DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

14.07.2015


 İyulun 14-də Daxili İşlər Nazirliyində I Avropa Oyunları zamanı ictimai asayişin qorunmasında qarşıya qoyulan tapşırıqların və təhlükəsizliyin təmin edilməsi üzrə vəzifələrin yerinə yetirilməsində fərqlənmiş bir qrup əməkdaşa mükafatların təqdim olunmasına həsr olunmuş təntənəli mərasim keçirilib.

Mərasimi açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkə Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və gərgin əməyi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın çox böyük təşkilatçılıq bacarığı və xidmətləri sayəsində ötən ay respublikamızda ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkilini məmnunluqla xatırladıb. I Avropa Oyunları zamanı ictimai asayişin təmin edilməsinə cəlb olunan 25 mindən çox əməkdaşın və hərbi qulluqçunun qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələrək əsil vətənpərvərlik və peşəkarlıq nümayiş etdirdikləri vurğulanıb.

 Yarışların ölkəmizin adına və nüfuzuna layiq təhlükəsizlik və əmin-amanlıq şəraitində keçməsi üçün böyük bir fəaliyyət ortaya qoyulduğu, belə nümunəvi və fədakar xidmətin həm xalqımız, həm də ölkəmizə gəlmiş çoxsaylı qonaqlar, turistlər və idmançılar tərəfindən razılıqla qarşılandığı qeyd edilib.

Dövlət başçısının tapşırığı ilə I Avropa Oyunları zamanı xidməti vəzifələrini nümunəvi yerinə yetirdiklərinə, ictimai qaydanın və təhlükəsizliyin təminində yüksək peşəkarlıq göstərdiklərinə görə daxili işlər nazirinin müvafiq əmrləri ilə 2145 əməkdaş və hərbi qulluqçunun mükafatlandırıldığı, eyni zamanda, ərazi polis orqanlarından Nazirliyin rəhbərliyinədək olan səviyyədə isə, ümumilikdə, təxminən 7 min nəfər barəsində müxtəlif həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu diqqətə çatdırılıb.

Nazir nümunəvi xidmətə görə bütün şəxsi heyətə təşəkkürünü bildirib.

Sonra  Baş Kadrlar İdarəsənin rəis müavini, polis polkovniki Səfər Əliyev mərasimə dəvət olunmuş 155 əməkdaşın siyahısını elan edib.

 Nazir Ramil Usubov mükafatları təqdim edərək fərqlənənləri bir daha təbrik edib, hər bir təltifin yüksək məsuliyyət doğurduğunu xatırladıb, onlara xidməti fəaliyyətdə uğurlar, möhkəm cansağlığı, ailə səadəti arzulayıb.

Tədbirin sonunda daxili işlər naziri mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edib ki, şəxsi heyət qanunvericiliklə üzərlərinə düşən vəzifələri,  möhtərəm dövlət başçımızın qarşıya qoyduğu bütün tapşırıqları bundan sonra da yüksək səviyyədə yerinə yetirəcək, Vətənə və xalqa sədaqətlə xidmət edəcəkdir.