DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun "Azərbaycan" qəzetinə müsahibəsi

31.10.2006



Ramil USUBOV,

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik

 

"Azərbaycan xalqı Azərbaycan polisini sevməlidir, ona hörmət etməlidir. Bu gün bu hörmət var və mən istəyirəm ki, daha da çox olsun. Bunu etmək üçün gərək siz yaxşı işləyəsiniz, öz gündəlik fəaliyyətinizdə yaxşı nəticələr göstərəsiniz, cinayətkarlara qarşı daha da amansız mübarizə aparasınız. Mən bu sahədəki fəaliyyətdən razıyam. Demək olar ki, Azərbaycanda uzun illər ərzində nə cinayətkar dəstə problem yarada bilər, nə də ki, başqa qeyri-qanuni birləşmələr mövcud deyildir. Arzu edirəm ki, bundan sonra da doğma Vətənimizə ləyaqətlə xidmət edəsiniz. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi işində iştirak edəsiniz".

                   İlham ƏLİYEV


Prezident İlham Əliyev 
dövlətə və xalqa sədaqət andını 
ötən üç ildə ləyaqətlə doğrultdu

 

Azərbaycanın müasir tarixində yeni intibah mərhələsinin əsasını qoyan 2003-cü ilin 15 oktyabr seçkilərindən artıq üç il ötür. Böyük uğurlarla zəngin olan bu müddətdə ulu öndərimiz, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin müəllifi olduğu siyasət kursu, o cümlədən sosial-iqtisadi inkişaf strategiyası inamla davam etdirilmiş, müstəqil Azərbaycan bütün həyati əhəmiyyətli sahələrdə dinamik tərəqqi yolu keçmişdir. 2003-cü il oktyabrın 31-də dövlətə və xalqa sədaqət andı içərək səlahiyyətlərinin icrasına başlamış cənab İlham Əliyev respublikamızın yeni dövr üçün iqtisadi siyasət prioritetlərini uğurla tətbiq etmişdir. Çevik və işlək mexanizmlər üzərində mütərəqqi islahatları təmin etməklə böyük ictimai rəğbət qazanan ölkə rəhbəri hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu sübuta yetirmişdir. "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir", deyən dövlət başçısının ötən üç ildə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini göstərmişdir.

2003-cü ilin 15 oktyabr Prezident seçkilərinin nəticələri bir daha təsdiqləmişdir ki, Azərbaycan xalqı ümummilli liderimiz Heydər Əliyevin siyasi kursuna sadiqdir və bu kursu dövlətçiliyin təhlükəsiz, sabit şəraitdə inkişafına imkan verən yeganə strateji seçim olduğunu qəbul edir. Bu seçim eyni zamanda Azərbaycanda heç bir qüvvənin sarsıtmağa gücü çata bilməyəcəyi möhkəm ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, təkmil dövlət idarəçilik sisteminin mövcudluğunu göstərmişdir.
Seçkilərdə xalqın böyük dəstəyini qazanmış cənab İlham Əliyev fəaliyyətinin elə ilk günündən yüksək iradə, lazımi qətiyyət və prinsipiallıq göstərərək oktyabrın 15-16-da dövlətçiliyə qarşı yönəlmiş cinayətkar qəsdlərin qarşısını qətiyyətlə almış, ictimai-siyasi sabitliyi, qanunçuluğu və hüquq qaydalarını təmin etmişdir. 2005-ci ilin 6 noyabr parlament seçkiləri ərəfəsində Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş daha bir xəyanətin qarsısını xalqın dəstəyi ilə alaraq sabitlik və qanunçuluq naminə nümayiş etdirdiyi əzmkarlıq cənab İlham Əliyevin ən mürəkkəb, ekstremal situasiyalara hazır rəhbər olduğunu bir daha göstərdi. Ötən dövrün reallıqları fonunda hər bir Azərbaycan vətəndaşı sabit və təhlükəsiz ölkədə yaşadığını, istənilən halda dövlət başçısına arxalana biləcəyini özü üçün tam yəqinləşdirmişdir.

Azərbaycan Prezidentinin fəaliyyəti ərzindəki möhtəşəm diplomatik fəaliyyəti, inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası, həyata keçirdiyi islahatlar həm də onun yüksək idarəçilik məharətinin və mükəmməl iş təcrübəsinin əyani təzahürüdür. Ötən üç ildə Azərbaycan Prezidentinin fəaliyyəti nəticəsində ölkəmizin əldə etdiyi uğurlar, əslində, ümummilli liderimizin əsasını qoyduğu tərəqqi konsepsiyasının və onun planlarının, layihələrinin praktik surətdə gerçəkləşməsidir. Cənab İlham Əliyev 2003-cü il oktyabrın 31-də keçirilmiş andiçmə mərasimindəki dərin məzmunlu nitqində ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu davam etdirəcəyini bildirmişdir: "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm!".
Prezident İlham Əliyevin ulu öndərimizin dövlətçilik fəlsəfəsini, təkmil idarəçilik ənənələrini davam etdirmək üçün zəruri liderlik keyfiyyətlərinə malik olduğu ötən üç ildə tam təsdiqini tapmışdır. Əslində, ölkə rəhbəri hələ əvvəllər - ARDNŞ-in birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, YAP sədrinin birinci müavini, Milli Məclisin deputatı və ölkəmizi Avropa Şurası Parlament Assambleyasında təmsil edən nümayəndə heyətinin rəhbəri statusunda peşəkar siyasətçi olduğunu sübuta yetirmiş, cəmiyyətdə onun Heydər Əliyev siyasi kursunu davam etdirməyə layiq alternativsiz lider olduğu qənaəti formalaşdı. Cənab İlham Əliyevin bütün sahələrdə nümayiş etdirdiyi yüksək vətənpərvərliyi, təşəbbüskarlığı, fenomenal intellekti, müasir Avropa və dünya siyasətinin incəliklərinə dərindən bələd olması cəmiyyətdə ona olan səmimi inam və etimadın güclənməsini təmin etdi.

Ötən üç ildə ölkənin hərtərəfli inkişafı üçün vacib amil olan ictimai-siyasi sabitlik qorunub saxlanılmış, vətəndaş həmrəyliyinə, iqtisadi və sosial tərəqqiyə xidmət edən mükəmməl konsepsiyanın gerçəkləşməsində yeni mərhələnin əsası qoyulmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının yüksək dinamizmlə həyata keçirilməsi, Azərbaycanı Cənubi Qafqaz regionunda əsas söz sahibi edən qlobal layihələrin işə düşməsi, müdafiə potensialımızın güclənməsi, beynəlxalq aləmdə ölkəmizin mövqelərnin möhkəmləndirilməsi, tarazlaşdırılmış xarici siyasət kursu, iqtisadiyyatda liberallaşdırma, elm-təhsildə yeni informasiya texnologiyalarının tətbiqi Prezident İlham Əliyevin ən çox diqqət yetirdiyi məsələlərdəndir. Son üç il ərzində müstəqil Azərbaycan dövlətinin müdafiə potensialı üç dəfədən çox artmış, respublikamızın təkcə hərbi büdcəsi bütövlükdə işğalçı Ermənistanın dövlət büdcəsinə bərabər olmuşdur. Azərbaycanın dövlət büdcəsi isə 4 dəfədən çox artaraq 6 milyard manata yüksəlmişdir.
Ulu öndərimiz Heydər Əliyevin "şah əsəri" olan və onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin işə düşməsi ilə dünyanın enerji təhlükəsizliyi sistemində mövqeləri daha da möhkəmlənən respublikamız beynəlxalq terrorizmlə mübarizədə də fəal mövqe tutmuş, regionda sülh, sabitlik və iqtisadi tərəqqinin başlıca təminatçısına çevrilmişdir. Azərbaycan ÜDM-in 34 faizlik illik artım tempi ilə bu sahədə dünyanın lider dövlətlərindən birinə çevrilmiş, respublikamızın bütün bölgələrində tikinti-quruculuq işləri geniş vüsət almışdır. 
Prezident İlham Əliyevin ötən üç illik fəaliyyətinə nəzər salarkən onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin milli mənafelərinə və beynəlxalq hüquq normalarına uyğun həlli istiqamətindəki səylərini də xüsusi vurğulamaq lazımdır. Cənab İlham Əliyev bütün xarici səfərlərdə, görüşlərdə bu problemi ön plana çəkir, ölkəmizin haqlı mövqeyini bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırır, münaqişənin yalnız beynəlxalq hüquq normaları çərçivəsində nizamlanmasını mümkün sayır, sülh danışıqlarının məhz bu formatda aparılmasına çalışır, xalqımızın ərazi itkisi ilə heç zaman barışmayacağını qətiyyətlə bildirir: "Nə 5 ildən sonra, nə 10 ildən sonra, nə 15 ildən sonra, nə də 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaqdır. Mən nə qədər Prezidentəm, buna yol verməyəcəyəm", - deyən dövlət başçısı Ermənistanla aparılan danışıqların nəticə verməyəcəyi təqdirdə, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün digər zəruri vasitələrdən istifadə olunması məsələsinin ictimai müzakirəyə çıxarılacağını da bəyan etmişdir.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində tarixi torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli, məşğulluğunun təmin edilməsi də ötən 3 ildə Azərbaycan Prezidentinin xüsusi diqqət yetirdiyi məsələlərdən olmuşdur. Cənab İlham Əliyev seçki kampaniyası müddətindəki çıxışlarında Azərbaycanda çadır şəhərciklərinin qalmayacağını qətiyyətlə bəyan etmiş və ötən müddət ərzində bu vədinə də əməl etmişdir. Müxtəlif bölgələrdə yerləşən çadır şəhərcikləri, vaqonlarda yaradılan müvəqqəti sığınacaqlar ləğv edilmiş, məcburi köçkünlər müasir standartlara uyğun, hər cür sosial infrastruktura malik şəhərciklərdə mənzillərlə təmin olunmuşlar. Bu proses 2007-ci ildə tam olaraq yekunlaşacaqdır.
Dövlət başçısının tapşırığı ilə cəbhə bölgəsinə mütəmadi etdiyim səfərlər zamanı apardığım müşahidələrə əsasən deyə bilərəm ki, cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar bütün vətəndaşlarımız kimi, qaçqın və məcburi köçkünlər tərəfindən də böyük rəğbətlə qarşılanır. İnsanlar ölkədəki ictimai-siyasi sabitliyi, tərəqqi və inkişafı yüksək dəyərləndirir, mövcud siyasi kursu səmimi şəkildə dəstəkləyirlər. 
İqtisadi sahədə qazanılan uğurlar və inkişaf ilk növbədə daxili sabitlikdən, əmin-amanlıqdan asılıdır. Ötən 13 ildə respublikamızda formalaşmış möhkəm sabitlik, milli barışıq mühiti demokratiyanın, qanunçuluğun və hüquq qaydalarının, habelə sürətli iqtisadi tərəqqinin, genişmiqyaslı quruculuq işlərinin mühüm təminatı və başlıca şərtlərindən biri kimi çıxış edir. Ümummilli liderimiz Heydər Əliyevin gərgin səylər hesabına təmin etdiyi ictimai-siyasi sabitlik mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycanı uğurlu inkişaf magistralına çıxarmış, ölkəmizin sivil Avropa dövləti kimi demokratik dəyərləri mənimsəməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunmasına, habelə iqtisadi islahatlar istiqamətində ardıcıl tədbirlər həyata keçirməsinə imkan vermişdir. Bu gün respublikamızda ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı qorunması, kriminogen durumun daim nəzarətdə saxlanılması son 13 ildə qazandığımız ən böyük nailiyyətlər sırasındadır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi kimi, respublikamızın inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolu vardır. Son illərin reallıqları təsdiqləyir ki, DİN üzərinə qoyulmuş bu çətin və mürəkkəb vəzifələrin məsuliyyətini düzgün dəyərləndirərək, cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı barışmaz mübarizə aparmış, vətəndaşların qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi sahəsində genişmiqyaslı uğurlu fəaliyyət göstərmişdir.
Daxili işlər orqanlarının bu sahədə əldə etdiyi mühüm nəticələr, şübhəsiz, real siyasi-hüquqi zəminə - ulu öndərimiz Heydər Əliyevin böyük zəhmət hesabına formalaşdırdığı sabitlik və qanunçuluq amilinə söykənir. Ümummilli liderimizin 1993-cü ildə dövlət rəhbərliyinə qayıdışına qədər biri-birini əvəz edən müvəqqəti hakimiyyətlərin yarıtmaz fəaliyyəti və iqtidarsızlığı üzündən ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda separatizm meyilləri baş qaldırmış, ölkə silahlı kriminal qruplaşmaların fəaliyyət meydanına dönmüş, cinayətkarların cəzasız qalması vətəndaşların dövlətə inamını sarsıtmış, xaos, özbaşınalıq, anarxiya adi həyat normasına çevrilmişdi. Müxtəlif kriminal qruplar arasındakı çəkişmələrdə, habelə hakimiyyəti zorla, qeyri-konstitusion yolla ələ keçirməkdə alət kimi istifadə olunan polisin bir hissəsi bu kimi hallara qarşı nəinki mübarizə aparır, əksinə, bir sıra məqamlarda özü cinayətkar meyilləri stimullaşdıraraq vətəndaşların həyat və fəaliyyətinə böyük təhlükə doğururdu.

Ümummilli liderimizin hakimiyyətə qayıdışı bu cür mənfi meyillərin də qarşısına sipər çəkdi. Prezident Heydər Əliyev haqlı olaraq bildirirdi ki, ölkədə ictimai-siyasi sabitliyi yaratmadan, cinayətkarlığın qarşısını almadan nə müharibədə qələbə qazanmaq, nə sosial-iqtisadi sahədə nailiyyət əldə etmək, nə də, ümumiyyətlə, ölkənin müstəqilliyini və ərazi bütövlüyünü qorumaq mümkündür. Polad iradəyə malik Heydər Əliyevin böyük qətiyyətlə həyata keçirdiyi siyasət, cinayətkar ünsürlərə qarşı qanunun sərt addımları qısa müddət ərzində real nəticələrə gətirmiş, vətəndaşların təhlükəsiz yaşamaq hüququ təmin olunmuşdur. Hələ 1994-cü ili aprel ayında DİN-də keçirilən müşavirədə ümummilli liderimiz Heydər Əliyev daxili işlər orqanlarının fəaliyyətində keçmişdə yol verilmiş nöqsan və çatışmazlıqları açıq qeyd etmiş, onların tez bir zamanda aradan qaldırılması, cinayətkarlıqla mübarizə tədbirlərinin gücləndirilməsi üçün dəyərli tapşırıq və tövsiyələrini vermişdir.
Bu mərhələdən etibarən Azərbaycan polisi bütün qüvvəsini ölkədə ictimai-siyasi sabitliyin təmin olunmasına yönəltmiş, daxili işlər orqanlarının şəxsi heyətinin peşəkarlıq səviyyəsi artırılmış, DİO-nun maddi-texniki bazası təkmilləşdirilmiş, cinayətkarlığa qarşı mübarizə tədbirləri gücləndirilmiş və ən əsası, dövlətə, dövlətçiliyə, Azərbaycan xalqına sədaqət meyarı önə keçmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin son üç illik fəaliyyəti də daxili işlər orqanlarına ali qayğı və diqqətin bariz nümunələri ilə zəngindir. Cənab İlham Əliyev ölkədəki ictimai-siyasi sabitliyin təmin olunmasında, cinayətkarlıqla mübarizədə daxili işlər orqanlarının fəaliyyətini həmişə müsbət dəyərləndirməklə yanaşı, əldə olunan nəticələrlə arxayınlaşmamağı, cinayətkar ünsürlərə qarşı daha da kəsərli mübarizə aparmağı qarşımızda ciddi tələb kimi müəyyənləşdirir.

Minnətdarlıq hissi ilə vurğulamaq lazımdır ki, dövlət başçısı ötən üç ildə daxili işlər orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına, eləcə də şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Ölkə Prezidentinin 30 iyun 2004-cü il tarixli "Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasında daxili işlər orqanları işçilərinin vəzifə maaşlarının artırılması haqqında", "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında", "Azərbaycan Respublikası Daxili İşlər Hazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında" sərəncamları, eləcə də "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturunda dəyişikliklər edilməsi haqqında" fərmanı daxili işlər orqanlarının şəxsi heyətinin hədsiz sevinc və minnətdarlığına səbəb olmuşdur. Qəbul olunmuş dövlət proqramında daxili işlər orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış və iş şəraitinin yaxşılaşdırılması, polisin fəaliyyəti və rolu haqqında bilgilərin ictimaiyyətə çatdırılması, daxili işlər orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və daim müasirləşdirilməsi kimi vacib məsələlər öz əksini tapmışdır. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş və uğurla icra olunan "Azərbaycan Respublikasında polis orqanlarının təkmilləşdirilməsinə dair Dövlət Proqramı" cinayətkarlıqla mübarizənin səmərəliliyinin yüksəldilməsində, bu sahədə polisin müasir texnika və avadanlıqla təchizatının yaxşılaşdırılmasında, bütövlükdə daxili işlər orqanlarında islahatların müvəffəqiyyətlə davam etdirilməsində mühüm rol oynamışdır. Son üç ildə nazirliyin strukturunda yeni yaradılmış Miqrasiya Xidməti, o cümlədən Çevik Polis Alayı, Diplomatik Nümayəndəliklərin Mühafizəsini Təmin edən Əlahiddə Polis Taboru, DİN-in Mərkəzi Arxivi, həmçinin Əli Bayramlı, Göyçay və Bərdə rayonlarında Pasport, Qeydiyyat İdarəsinin yeni yaradılmış regional şöbələri üçün müasir tələblərə cavab verən inzibati binalar tikilib istifadəyə verilmişdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan Polisinin yaradılmasının 84-cü ildönümünə həsr olunmuş təntənəli mərasimdə verdiyi tapşırıq və tövsiyələr uğurla yerinə yetirilərək DİN-in Polis Akademiyasında ən müasir tələblərə cavab verən tədris və məişət korpusları, idman kompleksi, xüsusi təchiz olunmuş auditoriyalar, mənzil kommunal xidməti obyektləri tikilərək istifadəyə verilmişdir.

Polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair məlum Dövlət Proqramı çərçivəsində möhtərəm Prezidentimizin tapşırığıyla ayrılmış maliyyə vəsaiti hesabına son iki ildə Almaniya Federativ Respublikasının istehsalı olan 420 ədəd müasir yol-patrul keşik avtomobili alınaraq Dövlət Yol Polisi qurumlarına təqdim edilmişdir.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin  xüsusi diqqət və qayğısı, eyni zamanda ciddi tələbkarlığı sayəsində DİN-in Daxili Qoşunları müasir tipli mobil hərbi quruma çevrilmişdir. Daxili Qoşunların hərbi hissələrində əsgər və zabitlər üçün hər cür şərait yaradılmış, yüksək standartlara cavab verən yataqxana korpusları, məişət obyektləri, təlim şəhərcikləri və s. tikilərək istifadəyə verilmişdir.
Prezident İlham Əliyevin 2005-ci il avqustun 31-də imzaladığı sərəncama əsasən, post-patrul xidməti, eləcə də, diplomatik nümayəndəliklərin mühafizəsi üzrə nizami hissələrin, dövlət yol polisinin və Bakı metropoliteninin mühafizəsi üzrə post-patrul xidməti aparan, həmçinin xüsusi təyinatlı nizami hissələrin əməkdaşlarının aylıq maaşları 5-7 dəfə artırılmışdır. Ölkə rəhbərinin bu ali diqqət və qayğısı daxili işlər orqanları tərəfindən böyük ruh yüksəkliyi və minnətdarlıqla qarşılanmışdır. Bu sahədə ardıcıl və sistemli siyasət yeridən Prezident İlham Əliyev 30 iyun 2006-cı il tarixdə imzaladığı növbəti sərəncamla daxili işlər orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə və xüsusi rütbəyə görə maaşlarını 2 dəfə artırmışdır. Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş qanunla "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" və "Polis veteranı" medalları təsis olunmuş, Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının yeni nümunələrinin təsviri təsdiq edilmiş, "Daxili İşlər Nazirliyinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması  haqqında" Fərman imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli sərəncamı ilə həmçinin cinayətlərin qarşısının alınmasında və açılmasında, ictimai qaydanın qorunmasında, təhlükəsizliyin təmin edilməsində xüsusi rolu olan 80 əməkdaş (16-sı ölümündən sonra) dövlət mükafatları ilə təltif olunmuş, 4 rəhbər vəzifəli şəxs növbəti ali xüsusi rütbələrə layiq görülmüşdür.

Dövlət başçısının ötən üç ildə DİN-in fəaliyyətinə göstərdiyi yüksək etimad, diqqət və qayğı məsuliyyətimizi daha da artırır, şəxsi heyəti böyük səylə, əzmkarlıqla və vicdanla işləməyə sövq edir. Ali Baş Komandanın etimadına, qarşımızda müəyyənləşdirdiyi tələblərə məsuliyyətli işimiz, səmərəli fəaliyyətimizlə cavab verməyə çalışır, bunu əsas vəzifəmiz sayırıq. Bu gün DİN-in və onun ayrı-ayrı strukturlarının qarşısında duran ən başlıca vəzifə isə ölkədəki dinamik inkişafa yol açan ictimai-siyasi sabitliyi qorumaq, dövlətçiliyə qarşı yönələn cinayətkar qəsdlərə qarşı barışmaz mövqe tutmaqdır.

Daxili İşlər Nazirliyinin fəaliyyət göstəriciləri ildən-ilə daha da yaxşılaşır. Ötən üç il ərzində respublikanın daxili işlər orqanları tərəfindən ölkədə kriminogen duruma nəzarət olunması, asayişin mühafizəsi, ağır, habelə geniş ictimai əks-səda doğurmuş cinayətlərin açılması, axtarışda olanların tapılıb-tutulması, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, insan alverinə qarşı mübarizə və digər istiqamətlərdə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri uğurlu olmuşdur. Konkret rəqəmlərə müraciət etsək, bu ilin birinci yarısının əksər göstəricilərinin elə ötən ilin eyni dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə yaxşılaşdığını deyə bilərik. Cinayətkarlıqla mübarizə işinin təhlilindən görünür ki, qabaqlayıcı profilaktik tədbirlər nəticəsində şəxsiyyət əleyhinə olan cinayətlərin, oğurluqların, quldurluqların sayı xeyli azalmış, banditizm və adamları girov götürmə faktları ümumiyyətlə qeydə alınmamışdır. Yetkinlik yaşına çatmayanlar, habelə əvvəllər məhkum olunmuş şəxslər, eləcə də cinayətkar qruplar tərəfindən törədilən cinayətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə azalmışdır. Cinayətlərin strukturunda quldurluqlar 14,4 faiz, adam oğurluğu 33,3 faiz, oğurluqlar 2,2 faiz, avtomobil nəqliyyatının qaçırılması 31,3 faiz az olmuşdur. Cinayətlərin açılma sahəsində əvvəlki illərdə əldə olunmuş yüksək göstəricilər qorunub-saxlanılmış, bu dövrdə respublikada qeydə alınmış 8706 cinayətin 92,7 faizinin açılması təmin edilmişdir. Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin, qəsdən adam öldürmələrin və insan alveri ilə bağlı cinayətlərin böyük əksəriyyətinin, yəni 91-96 faizinin açılması təmin edilmiş, respublika üzrə 1781 nəfərdən ibarət 633 cinayətkar qrup və dəstə zərərsizləşdirilmiş, qrup halında törədilən cinayətlərin sayı 5,9 faiz azalmışdır. Şəxsiyyət əleyhinə olan, o cümlədən qəsdən adam öldürmə və insan alveri ilə bağlı cinayətlərin böyük əksəriyyətinin, adam oğurluqlarının isə hamısının açılması təmin edilmişdir. Axtarışda olan iki minə yaxın təqsirləndirilən şəxs tutularaq məhkəmə məsuliyyətinə cəlb olunmuşlar.

Cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində müsbət tendensiyalar cari ilin 9 ayı ərzində də davam etdirilmiş, göstəricilər daha da  yaxşılaşmışdır.
Bu gün DİN-in bütün strukturları fəaliyyətlərini müasir dövrün tələblərinə uyğun qurmaqla, dövlət başçısı cənab İlham Əliyevin fərmanlarından, tövsiyə və tapşırıqlarından irəli gələn vəzifələri yüksək peşəkarlıqla, qətiyyətlə yerinə yetirməyə çalışırlar. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan ictimai asayişin etibarlı şəkildə təmin olunması, kriminogen durumun nəzarətdə saxlanması, cinayətkarlığın bütün növlərinə qarşı mübarizənin səviyyəsi, əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayının azlığına görə nəinki MDB məkanında, ümumilikdə bütün Şərqi Avropa bölgəsi üzrə qabaqcıl dövlətlərdən sayılır. Dövlət başçısı ayrı-ayrı çıxışlarında Azərbaycan hüquq-mühafizə orqanlarının fəaliyyətinin çox yüksək səviyyədə olduğunu vurğulayaraq bu sahədə qazanılan uğurlardan məmnunluğunu ifadə etmişdir: "Hamımız yaxşı xatırlayırıq ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə gələndə ölkədə, demək olar, böhran hökm sürürdü. Hüquq-mühafizə orqanlarının fəaliyyəti də çox aşağı səviyyədə idi. Peşəkarlıq çox aşağı səviyyədə idi. Ümumiyyətlə, ictimai-siyasi vəziyyət imkan vermirdi ki, hüquq-mühafizə orqanları tam gücü ilə işləsinlər, Azərbaycan xalqına xidmət etsinlər. Əksinə, ayrı-ayrı adamlara xidmət edirdilər və bunun nəticəsində Azərbaycan çox çətin vəziyyətlə üzləşmişdi. 1993-cü ildən başlayaraq, ardıcıl siyasət yürüdülərək, Heydər Əliyevin rəhbərliyi altında hüquq-mühafizə orqanları inkişaf etmiş və ən yüksək səviyyəyə çatmışdır".

Milli dövlətçiliyin, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəçisinə çevrilən, cinayətkarlıqla mübarizə sahəsində geniş tədbirlər həyata keçirən daxili işlər orqanlarının Prezident İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi bu mühüm nəticələr ölkəmizin hərtərəfli inkişafına - sosial-iqtisadi tərəqqiyə, milli təhlükəsizliyimizin təminatına, respublikamızda vətəndaş sülhünün möhkəmlənməsinə, cəmiyyətin demokratik inkişafına, beynəlxalq məkanda Azərbaycanın imicinin yüksəlməsinə öz töhfəsini verir. Ölkəmizin beynəlxalq nüfuzunun günbəgün artması, onun qüdrətlənməsi, iqtisadi yüksəlişi və sosial problemlərin həlli istiqamətində aparılan işləri dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi qəbul edən Azərbaycan polisi ölkəmizin qazandığı uğurların davamlı olması üçün üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışır. Bununla belə, daxili işlər orqanlarının fəaliyyətində ulu öndərimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin daim vurğuladıqları yüksək nailiyyətlərlə yanaşı, müəyyən nöqsanların olması da istisna deyil. Bu nöqsanlar aparılan müfəssəl daxili təhqiqatlar nəticəsində üzə çıxarılır, xidməti qüsurların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Hakimiyyət uğrunda sivil mübarizə aparmaq iqtidarında olmayan, xalqın etimadını tamamilə itirən məlum qüvvələr bu gün hakimiyyət ambisiyaları naminə daxili işlər orqanlarına qarşı apardıqları məkrli böhtan kampaniyası ilə bizi başlıca məqsəddən yayındırmağa çalışsalar da, bu kimi iftiralara məhəl qoymayaraq üzərimizə düşən vəzifələrin icrası ilə məşğul oluruq. DİN, onun ayrılmaz hissəsi olan Daxili Qoşunlar və nazirliyin digər strukturları bu iftiralara xalqa, dövlətə və Prezidentə sadiqlik nümunəsi olan əzmkar fəaliyyəti ilə cavab verərək ölkədəki ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş bütün cəhdlərin qarşısını qətiyyətlə alır. Azərbaycan Prezidenti İlham Əliyevin bütövlükdə daxili işlər orqanlarının fəaliyyətinə verdiyi yüksək qiymət bizi daha da ruhlandırır, cinayətkarlığa qarşı mübarizədə daha barışmaz olmağa sövq edir. Bu gün heç bir qüvvə ölkədə qarşıdurma yaratmağa, kütləvi şəkildə asayişi pozmağa, Azərbaycanı, 1990-cı illərin əvvəllərində olduğu kimi xaos diktaturasına qaytarmağa qadir deyil.

Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın sürətlə inkişaf etməsi, mühüm makroiqtisadi uğurların əldə olunması həmin qüvvələrdə böyük narahatlıq yaradır. Bu gerçəkliklər fonunda gücsüzlüyünü görən, xalqın etimadını tamamilə itirmiş və nifrətini qazanmış, sivil rəqabət apara bilməyən qüvvələrin cənab İlham Əliyev şəxsiyyətinə qeyri-sağlam, qısqanc münasibəti ilə bağlı hələ 2001-ci ilin aprel ayında DİN-in gənc əməkdaşlarının ümumrespublika toplantısının iştirakçıları qarşısında çıxışımda qeyd etmişdim ki, "Müxalifət hörmətli İlham Əliyevi müxtəlif vəzifələrə "təyin edir", proqnozları doğrulmadıqda isə onun həmin vəzifəyə layiq olmadığını qeyd edirlər. Əslində, bu, qısqanclığın, çox ciddi rəqiblə rastlaşmaq xofunun təzahürüdür. Əlbəttə ki, mən İlham Əliyev kimi bacarıqlı, səriştəli, yüksək intellektə malik, Vətənini sevən, Azərbaycan dövlətçiliyinə yüksək dərəcədə sədaqətli, kamil bir şəxsiyyəti onlarla müqayisə etmək istəmirəm. Onun təşkilatçılıq, idarəçilik və işgüzarlıq məziyyətləri ilə kim müqayisə oluna bilər? Tamhüquqlu, hərtərəfli hazırlıqlı bir vətəndaş kimi İlham Əliyev niyə yüksək dövlət postu tuta bilməsin?"
Prezident İlham Əliyev ali hakimiyyət kürsüsündəki üç illik fəaliyyəti ilə ona bəslənilən bütün ümidləri doğrultmuş, verdiyi hər bir vədə sadiqlik nümayiş etdirmişdir. 2003-cü ilin 17 noyabrında hökumət üzvləri ilə keçirilən ilk geniş iclasda cənab İlham Əliyev komandası qarşısında müəyyənləşdirdiyi fəaliyyət proqramının icra vəziyyətini bir müddət sonra təhlil edəcəyini bildirmiş və məmurlara xitabən "Hər birinizin gələcək fəaliyyəti nəticələrdən asılı olacaqdır", demişdir. Sonrakı proseslər isə göstərmişdir ki, Azərbaycan Prezidenti hökumətin görülən işlərlə bağlı xalq qarşısında mütəmadi hesabat verməsinə cəmiyyətin sosial sifarişi kimi yanaşır.
Azərbaycan Prezidenti regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının gedişi, yeni iş yerlərinin açılması ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilmə səviyyəsi, ümumiyyətlə, regionlardakı vəziyyətlə tanışlıq məqsədilə 2003-2006-ci illərdə respublikanın, demək olar ki, bütün bölgələrinə səfər etmişdir. Bu səfərlərin nəticəsi olaraq bölgələrdə canlanma yaranmış, abadlıq, tikinti və quruculuq işləri daha geniş vüsət almış, infrastrukturun yeniləşməsi, yeni istehsal müəssisələrinin, daimi iş yerlərinin açılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

Dövlət başçısı əhalinin həyat səviyyəsinin yüksəldilməsini nəzərdə tutan bütün məsələləri diqqət mərkəzində saxlamaqla yanaşı, bir vacib məqamı da nəzərdən qaçırmır: vətəndaşları narahat edən problemlərin həlli yönümündə ən müdrük addım kimi onlarla canlı ünsiyyət yaradır, daim xalq arasında olur. Bu səfərlərdə möhtərəm Prezidentimizi müşayiət edən nazir kimi deyə bilərəm ki, vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən, bu problemlərin dərhal həlli üçün qəti tapşırıqlar verən cənab İlham Əliyevin addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, xalqın öz rəhbərinə olan inamını daha da artırır. Bu, eyni zamanda, dövlət məmurlarının Prezident və xalq qarşısında məsuliyyətini də artırır. Xalqı seçkidən-seçkiyə yada salan bəzi "siyasi qüvvələr"dən fərqli olaraq, dövlət başçısının regionlara səfərləri kampaniyaçılıqdan uzaq olub onun təkmil idarəçilik üslubunun mahiyyətindən irəli gəlir.
Azərbaycan Prezidenti dövlətə rəhbərlik etdiyi ötən üç il ərzində Heydər Əliyev yoluna, ulu öndərimizin banisi olduğu milli dövlətçilik ənənələrinə sadiq qalmış, daha böyük əzmlə davam etdirdiyi bu kursun Azərbaycanın dövlət müstəqilliyi qədər əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir. Praqmatizm, səmimilik, siyasi iradə və qətiyyətlilik, məqsədyönlülük, öz siyasətini reallaşdırarkən hər bir fərdin, bütövlükdə, ümumazərbaycan maraqlarını nəzərə almaq istedadı kimi mühüm keyfiyyətlər Prezident İlham Əliyevin yetkin və bənzərsiz siyasi lider obrazını formalaşdıran əsas amillər sırasında xüsusi vurğulana bilər.

Qürur doğuran həm də odur ki, Azərbaycan xalqı növbəti prezident seçkilərinə cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan böyük müvəffəqiyyətlərlə gedir. Ötən üç ildə respublikamızın bütün sahələrdə əldə etdiyi uğurları, sosial-iqtisadi nailiyyətləri öz gündəlik həyatında hiss edən Azərbaycan vətəndaşlarının mövcud siyasi kursa inamı və etimadı günü-gündən möhkəmlənir. Xalqımız yeganə güvənci və sabahının təminatı kimi baxdığı bu siyasi kursu birmənalı dəstəkləyir, Prezident İlham Əliyevi alternativsiz seçim ünvanı kimi qəbul edir. Məhz bu inam, gələcəyə əminlik hissi Heydər Əliyev siyasi kursunun layiqli namizədi cənab İlham Əliyevin növbəti seçkilərdə də möhtəşəm qələbə qazanacağına heç bir şübhə yeri qoymur.
Azərbaycan xalqının bu böyük etimadı Prezident İlham Əliyevin üç illik fəaliyyətinin məntiqi nəticəsi, qarşıdakı uğurlarımızın real təminatçısıdır!

 

"Azərbaycan" qəzeti 31 oktyabr 2006-cı il


Ən son press-relizlər