DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

05.07.2016


 Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyulun 5-də İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Don Stavı qəbul edib.
Qonağı səmimiyyətlə salamlayan nazir xalqlarımız arasında əlaqələrin dərin qatlara və qədim tarixə malik olduğunu, dünyada multikultural dəyərlərin hökm sürdüyü ölkə kimi tanınan respublikamızda müxtəlif millətlərin, o cümlədən yəhudilərin əsrlər boyu tolerant mühitdə, dostluq və mehribanlıq şəraitində yaşadıqlarını,  ikitərfəli münasibətlərin qurulmasında Ulu Öndər Heydər Əliyevin önəmli rolunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İsrail Dövləti rəhbərlərinin siyasi iradəsi nəticəsində bu əməkdaşlığın daha da dərinləşdiyi diqqətə çatdırılıb.

Daha sonra nazir DİN-in strukturu, əsas fəaliyyət istiqamətləri, müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində torpaqlarımızın işğalı, Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçiriliən tədbirlər, cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar və mövcud kriminogen durum barədə məlumat verib.

Son illər polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının İsraildə keçirilən müxtəlif təlim və treninqlərə cəlb edildiklərini, öz peşəkarlıqlarını və ixtisaslarını daha da artırdıqlarını xatırladan nazir İsrailin aidiyyatı strukturları ilə işgüzar əlaqələrə malik olduğumuzu nəzərə çatdırıb, o cümlədən Daxili İşlər nazirlikləri səviyyəsində bu əlaqələrin genişləndirilməsi məqsədilə "Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında daxili və ictimai təhlükəsizlik məsələlərində əməkdaşlıq haqqında Saziş"  layihəsinin hazırlanaraq qarşı tərəfə təqdim olunduğunu bildirib.

 Problemlərə toxunularkən xüsusən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq və narkotiklərin qanunsuz dövriyyəsinin diqqət mərkəzində dayandığı, onlara qarşı yalnız birgə səylərlə mübarizə aparılmasının vacibliyi qeyd edilib. 

 Səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirən səfir Don Stav bir neçə gün əvvəl qeyd olunan Azərbaycan Polisi günü və Ramazan bayramı münasibətilə naziri təbrik edib, ictimai asayişin, sabitliyin yüksək səviyyədə qorunmasında, ölkə vətəndaşları ilə bərabər əcnəbilərin də təhlükəsizliyinin təmini istiqamətində daxili işlər orqanları əməkdaşlarının böyük əmək sərf etdiklərini, bu gün respublikamızın ən təhlükəsiz dövlətlərindən biri olduğunu vurğulayıb.
O, ölkəmizdə diplomatik fəaliyyəti müddətində iki dövlətin müvafiq strukturları  arasında əməkdaşlığın daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini nəzərə çatdırıb.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.