DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun "Azərbaycan" qəzetinə müsahibəsi

22.02.2007



 

Prezident İlham Əliyevin milli inkişaf strategiyası Azərbaycanın yüksəlişində yeni mərhələninin əsasını qoyub. 

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil USUBOV:
"Ümummilli liderimiz Heydər Əliyevin böyük fədakarlıqla yaratdığı sabitlik bu gün ölkə rəhbərinin siyasi iradəsi və qətiyyətli fəaliyyəti nəticəsində dönməz hal alıb"

Tarixi anlar, mühüm hadisələrlə zəngin olan 2006-cı il Azərbaycanın dinamik inkişafı, iqtisadiyyatın yüksəlişi, beynəlxalq əhəmiyyətli layihələrin reallaşması, bütövlükdə ümummilli lider Heydər Əliyevin milli dövlətçilik strategiyasının daha uğurlu həyata keçirilməsi ilə əlamətdar olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqın rifahına, dövlətin iqtisadi qüdrətinin güclənməsinə xidmət edən infrastrukturların qurulması, istehsal və emal müəssisələrinin açılması, həyata keçirilən demokratik islahatlar, insan hüquq və azadlıqlarının təminatı sisteminin möhkəmləndirilməsi, ictimai asayişin etibarlı qorunması ölkəmizin beynəlxalq nüfuzunu xeyli yüksəltmişdir.
Ötən il daxili işlər orqanlarının xidməti fəaliyyətində də bir çox müsbət nəticələr, uğurlar qazanılmışdır. 2006-cı il ərzində cinayətkarlıqla mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini üzrə görülən işlərin yekunları barədə danışan həmsöhbətimiz - Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil USUBOV hesab edir ki, əldə edilən bu uğurlar qarşıda duran vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsinə zəmin yaradır.

 

- Cənab nazir, bu yaxınlarda Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına həsr edilən geniş Kollegiya iclası keçirilmişdir. Qeyd edilən müddətdə fəaliyyətinizin təhlili hansı uğurlardan danışmağa əsas verir?

 - Yola saldığımız il həqiqətən də uğurlu və ürəkaçan il olmuşdur. Respublikanın daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində əvvəlki illərin müsbət tendensiyasını 2006-cı ildə də qoruyub-saxlamış, qanunla müəyyən olunmuş mühüm funksiyaları, o cümlədən insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər. Hesabat ilində idarəçilik və təşkilatçılıq fəaliyyətinin, nəzarət mexanizminin, normativ-hüquqi bazanın müasir tələblər baxımından təkmilləşdirilməsinə xüsusi önəm verilmişdir. Şəxsi heyətin peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə, daxili təhlükəsizliyin möhkəmlənməsinə xidmət edən zəruri tədbirlər görülmüş, qanunçuluğa, icra və uçot-qeydiyyat intizamına riayət edilməsinə tələbkarlıq artırılmışdır.

Faktlara nəzər salsaq, nəticələri daha da konkretləşdirə bilərik. Belə ki, ötən il ölkədə 19045, o cümlədən Daxili İşlər Nazirliyi üzrə 18267 cinayət qeydə alınmışdır. Cinayətlərin strukturunda bir sıra ağır növlərin, o cümlədən qəsdən adam öldürmə və ona cəhdlər, quldurluq, zorlama, adam oğurluğu, mənzil oğurluğu, avtonəqliyyatın qaçırılması faktlarının sayı azalmış, adamları girov götürmə cinayəti ümumiyyətlə, qeydə alınmamışdır. Şəxsiyyət əleyhinə olan cinayətlərin böyük əksəriyyəti (97,3%), banditizm və insan alveri cinayətlərinin isə hamısı açılmışdır. Bütövlükdə, respublika ərazisində baş vermiş cinayətlərin 90,2%-nin, ötən illərdən bağlı qalmış cinayətlərin 77,5%-nin, başqa sözlə, müqayisə edilən dövrə nisbətən 190 fakt çox, yəni 435-nin açılması təmin edilmişdir ki, bu da törədilmiş əmələ görə cəzanın labüdlüyü prinsipinin çox mühüm göstəricisidir.

Həyata keçirilmiş məqsədyönlü əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 4429, o cümlədən MDB üzvü olan, eləcə də digər xarici ölkələrdə gizlənmiş 174 təqsirləndirilən şəxs tutulmuş, bu sahədə müvafiq göstərici 71,8% təşkil etmişdir. İtkin düşmələri ilə əlaqədar axtarışı elan olunmuş 1462 nəfərdən (onlardan 1085-i 2006-cı ildə axtarışa verilmişdir) 73,6%-nin yeri müəyyən edilmişdir. Transmilli xarakter daşıyan mütəşəkkil cinayətkarlığın müxtəlif növləri, o cümlədən silah və narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya, habelə dayanıqlı cinayətkar dəstələrə və qruplara qarşı ölkənin digər hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq şəraitində aparılan mübarizə ötən il daha qətiyyətli və məqsədyönlü xarakter almışdır.

Keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində ağır və xüsusilə ağır cinayətlər törətmiş 772 nəfərdən ibarət 268 cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir. Əllərdə qanunsuz saxlanılan 1346 odlu silah və 130 minə yaxın patron götürülmüşdür. Silah işlətməklə törədilən cinayətlərin sayı 2005-ci illə müqayisədə 2,2 dəfə, qrup halında qeydə alınmış cinayətlər isə 11,3% azalmışdır. Saxta pul və qiymətli kağızlar hazırlama və ya satma cinayətləri ilə əlaqədar aşkar edilmiş 9 fakt üzrə 10 şəxsdən 180 ədəd 100 nominallı ABŞ dolları, 52 ədəd 10 minlik Azərbaycan manatı, 114 ədəd qızıl pul götürülmüşdür. İnsan alverinə qarşı mübarizə sahəsində 211 cinayət faktı müəyyən edilərək 207 nəfər məsuliyyətə cəlb olunmuş, 23 cinayətkar qrup və mütəşəkkil dəstə zərərsizləşdirilmişdir. Qanunsuz dövriyyədən 251 kiloqramdan artıq narkotik vasitə götürülmüş, yaşıl kütlə halında 379 ton narkotik xassəli bitki məhv edilmişdir. Narkotik vasitələrin satışının aşkarı üzrə tədbirlər daha səmərəli olmaqla, 2005-ci illə müqayisədə 28 fakt çox aşkarlanmışdır.
Ərazi polis orqanları və nizami hissələr qarşısında qoyulmuş ən vacib vəzifələrdən biri də cinayətlərin qarşısının alınması olmuşdur. Bu yönümdə görülmüş qabaqlayıcı-profilaktiki tədbirlərlə ictimai yerlərdə (1,5%), o cümlədən küçələrdə (3,5%) baş verən, yetkinlik yaşına çatmayanlar (29,3%) və əvvəllər cinayət məsuliyyətinə cəlb edilənlər (6,6%) tərəfindən törədilən cinayətlərin sayı xeyli azalmışdır. Daxili İşlər Nazirliyinin özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən mühafizə xidmətləri tərəfindən isə 6711 obyektin qorunması həyata keçirilmiş, habelə 74 obyektdə oğurluq faktlarının qarşısı alınaraq 106 nəfər yaxalanmışdır.
Ümumvətəndaş pasportlarının verilməsində vətəndaşlara daha əlverişli şəraitin yaradılması üçün Pasport, Qeydiyyat İdarəsinin 25 şəhər və rayonu əhatə edən daha 3 regional şöbəsi (Əli Bayramlı, Göyçay, Bərdə) fəaliyyətə başlamış, Gəncənin Nizami, habelə Xocalı və Naxçıvan MR-in Kəngərli rayon polis orqanlarında şəxsiyyət vəsiqələrinin verilməsi üzrə əlavə regional mərkəzlər yaradılmışdır. Ölkə vətəndaşlarının şəxsiyyəti təsdiq edən müvafiq sənədlərlə təmin edilməsi işi də nazirliyin rəhbərliyinin daimi nəzarətində olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Daxili İşlər Nazirliyi sisteminin ayrılmaz struktur hissəsi olan Daxili Qoşunlarda xidmətin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsinə göstərilən ali diqqət və qayğı 2006-cı ildə də davam etmişdir. Daxili Qoşunların ötən il üzrə xidməti-döyüş fəaliyyətinin yekunları qazanılan nailiyyətlərin əyani göstəricisidir. Əsgər və zabitlərimizin peşə və döyüş hazırlığı səviyyəsi, mənəvi-psixoloji durumu yüksəkdir. Baş idarə rəhbərliyinin əsgər və zabitlərə tələbkarlığı ilə bərabər göstərdiyi qayğıkeşlik də yüksək nəticələrin əldə edilməsində böyük rol oynamışdır.
Ötən il "Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair" Dövlət Proqramı ilə müəyyən edilmiş tədbirlər uğurla yerinə yetirilərək xidməti fəaliyyətin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, maddi-texniki təchizatın, şəxsi heyətin sosial təminatının yaxşılaşdırılması istiqamətində mühüm irəliləyiş əldə olunmuşdur. Şəxsi heyətin sosial müdafiəsinin yaxşılaşdırılması üzrə aparılan işlərin davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli Sərəncamı ilə daxili işlər orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə və xüsusi rütbəyə görə maaşları təxminən 2 dəfə artırılmışdır. Daxili işlər orqanları əməkdaşlarının gərgin əməyi və fədakar xidməti Prezident cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək 90 nəfər (16-sı ölümündən sonra) dövlət mükafatları ilə təltif olunmuş, 4 rəhbər vəzifəli şəxs növbəti ali xüsusi rütbələrə layiq görülmüşdür.

Ümumilikdə, şəxsi heyətin gərgin fəaliyyəti ötən il də əməliyyat şəraitini nəzarətdə saxlamağa, onun inkişaf meyllərini izləməyə, xəbərdaredici-profilaktik tədbirlərlə bu proseslərə vaxtında təsir göstərməyə imkan vermişdir. 2006-cı ilin yekunlarına görə, Azərbaycan cinayətkarlığın səviyyəsi baxımından nəinki MDB məkanında, hətta Avropanın inkişaf etmiş dövlətləri ilə müqayisədə təhlükəsiz və sabit ölkələrdən biri sayılır. Böyük qürur hissi ilə qeyd etmək olar ki, ümummilli liderimiz Heydər Əliyevin fədakarlıqla yaratdığı sabitlik Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyətli fəaliyyəti nəticəsində dönməz hal alıb.

 - Şübhəsiz ki, bu müddətdə xidməti fəaliyyətdə müəyyən problemlərə, nöqsanlara da rast gəlinib...

- Biz uğurlarımızı qeyd etməklə yanaşı, daxili işlər orqanlarının fəaliyyətində olan nöqsan və qüsurları da gizlətmirik. Fəaliyyətimizdə şəffaflığı təmin edərək xidməti vəzifəmizə inzibati nəzarətlə yanaşı ictimai nəzarəti də gərəkli sayır, nöqsanları və çatışmazlıqları çəkinmədən göstərir, onların aradan qaldırılması üçün bütün zəruri tədbirləri  görürük.  
Kriminogen durumun təhlilindən görünür ki, bəzi şəhər, rayon polis orqanlarında cinayətlərin ayrı-ayrı növlərinə qarşı mübarizənin nisbətən zəif təşkil edilməsinin ümumrespublika göstəricilərinə müəyyən mənfi təsiri olmuşdur. Nəticədə qəsdən sağlamlığa ağır zərər vurma və soyğunçuluq hadisələrinin sayı Bakı şəhərinin Nizami, Yasamal, Suraxanı, Nəsimi, Nərimanov rayonlarında, respublikanın Gəncə, Sumqayıt, Mingəçevir, Bərdə, Əli Bayramlı və s. şəhərlərində bir qədər artmışdır. Ağır və xüsusilə ağır cinayətlərin artımı isə Bakı şəhərində olmuşdur. Belə ki, ötən il cinayətlərin qarşısının alınması üzrə profilaktiki tədbirlər paytaxt üzrə lazımi səviyyədə aparılmadığından qəsdən adam öldürmə, quldurluq, soyğunçuluq, ölümlə nəticələnən yol-nəqliyyat hadisələri daha çox baş vermişdir. Respublika üzrə bağlı qalmış cinayətlərin təxminən 56%-i, o cümlədən ağır və xüsusilə ağır cinayətlərin 65,4%-i, onların sırasında qəsdən adam öldürmələrin 48,7%-i, quldurluqların 78,3%-i, soyğunçuluqların  81,8%-i, mənzil oğurluqlarının 64%-i, avtonəqliyyat vasitələrinin oğurlanmasının isə tam əksəriyyəti (14-dən 13-ü) Bakı şəhərinin ərazi polis orqanlarının payına düşür.

Qrup halında törədilən cinayətlərin respublika üzrə 11,3% azalmasına baxmayaraq, onların sayı paytaxtda, eləcə də, respublikanın bəzi şəhər və rayonlarında xeyli artmışdır. Kollegiya iclasında adı çəkilən polis idarə və şöbələrinin rəhbərliklərinə tapşırdım ki, müvafiq təhlil əsasında qısa müddətdə cinayətlərin profilaktikası, tutarlı əməliyyat mövqelərinin əldə edilməsi üzrə fəaliyyəti canlandırsınlar, habelə əməliyyat və istintaq aparatlarının, bayır xidmətlərinin işinin təşkilinə idarəçilik təsirini artırsınlar. Kollegiya iclasında Bakı şəhərində, həmçinin respublikanın bəzi şəhər və rayonlarında yuxarıda qeyd etdiyim nöqsanların baş verməsində DİN-in müvafiq xidmət sahələrinin rəhbərlərinin idarəçilikdə buraxdıqları nöqsan və çatışmazlıqlar da diqqətdən yayınmadı.
Fəaliyyətimizdə nöqsan kimi dəyərləndirdiyimiz bu hallar, əminəm ki, şəxsi heyətin fədakar səyləri, vəzifə borcunu ləyaqətlə yerinə yetirmək əzmi ilə aradan qaldırılacaq. Çünki bu, bizim cənab Prezident qarşısında borcumuz, xalq qarşısında öhdəliyimiz, eyni zamanda, vəzifə məsuliyyətimizdir.

- Son vaxtlar daxili işlər orqanlarında təmizlənmə, saflaşma prosesi daha da genişlənib. Ümumiyyətlə, bu gün DİN-də əməkdaşların vəzifə borcuna münasibəti, peşəkarlıq səviyyəsi  və daxili ab-hava hansı vəziyyətdədir?

- Təcrübə də göstərir ki, cinayətkarlığa qarşı fəal mübarizə, əməliyyat şəraitinin nəzarətdə saxlanılması və digər məsələlərin uğurla həll edilməsinin əsas şərti məhz şəxsi heyətin professional hazırlıq səviyyəsindən asılıdır. Bu işin yüksək tələblər əsasında həyata keçirilməsi üçün tərəfimizdən müvafiq tədbirlər görülür. Xatırladım ki, bu məsələ daim ümummilli liderimiz Heydər Əliyevin nəzarətində olmuş, əməkdaşlarımızın peşə hazırlığının yüksəldilməsi, intellektual səviyyəsinin artırılması məqsədilə müvafiq işlər həyata keçirilmişdir. 2002-ci ilin 2 iyulunda "Polis Günü"nə həsr olunmuş tədbirdəki çıxışında Ali Baş Komandanımız əməkdaşlarımıza vəzifə borcunu layiqincə yerinə yetirməyi, xalqa və dövlətə həmişə sədaqətlə xidmət etməyi, fəaliyyətimizi müasir tələblər səviyyəsində  qurmağı tövsiyə etmişdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də bu məsələyə xüsusi diqqətlə yanaşır, qarşımızda konkret vəzifələr, tapşırıqlar müəyyənləşdirir və onların həlli ilə bağlı ciddi tələbkarlıq, eyni zamanda qayğı göstərir.

Professional hazırlığın yüksəldilməsi işi bizdə bir neçə yönümdə gedir. Bir tərəfdən daxili işlər orqanlarındakı təhsil müəssisələrinin fəaliyyətinin keyfiyyət göstəricilərini artırırıq, digər tərəfdən isə başqa ali təhsil ocaqlarının  məzunlarının DİO-ya cəlb olunmasına imkan yaradırıq. Məsələn, hər il BDU-nu əla qiymətlərlə bitirən, yaxşı fiziki hazırlığa  malik 25-30 məzun DİN  sistemində xidmətə qəbul edilir. Bundan əlavə, əməkdaşlarımızın peşə hazırlığını yüksəltmək üçün mütəxəsisslərin iştirakı və həmçinin xarici ölkələrin mütəxəssislərini cəlb etməklə xüsusi məşğələlər, treninq və seminarlar da keçirilir.
Mən şəxsi heyətimizin peşə hazırlığından, vəzifə borcuna münasibətindən ümumən razıyam. Lakin bununla belə, bu sahədə görüləcək işlər hələ də var və biz ümummilli liderimiz Heydər Əliyevin arzuladığı səviyyəyə, Prezident İlham Əliyevin tələb etdiyi həddə çatmaq üçün fəaliyyətimizi durmadan təkmilləşdirməliyik.

- Polisin fəaliyyətinin əsas isiqamətlərindən olan yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində hansı işlər görülür?

 - Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, bu sahədə mövcud olan problem və çatışmazlıqların aradan qaldırılması, dövlət yol polis qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində intensiv işlər aparırıq. Ötən ilin birinci yarısında yol-nəqliyyat hadisələrinin artım tempi 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,4% olduğu halda, vaxtında həyata keçirilmiş zəruri təşkilati, əməli və profilaktiki tədbirlər öz müsbət nəticələrini vermiş və ilin sonunda bu növ hadisələrin sayı azalaraq müvafiq göstərici 0,6%-ə enmişdir. Eyni zamanda, qəzalar nəticəsində həlak olanların sayı 3,6%, yaralananların sayı isə 1,7% azalmışdır. 2006-cı ildə ölkə ərazisində keçirilmiş təhlükəsizlik aylıqları və reydlər zamanı 199 mindən artıq yol hərəkəti qaydapozması, o cümlədən 50 minə yaxın sürət reyiminə əməl edilməməsi, 6384 nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması faktı müəyyənləşdirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirilmiş tədbirlər zamanı zərərli tullantılarının miqdarı normadan artıq olan 11255 avtomobil aşkar edilərək müvafiq hüquqi və fiziki şəxslər barədə qanunvericiliyə uyğun inzibati qərarlar qəbul olunmuşdur.  

Bütövlükdə, respublika üzrə müxtəlif növ inzibati xətalara görə 539.547 nəfər, o cümlədən yol hərəkəti qaydalarını pozmuş 473.303 sürücü, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat qaydalarının pozulması ilə əlaqədar 32.950 nəfər barəsində inzibati protokol tərtib edilmişdir. İnzibati qaydada cərimə olunmuş 450 minə yaxın şəxsdən 415 min nəfəri və ya 92,3%-i məhz yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmini qaydalarını pozanlardır.  

Bir məqama da xüsusi toxunmalıyam. Sürücülərin mövcud yol hərəkəti qaydalarına riayət səviyyəsinin qənaətbəxş olmaması da faciəli nəticələrə rəvac verən əsas amillərdəndir. Vəzifəsindən, sosial mövqeyindən asılı olmayaraq hər bir şəxs ölkənin qanunlarından irəli gələn bu qaydalara ciddi əməl etməlidir. Çünki yol hərəkətinin ən adi qaydasının pozulması belə ya onların özləri, yaxud da digər vətəndaşlar üçün faciəli nəticələrə gətirib çıxara bilər. Təcrübə göstərir ki, əksər hallarda belə də olur. Qanunun tələbinə laqeyd münasibəti aradan qaldırmaq, eləcə də sürücü məsuliyyətini artırmaq istəyiriksə, yol hərəkəti qaydapozmalarına görə qanunvericilikdə nəzərdə tutulan inzibati tənbeh növlərini sərtləşdirməliyik. Qeyd edim ki, bu yönümdə təkliflərimizi artıq müvafiq dövlət strukturlarına təqdim etmişik.

- Cənab nazir, bu gün cəmiyyəti narahat edən ən aktual problemlərdən biri də qanunsuz miqrasiya, eləcə də Rusiya Federasiyasında yaşayan həmvətənlərimizin son aylarda üzləşdikləri çətinliklərdir. Bu problemlə bağlı səslənən müxtəlif statistik məlumatlar bəzən biri-birini təkzib edir. Hazırda Rusiyada Azərbaycanın nə qədər vətəndaşı müvəqqəti məskunlaşıb, həmçinin ölkəmizdə nə qədər qanunsuz miqrant var?

- Həqiqətən də, Rusiya Federasiyasında müvəqqəti məskunlaşan həmvətənlərimizin üzləşdikləri məlum çətinliklər cəmiyyətdə müəyyən narahatlıq yaradıb. Lakin ölkə rəhbərliyinin, şəxsən cənab Prezidentin bu problemin həlli istiqamətində həyata keçirdiyi tədbirlər, atdığı addımlar ilkin müsbət nəticələrini verir. Məlum olduğu kimi, Prezident möhtərəm İlham Əliyev bu problemin yarandığı ilk gündən məsələni şəxsi nəzarətinə götürmüş və 22 noyabr 2006-cı il tarixdə “Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli haqqında” Sərəncam imzalamışdır. Həmin sənəddən irəli gələn tələblərin yerinə yetirilməsini təmin etmək məqsədilə dərhal naziryanı əməliyyat müşavirəsi keçirilərək əməliyyat aparatlarına, Baş İctimai Təhlükəsizlik və Pasport, Qeydiyyat İdarələrinə, habelə Miqrasiya Xidmətinə konkret tapşırıqlar verilmiş, ərazi polis orqanlarına yazılı göstəriş göndərilmişdir. Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının ümumvətəndaş pasportları ilə yerində təmin edilməsi üçün Pasport, Qeydiyyat İdarəsinin əməkdaşları Moskva və Sankt-Peterburq şəhərlərinə ezam olunmuş, eləcə də aidiyyəti məsələlər Rusiya Federasiyası daxili işlər nazirinin ötən ilin dekabr ayında Azərbaycana səfəri çərçivəsində müzakirə edilərək zəruri məsləhətləşmələr aparılmışdır.

Onu da qeyd edim ki, ictimaiyyətdə və KİV-də bu yönümdə araşdırma aparılarkən Rusiyada yaşayan azərbaycanlılarla orada müvəqqəti məskulaşan Azərbaycan vətəndaşları olan həmvətənlərimiz arasında fərq qoyulmur və bununla da təhrifə yol verilir. Belə ki, bu gün həmin ölkədə mənşəcə azərbaycanlı olan 700 min nəfərədək, bəlkə də bir az çox Rusiya vətəndaşı, eyni zamanda digər MDB ölkələrinin - Gürcüstanın, Orta Asiya respublikalarının vətəndaşları olan xeyli sayda soydaşımız yaşayır. Lakin bu kateqoriya ilə yanaşı, Rusiya Federasiyasında müvəqqəti yaşayan, işləyən Azərbaycan vətəndaşları da vardır. Biz son iki ayda Azərbaycandan kənarda yaşayan vətəndaşlarımızın hər rayon üzrə sayını dəqiqləşdirmişik. Ümumiyyətlə isə cari ilin fevral ayının 15-dək Rusiyada müvəqqəti məskunlaşan 158 931 nəfər Azərbaycan vətəndaşı müəyyən olunub.

"Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı"na əsasən, qanunsuz miqrasiyanın qarşısının alınması və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə ölkə Prezidentinin 29 iyun 2005-ci il tarixli fərmanı ilə Daxili İşlər Nazirliyi strukturunda yaradılmış Miqrasiya Xidmətinin fəaliyyətinin təmini üzrə görülən təşkilati-praktik tədbirlər nəticəsində, ötən il ərzində Azərbaycanda qeydiyyatı, eləcə də müvafiq sənədi olmadan yaşayan 347 xarici ölkə vətəndaşı saxlanılıb. Onlardan 110-u inzibati qaydada ölkə hüdudlarından çıxarılıb, 97 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq cərimə tətbiq edilib. Ümumiyyətlə isə 24 min xarici vətəndaş miqrant statusu ilə Azərbaycanda qeyddiyyata alınıb. Əməliyyat müşahidələrimizə görə, 5 minə yaxın miqrant qeydiyyata düşməyib. Bir məqamı da vurğulayım ki, qanunsuz miqrantlarla bağlı rəqəmi dəqiq söyləmək mümkün deyil. Lakin artıq yaradılma ərəfəsində olan Miqrasiya İnformasya Sistemi Daxili İşlər Nazirliyində fəaliyyət göstərən AMAS-a (Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi) qoşulduqdan sonra bu haqda dəqiq rəqəmlər söyləmək mümkün olacaq.  

- Son illər ərzində DİN-in beynəlxalq əlaqələri də genişlənmişdir.  Bu barədə də fikirlərinizi bilmək maraqlıdır.

- Dünyada gedən qloballaşma prosesinin və Azərbaycanın beynəlxalq birliyə inamlı inteqrasiyasının vacib tələblərindən biri də məhz xarici ölkələrin müvafiq qurumları, həmçinin nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələri genişləndirmək, əməkdaşlığı inkişaf etdirməkdir. Eyni zamanda, mövcud dövrdə daha iri miqyas alan beynəlxalq terrorçuluq, narkotik və silah qaçaqmalçılığı, insan alveri, qanunsuz miqrasiya, eləcə də transmilli cinayətlərin  digər növlərinə qarşı mübarizə məhz bu bəlalara məruz qalan ölkələrin hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti nəticəsində uğurla aparıla bilər. Cinayətkarlıqla mübarizədə beynəlxalq təcrübənin öyrənilməsi, mütərəqqi iş forma və metodlarının tətbiqi, Azərbaycanın qoşulduğu konvensiyalarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsi yönümündə işimizin əlaqələndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Biz beynəlxalq  səviyyədə informasiya mübadiləsi kimi əhəmiyyətli bir prosesə böyük önəm veririk. Xüsusilə təhlükəli cinayətkarlar və cinayətkar qruplaşmalar barədə məlumatların operativ şəkildə çatdırılmasının ümumi işimizə müsbət təsiri vardır. Transmilli cinayətkarlıqla mübarizədə xarici dövlətlərin hüquq-mühafizə orqanları ilə əməkdaşlığın inkişafı xidməti maraqlar baxımından vacib fəaliyyət istiqamətlərindən biri olduğu üçün, beynəlxalq əlaqələrin fəallaşdırılması ötən il də uğurla davam etdirilmişdir. Nazirliyin rəhbərliyi 73 dövlətin və beynəlxalq təşkilatın nümayəndələrini qəbul etmiş, ölkədə və onun xaricində keçirilmiş iclas və konfranslarda, treninq və seminarlarda 300-ə yaxın əməkdaşımız iştirak etmişdir.

Xarci ölkələrin daxili işlər orqanları ilə əməkdaşlığın genişlənməsi istiqamətində müvafiq tədbirlər cari ildə də davam etdirilir. Bir millət, iki dövlət olan Azərbaycanla Türkiyə arasında təhlükəsizlik sahəsində yüksək səviyyəli əməkdaşlığın bariz nümunəsi olaraq tükiyəli həmkarım Əbdülqədir Aksunun dəvəti ilə bu ilin yanvar ayında qardaş ölkədə səfərdə oldum. Türkiyənin daxili işlər naziri ilə terrora və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə əldə edilən qarşılıqlı müsbət nəticələr, Türkiyənin Əmniyyət Müdirliyi və Jandarma Qüvvələri ilə Azərbaycan Polisi və Daxili Qoşunlar arasında əməkdaşlığın perspektivləri, Azərbaycan Polisinin informasiya bazasının möhkəmləndirilməsinə yardım, polis-radio şəbəkəsinin yaradılması məsələləri müzakirə edildi. Görüşlərdə 1994-cü ildə imzalanmış protokolun müddəalarının uğurla həyata keçirildiyi və gələcəkdə də təlim və təcrübə mübadilələləri sahəsində işbirliyinin davam etdiriləcəyi bildirildi.
Bir neçə gün əvvəl isə Almaniyada səfərdə olduq. Fevralın 13-də Berlin şəhərində “Avropa Təhlükəsizlik Strategiyası: Terrorizmə qarşı Konsepsiyalar və Texnologiyalar” adlı 10-cu Avropa Polis Konqresi keçirildi. İki gün davam edən, 60-dan çox dövlətin icra və qanunvericilik, hüquq-mühafizə və xüsusi xidmət orqanlarının 1600 nəfərədək təmsilçisinin qatıldığı həmin beynəlxalq konfransda Avropada ədliyyə sahəsində əməkdaşlıq, təhlükəsizliyin və azadlığın tarazlığı, terrorizmlə mübarizədə yeni üsullar, terrorizmlə mübarizənin yeni mərhələsi, digər aktual məsələlər müzakirə edildi.
Bir sözlə, bu səfərlər ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına daha da təkan verir.     

- Siz daxili işlər nazir kimi ölkə Prezidentini respublikadaxili səfərlərdə müşayiət edirsiniz və bəzən bu səfərlər zamanı ayrı-ayrı vətəndaşlarımız dövlət başçısına şikayət məktubları təqdim edirlər. Onların arasında polisin ünvanına səslənmiş şikayətlər də olur. Prezidentin poçtu ilə yanaşı, rəhbərlik etdiyiniz struktura da vətəndaşlar tərəfindən müxtəlif problemlərlə bağlı çoxsaylı müraciətlər olunur. Bu narazılıqlar silsiləsində daxili işlər orqanlarından olan tənqidlərin həcmi dəyişibmi?

- Ümumiyyətlə, vətəndaşların ərizə və şikayətlərinə baxılması işi Daxili İşlər Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzində olan məsələlərdəndir. Ölkə Prezidentinin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli Fərmanından irəli gələn tələblərin icrası ilə əlaqədar vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinə xüsusi diqqət yetiririk. Ötən il nazirliyin rəhbərliyi tərəfindən vətəndaşların qəbulu zamanı onların bütün müraciətləri xüsusi nəzarətə götürülərək ətraflı araşdırılmış, şikayəti doğuran səbəblər diqqətlə öyrənilmiş, hər biri üzrə qanunauyğun, obyektiv qərarlar qəbul olunaraq təşəbbüskarlarına yazılı cavablar verilmişdir. Ötən il nazirliyə 24.465 ərizə, şikayət və təklif daxil olmuşdur. Polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə vətəndaşların şikayətlərinin sayı isə 2005-ci ilə nisbətən 17% azalmışdır. 

Biz çalışırıq ki, vətəndaşlardan daxil olmuş məktublar həm operativ, həm də obyektiv öyrənilsin, araşdırılsın və qanuna uyğun həllini tapsın. Təsadüfi deyil ki, nazirliyin rəhbərliyi mütəmadi olaraq bölgələrdə olur və vətəndaşların yerlərdə qəbulunu keçirir. Bütün bunlarda əsas məqsəd odur ki, fəaliyyətimizin şəffaflığı təmin olunsun və hər hansı narazılıq elə yerindəcə aradan qaldırılsın.
Bölgələrə səfərlərində yerli əhalinin Prezident cənab İlham Əliyevə təqdim etdiyi müxtəlif məzmunlu müraciətlərə dövlət başçısının tapşırığına əsasən ətraflı və obyektiv baxılaraq vətəndaşları narahat edən problemlər araşdırılır və qısa müddət ərzində həll edilməsi üçün konkret addımlar atılır. Biz bütün şikayət, ərizə və təkliflər üzrə lazımi tədbirləri görürük. Bu iş bir nazir kimi mənim tərəfimdən daim nəzarətdə saxlanılır. Yuxarıda qeyd etdiyim kimi, polisin fəaliyyəti ilə bağlı şikayətlər, daxili işlər orqanlarının işindən narazılıqlar əvvəlki illərə nisbətən azalıb. 

- Cənab nazir, Prezidentin tapşırığına əsasən, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası vəziyyətini öyrənmək məqsədilə bu yaxınlarda Qarabağ bölgəsində olmusunuz. Cəbhə bölgəsində yaşayan əhali, o cümlədən qaçqın və məcburi köçkünlərlə görüşdən hansı təəssüratla qayıtmısınız?

- Qarabağdan çox müsbət, aydın təəssüratla qayıtmışam. Bölgə əhalisi ilə, o cümlədən məcburi köçkünlərlə olan görüşlərim zamanı mən bir daha şahidi oldum ki, Prezident cənab İlham Əliyevin yürütdüyü düzgün, alternativsiz siyasət xalqın birmənalı dəstəyinə sahibdir. Gizli deyil ki, hələ də müəyyən problemlər var, lakin insanlar 15 il öncəki kimi çətinliklərin məngənəsində sıxılmır, həllini tapan problemlərin timsalında dövlətin gündəlik qayğısını, şəxsən cənab Prezidentin ali diqqətini hiss edir, görür. İnsanlarda inam, ümid yaradan həm də odur ki, cənab İlham Əliyev təkcə paytaxtın və ona yaxın bölgələrin deyil, bütün ölkənin, xüsusilə də düşmən mövqelərindən cəmi 100-200 metrlik məsafədə yerləşən məntəqələrimizin inkişafına böyük önəm verir, işğalla bağlı hazırda ölkənin ən həssas ərazisi olan Qarabağ regionunun tərəqqisi milli inkişaf strategiyasının əsas müddəası kimi qəbul edilir. Bir faktı xatırladım: Ümummilli liderimiz Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə himayədarlıq siyasətinin davamı kimi Prezident İlham Əliyevin sərəncamı ilə ötən il ərzində Ağdam və Ağcabədi rayonları ərazisində ümumi sahəsi 197 min kvm. olan 3860 yaşayış evindən ibarət qəsəbələr istifadəyə verilmişdir.

İndi bölgə əhalsinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə olan ümidləri artıb, Ali Baş Komandanın ordumuzun qüdrətlənməsi prosesini inkişaf etdirməsi bu inamı daha da qətiləşdirib. Bütün Azərbaycan vətəndaşları kimi, qaçqın və məcburi köçkünlər də daim öz rəhbərinin himayəsini, ali diqqət  və qayğısını hiss edirlər və görürlər ki, Prezident İlham Əliyevin milli inkişaf strategiyası Azərbaycanın yüksəlişində yeni bir mərhələninin əsasını qoyur. Onlar ümummilli liderimiz Heydər Əliyevin əbədiyaşar irsinə həmişəki kimi bu gün də sədaqətlidirlər və Prezident İlham Əliyevin siyasi kursuna alternativ görmürlər.

- 2007-ci ildə daxili işlər orqanları qarşısında dayanan başlıca vəzifələr hansılardır və ümumiyyətlə, gələcək planlarınız?

- Müsahibənin əvvəlində daxili işlər orqanlarının şəxsi heyətinin fəaliyyətdə qazandığı uğurlardan bəhs etdim. Lakin uğurlar bizi heç də arxayınlaşdırmır. Qarşıda duran əsas vəzifə də məhz bu nailiyyətləri qoruyub saxlamaq, kriminogen duruma təsir mexanizmini daha da təkmilləşdirmək, əməkdaşlarda vəzifə borcuna məsuliyyət hissini və peşəkarlığı  artırmaqdır. Cari ildə xidməti fəaliyyətin daha da müasirləşdirilməsi, keyfiyyət göstəricilərinin yüksəldilməsi, asayişin daha etibarlı qorunması məqsədilə struktur islahatlarının aparılması, normativ-hüquqi bazanın beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi də nəzərdə tutulur.

Bu il cinayətlər və hadisələr barədə daxil olan məlumatların qəbulu, vətəndaşlarla polis orqanları arasında operativ rabitənin təşkili və müvafiq informasiya sisteminin təkmilləşdirilməsi məqsədilə yaradılan "102" xidmətinin fəaliyyətə başlaması, yol hərəkəti qaydalarının pozulmasına mərkəzləşdirilmiş nəzarəti həyata keçirən avtomatik idarəetmə sisteminin tətbiqi üzrə quraşdırma işlərinin davam etdirilməsi, AMAS sisteminin tam işə düşməsi, bir sözlə, cinayətkarlığa, asayişin pozulmasına qarşı müasir texniki vasitələrdən daha geniş istifadə olunması planlaşdırılır. Eyni zamanda, bəzi şəhər, rayon polis idarələrinin yeni inzibati binalarının tikilməsi, DİN-in ayrılmaz hissəsi olan Daxili Qoşunların xidməti-döyüş və peşə hazırlığı səviyyəsinin və maddi-texniki bazasının təkmilləşdirilməsi yönümündə intensiv işlər davam etdiriləcəkdir. 

Xalqımız əmin ola bilər ki, ümummilli lider Heydər Əliyevin siyasi kursuna həmişə sadiq olan, öz fəaliyyətini onun milli dövlətçilik strategiyası əsasında quran daxili işlər orqanlarının şəxsi heyəti bu torpağın doğma övladları olaraq, dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında hər bir vətəndaşın, hər bir şəxsin təhlükəsizliyini, hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini bundan sonra da etibarlı şəkildə qoruyacaq, asayişin pozulmasına imkan verməyəcək, ictimai-siyasi sabitliyin davamlı olması üçün əlindən gələni əsirgəməyəcək, öz şərəfli xidməti ilə dahi öndərimiz Heydər Əliyevin “Azərbaycan xalqı Azərbaycan polisini sevməlidir” - tövsiyəsinin tam reallaşmasına nail olacaqdır.      


"AZƏRBAYCAN"  qəzeti 

 
 
 

Ən son press-relizlər