DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DAXILI IŞLƏR NAZİRİ POLİS GENERAL POLKOVNİKİ RAMİL USUBOVUN TELEVİZİYAYA MÜSAHİBƏSİ

18.11.2005



Daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 18-də “Space” televiziyasının müxbirinə müsahibəsində parlament seçkilərindən sonra ölkədəki kriminogen vəziyyət, vətəndaşların təhlükəsizliyinin qorunması və digər məsələlər barədə suallara cavab vermişdir.

- Cənab nazir, ölkəmizdə Milli Məclisə seçkilər başa çatdı. Bu proses kifayət qədər mürəkkəb idi və hüquq mühafizə orqanlarının üzərinə böyük məsuliyyət düşürdü. Respublikada seçkilərdən sonrakı kriminogen vəziyyəti necə qiymətləndirirsiniz?

- Seçki öncəsi və seçkidən sonrakı proseslər ölkəmizdə ictimai-siyasi vəziyyətdə ümumən bir canlanma əmələ gətirdi. Bu da təbii idi. Lakin əgər biz ölkədəki ictimai-siyasi, eyni zamanda kriminogen duruma nəzər salsaq görərik ki, ümumən normal vəziyyətdir. Həm seçki öncəsi, həm də seçkidən sonra asayiş qorunub, kriminogen durumda pisləşmə meyilləri yoxdur. Bu gün ölkəmizin hər yerində kriminogen duruma tamamilə nəzarət edilir. Cinayətkarlığa qarşı mübarizə, əvvəlki illərdə olduğu kimi, uğurla aparılır. Bir sözlə, mən deyərdim ki, Azərbaycan vətəndaşının Konstitusiya hüquqlarının qorunması üçün ölkə Prezidentinin apardığı siyasət hüquq mühafizə orqanları tərəfindən də uğurla həyata keçirilir.

- Cənab nazir, seçkilərdən sonra hər hansı hüquq pozuntusu ilə bağlı Daxili İşlər Nazirliyinə müraciətlər, şikayətlər daxil olubmu?

- Bəli, belə müraciətlər təkcə daxili işlər orqanlarına, yaxud nazirliyə yox, eyni zamanda prokurorluq orqanlarına, Mərkəzi Seçki Komissiyasına və sair qurumlara da daxil olur. Ümumən, bu günə kimi prokurorluq orqanlarına təqribən 180-190 belə şikayət daxil olubdur. Daxili işlər orqanlarına 45 müraciət, ərizə daxil olmuşdur. Ərizələrin və şikayətlərin 50 faizindən çoxu artıq yoxlanılıbdır.

Bildirmək istəyirəm, bu ərizələrdə və müraciətlərdə göstərilirdi ki, guya polis əməkdaşları seçki məntəqələrində seçkilərin gedişatına qanunsuz olaraq müdaxilə ediblər. Amma bunun əksəriyyəti tam təsdiqini tapmamışdır. Yəni bunlar həqiqətdən uzaq olan məlumatlar idi. Maraqlısı odur ki, seçki məntəqələrində, dairələrdə komissiyaların nəinki iqtidaryönümlü üzvləri, eyni zamanda, müxalifətdən olan nümayəndələr də öz cavablarında bildiriblər ki, bu məlumatların əsası yoxdur. Yəni polis işçiləri belə müdaxilələrə yol verməyiblər.

Seçki öncəsi bir-iki belə fakt olub ki, müəyyən polis əməkdaşları ayrı-ayrı vətəndaşları əsassız olaraq daxili işlər orqanlarına gətiriblər. Bununla bağlı bizim tərəfimizdən araşdırma aparılıb və iki polis əməkdaşı cəzalandırılıbdır. Prokurorluq orqanlarında da çox ciddi araşdırmalar gedir. Bilirsiniz ki, bir neçə fakt üzrə cinayət işi qaldırılıbdır. Məndə olan məlumata görə, bu günə kimi dörd-beş vətəndaş həbs edilibdir. Yəni prokurorluq orqanlarında da seçki ilə bağlı ölkə Prezidentinin verdiyi 2005-ci il 11 may və 25 oktyabr tarixli Sərəncamlardan irəli gələn məsələlərlə, pozuntularla bağlı ciddi araşdırmalar gedir. Eyni zamanda bilirsiniz ki, ölkə Prezidenti seçkilər zamanı qeyri-qanuni hərəkətlərinə görə bir neçə icra hakimiyyətinin başçısını vəzifəsindən azad etmişdir. Yəni bu gün Azərbaycan iqtidarı, Azərbaycanın Prezidenti demokratiyaya sadiqliyini, ölkədə şəffaf seçkilərin keçirilməsinə sadiqliyini bir daha ortaya qoydu. Öz qətiyyətini bir daha göstərdi ki, bəli, həqiqətən də, Azərbaycan demokratik ölkədir. Azərbaycanda seçkilər demokratik keçirilməlidir. Həqiqətən də, bu seçkilər demokratik keçirildi.

Vətəndaşların hüquqlarının hansı bir formada pozulması ilə bağlı ayrı-ayrı faktlar üzrə araşdırmalar aparılıb və günahkar şəxslər cəzalandırılıb və cəzalandırılacaqdır. Prezidentimizin mövqeyi belə olub və görülən tədbirlər bir daha onu göstərir ki, ölkə rəhbərliyi, iqtidar verdiyi sözə tamamilə əməl edir. Sözlə fəaliyyətin vəhdəti var. Ona görə də müxalifətdə olan ayrı-ayrı adamların bu demokratik seçkilərə qara yaxmaq kampaniyasının heç bir əsası yoxdur.

Bəli, seçkilər Avropanın inkişaf etmiş ölkələrində keçirilən seçkilərin səviyyəsinə qalxmasa da, şübhəsiz ki, əvvəlki parlament seçkiləri ilə bu ilki parlament seçkiləri arasında müsbət mənada böyük fərq vardır. Bu gün müxalifət ədalətsiz olaraq deyir ki, onlar üçün lazımi şərait yaradılmamışdır. Amma əslində, belə deyildir. Müxalifət düşərgəsindən olan namizədlər vətəndaşlarla müxtəlif yerlərdə, demək olar ki, respublikanın bütün rayonlarında 6 mindən çox görüş keçirmişlər. Yaxşı, əgər iqtidar şərait yaratmırdısa, 6 mindən çox görüşü necə keçirmisiniz?! İkincisi, radikal müxalifət seçkiqabağı təbliğat kampaniyasında respublikanın müxtəlif yerlərində 47 yürüş-mitinq həyata keçiribdir. Əgər bugünkü iqtidarın fikri olmasaydı, şərait yaratmasaydı, onlar bu yürüş-mitinqləri keçirə bilməzdilər. Demək, bugünkü hakimiyyət, ölkənin Prezidenti demokratik dəyərlərə çox böyük önəm verib və deputatlığa namizədlər üçün bütün lazımi şəraiti yaratmışdır. Uduzmaq və məğlubiyyəti etiraf etmək, bu, insanın böyüklüyüdür. Bilirsiniz ki, 125 deputat yeri uğrunda 1500-dən çox insan mübarizə aparırdı. Deməli, 125 nəfər qalib gələ bilər. 126, yaxud 130 nəfər qalib gələ bilməz. Ona görə uduzan insan gərək öz məğlubiyyətini etiraf etsin və əgər gələcəkdə, beş ildən sonra seçilmək istəyirsə, növbəti seçkilərə hazırlaşsın.

Mən bir daha deyirəm, bu gün ölkədə kriminogen durum normaldır. Düzdür, ayrı-ayrı müxalifət qüvvələri bu sabitliyi pozmağa uğursuz cəhdlər edirlər. Əlbəttə, bu, yolverilməzdir. Bir daha deyirəm ki, builki seçkilər həqiqətən çox demokratik, şəffaf, qanunun aliliyi rəhbər tutulmaqla keçirilibdir. Bəzi yerlərdə baş verən tək-tək qanun pozuntularına görə isə ölkə rəhbərliyindən tutmuş əlaqədar orqanlar səviyyəsinədək ciddi ölçülər götürülür.

-Cənab nazir, bəzi qəzetlərdə belə bir məlumat yayılır ki, dairə seçki komissiyalarının müxalifətdən olan üzvləri protokolları imzalamaqdan boyun qaçırırlar və polis təzyiqi ilə üzləşirlər. Bu məsələni necə şərh edərdiniz, sizə belə faktlarla bağlı məlumatlar daxil olub, ya yox?

-Bəzi belə məlumatlar bizə də, prokurorluğa da daxil olubdur. Biz bunları araşdırırıq. Bayaqkı fikrimə bir daha qayıdıram ki, bunların heç bir əsası yoxdur. Yəni, bu deyilənlər təsdiqlənmir. Sadəcə, seçkilərin demokratikliyi haqqında Azərbaycan ictimaiyyətində və beynəlxalq ictimaiyyətdə mənfi fikir formalaşdırmaq üçün qəzetlərdə belə yazılar verilir. Amma araşdırmalar zamanı bu deyilənlər öz təsdiqini tapmır. Bilirsiniz, ola bilər, gələcəkdə hansısa bir fakt öz təsdiqini tapsın. Yəni bu da mümkündür. Minlərlə seçki məntəqəsi olan yerdə ola bilər, hansısa pozuntu olsun. Amma bunu bütün seçki dairələrinə, məntəqələrinə aid etmək ədalətsizlikdir. Dairə və məntəqələrin tam əksəriyyətində seçkilər bugünkü seçki qanunlarına, ölkə Prezidentinin Sərəncamlarına müvafiq keçirilibdir. Ayrı-ayrı qanun pozuntuları heç də bütün dairə və məntəqələrdə pozuntuların olması demək deyildir.

-Cənab nazir, bu gün müxalifət “narıncı inqilab” barədə müxtəlif mülahizələr irəli sürür. Sizcə, Azərbaycanda inqilab ehtimalı varmı?

-Bilirsiniz, bu suala əvvəllər də cavab vermişik. Müxalifətdə bu arzu, istək həqiqətən var və bunun üçün çalışırlar, müxtəlif təxribatlara əl atırlar ki, o “narıncı inqilab” olsun. Amma bir daha deyirəm, Azərbaycanda hansısa bir inqilab etməyə əsas, sosial baza, obyektiv şərait yoxdur. Hansı problemlər ki, bu gün ölkə Prezdenti tərəfindən qeyd olunur və bunların həlli üçün real, konkret tədbirlər görülür. Müxalifət də həmin nöqsanları, problemləri deyir. Amma təkcə deməklə iş bitmir. Bugünkü iqtidar, ölkə Prezidenti nəinki bunları deyir, eyni zamanda, problemlərin aradan qaldırılması üçün çox konkret, lazımi tədbirlər həyata keçirir.

Məsələn, son bir ilə nəzər salsanız görərsiniz ki, ölkə Prezidenti tərəfindən sosial yönümdə nə qədər tədbirlər həyata keçirilibdir. İqtisadiyyatımızın inkişafını görməmək, bunu etiraf etməmək ən böyük ədalətsizlik olardı. Xarici dövlətlərin yüksək səviyyəli şəxsləri, ekspertləri, Azərbaycan ictimaiyyətinin tam əksəriyyəti bu fikirdədir ki, həqiqətən də, Azərbaycan ilbəil irəliləyir, ölkədə təkcə iqtisadi sahədə deyil, bütün sahələrdə inkişaf vardır. Eyni zamanda, ölkəmizdə demokratik proseslərin daha da inkişaf etdirilməsi üçün konkret tədbirlər görülür.

Bir daha deyirəm, inqilab baş verəcəyi haqqında fikir söyləmək olar. Lakin bu, heç bir reallığa söykənmir. Azərbaycanda inqilab olubdur. Bu inqilab 1993-cü ildə baş verdi və onun nəticəsində xalqımızın tələbi ilə ümummilli liderimiz, Azərbaycanın böyük oğlu Heydər Əliyev hakimiyyətə gəldi. Onun hakimiyyəti dövründə Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün qorunması üçün, iqtisadiyyatın inkişafı üçün böyük bir təməl, əsas yaradıldı, demokratik prinsiplərə söykənən qanunlarımız qəbul edildi. Bugünkü inkişafın təməli məhz Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Rəqəmlər göz qabağındadır. İnkişaf da, ölkədə gedən demokratik proseslər də göz qabağındadır. Amma bütün bunların əsası, ən vacibi hələ ulu öndərimizin qeyd etdiyi kimi, ölkəmizdə sabitliyin yaradılması idi. Onun başçılığı ilə Azərbaycanda bu sabitlik yaradıldı. Daxili sabitliyi qoruyub saxlamaq üçün bu gün cənab Prezident çox böyük işlər görür. Dövlətimizin başçısı Azərbaycan xalqının gələcək inkişafını, sosial problemlərin, Dağlıq Qarabağ probleminin həllinin, Azərbaycanda işsizliyin, yoxsulluğun azaldılması kimi problemlərin həllinin də məhz ölkədə daxili sabitlik əsasında mümkün olacağını bəyan etmişdir. Bu, həqiqətən belədir. Əgər hansısa ölkədə sabitlik yoxdursa, hərc-mərclikdirsə, xaosdursa, vətəndaş müharibəsidirsə, burada hansı inkişafdan danışmaq olar?!

- Belə məlumatlar yayılır ki, seçkilərin nəticələrinə etiraz edən müxalifət davamlı etiraz aksiyalarına başlamaq niyyətindədir. Belə bir qərar verilərsə, daxili işlər nazirinin bu məsələyə münasibəti necə olacaqdır?

-Azərbaycan xalqı şahiddir ki, seçkidən öncə də, sonra da bugünkü hakimiyyət ən ucqar rayonlardan tutmuş paytaxt Bakıyadək hər yerdə bütün razılaşdırılmış, qanuni aksiyalara icazə verib, azad fikrə, sözə heç bir qadağa qoymayıbdır və qoymaq fikri də yoxdur. Yəni bugünkü hakimiyyətin demokratik dəyərlərə müsbət münasibəti göz qabağındadır. Lakin təəssüflər olsun ki, bu gün asayişi pozmaq istəyən, ölkəmizdə yenidən xaos, özbaşınalıq yaratmaq istəyən qüvvələr də mövcuddur.

İctimai-siyasi vəziyyəti gərginləşdirmək, vətəndaş qarşıdurması yaratmaq, hakimiyyət orqanları ilə ayrı-ayrı qruplar arasında qarşıdurma yaratmaq bugünkü müxalifətin əsas məqsədləridir. Bu məqsədlər bu gün yaranmayıbdır. Normal düşüncəli hər bir vətəndaş təəssüf edir ki, radikal müxalifətin başında duranlar hələ də 1990-cı illərin əvvəllərində olan psixologiya ilə yaşayırlar, bu cür də siyasət aparırlar. Başa düşmək istəmirlər ki, on-on beş il vaxt keçib, zəmanə dəyişib, dövlət, dövlətçilik möhkəmlənibdir. 1990-cı illərin əvvəllərində olan problemlər artıq həll edilir. Bir çoxu həll edilib, bəzilərinin həlli üçün xeyli işlər görülüb və irəliləyişlər göz qabağındadır. Belə olan halda yenidən meydan havası ilə, küçə hay-küyü ilə hakimiyyətə gəlmək, bunu özünün strateji məqsədi saymaq qətiyyən düzgün siyasət deyildir.

Bu gün bizə dağıdıcı müxalifət yox, normal düşüncəli, nöqsanları görən, onların həlli barədə fikirlərini deməyi bacaran, eyni zamanda, konstruktivlik göstərən müxalifət lazımdır. Cənab Prezident bunu dəfələrlə deyibdir. Azərbaycanın ümummilli mənafeləri var. Dövlətimizin, dövlətçiliyimizin beynəlxalq aləmdə yeri var. Müxalifət bu məsələlərdə də bugünkü iqtidara, hakimiyyətə düşmən mövqedə dayanır, qeyri-konstruktiv mövqe tutur. İndi görün, onların bu mövqelərindən Azərbaycanı istəməyən qüvvələr necə bacarıqla istifadə edirlər. Avropa təşkilatlarında, Amerika Birləşmiş Ştatlarında Azərbaycanı istəməyən qüvvələr ölkəmizdə demokratiyanın boğulması, polis rejimi yaradılması barədə uydurmaları kimlərin dili ilə deyirlər? Məhz bu müxalifətin dili ilə! Onların yalan, böhtanlarla dolu yazdıqları məqalələr, dedikləri fikirlərdir ki, bu, Qərbdə səslənir. Amma əslində, onlar cəmiyyətin bir üzvü, vətəndaş kimi anlamalıdırlar ki, bununla Azərbaycan xalqına, eyni zamanda özlərinə zərbə vururlar.

Müxalifətin arzuları, istəkləri ondan ibarətdir ki, Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirsinlər, xaos, özbaşınalıq, hakimiyyətsizlik yaratsınlar və bu yolla hakimiyyətə gəlsinlər. Lakin cənab Prezident tərəfindən əvvəllər də deyilib və bu fikir indi də qətidir ki, Azərbaycanda heç bir qüvvə güc, özbaşınalıq yolu ilə hakimiyyəti devirə bilməz. Belə cəhdlərin qarşısı əvvəllər necə alınıbsa, bundan sonra da qətiyyətlə alınacaqdır. Hər bir vətəndaş inanmalıdır, bilməlidir ki, pozuculara, milli mənafeyə xəyanət edənlərə cəmiyyətimizdə yer olmayacaqdır. Onlar heç vaxt hakimiyyətə gəlib, hakimiyyəti təmsil edə bilməzlər.

-Cənab nazir, məlum olduğu kimi, müxalifət qüvvələri məqsədlərinə çatmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Qadınların, eləcə də uşaqların bu aksiyalara cəlb olunması və tələbələrə müxtəlif çağırışların olması barədə məlumatlar da yayılır. İstərdim, buna münasibətinizi bildirəsiniz.

-Bu, həqiqətən faktdır. Çünki noyabrın 16-da Aşıq Ələsgər adına mədəniyyət sarayında müxalifətin keçirdiyi görüşdə məhz “Azadlıq” blokuna daxil olan ayrı-ayrı müxalifət liderləri dedilər ki, biz ayın 19-da keçirəcəyimiz yürüş-mitinqə uşaqları, qadınları daha çox cəlb etməliyik və oturaq, fasiləsiz mitinqlərə başlamalıyıq. Bizdə olan məlumata görə, həqiqətən də bu plan hazırlanır. Onlar qadınlardan, uşaqlardan istifadə etmək fikrindədirlər. Burada heç bir Azərbaycan kişisinə xas olmayan keyfiyyət üzə çıxır. Mən çox təəssüflənirəm. Yaxşı, əgər siz mitinq, yaxud davamlı mitinq etmək, polisə müqavimət göstərmək istəyirsinizsə, bunu kişi kimi edin. Amma bacılarımızı, uşaqları bu işə cəlb etmək kişiyə yaraşan sifət deyil. Mən ayrı söz tapa bilmirəm. Amma onu da bilməlidirlər ki, əgər belə hallar baş verərsə, polis öz xidməti vəzifəsini yerinə yetirməyə borcludur və yerinə yetirəcəkdir. Qoy, qanunsuz aksiyanı planlaşdıranlar fikirləşməsinlər ki, onlar kimlərinsə arxasında gizlənə biləcəklər. Bu gün Azərbaycan dövlətinin kifayət qədər gücü də, qüvvəsi də var ki, hər bir qanunsuz aksiyanın qarşısını çox professional səviyyədə alsın. Buna heç kəsdə şübhə olmamalıdır.

Lakin mən eyni zamanda, qadınlara, azyaşlı uşaqlara müraciətlə deyirəm ki, siz belə avantüralara qoşulmayın. Belə avantürist çağırışlar həmişə faciə ilə nəticələnir və cəmiyyətimizə heç bir xeyir gətirmir. Belə çağırışları edənlər, bu qanunsuz hərəkətləri planlaşdıranlar cəmiyyət, millət qarşısında öz məsuliyyətlərini anlamalıdırlar. Başa düşməlidirlər ki, belə hərəkətlər ümummilli mənafeyimizə, azərbaycançılıq ideyalarına zərər gətirir. Belə hərəkətlərdən bütün Azərbaycan vətəndaşları ziyan görə bilər. Çünki bu adamların məqsədi ondan ibarətdir ki, polis qadınla, uşaqla əlbəyaxa olsun və sonra xaricdəki havadarlarına müraciət edib desinlər ki, görürsünüz, Azərbaycan polisi nə qədər qəddardır, nə qədər qeyri-insani keyfiyyətə malikdir ki, qadına, uşağa əl qaldırır. Radikal müxalifətin planı budur.

Onlar eyni zamanda, gənclərə, tələbələrə müraciət edirlər ki, siz universitetləri, təhsilinizi buraxın, davamlı mitinqlərdə iştirak edin. Azərbaycanı, gəncliyini sevən, onun Azərbaycan gənclərini dünya gəncləri arasında öncül yerdə görmək istəyən vətəndaşlar, özlərini partiya lideri adlandıran insanlar necə qıyırlar ki, onları təhsil əvəzinə, elm öyrənmək əvəzinə, biliyini daha da artırmaq əvəzinə, dərslərdən yayındıraraq qeyri-qanuni hərəkətlərə qoşsunlar? Buna nə ad vermək olar?! Məgər Azərbaycan gəncliyinə qayğı bu formada olmalıdır?!

Azəbaycan gəncliyinə qayğını dahi rəhbərimiz Heydər Əliyev hələ 1970-ci illərdə göstəribdir. Sonrakı illərdə də həmişə Azərbaycan gəncliyini, ölkəmizi tanıtdıran, Azərbaycan gənclərinin xaricdə təhsil almasına şərait, imkanı yaradan məhz ulu öndərimiz olmuşdur. İndi bu iş hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan gənclərinin həyat şəraitinin yaxşılaşdırılması üçün ölkə Prezidenti tərəfindən son iki ildə nə qədər tədbirlər həyata keçirilibdir. Azərbaycan gəncliyi, tələbəsi dövlətinə, dövlətçiliyinə həmişə olduğu kimi, bu gün də sədaqət göstərir. Gənclərlə birbaşa təmasda olmayan adamlar bəzən deyirlər ki, bugünkü gənclik pozulub, təhsil almır. Xeyr, elə deyildir.

Bir misal çəkmək istəyirəm. Mən hər il Bakı Dövlət Universitetinin hüquq fakültəsində imtahan komissiyasının sədri kimi iştirak edirəm. Hazırlıqlı gəncləri görəndə insan nə qədər fərəh hissi keçirir və düşünürsən ki, doğrudan da, Azərbaycanda nə qədər bacarıqlı, elmə çox məsuliyyətlə yanaşan gənclərimiz yetişir. Azərbaycan gəncliyi inkişaf yolundadır. Bu inkişaf yolu gələcəkdə də olacaqdır. Çünki Prezidentimiz cənab İlham Əliyevin apardığı siyasət məhz gələcəyə ünvanlanıbdır. Məhz gənclərin daha yaxşı yaşaması, təhsil alması üçün bu siyasət çox uğurla həyata keçirilir. Biz bunun real bəhrələrini görürük. İndi Azərbaycan ictimaiyyəti görür ki, elmdə, idmanda, hər bir sahələrdə gənclərimiz nə qədər fəal, yüksək səviyyəlidirlər, bilikdə də, bacarıqda da Avropa gənclərindən heç də geri qalmırlar. Ona görə də müxalifətin liderlərinin son çağırışları təəssüf doğurur. Düşünürsən ki, məgər müxalifət olanda öz millətinin gələcəyinə bu cür düşmənçilik edilməlidir?!

Mən üzümü gənclərə, tələbələrə tuturam. Siz bu qanunsuz hərəkətlərə qoşulmayın, belə hərəkətlərdən çəkinin. Sizin gələcək xoşbəxt həyatınız üçün bugünkü hakimiyyət, dövlətimizin başçısı çox işlər görür və gələcəkdə də görməyi planlaşdırır. Azərbaycan ictimaiyyətinə, Azərbaycanın bugünkü vəziyyətinə, ölkəmizin problemlərinin həllinə sizin ən böyük töhfəniz yaxşı təhsil almağınız, Azərbaycanda sabitliyin möhkəmlənməsində rolunuz olar. Yalnız bu yolla Azərbaycanın milli mənafeyinə xidmət etmiş olarsınız. Bu çətin, şərəfli yolu birgə keçməliyik, problemlərin həlli ilə məşğul olub onları aradan qaldırmalıyıq.

Ölkə Prezidentinin uğurla apardığı siyasət milli barışıq, cəmiyyətimizdə demokratikləşmə siyasətidir. Bu işlərə xidmət etmək lazımdır. Hörmətli Prezidentimizin apardığı siyasəti hər bir adam öz iş yerində, təhsil ocağında təsdiqləməlidir, buna öz yardımını göstərməlidir. Mən Azərbaycana xidmət etməyi bunda görürəm. Çünki ümummilli liderimiz, dahi rəhbərimiz Heydər Əliyev bunu öyrədirdi. Bu, ən doğru yoldur.

- Cənab nazir, hələ ötən aksiyalarda şəhərin müxtəlif yerlərində asayişin pozulması faktları qeydə alınmışdır. Belə faktlar yenidən təkrarlansa, hansı tədbirlər görüləcəkdir?

- Bilirsiniz, hər dəfə müxalifət şəhər icra hakimiyyətinə müraciət edəndə ki, biz “Qələbə” kinoteatrının qarşısında mitinq keçirmək istəyirik, buna normal baxılır və icazə də verilir. Lakin eyni zamanda, yürüş-mitinqi keçirənlər müəyyən öhdəliklər də, - asayişin qorunması, iştirakçılar tərəfindən qanun pozuntularına yol verilməməsi və sair, - götürürlər. Təəssüflər olsun ki, son bir-iki yürüş-mitinqdə müxalifətin bu işi təşkil edən adamları kütləni, insanları axıra qədər idarə edə bilmirlər. Mən deyərdim ki, bəlkə də özləri buna müəyyən şərait də yaradırlar. Əgər belə olmasaydı, ötən dəfə 20 Yanvar meydanında, bir neçə metro stansiyasının girəcəklərində qanun pozuntuları, müxtəlif xuliqanlıq hərəkətləri törədilməzdi. Yəni, bu adamlar ən azı sonra onların hərəkətlərinə mənfi münasibətlərini bildirməli idilər. Qəzetlərdə də, görüşlərdə də bildirməli idilər. Lakin təəssüflər olsun ki, Aşıq Ələsgər adına mədəniyyət sarayında yığışanda da bu haqda heç bir söz demədilər. Əksinə, belə qeyri-qanuni hərəkətlərin daha çox edilməsi tövsiyə olundu. Belə hərəkətlər planlaşdırılır. Bu, onu göstərir ki, həmin mitinqlərin, yürüşlərin təşkilatçıları asayşin pozulmasında, polislə qarşıdurma yaranmasında özləri maraqlıdırlar. Əgər gələcəkdə də belə hallar təkrar olunacaqsa, şəhər rəhbərliyi qarşısında vəsatət qaldıracağıq ki, bu təşkilatçıların başçılığı, rəhbərliyi ilə yürüş-mitinqlərə icazə verilməsin. Çünki əgər onlar mitinqlərdə idarəçilik, rəhbərlik funksiyasından məsuliyyətdən yaxalarını kənara çəkirlərsə, belə yürüş-mitinqlərə icazə verilməməlidir.

- Müxalifətin keçirdiyi mitinqlərdə “Çadırlar meydana!” şüarı tez-tez səslənir. Necə fikirləşirsiniz, bunu hakimiyyətə qarşı şantaj kimi qiymətləndirmək olarmı?

- Onlara mitinq-yürüş üçün 2-3 saat vaxt ayrılır. Həmin müddət ərzində mitinqi hansı formada istəsələr keçirə bilərlər. Lakin bir daha deyirəm, bütün bunların hamısı əvvəlcədən razılaşdırılmalıdır. Əgər orada əvvəlcədən şəhər rəhbərliyi ilə razılaşdırılmamış hansısa hərəkətlər törədilirsə, bunun qarşısı polis tərəfindən alınmalıdır. Çadırları o zaman gətirirlər ki, onlar icazə verilmiş vaxtdan artıq mitinqlərini davam etdirmək istəsinlər. Belə hal isə artıq Bakı Şəhəri İcra Hakimiyyətinin verdiyi vaxt çərçivəsindən kənara çıxır və təbii ki, onda polis birinci dəfə xəbərdarlıq edir. Əgər xəbərdarlığa məhəl qoyulmursa, sonra qanunda nəzərdə tutulmuş vasitələrlə tədbirlər görür ki, həmin yerdə mitinq dayandırılsın. Yəni qayda, qanun belədir. Heç şübhə yoxdur ki, polis öz xidməti vəzifəsini yerinə yetirib və bundan sonra da yerinə yetirəcəkdir. İndi kimlərsə çadır qurmağı, uzunmüddətli, davamlı mitinqlər etməyi planlaşdırırsa, buna imkan verilməyəcəkdir.

-Necə hesab edirsiniz, 2003-cü il oktyabr hadisələrinin təkrarlanması ehtimalı nə dərəcədə düzdür?

-Niyə biz 2003-cü ilə qayıdırıq? Məsələn, bu il oktyabrın 17-də müxalifətin, eyni zamanda müxalifətin bir partiyasının lideri saydıqları Rəsul Quliyevin planlaşdırdığı hadisələr hamının yadındadır. Həmin gündən başlayaraq, Azərbaycanda kütləvi iğtişaşlar törətmək və bu iğtişaşlar fonunda hakimiyyət çevrilişi etmək planı vardı. Ancaq gördüyünüz bu plan alt-üst oldu və onların istədiyi nəticə olmadı. Biz əvvəllərdən də deyirdik ki, bu cəhdlər, planlar boşa çıxacaq, insanları belə qanunsuz hərəkətlərə sürükləməyin. İndi bilmirəm, bu hərəkətlərin, qeyri-qanuni kütləvi iğtişaşların təşkilatçıları hüquqi məsuliyyətdən əlavə, mənəvi məsuliyyət hiss edirlər, ya etmirlər?! Axı ayın 17-də onlar kütləvi iğtişaş fonunda hakimiyyəti devirməyi planlaşdırmışdılar. Amma alınmadı, alınmayacaq da. Ona görə də normal düşüncəli Azərbaycan vətəndaşı və çox şadam ki, Azərbaycan xalqının tam əksəriyyəti bu fikirdədir ki, cəmiyyətdə yenidən xaos, anarxiya, qarşıdurma yaratmaq olmaz. Cəmiyyət belə hərəkətlərdən bezibdir və xalq bunu istəmir. Biz xalqın bu istəyini təmin etməyə borcluyuq. Ölkə Prezidentinə tabe olan bütün icra qurumları bu istiqamətdə çox dəyərli fəaliyyət göstərir və bundan sonra da göstərəcəklər.

Ölkə Prezidentinin siyasəti Azərbaycan xalqının, Azərbaycanın milli mənafeyinə uyğun siyasətdir. Cəmiyyətimiz də, xaricilər də yaxşı görür ki, Prezidentin ölkədə, xalq arasında, əhali arasında nə qədər yüksək hörməti var, imici nə qədər yüksəkdir. Onun apardığı siyasəti bəyənirlər, dəstəkləyirlər və bu fonda da hər bir icra qurumu öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Polis olaraq, daxili işlər orqanları olaraq, biz də çalışmalıyıq ki, öz vəzifəmizi bundan sonra da şərəflə yerinə yetirək. Azərbaycan xalqının ümidini doğruldaq, Azərbaycan xalqının qanunla bizə həvalə etdiyi sabitliyi, ictimai asayişi qoruyaq. Bundan hər bir Azərbaycan polisi, şəxsi heyətin hər bir üzvü fərəh hissi keçirir, iftixar duyur. Sıravisindən tutmuş, ən yüksək vəzifəli polis əməkdaşına qədər, daxili qoşunların şəxsi heyətinə qədər hər kəs, eyni zamanda, digər hüquq mühafizə orqanlarının əməkdaşları bu vəzifəni yerinə yetirərkən öz vətənlərinə, öz xalqına xidmət etdiklərini başa düşürlər.

Bəzən mətbuatda çox çalışırlar ki, ayrı-ayrı hüquq mühafizə orqanlarını, onların ayrı-ayrı yüksək vəzifəli şəxslərini bir-birinə qarşı qoysunlar. Bu siyasətin haradan, nədən qaynaqlandığını biz çox yaxşı başa düşürük. Ona görə də belə mənfi hallara qarşı birgə mübarizə aparırıq. Cəmiyyətdə sabitliyin qorunması üçün birgə fəaliyyət göstəririk. Bu birliyi də təmin edən, bizə yol göstərən, şərait yaradan ölkənin başçısı, Prezident cənab İlham Əliyevdir.

Cənab İlham Əliyevin qətiyyəti də, eyni zamanda, humanistliyi də, demokratikliyi də hər bir Azərbaycan vətəndaşına yaxşı bəllidir. Ona görə də qoy heç kəs düşünməsin ki, kimsə hansısa bir yolla, müəyyən ultimatum verməklə hansısa bir qanunsuz hərəkətlərə, hansısa məqsədlərinə nail olacaqdır. Bu, mümkün olan məsələ deyildir. Müxalifət bunu birdəfəlik və yaxşı bilməlidir. Müxalifət bilməlidir ki, Azərbaycan yalnız normal müxalifətçiliklə, ümummlli mənafelərə birgə münasibət bəslənilməklə irəli gedə bilər, Azərbaycanda demokratiya inkişaf edə bilər. Bu gün cəmiyyətdə demokratiyanı reallaşdıran, bu prosesi mümkün edən ölkə Prezidentinin apardığı siyasətdir. Azərbaycan xalqı bu siyasəti bəyənir, bu siyasətə “hə” deyir, bu siyasətin arxasınca gedir.

Ən son press-relizlər