DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DAXİLİ İŞLƏR NAZİRİ RAMİL USUBOV BRİFİNQ KEÇİRMİŞDİR

18.10.2005



Oktyabrın 17-də daxili işlər naziri general-polkovnik Ramil Usubov brifinq keçirmişdir.

RAMİL USUBOV: Bildiyiniz kimi, Rəsul Quliyev neçə ildir, neçə aydır, neçə vaxtdır bəyan edir ki, mən Azərbaycana gəlirəm. Biz də çox istəyirik ki, gəlsin. Çünki o, axtarışdadır və istintaqda araşdırılmalı xeyli məsələlər var.

Mən dünən demişəm, dünən axşam görülən tədbirlər sayəsində onun polislə toqquşma yaratmağa cəhd edən qüvvələri hüquq mühafizə orqanları tərəfindən müəyyənləşdirildi. Bir çoxları zərərsizləşdirildi. Görünür ki, görülən bu tədbirlər ona müəyyən dərəcədə psixoloji təsir edib və tərəddüd keçirirdi. Hər halda bizdə olan məlumata görə, o, bu gün Londondan Simferopola uçubdur.

Bayaq mənə bizim mətbuat xidmətinin rəisi məruzə etdi ki, R.Quliyev orada belə bir fikir söyləyib ki, guya Azərbaycan hökuməti buna şərait yaratmayıbdır və ona görə də Bakıya gələ bilmir. Yəni şərait yaratmırlar. Amma mən sizə rəsmi deyirəm, bu gün “Azərbaycan Hava Yolları” Dövlət Konserninin rəhbərliyi ilə kifayət qədər danışıqlar getdi. Vaxt müəyyənləşdirildi, dəqiqləşdirildi ki, təyyarə nə vaxt gələ bilər. Məlumat verildi ki, səhv etmirəmsə, 19.45-də onu gətirən təyyarə Azərbaycana gələ bilər. Lakin görünür, onsuz da əvvəllər də tərəddüd içində olan Rəsul Quliyev qərarından dönüb və bizdə olan məlumata görə, Bakıya gəlməkdən imtina edibdir.

Amma MDB ölkələrinin imzaladığı Konvensiya var. Onu imzalayan ölkələr axtarışda olan cinayətkarların tutulub ekstradisiya olunmasını üzərinə götürübdür. Ona görə bizim verdiyimiz məlumat əsasında Ukrayna İnterpolu onu Simferopolda saxlayıbdır. Hazırda Rəsul Quliyev Ukrayna polisindədir. Onun Azərbaycana verilməsi üçün Respublika Prokurorluğu tərəfindən müvafiq sənədlər, istintaq getdiyinə görə, Daxili İşlər Nazirliyinin istintaq orqanları tərəfindən müvafiq sənədlər hazırlanır. Yəqin ki, ya bu gün, ya da sabah bizim müvafiq əməkdaşlar ekstradisiya məsələsini həll etmək üçün Ukraynaya yola düşəcəklər.

SUAL: Cənab nazir, elə ola bilərmi ki, onlar Rəsul Quliyevi təhvil verməsinlər?

CAVAB: Bilirsiniz, əgər dediyim Konvensiyaya uyğun hərəkət olsa, - hesab edirik, bir halda Ukrayna onu saxlayıb, onun sənədlərinə baxılacaq, öyrəniləcəkdir, - əlbəttə, verilib-verilməməsi Ukrayna Prokurorluğunun səlahiyyətində olan məsələdir. Amma Rəsul Quliyev Azərbaycan vətəndaşıdır və ona konkret faktlara görə ittiham irəli sürülübdür. Mən əvvəlki təcrübədən deyirəm, bütün hallarda, həm Ukrayna tərəfindən axtarılan cinayətkarlar Azərbaycanda müəyyən olunanda biz onlara təhvil vermişik, onlar da bizim tərəfimizdən axtarılan onlarca cinayətkarı tutub Azərbaycana təhvil veriblər. Lakin mən hər bir konkret halda onların əvəzinə heç bir söz deyə bilmərəm. Amma güman edirəm ki, bu məsələ müsbət həll olunmalıdır.

SUAL: Cənab nazir, nə qədər adam həbs olunubdur?

CAVAB: Bilirsiniz, həbs qərarı məhkəmələr tərəfindən verilir. İndi məndə dəqiq məlumat yoxdur, təqribən 80-100 nəfərə qədər adam saxlanılıbdır. Amma onların şəxsiyyətləri araşdırılır, günahlılıq dərəcəsi müəyyən edilir. Ola bilər ki, onların bəzilərinə xəbərdarlıq olunacaq, bəziləri haqqında inzibati cəza tədbirləri görüləcəkdir. Amma ümumən bu günə təqribən 26 nəfər məhkəmə tərəfindən həbs edilibdir.

SUAL: Bütün bunlarla yanaşı, bu gün Bakı şəhərində bir neçə uğurlu əməliyyatlar keçirilibdir. Hüquq mühafizə orqanlarının əməkdaşları paytaxtın bir neçə ərazisində xeyli silah-sursat aşkar edibdir. İlkin məlumata görə, bu silah-sursat radikal müxalifət nümayəndələri tərəfindən toplanıbmış və hansısa iğtişaş törətmək üçünmüş. Onlar görəndə ki, artıq bir neçə polis postları var, silahları müxtəlif yollarla atıblar. Bu barədə nə deyərsiniz?

CAVAB: Bir neçə gün əvvəl daxil olmuş məlumatlara, srağagün olan bir neçə telefon zənglərinə əsasən, Bakı şəhərinə rayonlardan, müxtəlif yerlərdən silah gətirilməsi haqqında daxil olmuş məlumatlara əsasən dünən axşam saat 9-dan başlayaraq, Bakıya gələn bütün yolların girəcəyində postlar qoymuşuq. Səhərə kimi konkret olaraq hansısa bir maşından silah tapılmadı. Amma hava işıqlaşandan sonra müəyyən vətəndaşlar postdan 100-200-300 metr kənarda, yolun qıraqlarında şübhəli əşyaların olması haqqında məlumatlar verdilər. İndiyədək Bakıya gələn yollarda qoyulmuş postlardan bir qədər aralıda, müxtəlif yerlərdə 4 avtomat, 3 tapança, 18 F1 qumbarası, yüzlərlə avtomat patronu, 3 trotil və partlayış etmək üçün başqa döyüş sursatları tapılıbdır.

Ümumən, hesab edirəm ki, daxili işlər orqanlarının şəxsi heyəti, həmçinin Milli Təhlükəsizlik Nazirliyinin, prokurorluğun və digər dövlət qurumlarının işi çox əlaqəli təşkil olunmuşdur. Əlaqəli işlədilər və baş verə biləcək kütləvi iğtişaşın, hər hansı qanunsuz hərəkətlərin kütləvi hal almasının qarşısı vaxtında alındı. Əməkdaşlar bu zaman qanuna çox ciddi əməl etdilər. Bir daha demək istəyirəm ki, onların tam əksəriyyəti dövlətə, dövlətçiliyə sədaqət nümayiş etdirdilər.

SUAL: Cənab nazir, əgər hər şey öz qaydasında gedərsə, ekstradisiya maksimum neçə günə başa çata bilər? Yəni Rəsul Quliyev Azərbaycana nə vaxt təhvil verilə bilər və o, gətirilərsə, - bu fakt sübut olunur ki, müxalifətin əlində müəyyən silahlar var, - əlavə aksiyalar baş verə bilərmi, polis bunun qarşısını almağa hazırdırmı?

CAVAB: Polis hər bir gözlənilməz və yaxud gözlənilən hər hansı bir cinayət aksiyasının, kütləvi qanun pozuntularının qarşısını almağa hər an hazır olmalıdır. Biz buna həmişə hazırıq. Ona görə də gələcəkdə vəziyyətin hər hansı gərginləşməsi halı olarsa, biz əlavə tədbirlərimizi həmişə görürük. Hüquq mühafizə orqanları heç zaman öz sayıqlığını itirmir və itirməməlidir. Mən bu gün ümumən Azərbaycanın hər bir yerində asayişin normal şəkildə qorunduğunu təsdiqləyirəm. Nə Bakıda, nə də respublikamızın bölgələrində asayişin kütləvi şəkildə pozulma etimalı çox aşağıdır. Artıq indi mən bunu deyə bilərəm.

Əvvəllər də qeyd etmişik, normal düşüncəli Azərbaycan vətəndaşı, hər hansı bir ictimai birlik istəmir ki, Azərbaycanda asayişin pozulmasına yol verilsin. Bu asayiş, cinayətkarlığa qarşı uğurlu mübarizə heç də təkcə iqtidar nümayəndələrinə, yaxud da cəmiyyətin hansısa müəyyən bir hissəsinə deyil, bütövlükdə cəmiyyətə fayda gətirir. Eyni zamanda, müxalifətdə olan Azərbaycan vətəndaşları da bundan faydalanırlar. Ona görə mən belə düşünürəm ki, normal düşüncəsi olan hər bir vətəndaş gərək cəmiyyətimizdə, Azərbaycanda olan bugünkü daxili sabitliyi qoruyub saxlasın. Çünki biz yalnız bu yolla tərəqqiyə çata bilərik. Bu fikilər hörmətli Prezidentimiz cənab İlham Əliyevin dilindən dəfələrlə səslənib ki, Azərbaycanda iqtisadi yüksəlişin, digər sahələrdə irəliləyişin əsasını ölkədə ictimai-siyasi sabitlik, asayişin qorunması təşkil edir.

Cənab Prezident dəfələrlə bildirib ki, mən heç kəsə imkan verməyəcəm ki, kimlərsə bu asayişi, əmin-amanlığı pozmağa cəhd etsin. Siz bir daha bunun əyani şahidi oldunuz ki, belə cəhdlər əbəsdir, belə cəhdlər Azərbaycan xalqı tərəfindən yalnız nifrətlə qarşılanır və təqdir edilmir. Rəsul Quliyevin dediyi və adamlarının düşündüyü kimi, heç də on minlərlə deyil, - hətta o, yüz min adam deyirdi, - onun cəmi 300-400 tərəfdarının oraya gəlməsi, polisə hücumu ilə müşayiət olunan hərəkətlər etməsi, inanıram ki, Azərbaycan xalqı tərəfindən nifrətlə qarşılanır, təqdir edilmir və təqdir də edilməməlidir.

Görünür, Rəsul Quliyev Azərbaycandan çoxdan uzaq düşdüyünə görə, ölkədəki real vəziyyəti bilmir. Əgər bilsə, zənnimcə, o, heç vaxt camaatı belə hərəkətlərə çağırmazdı ki, 10, 100 minlərlə adam aeroporta gəlsin, tutulsam, məni polisin əlindən alsın. Onun müraciəti faktiki belə idi ki, siz gəlin aeroporta, polisin məni həbs etməsinə imkan verməyin, məni əlinizin üstündə Bakıya gətirin ki, bəli, Rəsul bəy böyük bir qəhrəmanlıq göstəribdir.

Yəni sağlam, normal, obyektiv düşüncəli insan vəziyyəti real qiymətləndirməlidir. İnsan özü haqqında bu qədər yüksək, reallığa söykənməyən fikirdə olmamalıdır.

Hesab edirəm, Rəsul Quliyevin düzgün çıxış yolu bu olardı ki, əvvəlcədən istintaq orqanlarına bildirəydi ki, mən gəlirəm, özümü təhvil vermək istəyirəm və istintaqda günahımla bağlı ifadələr verəcəyəm, vəkillərim var, sübut edəcəyəm ki, günahkar deyiləm. Heç kəsi oraya dəvət etməyə ehtiyac yox idi. Ola bilər, onun yaxın qohumları, 3-5 nəfər, 10 nəfər görüşmək üçün aeroporta gələ bilərdi. Amma Azərbaycan vətəndaşlarına müraciət etməyə, - bunun üçün pullar paylanılıbdır, - belə hərəkətlərə ehtiyac yox idi. Yaxşı, sən məhkəmə tərəfindən axtarışda ola-ola camaat, xalq, bütün Azərbaycan nəyə görə pişvazına çıxmalıdır ki, bəli, sən yaxşı etmisən, Azərbaycan xalqının əmlakını dağıtmısan, indi də sənə böyük şərəf göstərib səni qaşılayırıq?

Hesab edirəm ki, Azərbaycan dövlətinin, hökumətinin qərarı düzgündür, keçirdiyi tədbirlər qanun, beynəlxalq hüquq normaları çərçivəsindədir. Ən başlıcası odur ki, xalqımız görülən bu tədbirləri alqışlayır. Düzdür, çox təəssüflənirəm ki, bizim günahımız olmadan insanların müəyyən hüquqlarının məhdudlaşdırılması üçün bəzi tədbirlər görmüşük. Yəni bu işdə günahı olmayan bəzi vətəndaşlarımız əziyyət çəkdi. Aeroportun ətrafında və digər zonalarda hərəkəti məhdudlaşdırmağa məcbur olduq. Yəqin vətəndaşlarımız bizi başa düşər, üzürlü sayar ki, bunu onların təhlükəsizliyinin təmin olunması üçün etmişik. Biz heç zaman bunu istəmirdik. Bəzən ayrı-ayrı jurnalistlər də, xaricdən gələn nümayəndələr də soruşurlar ki, toqquşma olacaqmı? Məgər, nə vaxtsa belə bir fakt olubmu ki, dövlət qurumu, dövlətin hüquq mühafizə orqanı özünün təşəbbüsü ilə gedib hansısa bir vətəndaşla, qrupla toqquşma yaratsın? Bu, heç bir məntiqə sığan deyildir. Əgər bu gün, yaxud dünən bu hərəkətlər, polisə qarşı zorakılıq cəhdləri, polisin, daxili işlər orqanlarına, ümumiyyətlə, hüquq mühafizə orqanlarına qarşı güc tətbiq etməklə bağlı hazırlıq işlərinin görülməsi olmasaydı, təbii ki, dünənki və bugünkü hadisələr də baş verməzdi. Mənə elə gəlir ki, bunda hakimiyyəti, onun icra qurumlarını günahlandırmaq ədalətsizlik olardı.

SUAL: Cənab nazir, ekstradisiyanın müddəti nə qədər ola bilər?

CAVAB: Ukrayna qanunlarına görə, ekstradisiyanın müddəti 40 gün çəkir. Bizim Baş Prokurorluq onun Azərbaycana təhvil verilməsi məsələsini Ukrayna tərəfi ilə, - Ukraynanın Baş Prokurorluğu ilə 40 gün müddətinə həll edə bilər.

SUAL: Cənab nazir, siz bayaq MDB ölkələri ilə əməkdaşlıqla bağlı danışdınız. Bu ərəfələrdə, Ayaz Mütəllibovun da ekstradisiyası reallaşa bilərmi?

CAVAB: Bilirsiniz, burada vəziyyət bir az başqa cürdür. Yəni Ayaz Mütəllibov Rəsul Quliyev kimi belə bir müraciət etməyib ki, gəlirəm, məni qarşılayın. Belə bir müraciəti yoxdur. Ayaz Mütəllibov öz namizədliyini veribdir. O, namizəd kimi qeydə alınıbdır. Seçki də olacaq, əgər deputat seçilərsə, ondan sonra onun Azərbaycana gəlmək məsələsinə dediyim qaydada baxmaq olar. Yəni haysız-küysüz, camaatı toplamadan istintaqa gələr, bu məsələyə baxıla və qanun çərçivəsində qərar verilə bilər. Başqa forma, ictimai asayişi pozmaq, kütləni bu işə cəlb etmək, - bu, düzgün yol və düzgün seçim deyildir. Ona görə də mən indi deyə bilmərəm ki, Ayaz Mütəllibovun hansı planları var.

SUAL: Cənab nazir, Rəsul Quliyevin Ukraynada saxlanılması barədə məlumatdan sonra Azərbaycan Demokrat Partiyası üzvləri şəhərdə hansısa çaxnaşma, xaos yaratmağa can atarlarmı, belə məlumatlar gəlirmi?

CAVAB: Bilirsiniz, məlumatlar dünənə kimi gəlirdi ki, bəli, bunlar hazırlaşırlar. Siz bilirsiniz ki, kimlər həbs olunubdur, müəyyən tədbirlər görülübdür. Biz heç zaman marağında deyilik ki, bu düşüncə ilə yaşayan, buna hazırlıq işləri görən adamların hamısı tutulsun, həbsxanaya girsin. Biz bunun marağında deyilik. Qanunu pozmaq yoluna düşən adamların tutulmasından sonra kim özü üçün düzgün nəticə çıxarırsa, bizim onlarla işimiz yoxdur. Amma xeyr, bununla kifayətlənməyib Azərbaycanda qanunu, ictimai-asayişi pozmaq, respublikamızda vəziyyəti gərginləşdirmək üçün fəal fəaliyyət göstərəcəksə, təbii ki, qanunun gücü onlara tətbiq ediləcəkdir.

SUAL: Cənab nazir, bu gün keçirilən digər əməliyyat nəticəsində keçmiş maliyyə naziri həbs olunubdur. Bununla bağlı nə deyə bilərsiniz?

CAVAB: Bəli, keçmiş maliyyə naziri Fikrət Yusifovun saxlanılması, məhkəmə tərəfindən həbs edilməsi - bizdə, hüquq mühafizə orqanlarında məlumat var idi ki, həmin qrupları polisə qarşı yönəltmək üçün onların maliyyə təminatı məhz Yusifova həvalə olunmuşdur, - barədə Azərbaycan ictimaiyyətinə məlumat vermişik. Keçirilən əməliyyat nəticəsində bu məlumat bir daha öz təsdiqini tapdığına görə, o, saxlanıldı. Bildirdiyim kimi, axtarış zamanı ondan 100 min avro və 60 min ABŞ dolları, müəyyən başqa sənədlər götürülübdür. İndi istintaq getdiyinə görə, istintaq sirrini açmağa hüququm yoxdur. Amma tamamilə əsaslı saxlanılıb və tutulubdur.

Gəncənin keçmiş polis rəisi Natiq Əfəndiyev saxlanılıbdır. Bu gün polislə toqquşma zamanı polisə xəsarət yetirən bir neçə adam var, onlar da saxlanılıblar. Bütün bunlar araşdırılır. Eyni zamanda, silahların haradan, kim tərəfindən gətirilməsi, alınması araşdırılır. Bütün bunların hamısı istintaq zamanı araşdırılacaqdır.

Respublika Prokurorluğu ilə Daxili İşlər Nazirliyinin birgə əməliyyat-istintaq qrupu, həmçinin Milli Təhlükəsizlik Nazirliyinin müvafiq xidmətləri bu işdə yaxından iştirak edir, kömək edirlər. Bu məsələlər birgə tam obyektiv, qanunauyğun şəkildə araşdırılacaqdır.


Ən son press-relizlər