq olar və kriminogen durumu nəzarətdə saxlamaq mümkündür. Bunu da ölkə prezidentinin rəhbərliyi ilə bugünkü iqtidar artıq edib və gələcəkdə də mövcud vəziyyətin qorunub saxlanması və daha da yaxşılaşdırılması üçün əlavə tədbirlər görəcəyik.

Ümummilli Liderimiz cənab Heydər Əliyevin 2002-ci ildə Polis gününə həsr olunmuş təntənəli mərasimdə dediyi sözlər ki, gərək xalq polisi sevsin, bax bu fikir, bu tövsiyə bu gün bizim fəaliyyətimizin əsasını təşkil etməlidir. Gərək biz elə xidmət edək, özümüzü elə göstərək, vətəndaşlarımıza o dərəcədə qayğı ilə yanaşaq ki, onlar bizə etibar etsinlər, çətin məqamlarda bizi özlərinə arxa bilsinlər. Mən bunu həmişə bizim əməkdaşlara deyirəm, Kollegiya iclaslarında da deyirik, xidməti hazırlıq dərslərində də şəxsi heyətə çatdırırıq. Bilirsiniz, məqsədə nail olmaq müəyyən vaxt tələb edir. Eyni zamanda bu istiqamətdə vəziyyət ilbəil yaxşılaşır. Bizim gələcək fəaliyyətimiz ona yönələcək ki, polis-xalq münasibəti daha da yaxşılaşsın, polisin cəmiyyətdəki nüfuzu günbəgün yüksəlsin, xalq polisi, polis də xalqı özünə arxa bilsin.
    
-Cənab nazir, mən istərdim ki, söhbətimizi 15-16 oktyabr hadisələrilə bağlı davam etdirək. Həmin iğtişaşlar zamanı cinayət əməlinə yol vermiş polis işçiləri olubmu? Bu mövzuda mətbuatda son günlər tez-tez yazılar dərc edilir. Ümumiyyətlə, qanunsuz hərəkətlərə yol vermiş hüquq-mühafizə işçiləri aşkar olunubmu?

-15-16 oktyabrda nə baş verdi? Xüsusən də 16 oktyabr bu hadisələrin kulminasiya nöqtəsi idi. İğtişaşı törədənlər radikal müxalifət tərəfindən hazırlanmış qanunsuz kütləvi aksiyalarla, kütləvi itaətsizliklə müşayiət olunan hüquqazidd hərəkətlərlə, zor tətbiq etməklə hakimiyyəti devirmək istədilər. Bu onların planında idi və vətəndaşlarımızın da yaxşı yadındadır ki, seçkiqabağı yazılarında, çıxışlarında bunu əsaslandırmağa çalışırdılar. Deyirdilər ki, seçki zamanı hökmən saxtakarlığa yol veriləcək, biz də bu saxtakarlığın qarşısını alacağıq, özü də istənilən metodlarla alacağıq. Yəni onlar əvvəlcədən özləri üçün bir növ hüquqi baza yaradıb, vətəndaşların, Azərbaycanda təmsil olunan əcnəbilərin şüuruna, psixologiyasına belə bir fikir yeritmək istəyirdilər ki, seçki zamanı saxtakarlıq mütləq olacaqdır və onun qarşısını almaq üçün hücuma keçəcəyik, bu hücum isə qanuni xarakter daşıyacaqdır. İstəklərini gizlətmir, həmin senari ilə gəlirdilər və oktyabrın 15-də, axşam bunu gerçəkləşdirməyə cəhd etdilər. Qarşısı alındı. Oktyabrın 16-da radikal müxalifətin liderləri, həmçinin onların xarici havadarları artıq hücuma keçmək əmrini verdilər. Elə bilirdilər ki, bu cinayət uğurla başa çatacaq və arzuları çin olacaq. Onların hesablamaları əlbəttə ki, real məntiqə söykənmirdi. Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının real fikrini öyrənməmişdilər, bilmirdilər. Onlar faktiki olaraq nəinki özlərini, eyni zamanda sıravi partiyadaşlarını da aldadırdılar və deyirdilər ki, biz qalxsaq, hücuma keçsək, hakimiyyət qorxacaq, müqavimət göstərməyəcək və beləliklə də biz hakimiyyətə gələcəyik. Lakin bunun əksi oldu. Azərbaycan xalqı bu cinayəti qətiyyən dəstəkləmədi, Bakı şəhərində yaşayan əhalinin tam əksəriyyəti birmənalı surətdə bu əməlləri pislədi, rədd etdi. Onlar 3-4 min adamla istədilər ki, dövlət çevrilişi etsinlər, seçilməyən, özlərinin "prezident" adlandırdıqları bir nəfəri hakimiyyətə gətirsinlər. Bu isə xalqın rəyinə qarşı, onun əleyhinə getmək idi. Xalq da buna birmənalı şəkildə öz münasibətini bildirdi. Vətəndaşlarımız böyük səs çoxluğu ilə Heydər Əliyev məktəbinə, Heydər Əliyev kursuna sədaqətli olan, özünün bütün şəxsi keyfiyyətləri, rəhbərlik etmək bacarığı ilə digər namizədlərdən çox-çox yüksəkdə dayanan, hər bir sahədə idarəçilik qabiliyyəti ilə onlardan qat-qat üstün olan bir şəxsiyyətə səs verdi. O da bugünkü prezidentimiz cənab İlham Əliyev idi.

Eyni zamanda, xalqın rəyini bilən, xalqın dəstəyini görən və qanunla ona həvalə edilmiş vəzifələri icra edən Azərbaycan Polisi, Daxili Qoşunlar bu kütləvi iğtişaşın, bu dövlət çevrilişinə cəhdin qarşısını çox cəsarətlə aldı. Bu gün polisi, Daxili Qoşunları müxalifət qəzetlərində əsassız günahlandırırlar ki, guya qanundan kənara çıxıb, hədsiz dərəcədə qəddarlıq edib, xalqına əl qaldırıb, kimyəvi-zəhərləyici maddə tətbiq edib.

Gəlin, bunlara bir qədər sakit, bir qədər təmkinlə qiymət verək. Əvvəla, onlar guya özlərinin dedikləri kimi, etiraz aksiyasını sülh şəraitində keçirmək istəyirdilər. Bu istəyə kim mane olurdu? Polismi? Xeyr. Şəhər meriyasımı? Xeyr. Ölkənin ali hakimiyyətimi? Bu da belə deyil. Şəhər meriyası bu aksiyanın keçirilməsi üçün müvafiq yer ayırmışdı. Bunlar, düzdür, bəzən 2 min yığılanda 20 min deyirlər, 5 min yığılanda 50 min. İndi hər bir halda Azadlıq meydanına gələnlərin sayı 4-5 mindən artıq deyildi. Həmin 5 minlə Dövlət Film Fondunun qarşısına da yığışmaq olardı və öz fikirlərini, düşüncələrini deyə bilərdilər. Bəs niyə bunu etmədilər? Nə üçün kütləvi iğtişaş törətdilər?! Burda hakimiyyəti, öz xidməti vəzifə borcunu yerinə yetirən polisi günahlandırmaq ən azı absurddur.

-Yəni Polis peşə borcunu yerinə yetirib...

-Bəli, peşə borcunu yerinə yetirib. Azərbaycanın daxili işlər orqanları, Daxili Qoşunlar heç vaxt Azərbaycan dövlətçiliyinə, onun milli mənafeyinə xidmət edən insana əl qaldırmayıb və qaldırmayacaq da. Amma Azərbaycanın milli mənafelərinin, xalqın rəyinin əksinə gedənlərə, ona qarşı cinayət törətmək istəyənlərə polis, Daxili Qoşunlar qüvvə işlətməyə həmişə hazırdır. Adekvat tədbir görmək onun qanunla müəyyən edilmiş vəzifə borcudur və bunu etməlidir, gələcəkdə də edəcəkdir. Əksinə, tədbir görməsəydi, heç şübhəsiz ki, bu gün qanun qarşısında cavab verməli olacaqdı. Sevindirici haldır ki, orada xidmətini aparan polisin və Daxili Qoşunların şəxsi heyəti dövlət, xalq qarşısında borcunu, qanunla müəyyən olunmuş vəzifələrini yüksək səviyyədə yerinə yetirdi və bu cinayətin qarşısını fədakarlıqla aldı. Azərbaycan xalqı, bu gün, həmin cinayətlərin qarşısına sipər çəkən polisə, Daxili Qoşunlara dönə-dönə minnətdarlığını bildirir. Aldığımız yüzlərlə məktublar, kollektiv müraciətlər bunu bir daha təsdiqləyir. Yazılanlar polisi, ümumiyyətlə, hakimiyyəti gözdən salmaq üçün ayrı-ayrı müxalifət qüvvələrinin etdiyi və heç bir qanuni əsası olmayan əbəs cəhdlər, dövlətçilik maraqlarına, Azərbaycan xalqının, milli mənafeyinə uyğun olmayan uğursuz səylərdir.

-Ramil müəllim, 15-16 oktyabr hadisələri ilə bağlı bu gün mətbuatda daha çox hallandırılan bir məqam var. Bu, həmin gün polisin gözyaşardıcı qazdan istifadə etməsi ilə bağlıdır. Və artıq bəzi mətbuat orqanlarında gözyaşardıcı qazdan istifadə olunmasına göstəriş verənin adı da açıqlanıb. Bu, polis mayorudur. Doğrudanmı, belə bir hal olub, bu qazdan istifadə olunub? Olubsa, həmin göstərişi, sadəcə olaraq, bir polis mayorumu verib? Burda hər hansı qanun pozuntusu varmı?

-Bir daha qeyd edirəm, polis və Daxili Qoşunlar qanun çərçivəsində fəaliyyət göstərib və görülmüş tədbirlər də tam qanunauyğundur. Qoy, radikal müxalifət qəzetlərinin yazarları, yaxud da onların öz dilləri ilə desək, hüquq-müdafiəçiləri, hüquqşünasları qanunu yaxşı oxuyub öyrənsinlər. Qanunda birmənalı şəkildə bildirilir ki, kütləvi iğtişaşın yatırılması üçün xüsusi vasitələrdən istifadə etmək olar. Həm də bu, vəziyyətə baxır. Əgər onlar yalın əllə, necə deyərlər, silahsız, dəyənəksiz, daşsız gəlsəydilər, onların qarşısı bir cür alınacaqdı, yəni ola bilsin ki, gözyaşardıcı qazdan, rezin dəyənəkdən o dərəcədə istifadə edilməyəcəkdi və sair. Amma hər bir halda bir tərəfdə qanunları kobud şəkildə pozanlar dayanmışdı, digər tərəfdə isə qanunu, Azərbaycan xalqının, eyni zamanda paytaxt sakinlərinin asayişini qoruyanlar. Bu hüquq-müdafiəçiləri isə hücum edənlə hücuma məruz qalanları, cinayət törədənlə cinayətdən zərər çəkənləri gətirib eyni müstəviyə çıxarırlar və deyirlər ki, niyə bu hadisə baş verib. Axı polis nə üçün oktyabrın 14-də, 13-də, yaxud elə bu gün, dünən o adamları döymür və ya onları tutmur? Ondan əvvəl də həmin Arifoğlu, Hacıyev və digərləri danışırdılar da, fikirlərini də deyirdilər. İqtidarı nəinki tənqid, hətta təhqir də edirdilər və gələcəkdə törədəcəkləri cinayətlərinin ssenarisini də bəyan edirdilər. Biz buna dözürdük və güman edirdik ki, ola bilsin deyirlər, amma cinayət törətməyəcəklər. Lakin əksinə oldu.

15-16 oktyabr kütləvi iğtşaşları ilə bağlı respublika Baş Prokurorluğunun yaratdığı, eyni zamanda Daxili İşlər Nazirliyinin və digər qurumların əməkdaşlarının iştirak etdiyi əməliyyat-istintaq qrupunun apardığı araşdırmalarla bu məsələlərə, törədilmiş cinayətlərə hüquqi, qanuni qiymət veriləcəkdir. Qəzet səhifələrində çıxış edənlərə, eyni zamanda onların liderlərinə bir daha müraciət edib demək istəyirəm ki, siz mübarizənizi yalnız qanun çərçivəsində apara bilərsiniz. Onu Azərbaycanın milli mənafeyinə əks istiqamətdə aparmaq mümkün deyil və buna heç zaman yol verilməyəcək. Bu gün Azərbaycan dövləti və dövlətçiliyi 10 il əvvəlki səviyyədə deyil. Ümummilli Liderimiz, əbədi Prezidentimiz cənab Heydər Əliyev elə bir dövlət qurub, elə bir dövlətçilik ənənəsi yaradıb ki, hər hansı yığıncaqlarla, ayrı-ayrı şəxslərin arzusu ilə, 5-10 min adamı yığıb hansısa bir orqana hücum təşkil etməklə nəyəsə nail olmaq mümkün deyil. Azərbaycan demokratik dövlətdir, daim demokratik quruculuq yolu ilə irəliləyir və ölkəmizdə Avropa dəyərlərinə, hüquqi prinsiplərə söykənən cəmiyyət qurulur. Burada qanuna hörmət, qanunun aliliyi ən vacib şərtlərdəndir. Ona görə də belə cəhdləri mən qeyri-qanuni, Konstitusiyaya zidd və antidemokratik hərəkətlər kimi qiymətləndirirəm və yanlış yola düşmüş belələrini qanunazidd əməllərdən çəkinməyə çağırıram.

-15-16 oktyabr hadisələri ilə bağlı Human Rayt Voç öz hesabatında əsas yeri daha çox Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə həsr edib və orda belə bir məqam var ki, bu idarədə həmin gün həbs olunanlara qarşı xüsusi amansızlıq edilib, işgəncələr verilib. Bununla bağlı bir nazir kimi Sizin mövqeyiniz necədir?

- Tamamilə birtərəfli, həqiqətə söykənməyən bir rəydir. Əks tərəfin münasibəti, fikri öyrənilmədən, bizim beynəlxalq təşkilatlara təqdim etdiyimiz faktları araşdırmadan belə bir rəy veriblər. Həqiqət nədən ibarət olub, onu Azərbaycan xalqı çox yaxşı bilir, elə televiziya ekranlarında da görüb.

Siz sual verirsiniz ki, niyə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin adı daha çox hallanır. Bu təsadüfi deyil. Əvvəla, diqqəti bir məsələyə cəlb etmək istərdim. Son 10 ildə müxalifətlə bağlı diqqətimi bir məqam xüsusilə cəlb edir. O nədir? Bir müxalifət partiyalarının yuxarı təbəqəsində təmsil olunan şəxslərə olan münasibət, bir də sıravi partiyadaşlarına olan münasibət. Birincilər barədə ən kiçik bir tənqid belə deyildikdə bütün müxalifət qəzetləri, onlarla işləyən hüquq-müdafiə təşkilatları bu qəbildən olanların müdafiəsi üçün hədsiz dərəcədə canfəşanlıq göstərirlər. Lakin sıravi partiyadaşları ilə bağlı məsələlərdə, əksinə, onlar yada da düşmür, hesaba da alınmırlar. Elə Mütəşşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinin adının hallanmasını da bax bu yanaşma ilə izah edərdim. Mətbuatda da məlumat vermişdik ki, o cinayətdə bu və ya digər şəkildə iştirakına görə təqsirli bilinmiş 600-dən çox şəxs həbs olunmuş və onlardan yalnız 18 nəfəri Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Həmin 18 nəfər isə təmsil etdikləri partiyalarda tutduqları mövqeyə görə seçilənlər idi. Yəni liderlər idi. Onlar 15-16 oktyabrda törədilən kütləvi iğtişaşın əsas təşkilatçılarıdır ki, məhz Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək yaxalanıblar. Ona görə də bir tərəfdən cinayətin - kütləvi iğtişaşın təşkilatçıları və partiyada yüksək vəzifə tutanlar ciddi müdafiə olunur, digər tərəfdən isə tənqid hədəfi bilərəkdən Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yönəldilir. Çox narahatdırlar ki, bu işin təşkilatçılarını məhz bu idarə həbs edib. Digər tərəfdən, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları, onun rəisi bu cinayətin qarşısını almağa, hadisə yerində olmağa borclu idi. Onlar da hadisə yerində olublar, öz vəzifə borclarını layiqincə yerinə yetiriblər. Azərbaycan dövlətinə, dövlətçiliyinə sədaqət nümayiş etdirib kütləvi iğtişaşın qarşısının alınmasında digər hüquq-mühafizə orqanları ilə birgə çox böyük fədakarlıq və cəsarət göstəriblər. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin adını tez-tez hallandırmaqla bu qurumu gözdən salmağa çalışırlar, çünki həmin idarə onların ssenarisinin həyata keçməsinə imkan verməyən Daxili İşlər Nazirliyinin əsas qurumlarından biri kimi qarşılarında ciddi maneəyə çevrilib. Amma gəlin, xalqın da rəyinə baxaq. Bizə müraciət edən minlərlə insan məhz Daxili Qoşunların, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, Bakı Qarnizonunun fəaliyyətinə yüksək qiymət verir və alqışlayır. Şəxsi heyətimiz öz peşəsini sevən, qanunlara hörmət edən və onların keşiyində duran əməkdaşlardan və hərbi qulluqçulardan ibarətdir və qanun çərçivəsində də hərəkət etmiş, heç bir qanunsuzluğa yol verməmişdir.

-Cənab nazir, Human Rayt Voçun hesabatında təxminən tələb şəklində qoyulmuş belə bir məqam da var ki, MCMİ bağlanmalıdır. Bundan başqa, müxalif partiyaların yetkililəri müxtəlif siyasi dairələrdə, bu tələblə günü bü günə kimi də çıxış edirlər. Bu tələblər Sizcə, nə qədər obyektivdir? Yəni ki, obyektivliyindən danışmaq düzgün deyil, ümumiyyətlə, mümkündürmü bu idarənin bağlanması? Qonşu dövlətlərdə, başqa ölkələrdə varmı belə bir idarə?

-Dünya təcrübəsində, xüsusən də ABŞ-da qanlı terror aksiyasından sonra belə xüsusi təyinatlı qurumların yaranmasına, mövcudluğuna ehtiyac birə-beş artıb. Xüsusi təlim keçmiş belə bir qurum mütləq olmalıdır. O, kimlərinsə arzusu ilə gerçəkləşmir. Bütün dünya ölkələrində mütəşəkkil cinayətkarlığa, o cümlədən terrorizmə, banditizmə və digər xüsusilə təhlükəli cinayətlərə qarşı mübarizə aparatları mövcuddur. Belə strukturları olmayan dövlətlərdə də yeni yaradılır ki, bu da müasir dövrün reallıqlarından irəli gəlir.

Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi 9 avqust 1994-cü il tarixdə möhtərəm cənab Prezidentimiz, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən verilmiş fərman əsasında cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi məqsədilə yaradılıb. Ötən dövr ərzində bu idarə yüzlərlə mütəşəkkil, silahlı dəstələrin zərərsizləşdirilməsində, adam oğrularının ifşa edilib ədalət mühakiməsinə verilməsində önəmli fəaliyyət göstərib, quldurların, soyğunçuların, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olanların, saxta pul və ödəniş sənədləri hazırlayanların ifşa olunmasında xidmətləri əvəzsizdir. Təsadüfi deyil ki, ölkədə sabitliyi pozmaq istəyən qüvvələr məhz Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Daxili Qoşunlara, Bakı Qarnizonuna, bütövlükdə Daxili İşlər Nazirliyinə böhtanlar atmaqla bir tərəfdən beynəlxalq ictimaiyyəti aldatmaq, digər tərəfdən Azərbaycan xalqında bu orqanlara qarşı mənfi rəy formalaşdırmaq istəyirlər. Amma bir daha təkrar edirəm, bu səylər əbəsdir. İftira dolu belə yazılar qanunun, dövlətçiliyin, xalqının əmin-amanlığı keşiyində dayanan əməkdaşlarımızın mübarizə əzmini heç vaxt qıra bilməz. Biz bütün bunlara demokratik cəmiyyətdə mövcud olan proseslər kimi baxırıq, tənqidi də eşidirik. Hərəkətlərimizdə olan səhvlərin aradan qaldırılması üçün özümüz tədbirlər görürük və bundan sonra da görəcəyik. Amma bizə böhtan atanlara, fəaliyyətimizə gölgə salmaqla bizi ictimaiyyətin gözündən salmağa çalışanlara öz layiqli cavabımızı həmişə verəcəyik. Vətənə, dövlətə, dövlətçiliyə daim sədaqətlə xidmət edəcəyik.

-Ramil müəllim, artıq 15-16 oktyabr hadisələri ilə bağlı məhkəmə prosesi başlayıb. Məhkəmələrin birində qərara alınıb ki, daxili işlər naziri 15-16 oktyabr hadisələri ilə əlaqədar DİN-in küçələrə çıxardığı qoşun növləri haqqında arayış verməlidir.

-Məhkəmə müstəqil qurumdur, obyektiv məhkəmə araşdırmaları gedir. Kimlərin günahı, əməllərinin ictimai təhlükəliliyi nə dərəcədədir, məhkəmələr bütün bunları araşdırır və yəqin ki, göstərilənlər hüquqi qiymətini tapacaqdır. Həmçinin mənə də müraciət olunub ki, polisin hansı qüvvələri həmin gün xidmət aparıb. Mən rəsmi cavab verəcəyəm. Bizim fəaliyyətimiz qanun çərçivəsində həyata keçirilir və xalqımızdan gizli deyil. Həmin gün bu cinayətin - kütləvi iğtişaşın qarşısının alınmasına paytaxtın polis orqanlarının nizami hissələri, Daxili Qoşunların bir neçə hərbi hissəsinin şəxsi heyəti, bir də DİN-in xüsusi qurumlarının şəxsi heyəti cəlb edilmişdi. Düzdür, müxalifət çalışıb ki, burada da yenə xaricdən gələn bəzi hüquq-müdafiəçilərini aldatsın. Yadımdadır, cənab Qrossu qəbul edəndə o mənə bir sual verdi. Dedi ki, bəs siz seçkidən bir neçə gün öncə Rusiyanın yüksək vəzifəli məmurunu qəbul etmisiniz - cənab Vladimir Ruşaylonu. Bizdə olan məlumata görə, guya Rusiyanın "Alfa" qrupu həmin kütləvi iğtişaşın dağıdılmasında iştirak edib. Mən ona cavab verdim ki, sizi yenə də aldadırlar, bu həqiqət deyil. Bu gün Azərbaycan dövlətinin özünü qorumağa imkanı da var, müvafiq qurumları da. Üzündə maska olanlar isə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusi tağımının əməkdaşlarıdır. Yəni orada xaricdən dəvət olunmuş heç bir qüvvə iştirak etməyib və edə də bilməz. Burada gizlin heç nə yoxdur. Onu da qeyd edirəm ki, görülmüş bütün tədbirlər qanun çərçivəsində olub və fəaliyyətimizdə yalnız qanunu rəhbər tutmuşuq. Əgər qanundan kənara çıxmışıqsa, bir daha qeyd edirəm, hazırda istintaq, məhkəmə araşdırmaları davam edir, onlar bizim də hərəkətimizə hüquqi qiymət verəcəklər. Əgər hər hansı bir polis əməkdaşımız, yaxud hərbi qulluqçumuz qanundan kənara çıxıbsa, biz ölçü götürməyə hər zaman hazırıq.
 
-Cənab nazir, mən sonuncu sualı jurnalistlərlə bağlı vermək istərdim. Hadisələr zamanı zərərçəkən, amansızlığa məruz qalan jurnalistlər oldu. Cinayətkarların axtarışı davam edirmi, real nəticə varmı?

-Kütləvi aksiyalarda jurnalistlərlə bağlı bəzən problemlərimiz yaranıb və yaranır da. Açığını deyim ki, nazirliyin də, yerlərdə olan qurumların rəhbərliyi də həmişə bundan narahatlıq keçirir. Bəzən biz istəmədən polis-jurnalist münaqişəsinə sövq edilmiş oluruq. Nəticədə anlaşılmazlıq yaranır və nə biz bunu istəyirik, nə də həqiqi jurnalist etikası ilə hərəkət edən həqiqi yazarlar. Amma bəla bundadır ki, jurnalist vəsiqəsini cibində gəzdirən radikal müxalifət partiyalarının üzvləri də var. Bu da, necə deyərlər, nəinki Azərbaycan xalqını, eyni zamanda beynəlxalq ictimaiyyəti aldatmaq üçün düşünülmüş bir vasitədir. Yəni partiyanın üzvüdür, tutaq ki, müsavatçıdır, yaxud ADP-çidir. Gələcəkdə tutulması böyük əks-sədaya səbəb olsun deyə, ona curnalist vəsiqəsi verirlər və sonra da bütün dünyaya car çəkirlər ki, bəs Azərbaycan hökuməti, Azərbaycan Polisi jurnalistlərlə qəddar rəftar edir. İndi siz təsəvvür edin, 8 milyonluq xalqın təqribən 60 minə qədər jurnalist vəsiqəsi gəzdirəni var. Dünyanın heç bir yerində belə şey yoxdur. Bu qədər jurnalistmi olar? Əlbəttə, biz bilirik ki, bunlar jurnalist deyil və çox yaxşı haldır ki, bu yaxınlarda cənab Amaşovla, Jurnalist təşkilatlarının digər rəhbər işçiləri ilə görüşlərimiz olub və razılaşmışıq ki, kütləvi aksiyalarda həqiqi jurnalistlərin qorunması, onların öz xidməti fəaliyyətini həyata keçirmələri üçün normal şərait yaradaq, bəzən də yaranmış insidentləri komissiya vasitəsilə araşdıraq. Kimin günahı varsa, üzə çıxsın. Jurnalist təqsirkardırsa, deyək ki, günahınız budur, tənbehiniz də budur. Yaxud, əgər polis işçisi qanunu pozursa, günahı və cəzası budur. Biz razılaşmışıq. Mənə elə gəlir ki, bu sahədə ümumi optimal variant tapmışıq.

Gələcəkdə jurnalistlərin kütləvi aksiyalar zamanı xüsusi geyimdə olmaları üçün əlavə tədbirlər görülür, müvafiq nümunə də hazırdır. "Reket" jurnalistləri sıradan çıxarmaq üçün çox önəmli bir işə başlanılıb.

Həqiqi jurnalist etikasına riayət edən insanlarla əməkdaşlıq etməyə həmişə hazırıq və özümüz də istəyirik ki, Azərbaycan Polisinin problemini də, uğurlarını da, işindəki qüsurları da əsl jurnalist gözü ilə görüb ictimaiyyətə çatdırsınlar. Biz isə nöqsanlarımızı da, yaxşı işimizi də bilib, yaxşını inkişaf etdirəcəyik, pisin isə aradan qaldırılması üçün əlavə lazımi tədbirlər görəcəyik.

-Cənab nazir, geniş və əhatəli müsahibəyə görə çox sağ olun, Sizə təşəkkür edirik.


Ən son press-relizlər