DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili işlər naziri Ramil Usubovun NATO PA-nın 58-ci Rouz-Rout seminarında çıxışı

25.11.2004



Hörmətli seminar iştirakçıları!

İşimizi, “Sabitliyin pozulmasının daxili potensial amilləri” mövzusuna həsr olunmuş birinci sessiya çərçivəsində davam etdiririk.

Plenar iclasda səslənən çıxışlarda müzakirə olunan bu geniş spektrli məsələnin əhəmiyyətinə xüsusi diqqət yetirilmiş, yeni çağırış və təhdidlərə qarşı dövlətlərin, bütün dünya birliyinin və pozitiv qüvvələrin səylərinin birləşdirilməsinin zəruriliyi qeyd edilmişdir.

Sabitlik - ölkənin həyatının bütün sahələri üçün dinamik inkişafın başlıca qarantı, tərəqqinin, sosial, iqtisadi və mədəni inkişafın təməlidir. Sabitlik - həm də bazar iqtisadiyyatının və infrastrukturun inkişafı, sağlam ekologiya, etibarlı müdafiə, qanunun aliliyi, insan hüquqlarına riayət, ölkəyə investisiya qoyuluşu üçün əlverişli şərait, dünya birliyinə fəal inteqrasiya deməkdir.

Məhz sabitliyin təminat verdiyi bu dəyərlərin, gənc və müstəqil Azərbaycan dövləti üçün həyati əhəmiyyətliliyini nəzərə alan xalqımızın ümummilli lideri Heydər Əliyev, böyük müdriklik və uzaqgörənliklə ölkənin daxili və xarici siyasətinin dəqiq strateji kursunu, gələcək perspektivini təyin etmişdir. Onun əsasını - sülhsevər xarici siyasət, bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, dünya birliyinə aktiv inteqrasiya təşkil edir. Daxili siyasət sahəsində isə - demokratik dəyərlərə sarsılmaz bağlılıq, insan və vətəndaş hüquqlarının qorunması, ictimai-siyasi sabitlik və ölkə iqtisadiyyatının intensiv inkişafı durur. Bu kurs hazırda Azərbaycan Respublikasının Prezidenti,  Zati-aliləri İlham Əliyevin  rəhbərliyi altında xalqımızın birgə səyi ilə ardıcıl olaraq uğurla həyata keçirilməkdədir.

İstərdim ki, respublikamızda sabitliyin əldə edilməsi və möhkəmləndirilməsi məqsədi ilə, son illər ərzində görülən işlər barədə reqlament çərçivəsində qısa məlumat verim.

Yaxşı məlumdur ki, ölkəmizdə stabilliyin təmin edilməsi işinə necə çətin bir şəraitdə başlanılmışdır. 1992-1993-cü illərdə hakimiyyətin tam bacarıqsızlığı və iradəsizliyi, dövlət idarəçiliyindəki hərc-mərclik, korrupsiya, sistemli səhvlər, cinayətkarlığın baş alıb getməsi, bütün bunların nəticəsində ölkədə yaranmış xaos və özbaşınalıq, habelə öz problemləri ilə üz-üzə qalmış yüz minlərlə qaçqın və məcburi köçkün və s. hallar göz qabağında idi.

Azərbaycan Respublikasının 20 faiz ərazisinin işğalı və Dağlıq Qarabağda silahlı separatçıların fəaliyyəti fonunda yuxarıda qeyd etdiyim faktorların təhlili, respublikada sabitliyin bütövlükdə hansı obyektiv və subyektiv çətinliklər hesabına yaradılması haqqında geniş təsəvvür yaradır.

Seminarın proqramı baxımından, Sizin diqqətinizi daxili sabitliyin mühüm tərkib hissəsi olan hüquq-mühafizə aspektinə  yönəltmək istərdim.

Bu gün ölkəmizdə dövlət müstəqilliyinin və demokratik prinsiplərin möhkəmlənməsi, geniş miqyaslı iqtisadi islahatların həyata keçirilməsi, ictimai münasibətləri tənzimləyən hüquqi mexanizmlərin təkmilləşdirilməsi prosesi uğurla davam etdirilir.

Biz sülhsevər xarici siyasət yürütməklə, məqsədyönlü şəkildə dünya birliyinə inteqrasiya olan hüquqi və dünyəvi dövlət qururuq.

Ölkədə demokratik və hüquqi islahatlar aparılmış, cinayət qanunvericiliyi humanistləşdirilmiş, insan hüquq və azadlıqlarının müdafiəsinə və qanunun aliliyinin təmin olunmasına xidmət edən əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması ümumdövlət vəzifəsi olduğundan, hüquq-mühafizə strukturları məhz bu dəyərlər çərçivəsində öz fəaliyyətlərini davam etdirirlər.

Sabitliyin pozulmasına təsir edə biləcək daxili potensial amillərin qarşısının alınması yönümündə görülən işlər yüksək fəallıqla aparılır. Son illər ərzində kriminogen duruma nəzarət və ona real təsir sistemi keyfiyyətcə ciddi dəyişikliklərə məruz qalmışdır. Cinayətkarlıqla  mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin  möhkəmləndirilməsi üzrə məqsədyönlü şəkildə təşkilati və praktiki tədbirlər həyata keçirilir. Bütün səylər cinayətlərin profilaktikasına və açılmasına, onları törədən şəxslərin axtarışına, mülkiyyətin hər bir formasının hüquqazidd əməllərdən qorunmasına, bu istiqamətlərdə beynəlxalq əməkdaşlıq əlaqələrinin effektli təşkilinə yönəlmişdir.

Sıx qarşılıqlı əlaqədə fəaliyyət göstərən ölkənin  hüquq-mühafizə orqanları tərəfindən sabitliyin pozulmasının potensial amillərindən olan beynəlxalq terrorizmlə, ekstremizmlə, separatçılıqla, mütəşəkkil cinayətkarlığın müxtəlif növləri, o cümlədən silahların, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya ilə mübarizə üzrə də özündə effektli struktur islahatlarını, idarəçilik, praktik və xüsusi tədbirləri əks etdirən kompleks ölçülər götürülür.

Kriminal qrupların ilkin mərhələdə ifşa olunmasına, odlu silahların qanunsuz dövriyyədən çıxarılmasına xüsusi diqqət yetirilir. Son 10 ildə əllərdə qanunsuz saxlanılan 25 minə yaxın odlu silah yığılmış, qrup halında 14 min 700 cinayət törətmiş 33 min nəfər tutularaq cinayət məsuliyyətinə cəlb edilmişdir.

Son illər ölkəmizdə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə - özündə normayaradıcılıq fəaliyyətini, beynəlxalq əməkdaşlığın fəallaşdırılmasını və hüquq-mühafizə orqanlarının işinin müasir səviyyədə təşkilini əks etdirən kompleks tədbirlər görülmüş və bu gün də uğurla davam etdirilir.

Həmin məqsədlərlə xüsusi dövlət komissiyası yaradılmış, “Narkomaniyanın yayılması, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Ümummilli Proqram”lar təsdiq edilmişdir.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işində milli qanunvericilik aktları ilə yanaşı, Azərbaycanın qoşulduğu BMT-nin 1961, 1971 və 1988-ci il tarixli məlum Konvensiyaları, bu mötəbər beynəlxalq təşkilatın Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin tövsiyələri rəhbər tutulur, həmçinin müsbət təcrübəsi olan dövlətlərin mütərəqqi iş metodlarından geniş istifadə olunur.

Göstərilən sahəyə hər hansı bir diqqətsizliyin ölkədəki narkosituasiyanın pisləşməsinə gətirib çıxaracağı, ümumiyyətlə, cinayətkarlığın dinamikasına mənfi təsir göstərə biləcəyi baxımından, narkotiklərin qaçaqmalçılığı kanallarının vaxtında aşkar edilməsi və qarşısının alınması məsələsi daim xüsusi diqqət mərkəzində saxlanılır.

Təəssüf ki, cinayətkarlığın bu növünün latentlik səviyyəsi çox yüksək olduğundan qanunsuz dövriyyədən narkotik vasitələrin ən yaxşı halda 10 faizə qədərini çıxarmaq mümkün olur, qalan hissəsi isə “qara bazarlarda” realizə edilir.

Qeyd olunan yönümdə qarşımızda duran vacib vəzifələrdən biri də, ölkəmizin geopolitik mövqeyi baxımından, dövlətimizin ərazisindən narkotiklərin Qərbə daşınması üçün tranzit dəhlizi kimi istifadə edilməsinin qarşısını almaqdan ibarətdir.

Təcrübə göstərir ki, transmilli cinayətkar birləşmələr üçün son dərəcə cəlbedici görünən bu marşrutlardan istifadə olunması məqsədi ilə uzun illərdir ki, ciddi səylər göstərilir. Əsasən 3 marşrut haqqında ciddi fikir söyləmək olar. Həmin marşrutlardan birincisi tranzitlə “Əfqanıstan-Türkmənistan-Xəzər dənizi vasitəsilə Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa”; ikincisi, “Əfqanıstan-İran-Azərbaycanın işğal olunmuş əraziləri - Dağlıq Qarabağ-Ermənistan-Gürcüstan-Avropa”; üçüncüsü, “Əfqanıstan-İran-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa” marşrutudur.

Respublikada narkotik xassəli bitkilərin əkin sahələrinin məhv edilməsi, narkomanların müəyyən edilməsi və onların reabilitasiyası, əhali arasında hüquqi maarifləndirmə və izahat işlərinin aparılması yönümündə də ardıcıl tədbirlər həyata keçirilir.
Hörmətli seminar iştirakçıları!

Sabitliyə mənfi təsir edən amillərdən biri kimi qanunsuz miqrasiyaya və insan alverinə qarşı mübarizə üzrə fəaliyyət sahəsi də daim diqqət mərkəzində saxlanılan vacib məsələlərdəndir.

Çünki qeyri-leqal miqrasiya, eyni zamanda, narkotrafik, silahların qanunsuz dövriyyəsi, insan alveri, qaçaqmalçılıq, iqtisadi fəaliyyət və vergi siyasəti sahəsində qanun pozuntuları, korrupsiya halları və s. cinayətlər üçün əlverişli şərait yaratmaqla bərabər, insan və vətəndaş hüquqlarının kobud surətdə pozulması halları ilə də müşayiət olunur.
Biz qanunsuz miqrasiya ilə mübarizəni beynəlxalq terrorçuluğun və digər transmilli cinayətlərin qarşısının alınmasında mühüm şərtlərdən biri kimi qiymətləndiririk.

Bu məsələnin tənzimlənməsi məqsədi ilə respublikada müvafiq normativ-hüquqi baza yaradılmış və belə hüquqazidd əməllərə qarşı mübarizədə respublikanın hüquq-mühafizə orqanları və digər aidiyyəti dövlət strukturları əlaqəli fəaliyyət göstərirlər.

Azərbaycan Respublikası tərəfindən 2000-ci il dekabrın 12-də imzalanmış və 2003-cü il mayın 13-də Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasının, onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” Protokolun, habelə 2002-ci il sentyabrın 20-də qəbul edilmiş “İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında” Brüssel Bəyannaməsinin müddəaları nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə Üzrə” Milli Fəaliyyət Planı təsdiq edilmişdir. Milli Fəaliyyət Planında həmin beynəlxalq sənədlərin müddəaları nəzərə alınmaqla və bu sahədə göstərilən səylər dəstəklənməklə, eləcə də insan və vətəndaş hüquq və azadlıqlarına riayət edilmə prinsipləri əsasında prioritet istiqamətlər müəyyən edilmiş, bu məsələlər üzrə koordinatorluq Daxili İşlər Nazirliyinə həvalə edilmişdir.

Milli Fəaliyyət Planının əsasını təşkil edən tədbirlər sırasında - qanunverici bazanın təkmilləşdirilməsini, iştirakçıların fəaliyyətinin koordinasiyasını, Milli Koordinatorun təyin edilməsini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərkibində insan alveri ilə mübarizə üzrə Xüsusi polis qurumunun yaradılmasını, insan alveri ilə bağlı cinayətlərin qurbanlarının və ehtimal olunan qurbanlarının müdafiəsinin təmin edilməsini və s. göstərmək olar.

Qeyd etmək istərdim ki, cari ilin may ayında Daxili İşlər Nazirliyinin strukturunda yaradılmış İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən xeyli iş görülmüşdür.

Bütövlükdə, respublikada əməliyyat şəraiti ciddi nəzarət altındadır. Ölkədə ictimai-siyasi sabitliyin dönməzliyinin təmin edilməsindən irəli gələn müsbət tendensiyalar günbəgün möhkəmləndirilir.

Həyata keçirilən tədbirlərin məntiqi nəticəsi olaraq Azərbaycan Respublikasında son 10 ildə cinayətlərin, xüsusən onun ağır növlərinin əhəmiyyətli dərəcədə azalması müşahidə olunur.

Belə ki, qəsdən adamöldürmələr 3 dəfədən, quldurluq və soyğunçuluq hadisələri 4 dəfədən, odlu silahın tətbiqi ilə törədilən cinayətlər isə 10 dəfədən çox azalmışdır. Eyni zamanda, qeyri-aşkar şəraitdə baş vermiş cinayətlərin açılma faizi də yüksək olaraq qalmaqdadır.

Bununla yanaşı, sabitliyə neqativ təsir edə biləcək transmilli mütəşəkkil cinayətkarlığın, beynəlxalq terrorizmin və aqressiv separatizmin doğurduğu təhdidlərə layiqli cavab verməyə daim hazır olmağımızın vacibliyini də bilirik. Çünki belə təzahürlərin ekspansiyası gündən-günə daha aydın nəzərə çarpmaqdadır.

Bu gün terrorizmin, ekstremizmin, separatizmin, dini fundamentalizmin miqyasının daha da genişlənməsi, eləcə də cinayətkar biznesin bir çox növlərinin, o cümlədən odlu silahların, radioaktiv maddələrin qanunsuz dövriyyəsi, insan alveri, qeyri-leqal miqrasiya, “çirkli” pulların yuyulması kimi hüquqazidd əməllərin artması dünya birliyini narahat edən problemlərdir.

Göstərilənlər baxımından ölkəmizdə də ekstremist təzahürlərə meyilli şəxslərin müəyyən edilməsi üzrə hərtərəfli profilaktik tədbirlər həyata keçirilir. Bununla əlaqədar şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi işinə nəzarət gücləndirilmiş, terror təşkilatları ilə bilavasitə əlaqəsi olanların ekstradisiya edilməsində Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Xarici İşlər Nazirlikləri,  Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti  və digər aidiyyəti qurumlar sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər.  Bu qəbildən olan şəxslərə ölkəmizdə sığınacaq verilməsi,  yaxud onların dövlət strukturları tərəfindən hər hansı formada vəsait və vasitələrlə təmin edilməsi birmənalı olaraq istisnadır. Terrorizmlə əlaqəsi olan şəxslərin və təşkilatların pul, maliyyə vəsaitlərinin və digər iqtisadi gəlir mənbələrinin dondurulması üzrə də qətiyyətli tədbirlər görülür.

Terror aktlarının qarşısının alınması ilə əlaqədar digər dövlətlərin terrorizmlə mübarizə sahəsində səlahiyyətli orqanları ilə daimi informasiya, o cümlədən əməliyyat xarakterli məlumatların mübadiləsi aparılır. Bu baxımdan, ölkənin Milli Təhlükəsizlik Nazirliyi tərəfindən son beş il ərzində “Əl-Cihad” və “Qafqaz İslam Ordusu” kimi terrorçu təşkilatlarla əlaqəsi olan 30-a yaxın şəxs tutulmuş, qanunsuz silahlı birləşmələrin 20-dən çox iştirakçısının məhkəmə məsuliyyətinə cəlb olunması təmin edilmişdir. Bu işlərdə Daxili İşlər Nazirliyinin strukturları da yaxından köməklik göstərmiş, eləcə də digər hüquq-mühafizə və xüsusi xidmət orqanları ilə birgə bir sıra uğurlu əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir. Belə ki, göstərilən müddətdə, Rusiya Federasiyasının müxtəlif şəhərlərində yaşayış binalarını partlatmış, habelə yüzlərlə insanın ölümü ilə nəticələnən digər terror aksiyaları törədib Azərbaycanın ərazisində gizlənməyə cəhd göstərmiş radikal vəhhabi hərəkatının Şimali Qafqazdakı terrorçu qruplaşmalarının 14 üzvü tutularaq həmin ölkəyə təhvil verilmişdir.

Qeyd olunanlarla yanaşı, terror aktlarının maliyyələşdirilməsi və dəstəklənməsi ilə bağlı cinayət təqibləri üzrə də tərəfimizdən hər cür yardımlar göstərilir.

Diqqətinizə onu da çatdırmaq istərdim ki, başqa  ölkələrdə terror aktlarının törədilməsi üçün Azərbaycanın ərazisindən istifadə edilməsinin qarşısının alınması məqsədi ilə respublikanın hüquq-mühafizə və xüsusi xidmət orqanları tərəfindən lazımi əməliyyat-axtarış, hüquqi və digər zəruri tədbirlər həyata keçirilir.

Məlumdur ki, antiterror fəaliyyətinin mühüm istiqamətlərindən biri də terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizədə fəal iştirakdır. Maliyyələşdirmənin əsas kanal və mənbələri sırasında terror aktlarının təşkilatçılarına və icraçılarına kuryerlər tərəfindən birbaşa nəqd pul vəsaitlərinin çatdırılması və humanitar xeyriyyə təşkilatları vasitəsilə maliyyələşdirilməsi tez-tez müşahidə olunan mexanizmlərdir. Respublikanın aidiyyəti dövlət orqanları tərəfindən bu sahədə əməliyyat şəraitinə çox ciddi nəzarət olunur.

Görülmüş məqsədyönlü işlərin nəticəsi olaraq son illər terrorçulara maliyyə vəsaitlərinin ötürülməsində şübhəli bilinən 6 humanitar təşkilatın Bakıdakı filialları aşkar edilərək fəaliyyətləri dayandırılmış, bu təşkilatlara aidiyyəti olan 43 şəxs ölkənin hüdudlarından kənara çıxarılmışdır.

Terrorizmə himayədarlığın daha təhlükəli formalarından biri də terrorçulara sponsorluq edən ölkələr tərəfindən separatçı rejimlərin dövlət səviyyəsində maliyyələşdirilməsidir. Qeyd etmək lazımdır ki, mərkəzi hakimiyyətin rəyi nəzərə alınmadan, dolayı yolla separatçı rejimlərə hər hansı bir formada - müvafiq layihələrin həyata keçirilməsi, məqsədli yardım, yaxud donor əməliyyatları və ya bu rejimlərə sponsorluq edən ölkələrin əvəzsiz hərbi yardımı şəklində himayədarlıq etmək terrorizmin vasitəli olaraq maliyyələşdirilməsidir. Belə rejimlərə yardımın davam etdirilməsi yolverilməzdir və eyni zamanda, BMT-nin Təhlükəsizlik Şurasının 1373 nömrəli qətnaməsinə ziddir.

Azərbaycan Respublikası, dəfələrlə Ermənistanın xüsusi xidmət orqanlarının Dağlıq Qarabağ separatçıları ilə birgə həyata keçirdikləri terror aktlarının hədəfinə çevrilmişdir. Qarşıdurma xəttindən 100 kilometrlərlə kənarda törədilmiş 32 terror aktının məhz Ermənistanın xüsusi xidmət orqanları tərəfindən həyata keçirilməsi prosessual qaydada sübuta yetirilmişdir.

Bu gün isə beynəlxalq terrorizm, separatizm, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq artıq bütün dünya ölkələri üçün yeni təhdidlər yaratmaqda və çağırışlar etməkdədir. Belə təhlükəli təzahürlərə cavab vermək, təbii ki, yalnız ümumi səylər və beynəlxalq əməkdaşlığı gücləndirmək nəticəsində mümkündür. Azərbaycan Respublikası bu işdə çoxtərəfli, regional, eləcə də ikitərəfli səviyyələrdə fəal iştirak edir.

Hörmətli tədbir iştirakçıları!

Məlum olduğu kimi, 2001-ci ildə Amerika Birləşmiş Ştatlarında baş vermiş və bəşər tarixində ən qanlı və ən dəhşətli terror aksiyalarından sayılan 11 sentyabr hadisələrindən sonra terrorizmlə mübarizə keyfiyyətcə yeni mərhələyə qalxmışdır. Azərbaycan Respublikası həmin faciədən dərhal sonra, tərəddüd etmədən antiterror koalisiyasına qoşulmuş və bununla bağlı qanunverici, təşkilati və əməli tədbirlərin həyata keçirilməsi üçün beynəlxalq terrorizmlə mübarizəyə öz töhfəsini vermişdir.

Azərbaycan bu sahədə BMT-nin 11 Konvensiyasını, Avropa Şurasının isə 10 sənədini imzalamışdır. Respublikanın Cinayət Məcəlləsində edilmiş dəyişikliklər nəticəsində terrorizmə qarşı məsuliyyət sərtləşdirilmiş, terrorizmin maliyyələşdirilməsi ayrıca cinayət tərkibi kimi kriminallaşdırılmış və “Terrorizmə qarşı mübarizə haqqında” Qanuna dəyişikliklər edilmişdir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin  11 may 2002-ci il tarixli Sərəncamı ilə müvafiq Tədbirlər planı təsdiq edilmiş və həmin sənəddə respublikanın Milli Təhlükəsizlik, Daxili İşlər Nazirliklərinin, Baş Prokurorluğun, Dövlət Sərhəd Xidmətinin və digər hüquq-mühafizə orqanlarının üzərinə müvafiq vəzifələr qoyulmuşdur.

Azərbaycanda sabitliyin pozulmasına real təsir edə bilən daxili potensial amillər haqqında danışarkən, bu günədək öz həllini tapmamış Dağlıq Qarabağ problemini xüsusilə qeyd etmək istərdim. Çünki Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılmasının, o cümlədən torpaqlarımızın işğaldan azad edilməsinin, bir milyondan artıq məcburi köçkünün öz doğma yurdlarına qayıtmasının, bütövlükdə Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən tam və ədalətli həllinin vaxtı artıq çoxdan çatmışdır. Separatçı məqsədlərə nail olmaq üçün hər cür vasitəyə əl atanlara, o cümlədən terror aktları törətməkdən çəkinməyənlərə bu gün dünya birliyi öz qəti sözünü deməli, öz qətiyyətini və iradəsini göstərməlidir. Onlar bütün regionda sabitliyə, sülhə və tərəqqiyə təhlükə yaratmaqla bərabər bölgənin iqtisadi inkişafı və təhlükəsizliyi üzrə yeni layihələrin həyata keçirilməsinə də maneələr törədirlər. Bunların sırasında Bakı-Ceyhan kimi son dərəcə əhəmiyyətli layihə xüsusilə qeyd olunmalıdır.

NATO-nun Baş Katibi cənab Sxeffer, bu yaxınlarda Bakıya səfəri zamanı, “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində dövlətimizə yardımın davam etdiriləcəyini və Alyansın Azərbaycanın ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşacağını bəyan etmişdir.
Ölkənin rəhbərliyi və bütün Azərbaycan xalqı problemin sülh yolu ilə həll olunacağına, dünya birliyinin bu işdə yardım edəcəyinə inanır və öz ümidlərini itirmirlər, lakin dözüm də hədsiz ola bilməz.

Hörmətli seminar iştirakçıları!

Bu gün biz dinamik və qarşılıqlı asılılığı olan bir dünyada yaşayırıq. Amerika Birləşmiş Ştatlarında, habelə son vaxtlar Misir, Türkiyə, İspaniya, Pakistan və Rusiyada törədilmiş terror aktları göstərir ki, hazırda dünyanın heç bir ölkəsi bu dəhşətli bəladan özünü müdafiə olunmuş hesab edə bilməz. Sabitliyə, milli təhlükəsizliyə qarşı artmaqda olan belə təhdidlər terrorizmlə, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizəni ayrı-ayrı dövlətlər səviyyəsində deyil, yalnız beynəlxalq birlik çərçivəsində həyata keçirməyə və bu işdə vahid cəbhədən çıxış etməyə çağırır. Eyni zamanda, biz beynəlxalq terrorçuluqla mübarizə sahəsində fəaliyyətin daha da təkmilləşdirilməsinə, müxtəlif ölkələrin təcrübəsinin öyrənilməsinə, peşəkarlığın artırılmasına daim xüsusi diqqət yetirmiş və bundan sonra da yetirəcəyik.

Ölkəmizin mühüm güc strukturlarından olan Daxili İşlər Nazirliyi NATO ilə əməkdaşlıq əlaqələrinin genişlənməsində maraqlıdır və müvafiq proqramların iştirakçısıdır.

Nazirlik özünün səlahiyyətləri daxilində və fəaliyyət istiqamətləri üzrə Planlaşdırma və Analiz prosesi çərçivəsində bir neçə tərəfdaşlıq sahəsini müəyyənləşdirmişdir. Nazirliyin sərəncamındakı Daxili Qoşunların tərkibində Beynəlxalq Əməliyyatlar zamanı mühafizə-təhlükəsizlik məsələləri ilə əlaqədar sülhməramlı xüsusi polis taboru hazırlanır və bu yönümdə intensiv iş aparılır.

Daxili Qoşunların nümayəndələri NATO ilə Tərəfdaşlıq Əməliyyat Planı çərçivəsində həyata keçirilən tədbirlərdə, habelə əməkdaşlıq üzrə müvafiq Komissiyanın İşçi Qrupunun iclaslarında iştirak edirlər.

NATO və ona üzv dövlətlər ilə əməkdaşlıq şəraitində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının müasir tələblər səviyyəsində yenidən təşkil olunması, komanda və nəzarət sistemlərinin, informasiya təhlükəsizliyinin təkmilləşdirilməsi sahəsində bir sıra tədbirlərin həyata keçirilməsi də planlaşdırılır.

Bundan başqa, NATO-nun terrorizmə qarşı mübarizə üzrə proqramları dövlətin hüquq mühafizə strukturlarından olan daxili işlər orqanları üçün də yeni imkanlar açır. Eyni zamanda, NATO ilə əməkdaşlıq üzrə perspektiv planların reallaşdırılmasında Alyansın yardımlarına da ehtiyac vardır. Burada mən, ilk növbədə, maddi-texniki və metodiki köməklik göstərilməsini, təcrübə mübadiləsinin, yüksək səviyyəli mütəxəssislər tərəfindən seminarların, treninqlərin, məqsədli xüsusi kursların təşkil edilməsini nəzərdə tuturam.

Hörmətli tədbir iştirakçıları!

Cənubi Qafqazda təhlükəsizlik və bu kontekstdə sabitliyin pozulmasının daxili potensial amilləri mövzusunda diqqətinizə çatdırdığım məsələlər, habelə Şimali-Atlantika Alyansının Cənubi Qafqazdakı fəaliyyəti və bu yönümdə aparılan analitik araşdırmalar onu deməyə əsas verir ki, NATO-nun strukturları həm ayrı-ayrı ölkələr, həm də bütöv bir region miqyasında təhlükəsizliyin təmin edilməsi baxımından böyük potensiala, kifayət qədər gücə və real imkanlara malikdirlər. Ən başlıcası isə, Alyans inkişaf etmiş demokratik dövlətlərin siyasi iradəsini təcəssüm etdirir.

Sözsüz ki, NATO nümayəndələri ilə partnyorluq münasibətləri perspektivdə bizim üçün mühüm əhəmiyyət kəsb edir və bundan ötrü mükəmməl, qarşılıqlı maraq doğuran və dəqiqliklə müəyyən edilmiş oriyentirlərə əsaslanan strategiyanın olması vacibdir. Hazırda Azərbaycanın NATO ilə fərdi partnyorluğunun əməliyyat planı üzərində intensiv iş aparılmaqdadır. Virtual İpək Yolu layihəsi, elm və ekologiya sahəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunur. Artıq əməkdaşlığın bir çox sahələri üzrə prioritet istiqamətlər müəyyənləşdirilmiş və hazırkı mərhələdə bir sıra ilkin razılaşmalar əldə olunmuşdur.

Şimali-Atlantika Alyansı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrimizin möhkəmləndirilməsi həm də zamanın tələbidir və hesab edirəm ki, ölkələrimizin maraqlarına cavab verən bu mövqe, eyni zamanda, transmilli mütəşəkkil cinayətkarlığa, beynəlxalq terrorizmin çağırış və təhdidlərinə qarşı səylərin birləşdirilməsi, bütövlükdə isə hər bir dövlətdə daxili sabitliyin qorunması üzrə dünyada yaranmış tendensiyaya uyğundur.

Ümidvaram ki, bugünkü görüşümüz qeyd etdiyim istiqamətlərdə baş verən proseslərlə həmahənglik təşkil edir.

Aparılan fikir mübadilələri, ayrı-ayrı məsələlərə müxtəlif baxışların razılaşdırılması, NATO ilə ikitərəfli əməkdaşlığın aktual məsələlərinin təhlükəsizliyin və sabitliyin təmin olunması çərçivəsində müzakirə edilməsi - son nəticədə qarşıda duran vəzifələrin həllində mövqelərin yaxınlaşmasına möhkəm zəmin yaradacaqdır.

Diqqətinizə görə minnətdaram!

 


Ən son press-relizlər