DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

14.06.2015

Xəbər verildiyi kimi, 2015-ci il iyun ayının 11-də I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün nəzərdə tutulmuş səki ilə gedən Avstriyanın yığma komandasının iki üzvünə bədən xəsarətləri yetirmişdir.  Faktla bağlı cinayət işi başlanılmış, hadisəni törətmiş avtobusun sürücüsü barəsində həbs qətimkan tədbiri seçilərək istintaq aparılır.

Lakin, həmin gün, qeyd edilən yol-nəqliyyat hadisəsini əks etdirən videogörüntü naməlum mənbədən sosial şəbəkələrə və internet portallarına yerləşdirilmişdir.  Daxili İşlər Nazirliyinin aidiyyatı qurumları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində videonun Nizami RPİ-nin Təhlükəsiz Şəhər Xidmətinin bir əməkdaşı tərəfindən telefona köçürməklə tanışlarından birinə göndərməsi və onun da videonu sosial şəbəkədə yerləşdirməsi müəyyən olunmuşdur. Ciddi xidməti qəbahətə yol vermiş polis əməkdaşı barədə dərhal müvafiq yoxlama aparılmış və o, daxili işlər orqanlarından xaric edilmişdir.
Xidməti araşdırmalar davam etdirilir.