DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun "Azərbaycan" qəzetinə müsahibəsi

31.08.2006



 
 

 

2006-cı ilin ilk altı ayı ərzində də Azərbaycanın bütün sahələr üzrə qazandığı uğurları artmış, demokratik və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində islahatlar dərinləşmiş, ölkəmizin bölgədə mövqeyi, beynəlxalq miqyasda nüfuzu daha da möhkəmlənmişdir. Prezident İlham Əliyevin yanında keçirilən, cari ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirədə bütün müsbət göstəricilər bir daha vurğulanmış, təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan milli inkişaf strategiyasının qarşıdakı dövrdə daha böyük miqyaslı uğurlar qazanacağı konkret proqnozlarla götərilmişdir.
Bu müddət daxili işlər orqanlarının fəaliyyətində də mühüm irəliləyişlərlə əlamətdar olmuş, kriminogen durumun tam nəzarətdə saxlanılması, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində əvvəlki dövrlərdə müşahidə olunan müsbət meyllər davam etdirilmişdir. Lakin bütün bu nailiyyətlərin fonunda Azərbaycan Polisinə qarşı aparılan növbəti qarayaxma, iftira kampaniyası da günümüzün əsas müzakirə mövzularından birinə çevrilib. Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovla müsahibəmizdə də məhz bütün bu məsələlərə aydınlıq gətirdik.


- Cənab nazir, bu yaxınlarda Daxili İşlər Nazirliyində cari ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir. Qeyd edilən müddətdə fəaliyyətinizin təhlili hansı uğurlardan danışmağa əsas verir?

- Son 10 il ərzində ölkədə cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin təmini sahəsində həyata keçirilən tədbirlər 2006-cı ilin birinci yarısında da uğurla davam etdirilmişdir. Bu uğurların şəriksiz müəllifi isə ulu öndərimiz Heydər Əliyev, onun layiqincə davam etdirilən siyasi kursudur. Məhz ümummilli liderimizin xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdaraq Azərbaycanın qurtuluş tarixinin müəllifinə çevrilməsi ilə respublikamızda bütün sahələrdə olduğu kimi, sabitliyin təmini və kriminogen durumun nəzarətə götürülməsi kimi vacib istiqamətlərdə də əsaslı dönüş yaranmışdır. Dövlətə qüdrət, xalqa isə təhlükəsiz və firavan həyat bəxş edən həmin kurs bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir.
Hüquq-mühafizə orqanlarına dövlət başçısının göstərdiyi diqqət və qayğı, eyni zamanda, həm də çox ciddi tələbkarlıq fəaliyyətimizin daha da səmərəli olmasına münbit şərait yaratmışdır. Prezident cənab İlham Əliyevin ölkəmizin iqtisadi qüdrətinin artmasına, əhalinin rifah halının yaxşılaşmasına, regionların sürətli inkişafına, insan hüquq və azadlıqlarının təminatına xidmət edən uğurlu dövlət siyasəti Daxili İşlər Nazirliyi sistemində də fəaliyyətin təkmilləşməsinə, onun beynəlxalq standartlar səviyyəsində təşkilinə, şəxsi heyətin sosial müdafiəsinin güclənməsinə təkan vermişdir.
Şəxsi heyətin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə görülən işlərin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli sərəncamı ilə daxili işlər orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə və xüsusi rütbəyə görə maaşları təxminən 2 dəfə artırılmışdır. Dövlət başçısı tərəfindən təsdiq edilmiş qanunla “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə» və «Polis veteranı» medalları təsis olunmuş, Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının yeni nümunələrinin təsviri təsdiq edilmiş, “Daxili İşlər Nazirliyinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin  olunması  haqqında” Fərman imzalanmışdır. Cinayətlərin qarşısının alınması və açılması, ictimai qaydanın qorunması və təhlükəsizliyin təmin edilməsi sahəsində xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli sərəncamları ilə 80 əməkdaş (16-sı ölümündən sonra) dövlət mükafatları ilə təltif olunmuş, 4 rəhbər vəzifəli şəxs ali xüsusi rütbələrə layiq görülmüşdür.
Daxili işlər orqanları olaraq Azərbaycan vətəndaşının, Azərbaycan xalqının seçdiyi Prezidentin, Ali Baş Komandanın bizə olan böyük etimadına, qarşımızda qoyduğu tələblərə məsuliyyətli işimiz, konkret fəaliyyətimizlə cavab verməyə çalışırıq və bu, bizim əsas vəzifəmizdir. Digər tərəfdən, rəqəmlərə müraciət etmiş olsaq, həm də əksər göstəricilərin ötən ilin eyni dövrü ilə müqayisədə daha da yaxşılaşdığını deyə bilərik. Belə ki, hesabat dövründə respublikanın daxili işlər orqanları tərəfindən kriminogen duruma nəzarət olunması, asayişin mühafizəsi, qeyri-aşkar şəraitdə baş vermiş ağır və xüsusilə ağır, habelə geniş ictimai əks-səda doğurmuş cinayətlərin açılması, axtarışda olanların tapılıb-tutulması, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, insan alverinə qarşı mübarizə və digər istiqamətlərdə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri uğurlu olmuşdur. Cinayətkarlıqla mübarizə işinin təhlilindən görünür ki, qabaqlayıcı profilaktik tədbirlər nəticəsində şəxsiyyət əleyhinə olan cinayətlərin, oğurluqların, quldurluqların sayı xeyli azalmış, banditizm və adamları girov götürmə faktları, ümumiyyətlə, qeydə alınmamışdır. Yetkinlik yaşına çatmayanlar, habelə əvvəllər məhkum olunmuş şəxslər, eləcə də cinayətkar qruplar tərəfindən törədilən cinayətlər də ötən ilin müvafiq dövrü ilə müqayisədə az olmuşdur.
Cinayətlərin açılması sahəsində əvvəlki illərdə əldə olunmuş yüksək göstəricilər qorunub-saxlanılmış, hesabat dövründə respublikada qeydə alınmış 8706 cinayətin 92,7 faizinin açılması təmin edilmişdir. Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin, qəsdən adam öldürmələrin və insan alveri ilə bağlı cinayətlərin böyük əksəriyyəti - 91-96 faizi açılmış, respublika üzrə 1781 nəfərdən ibarət 633 cinayətkar qrup və dəstə zərəsizləşdirilmiş, qrup halında törədilən cinayətlərin sayı 5,9 faiz azalmışdır. Şəxsiyyət əleyhinə olan, o cümlədən qəsdən adam öldürmə və insan alveri ilə bağlı cinayətlərin böyük əksəriyyətinin, adam oğurluqlarının isə hamısının açılması təmin edilmişdir. Axtarışda olan iki minə yaxın təqsirləndirilən şəxs tutularaq məhkəmə məsuliyyətinə cəlb olunmuşdur.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin fəallaşdırılmasına da xüsusi diqqət yetirilərək aşkar edilmiş 1400-ə yaxın fakt üzrə 1076 nəfər məsuliyyətə cəlb olunmuşdur. Qanunsuz dövriyyədən 104 kiloqrama yaxın narkotik vasitə götürülmüş, 150 tondan çox narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilmişdir. İnsan alveri qurbanlarını qazanc əldə etmək məqsədilə ictimai mənəviyyata zidd hərəkətlərə sövq edən 8 mütəşəkkil cinayətkar qrup ifşa edilmiş, cinayətlərin qurbanı olmuş 26 nəfər müəyyən olunmuşdur.
2006-cı ilin birinci yarısında yol hərəkətinə nəzarət prosesində dövlət yol polisi əməkdaşları 380757 qaydapozma faktı aşkar etmişlər. Ümumilikdə müxtəlif növ inzibati xətalara görə 285 mindən çox şəxs barəsində inzibati protokol tərtib olunmuşdur.
Bütövlükdə 2006-cı ilin 6 ayı üzrə əməliyyat şəraitinin təhlili göstərir ki, Azərbaycan Respublikası Prezidentinin cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, asayişin, qanunçuluğun, insan hüquq və azadlıqlarının etibarlı qorunması sahəsində qarşıya qoyduğu tələb və vəzifələrin yerinə yetirilməsi yönümündə görülən işlər müvəffəqiyyətlə davam etdirilmişdir.
Lakin bütün bunlar daxili işlər orqanlarının şəxsi heyətini heç də arxayınlaşdırmır. Ölkəmizdə gedən demokratik proseslər, quruculuq işləri, vətəndaşlarımızın hüquqlarının qorunması sahəsindəki uğurlu islahatlar bizdən daha ayıq-sayıq olmağı və kriminogen durumu daim nəzarətdə saxlamağı tələb edir. Biz Azərbaycanın bugünkü gerçəkliyindən - ölkəmizin qüdrətlənməsindən, sabitliyin dönməzliyindən, mükəmməl idarəçilik mexanizmlərinin tətbiqindən, vətəndaşların rifah halının yaxşılaşmasından, Xalq-Rəhbər inamının möhkəmlənməsindən və digər nailiyyətlərdən danışarkən heç də uzaq olmayan tarixi, 1988-1993-cü illərin uçurumu astanasında olan respublikanın vəziyyətini unutmamalıyıq. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə xaosdan, anarxiyadan dirçəlişə və inkişafa doğru şərəfli, çox mürəkkəb bir yol keçən, Prezident İlham Əliyevin fədakar fəaliyyəti ilə qazanılan uğurları daha da artıran Azərbaycan xalqı tam mahiyyəti ilə anlayır ki, əgər ulu öndərimiz ölkədə ilk növbədə sabitliyə nail olmasaydı, ictimai asayişi təmin etməsəydi, bu gün mövcud olan inkişaf dinamikasının yerini yenə də siyasi təlatümlər, böhran, vətəndaş müharibəsi tutacaqdı və bəlkə də heç Azərbaycan dövlətçiliyi olmayacaqdı.
Dövlət başçımız İlham Əliyev bu günlərdə Salyan rayonunda səfərdə olarkən ictmaiyyət qarşısında etdiyi çıxışda sabitliyin Azərbaycan üçün nə dərəcədə fəvqəladə əhəmiyyətə malik olduğunu bir daha vurğuladı: «Biz bu bölgədə yaşayırıq və burada gedən prosesləri də izləyirik, görürük. Görürük ki, bəzi hallarda bölgədə vəziyyət gərginləşir. Müharibələr, münaqişələr, toqquşmalar, daxili çəkişmələr, böhranlar mövcuddur. Azərbaycanda bunların biri də yoxdur. Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir. İnsanlar rahat yaşayırlar, axşamlar rahat gəzirlər. Azərbaycanda asayiş möhkəm qorunub-saxlanılır. Xalqla iqtidar arasında olan birlik ölkəmizi çox sürətlə inkişaf etdirir və daxildəki proseslər də çox müsbət istiqamətdə gedir. Bir sözlə, Azərbaycanda sabitlik tam şəkildə bərqərar olunubdur. Sabitlik olmayan yerdə inkişaf da olmur. Başqa ölkələrin təcrübəsi də bunu göstərir. Azərbaycanda 1990-cı illərin əvvəllərində yaşanan o dəhşətli hadisələr bunu bir daha göstərir».
Biz ölkəmizdə çətinliklə yaradılan sabitliyin davamlı olması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, kriminogen durumun tam nəzarətdə saxlanılması üçün şərəfli mübarizəmizi bundan sonra da peşəkarcasına, digər hüquq-mühafizə orqanları ilə əlaqədə və yüksək məsuliyyətlə davam etdirəcəyik.

- Şübhəsiz ki, bu müddətdə müəyyən problemlərə, nöqsanlara da rast gəlinib. Bununla əlaqədar nazirlik hansı addımlar atmaq niyyətindədir?

- Həqiqətən 6 ayın yekunları ümumilikdə fəaliyyətimizin müsbət nəticələrindən danışmağa əsas versə də, ayrı-ayrı sahələrdə müəyyən nöqsanlar hələ də qalmaqdadır. Kollegiya iclasında bu qüsurlar geniş müzakirə olundu. Qeydə alınmış cinayətlərin sayının 708 fakt artımı, əsasən narkotik vasitələrlə bağlı daha çox faktların aşkar edilməsi hesabına baş versə də, eyni zamanda dələduzluq, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin çoxalması, eləcə də respublikanın bir sıra polis orqanlarında cinayətkarlıqla mübarizənin kifayət qədər səmərəli təşkil edilməməsi ilə əlaqədardır. Bu nöqsanların yaranma səbəbləri və onların aradan qaldırılması yolları ilə bağlı Baş idarə, idarə, yerli polis orqanları rəhbərləri dinlənildi. Müzakirələr zamanı tutulmuş iradlardan hər bir orqan rəisinin ciddi nəticələr çıxarması kollegiyada bir daha tələb edildi. DİN-in rəhbərliyini və kollegiyanı narahat edən bəzi problemlərin və çatışmazlıqların aradan qaldırılması yolları barədə müvafiq göstərişlər verdik. Ümumilikdə cinayətkarlığın, xüsusən onun ağır növlərinin, məişət zəminində törədilmiş qəsdən adam öldürmələrin, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin, dələduzluqların qarşısının alınması yönümündə profilaktiki tədbirlərdən səmərəli istifadənin, kadrların yalnız peşəkarlığa, dövlətçiliyə sədaqət, yüksək intellektə, professionallığa, fiziki və psixoloji hazırlıq səviyyələrinə görə seçilib-yerləşdirilməsinin, irəli çəkilməsinin vacibliyini, habelə ölkə Prezidentinin əsas tələblərindən olan vətəndaşların ərizə, şikayətlərinə vaxtında və obyektiv baxılmasının zəruriliyini bir daha nəzərə çatdırdıq, Baş İdarə və İdarə, eləcə də ərazi polis orqanlarının rəislərinə bu sahədə ilin sonrakı rüblərində kəsərli tədbirlər görməyi tələb etdik. Görüləcək işlər konkret olaraq kollegiya qərarında öz əksini tapmışdır.

- Hesabatdan göründüyü kimi, son vaxtlar paytaxtda cinayətkarlığa qarşı mübarizədə əvvəlki dövrlə müqayisədə bir qədər geriləmə müşahidə olunub...

- Biz kollegiya iclasında Azərbaycanın hər bir bölgəsi üzrə yerli polis orqanlarının fəaliyyəti ilə bağlı araşdırmalar apardıq. Bir çox şəhər və rayon polis orqanları ilə bərabər Bakı şəhərində də cinayətkarlığa qarşı mübarizənin kifayət qədər səmərəli təşkil edilməməsi, nöqsanlara yol verilməsi qeyd olundu.  Lakin bir məqama da xüsusi diqqət yetirməliyik ki, son illərdə Bakı şəhəri tək Azərbaycanın deyil, bütün Cənubi Qafqazın ən böyük meqapolisinə, iki milyon yarım əhalinin yaşadığı nəhəng bir şəhərə çevrilib. Bu cür sıx məskunlaşma şəraiti isə cinayətlərin sayının artmasına səbəb olan əsas amildir. Ancaq bununla yanaşı, ölkəmizin paytaxtı sabitliyin təmini, cinayətlərin sayının azlığı, təhlükəsizliyin qorunması sahəsində Qafqazın, MDB məkanının, hətta Şərqi Avropanın ən öndə olan şəhərlərindəndir.
Bakı şəhər polisinin fəaliyyətindəki bəzi nöqsanlarla bağlı sualınızın əsl səbəbi başadüşüləndir. Çünki son vaxtlar radikal müxalifətin təsirində olan qəzetlərdə kollegiya iclasında bu barədə səslənən fikirlər qəsdən şişirdilir, təhrif edilir, siyasiləşdirilir. Əslində, bu ənənəvi çirkin metoddur. Artıq neçə illərdir ki, Azərbaycan dövlətinin əldə etdiyi inkişafı gözü götürməyən, iqtidarın hər bir uğuruna qara yaxmağa cəhd göstərən məlum qüvvələr daxili işlər orqanlarına qarşı da belə məkrli kampaniyalarını davam etdirirlər. Guya ki, Bakı polisinin fəaliyyətinə irad bildiriləndə yalnız bu orqanın rəhbərliyi nəzərdə tutulur və bununla əks tərəfi qıcıqlandırmaqla süni ajiotaj yaratmaq yönümündə cılız hərəkətlərə rəvac verilir.
Bildirirəm ki, respublikanın bütün bölgələrində cinayətkarlığa qarşı mübarizənin təşkilinə, onun yaxşı, yaxud pis icrasına daxili işlər naziri kimi birinci cavabdeh və ümumi rəhbərliyi həyata keçirən məsul vəzifəli şəxs mənəm və bu cavabdehliyi cənab Prezident, xalq qarşısında daşıyıram. Dövlət başçısının Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında” Əsasnamədə göstərildiyi kimi, daxili işlər naziri təkbaşçılıq prinsipi əsasında daxili işlər orqanlarının fəaliyyətinə rəhbərlik edir, həmçinin daxili işlər orqanlarının fəaliyyətində lazımi araşdırma və təhqiqat aparmaq, nöqsanlı halların aradan qaldırılması yollarını öyrənmək, bu nöqsanlara görə tabelikdə olan bütün vəzifəli şəxsləri - nazir müavinindən tutmuş sıravi polis əməkdaşlarına qədər hər bir əməkdaşı tənqid etmək, bu iradlardan düzgün nəticə çıxarmayanlar haqqında inzibati tənbeh tədbirləri görmək səlahiyyətləri də həmin əsasnamə ilə daxili işlər nazirinə həvalə edilmişdir. Burada təəccüblü heç nə yoxdur. Kollegiyada iştirak edən hər bir əməkdaşın da ixtiyarı var ki, mövcud nöqsanlar, onların səbəbləri və aradan qaldırılması üçün görəcəyi işlər barədə öz fikirlərini açıq-aydın səsləndirsin. Biz kollegiya iclaslarında işgüzar əhvali-ruhiyyəni, şəffaflığı, demokratik mühiti artıq 12 ildir ki, maksimum dərəcədə təmin etmişik və bu ənənəmizə gələcəkdə də sadiq qalacağıq.

- Daxili İşlər Nazirliyinin yerli orqanlarının təcridxanalarında baş verən bir neçə ölüm faktı ilə əlaqədar bəzi KİV-lərdə süni ajiotaj yaratmağa cəhdlər göstərilir. Amma burası da var ki, Mingəçevir Şəhər Polis Şöbəsində baş vermiş belə hadisə ilə bağlı aparılan ilkin araşdırma nəticəsində də polis əməkdaşlarının təqsiri sübut edilib. Bu kimi neqativ halların yaranma səbəbi nədir və belə faktların aradan qaldırılması üçün hansı tədbirlər görülür?

- Paytaxtdan respublikamızın ən ucqar kəndə qədər bütün yaşayış məntəqələrində asayişin qorunması, cinayətkarlığın qarşısının alınması bizim müqəddəs vəzifəmiz, şərəfli borcumuzdur və buna görə də öz xidmətimizi elə təşkil etməliyik ki, xalq və onun etimad göstərdiyi Prezident fəaliyyətimizdən razı qalsın. Biz bütün qüvvə və bacarığımızı buna sərf edirik. Lakin təəssüflə qeyd etməliyəm ki, bəzən ayrı-ayrı polis əməkdaşları tərəfindən heç də arzulamadığımız, xoşagəlməz hallar törədilir. Məsələn, dəfələrlə oxşar faktlara görə əməkdaşların cəzalandırılmasına, daxili işlər orqanlarından xaric edilməsinə, hətta cinayət məsuliyyətinə cəlb olunmasına baxmayaraq, yenə də bəzi şəhər, rayon polis orqanlarında vətəndaşa, cinayət törətməkdə şübhəli bilinən şəxsə qarşı qanunda nəzərdə tutulmayan hərəkətlərə yol verilir. Biz belə faktları araşdırıb ciddi ölçülər götürürük. Qəbul edilən yekun qərar müvafiq əmr ilə bütün şəxsi heyətə elan edilir. Bunda məqsəd bir tərəfdən fəaliyyətində qanun pozuntusuna yol vermiş əməkdaşın cəzalandırılmasıdırsa, digər tərəfdən profilaktikadır, yəni başqalarını belə hüquqazidd hərəkətlərdən çəkindirməkdir. Bu mənada qeyd etmək istərdim ki, tərəfimizdən qanunçuluğun vəziyyəti mütəmadi olaraq təhlil olunur, ümumiləşdirilir, hüquqazidd hərəkətlərə yol verən, polisin adına ləkə gətirən əməkdaşlara qarşı daxili işlər orqanlarında xidmətdən xaric edilməyə, hətta cinayət məsuliyyətinə cəlb olunmağadək prinsipial ölçülər götürülür. 2003-2005-ci illərdə və cari ilin altı ayı ərzində əsassız saxlama, əsassız polisə gətirmə, vətəndaşlarla kobud rəftar, döymə və s. neqativ hallar ilə bağlı 383 əməkdaş intizam məsuliyyətinə cəlb olunmuşdur. Onlardan 64-ü daxili işlər orqanlarında xidmətdən xaric edilmiş, 29-u tutduğu vəzifədən azad olunmuş, 5 nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınmış, 27 nəfər isə Nazirliyin təqdim etdiyi xidməti təhqiqat materialları əsasında cinayət məsuliyyətinə cəlb edilmişdir. Qalan 258 əməkdaş haqqında isə başqa növ ciddi intizam tənbehi tədbirləri görülmüşdür.
Mingəçevir Şəhər Polis Şöbəsində baş vermiş məlum hadisə də diqqətlə araşdırılmış, xidməti təhqiqat aparılmış və günahkar şəxslərə qarşı çox ciddi tədbirlər görülmüşdür. Prokurorluq tərəfindən aparılan istintaq prosesi bu hadisədə təqsiri olan hər bir kəsi ədalət mühakiməsinin ixtiyarına verəcək. Təəssüf ki, yalnız şəxsi ambisiyaları, siyasi mənafeyini güdərək onu dövlətçilik maraqlarından üstün tutan müxalifətə mənsub qüvvələr bu məsələdə də qərəzli mövqedə dayanır, məkrli təbliğat aparırlar. Bu qruplar daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə də kölgə salmaq, onu ləkələmək üçün dəridən-qabıqdan çıxırlar. Ancaq bütün bu rəzil hərəkətlər heç də dövlətçiliyə, xalqa, Prezidentə sədaqətli olan vətənpərvər polis əməkdaşlarını sarsıtmır, əksinə, siyasi avantüristlərin hər belə əsassız hücumu bizim sıralarımızı daha da möhkəmləndirir, xidməti vəzifə borcunun layiqincə, daha yüksək səviyyədə yerinə yetirilməsi kimi məsuliyyətli bir işə səfərbər edir.

- Cənab nazir, son vaxtlar daxili işlər orqanlarında aparılan təşkilati-kadr və struktur islahatlarına uyğun olaraq qəbul etdiyiniz qərarlar cəmiyyətdə geniş müzakirələrə səbəb oldu. Bu məsələ ilə bağlı hər gün müxtəlif şərhlər eşidən ictimaiyyət üçün məhz həmin qərarların müəllifinin mövqeyini öyrənmək daha maraqlı olardı...

- Daxili İşlər Nazirliyində və onun yerli orqanlarında təşkilati-kadr və struktur islahatları daim aparılıb və ümumiyyətlə, bu cür proseslər  davamlı xarakter daşıyır. Burada məqsəd son nəticədə xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi, ölkədə kriminogen durumun təhlil edilib adekvat planların hazırlanıb həyata keçirilməsi, yaranmış yeni vəziyyətdə çevik idarəçilik qərarlarının qəbul olunmasını təmin etməkdir. İstər şəhər, rayon polis orqanları səviyyəsində, istərsə də daha yüksək instansiyalarda bu yeniləşmə, müasirləşmə, işin yeni şəraitə uyğun qurulması, operativ idarəçilik mexanizmlərinin işə salınması, daha professional hazırlıqlı, enerjili əməkdaşların rəhbər vəzifələrə irəliyə çəkilməsi prosesi davam etməlidir. Bu dəyişikliklər, islahatlar isə yalnız bir məqsədə xidmət edir: daxili işlər orqanlarının qarşısında qanunla qoyulmuş mühüm və çox məsuliyyətli vəzifələri layiqincə həyata keçirmək.

- Qeyd edilən məsələ mətbuat araşdırmalarında daha çox nazirliyin yüksək vəzifəli şəxslərinin şəxsi münasibətləri konteksində təhlil olunur. Bu cür yanaşmada şişirtmə halları olsa da, hər halda nazirliyin bəzi vəzifəli şəxslərinin müəmmalı bəyanatları da faktdır...

- Fəaliyyətimizdə əsas hüquqi istinadgahımız olan “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında” Əsasnamədə aydın şəkildə göstərilib ki, nazir DİN-in işini təşkil edir, daxili işlər orqanlarına və Daxili Qoşunların fəaliyyətinə rəhbərlik edir, müavinləri arasında vəzifə bölgüsü aparır, onların məsuliyyət dərəcəsini və səlahiyyətlərini, nazirlik sisteminin digər vəzifəli şəxslərinin operativ, təşkilati-ştat, kadr, maliyyə, təsərrüfat-istehsalat və nazirliyin vəzifələrinə aid digər məsələlər üzrə müstəqil qərar qəbul etmək səlahiyyətlərini müəyyən edir. Bunu bilməyən, yaxud bilmək istəməyən, ya da qəbul etmək niyyətində olmayanlar Prezident tərəfindən imzalanmış Əsasnaməyə bilərəkdən etinasız yanaşırlar. Rütbəsindən, vəzifəsindən və keçmiş xidmətlərindən asılı olmayaraq, hər bir əməkdaş daxili işlər orqanlarında mövcud olan subordinasiya qaydalarına uyğun fəaliyyət göstərməli, özündən yüksək vəzifə daşıyan şəxsə hörmətlə yanaşmalı, nazirin və onun səlahiyyət verdiyi şəxslərin qəbul etdiyi qərarların sözsüz və şərhsiz yerinə yetirilməsi üçün bütün qüvvəsini səfərbər etməlidir. Yalnız bir halda - əməkdaş açıq-aşkar qanunazidd əmr və ya göstəriş aldıqda qanunu rəhbər tutmalı, zəruri hallarda bu barədə yuxarı vəzifəli şəxslərə yazılı məlumat verməlidir. Bunlar vəzifə borcudur, Prezident qarşısında daşıdığımız məsuliyyətdir, ən nəhayət, elementar idarəçilik prosedurudur. Həmin prinsip hazırda daxili işlər orqanlarında kifayət qədər yüksək səviyyədə qorunur.
Bu məsələ ilə bağlı bəzi mətbuat orqanlarında dərc edilən “şərhlər” siyasi sifariş xarakterlidir və DİN-də “daxili gərginlik” görüntüsü yaratmağa hesablanıb. Təəssüf doğuran odur ki, polisin fəaliyyətini tənzimləyən mövcud qanunvericilikdən bixəbər olanlar bu sahədə “mütəxəssis”, “ekspert” təhlilləri aparır, qərəzli və böhtan dolu məqalələrinə “hüquqi” don geyindirməyə uğursuz cəhdlər göstərirlər. Mən, ümuimiyyətlə, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı araşdırma aparan jurnalistlərə tövsiyə edərdim ki, əvvəlcə müvafiq qanunlarla, əsasnamələrlə, digər normativ, hüquqi sənədlərlə tanış olsunlar, nazirlikdə hər bir vəzifəli şəxsin hansı işə məsul olduğunu, səlahiyyət dairəsini dəqiq bilsinlər, sonra mövzu haqqında təhlili məqalələr yazmağa girişsinlər. Bəla ondadır ki, bəzi yazarlar nəinki bu hüquqi məsələlərdən bixəbərdilər, hətta ən sadə məqamlarla da bağlı diletantlıq, ifrat qərəzçilik nümayiş etdirirlər. Hər halda ictimaiyyətdə çaşqınlıq yaratmağa yönələn hər belə bəyanat, yaxud da cəfəng qəzet məqaləsi - onun müəllifinin kimliyindən asılı olmayaraq, - nəticə etibarilə uğursuzuluğa məhkumdur, xalqın nəzərində isə kimin kim olduğunu bir daha aydınlaşır.

- Mətbuatdan söz düşmüşkən bir məqama da aydınlıq gətirək. Son bir ay ərzində Daxili İşlər Nazirliyi 5 KİV-lə bağlı məhkəməyə müraciət etmişdir. Artıq uzun illərdir radikal müxalifət mətbuatının “qara piar”ının hədəfinə çevrilən DİN-in bu mövqeyi məhz indi seçməsinin səbəbi nədir?

- Öz gərəkli peşəsi ilə xalqına xidmət edən, ölkənin inkişafına töhfə verən, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı əsl həqiqəti - həm obyektiv araşdırmanı, həm də sağlam tənqidi yazan jurnalistlərlə Daxili İşlər Nazirliyi arasında normal münasibətlər vardır. Vicdanlı, vətənpərvər mətbuat işçilərinə, təhqir yolunu seçməyən, bizim strukturda həqiqətən də baş verən neqativ halları cəsarətlə nəzərimizə çatdıran jurnalistlərə mən nazir, həm də oxucu olaraq minnətdaram və onlara böyük hörmətlə yanaşıram. Biz KİV-lərlə sağlam təməl üzərində qurulmuş əlaqələr yaratmaqda maraqlıyıq və sevindirici haldır ki, bu münasibətlər artıq mövcuddur. Ancaq heç zaman razılaşa bilmərik ki, jurnalist adı ilə pərdələnərək dövlət rəsmilərini, ən nəhayət, daxili işlər orqanlarının çoxminli şəxsi heyətini təhqir edən, onları mənəvi terrora məruz qoyan üzdəniraq “qələm sahibləri” məkrli kampaniyalarını hər gün daha geniş şəkildə davam etdirsinlər. Dövlətin və xalqın təhlükəsizliyi uğrunda canını hər an qurban verməyə hazır olan on minlərlə qəhrəman polis əməkdaşı, torpaqlarımızın bütövlüyü naminə şəhidlik zirvəsinə yüksələn minlərlə igid həmkarımız, ömrünün 30-40 ilini bu şərəfli peşəyə həsr edib respublikamızın inkişafına yardım göstərmiş təqaüdçü polislərimiz bu gün iftiraya məruz qalırlarsa, şəxsləri alçaldılırsa, fədakar fəaliyyətləri bir ovuc siyasi dələduzun qərəzli hücumlarının hədəfinə çevrilirsə - buna necə sakit, laqeyd yanaşmaq olar?!
Onlar təkzib verməklə bağlı tələblərimizə əhəmiyyət vermədilər. Bu halda isə biz belələrinə qarşı sivil yolla mübarizə aparmağa məcburuq. Ona görə məcburuq deyirəm ki, əslində, öz vaxtımızı belə cılız şəxsiyyətlərlə mübarizəyə sərf etmək istəməzdik. Lakin hər şeyin bir həddi olmalıdır və bu hədd qanunlarla yanaşı, milli-mənəvi dəyərlərlə də uzlaşmalıdır. Digər tərəfdən, cəmiyyətdən çoxsaylı suallar eşidirik ki, niyə siz bu “qara piar”ın qarşısında susursunuz, nədən öz haqqınızı müdafiə etmirsiniz, nəyə görə belə alçaldıcı, təhqir kampaniyasına cavab olaraq məhkəmələrə müraciət etmirsiniz? Haqlı olduğu qədər də, məntiqli suallardır. Məhz bu ictimai təklif və tələblər bizi vadar etdi ki, haqqımızı qorumaq üçün məhkəməyə müraciət edək.
Geninə-boluna demokratiyadan dəm vuranlar biz haqqımızı hüquqi müstəvidə müdafiə etmək istəyəndə həmin an qara-qışqırıq salırlar ki, bəs “azad sözü, demokratik mətbuatı boğurlar” və s. Şərəf və ləyaqətimizi alçaltmağa yönəlmiş böhtanlara məruz qalırıq, ən ağır cinayətlərdə ittiham edilirik, bəs biz öz hüquqlarımızı qorumaq üçün hansı vasitə seçməliyik? Məgər azad söz iftira yazmaq, insanların ləyaqətinə kölgə salmaq, yalan söyləmək, şər atmaqdırmı?! Azad söz ilk növbədə, yazdığının məsuliyyətini anlamaq, insanlara hörmətlə yanaşmaq, jurnalist təhqiqatını obyektiv aparmaq prinsipini özündə ehtiva edir. Təəssüf doğuran hallardan biri də odur ki, jurnalist peşəsinə ləkə gətirən belə üzdəniraqlara qarşı mətbuatın təmiz, şərəfli adını, müqəddəs ənənələrini qorumalı olan qurumlar, media təşkilatları laqeyd yanaşırlar. Mətbuat Şurası ölkədə fəaliyyət göstərən KİV-lərin əsas birlik modeli olduğundan, gərək bu qurum hansısa tövsiyələrlə kifayətlənməsin, əksinə, geniş ictimai müzakirələr təşkil etsin, cəmiyyətin qınağını nəzərə alsın və nəticədə, konkret tədbirlər əsasında Azərbaycan jurnalistikasını belə rəzalət hallarından xilas etsin. Mən Mətbuat Şurasına və aidiyyəti olan digər qurumlara müraciət edirəm ki, ayrı-ayrı KİV-lərdə geniş miqyas alan “qara piar”ın hədəfinə çevrilmiş yüzlərlə, minlərlə insanın, konkret halda isə daxili işlər orqanlarının şəxsi heyətinin hüquqi mübarizə metodlarını düzgün qarşılasınlar və bu məsələdə ədalətli mövqe tutsunlar.
Təhqiri özlərinə həyat amalı seçmiş məlum şəbəkənin daxili işlər orqanlarına qarşı daha geniş miqyasda əks-təbliğat aparmasının ən mühüm səbəblərindən biri də sırf xidməti fəaliyyətimizlə bağlıdır. Çünki bu qüvvələr Azərbaycanda xaos, siyasi qarşıdurma yaratmağa cəhd göstərəndə, antimilli fəaliyyətlərini həyata keçirmək üçün avantüralar hazırlayanda, xüsusən də 1994-cü ilin oktyabrında, 1995-ci ilin martında, 2003-cü ilin 15 oktyabrında, 2005-ci ilin noyabrında daim qarşılarında bir sipər kimi Heydər Əliyev ideallarına sadiq olan daxili işlər orqanlarının şəxsi heyətini görüblər. Bizim dövlətçiliyə, xalqa, Prezidentə sədaqətimiz onların bugünkü kin və nifrətlərinin əsas səbəblərindən biridir.
Təskinlikverici məqam isə odur ki, Azərbaycanın böyük jurnalist ordusu ilə daxili işlər orqanlarının şəxsi heyəti arasında xoş, səmimi münasibət, sağlam əməkdaşlıq mövcuddur. Polisdə də, jurnalistlər arasında da beş-on yaramaz, cəmiyyətə, vətənə, xalqa, peşəsinə ləkə olanlar var. Ancaq belələri nə polisin, nə də jurnalistikanın şərəfli fəaliyyətinə kölgə sala bilməz! 

- Cənab nazir, Hacı Məmmədovun başçılıq etdiyi dəstənin məhkəmə prosesi də polisin fəaliyyəti ilə bağlı müzakirələri xeyli genişləndirmişdir. Hələ dəstə ifşa olunarkən, Prezident İlham Əliyev bu məsələ ilə bağlı DİN-in fəaliyyətinə kölgə salmağa cəhd edənlərə qarşı kəskin münasibət ifadə etmişdi. Lakin DİN və şəxsən Siz özünüz yenə də hədəfdəsiniz...

- Hacı Məmmədov bir çox qanlı cinayətlər törətməklə yanaşı, həm də daxili işlər orqanları nüfuzuna xələl gətirmişdir. Bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə qarşı aparılan qərəzli kampaniyanı yolverilməz sayan cənab Prezident İlham Əliyev də vurğulamışdır ki, daxili işlər orqanları daha məsuliyyətli fəaliyyət, layiqli xidmət, ən əsası isə şəxsi heyət arasında sağlam ab-havanı yaratmaqla bu ləkəni yumalıdır. Biz bu göstərişi qarşımızda prioritet vəzifə kimi müəyyənləşdirmişik və onun icrası yönümündə Ali Baş Komandanın tələbinə uyğun fəaliyyət göstəririk. Prezidentin və xalqın bizə olan etimadı, ictimai nüfuzumuzun yenidən yüksəlməsi bizdə heç də arxayınlıq yaratmır. Sıralarımızın saflığını təmin etmək, polisin şərəfli adını qorumaq, vətəndaşlarla sağlam münasibətləri inkişaf etdirmək işi indi xüsusi intensivliklə aparılır. Hacı Məmmədovun dəstəsinin törətdiyi cinayətlər üzrə istintaq artıq başa çatıb. Hazırda davam edən məhkəmə prosesi bu cinayətlərə yekun hüquqi qiymətini verəcək.
Məntiqlə yanaşsaq, hər hansı bir nazirlikdə, strukturda beş-on nəfərin cinayət törətməsi həmin qurumun fəaliyyətinə, orada çalışan insanların fəaliyyətinə kölgə salmamalıdır. Həmin insanları cinayət törətmiş şəxslərlə eyniləşdirməyin özü ən böyük qəbahətdir. Bu ən sadə məntiqin özü göstərir ki, qeyd etdiyiniz məsələ ilə bağlı yaradılan ajiotaj qərəzli və sifarişlidir və mən onun haradan, nə məqsədlə qaynaqlandığını da çox yaxşı anlayıram.
Bu kampanyianın belə xüsusi məkrlə, ciddi-cəhdlə ictimai rəyə sırıma meylləri arxasında müxtəlif maraqlı qüvvələr dayanır. Birincisi, Azərbaycan dövlətçiliyinin və xalqının bugünkü inkişafını görmək istəməyən, bundan narahat və narazı olan xarici qüvvələr və onların ölkədaxili nökərləri. İkincisi, 90-cı illərin əvvələrində xaos və anarxiya ilə hakimiyyətə gəlməyi ən məqbul variant sayan və bu ənənəni indi də reallaşdırmaq üçün təxribatlarını əsirgəməyən qaragüruhçu-avantüristlər, onların daxili işlər orqanlarına və ona rəhbərlik edən şəxslərə olan kin-kidurəti. Üçüncü, daxili işlər orqanları rəhbərliyinin, şəxsi heyətinin qazandığı uğurlara qısqanclıqla yanaşan, tutduqları yetərincə yüksək vəzifələrlə kifayətlənməyib, dəyərindən, imkanından, təcrübəsindən, intellektual potensialından çox-çox yuxarı iddiaları olan, əməlləri dövlətə və iqtidara sədaqət prinsipləri ilə uzlaşmayan şəxslərdir və s. Bu qüvvələr həmin quldur dəstəsi ifşa olunanda bəlkə də çox sevindilər ki, artıq daxili işlər orqanları və şəxsən nazirlə hesablaşmaq üçün əlverişli məqam yetişib. Həmin vaxt onlar fürsəti əldən verməyərək maliyyələşdirdikləri KİV-lərdə və siyasi dairələrdə yalan, böhtan kampaniyasına start verdilər, parlament seçkiləri ərəfəsində cızdıqları siyasi xəyanət və dövlət çevrilişi planının həyata keçməsinin qarşısında dayanan ən əsas maneələrdən biri olan daxili işlər orqanlarını və onun rəhbərliyini ləkələmək, onlara psixoloji təsir göstərməklə xidməti fəaliyyətdən yayındırmaq, nazirlik sistemində qarşıdurma yaratmaq üçün genişmiqyaslı fəaliyyətə başladılar. Lakin bu siyasi xəyanətkarların və onların məkrli əlaltılarının 2005-ci ilin oktyabr çevrilişi planı kimi daxili işlər orqanlarına və bu strukturun rəhbərliyinə qarşı hazırladıqları təxribat da iflasa uğradı. Prezident cənab İlham Əliyevin ulu öndərimizə xas qətiyyəti, mükəmməl idarəçilik məharəti, həmçinin hüquq-mühafizə orqanlarının peşəkar, əlaqəli fəaliyyəti sayəsində Azərbaycan növbəti bir qəsddən, xaosdan, parçalanma təhlükəsindən, tənəzzüldən qurtuldu. Xalq-Prezident birliyi, Azərbaycan vətəndaşlarının Heydər Əliyev kursuna sədaqəti, cənab İlham Əliyevin cəmiyyətdə alternativsiz olan yüksək nüfuzu, xarizması öz təntənəsini yaşadı.
Amma göründüyü kimi, 2005-ci ilə qədər baş vermiş hadisələrdən düzgün nəticə çıxarmayan qüvvələr ötən ilin oktyabr xəyanətindən də nəticə çıxarmağa tələsmirlər. Belə hesab edirlər ki, yalanla, iftira və böhtanla, habelə təhqir etməklə hansısa cılız məqsədlərinə nail olacaqlar. Onlar çirkin yollarla qazandıqları varidatı da məhz bu şərəfsiz təbliğata yönəldir, qələmini və qəzetlərini hərraca çıxaran “jurnalistlər”i sifarişlə hər cür hədyanlar yazmağa vadar edirlər. Siyasətdə və fəaliyyətdə daim qeyri-səmimilik göstərən, simalarını hər addımbaşı dəyişən, şəxsi maraqlarını dövlətçilik mənafeyindən üstün tutan bu bədxahların əsas məqsədi, əslində, ölkə rəhbərliyinə qarşı pərdəarxası kampaniya aparmaqdır. Ötən ilin oktyabrında puç olan çevriliş niyyətlərini yenidən reallaşdırmaq üçün Azərbaycan Prezidentini administrativ və elektorat dəstəyindən məhrum etmək məqsədilə ölkə başçısına sədaqətli olan nazirləri, Prezidentin İcra Aparatının rəhbərliyini neytrallaşdırmaq kimi baş tutmayacaq arzudadırlar. Hörmətli oxucular dövlətçiliyə və iqtidara düşmən kəsilmiş siyasi buqələmunların maliyyələşdirdikləri KİV-lərdə, əsasən, hansı dövlət məmurlarının xüsusi “səxavətlə” iftira hədəfinə çevrildiyinə bir daha nəzər salsalar, dediklərim onlar üçün tam aydınlaşar.
Mən əminəm ki, Heydər Əliyev ideallarına, Prezident İlham Əliyevin siyasi kursuna bağlılıqlarını heç də tutduqları vəzifə ilə əlaqələndirməyən, öz dövlətinə, xalqına daim ləyaqətlə, namusla, şərəflə xidmət edən məmurlara atılan ləkə arzulanan nəticəni verməyəcək! Çünki Prezident də, xalq da kimin-kim olduğunu çox yaxşı bilir. Onu da yada salaq ki, hər kəs, hər bir məmur öz daxili varlığını məhz fəaliyyətində, işə münasibətində, ekstremal vəziyyətlərdə tutduğu mövqedə nümayiş etdirir. Bu münasibəti, mövqeyi isə, bir daha qeyd edirəm, Prezident də bilir, xalq da görür, zaman da dəyərləndirir.
Azərbaycana qənim kəsilən antimilli şəbəkənin Prezidentə və dövlətçiliyə sadiq olan qüvvələrə qarşı başladıqları növbəti iftira kampaniyası da əvvəlkilər kimi məğlubiyyətə məhkumdur. Əlavə şərhə isə, zənnimcə, ehtiyac yoxdur.
Bu qara qüvvələr ən mühüm məqamı unudurlar ki, tarix, zaman, xalq yalnız haqqın və Heydər Əliyev işığının tərəfindədir. Biz bu işıqla, onun nuru ilə irəliyə gedirik, Azərbaycana xidmət edirik. Daxili işlər orqanlarını bu müqəddəs yoldan heç bir qüvvə sapdıra bilməz!

"Azərbaycan" 17 avqust 2006-cı il tarixli sayındakı müsahibəsindən

 
 
 
 
 
 
 
 
 

Ən son press-relizlər