Külli miqdarda narkotik götürülüb
14.01.2018Daxili işlər orqanları əməkdaşlarının narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində yanvarın 13-14-də keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində belə hüquqazidd əməllə məşğul olan şəxslər ifşa edilib, ümumi çəkisi 32 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 4 kiloqram heroin, 5 kiloqrama yaxın tiryək və 23 kiloqrama yaxın marixuana götürülərək dövriyyədən çıxarılıb.
Belə ki, Cəlilabad Rayon Polis Şöbəsi və DTX-nın rayon şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə şəhər ərazisində Salyan rayon sakini Qismət Feyziyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobilə baxış keçirilib. Bu zaman yük yerində 4 kiloqram heroin, 1 kiloqram tiryək, 1970 ədəd metadon, 170 blok “NZ” və 214 blok “Manchester” markalı tütün məmulatları aşkar edilərək götürülüb. Sürücü və avtomobildə olan sərnişinləri - Yardımlı rayon sakinləri Hikmət Hüseynov, Mərhəmət Behbudov və onun qardaşı Hikmət saxlanılıblar.
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Həsənov 39 ədəd “Mydrax” məhlulunu və 36 ədəd “Metadon”u 20 manata satarkən saxlanılıb.Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Əhməd Məmmədovdan 22 kiloqram 850 qram marixuana, Astara Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Quliyevdən 1 kiloqram 47 qram, yaşadığı evə baxış zamanı 2 kiloqram 104 qram tiryək, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş İmran Fərəcovdan 25,414 qram, yaşadığı evə baxış zamanı 1 kiloqrama yaxın tiryək aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır.