DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

02.03.2015

Martın 2-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ şəhərində yerləşən "N" saylı hərbi hissəsinə Döyüş Bayrağının təqdim olunmasına həsr edilmiş təntənəli mərasim keçirilib.
Tədbirdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Əvvəlcə daxili işlər nazirinin qarşılanması olub, nazir müavini - Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov general-polkovnik Ramil Usubova şəxsi heyətin mərasimə hazır olması barədə raport verib. Nazir şəxsi heyəti salamlayıb, əlamətdar hadisə münasibətilə onları təbrik edib.
Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mərasim açıq elan olunub.
Sonra daxili işlər naziri ölkə Prezidentinin müvafiq fərmanı ilə verilmiş Döyüş Bayrağını hərbi hissənin komandirinə təqdim edib. Azərbaycanın Dövlət himni səsləndirilib.

Nazir müavini-Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov çıxış edərək DQ-nin inkişafından və xüsusilə son illərdə əldə etdiyi uğurlardan danışıb.
Diqqətə çatdırılıb ki, bu gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunları qarşısına qoyulmuş bütün tapşırıqları layiqincə yerinə yetirməyə qadir, yüksək döyüş hazırlığına, müasir maddi-texniki bazaya malik bir quruma çevrilib.
Daxili Qoşunların peşə və döyüş hazırlığının möhkəmləndirilməsi istiqamətində dövlət başçımızın, daxili işlər nazirinin əmr və göstərişlərinin mütəmadi olaraq həyata keçirildiyini qeyd edən komandan bildirib ki, bu xüsusi diqqət və qayğıya şəxsi heyət öz layiqli xidməti ilə cavab verəcək, Döyüş Bayrağını hünərlə, böyük fədakarlıqla qoruyacaq, dövlətimizə və xalqımıza həmişə sədaqətli olacaqdır.
O da vurğulanıb ki, hər bir azərbaycanlı üçün üçrəngli, ay-ulduzlu bayrağımız millətimizin, dövlətimizin qürur mənbəyi olduğu kimi, Döyüş Bayrağı da hərbi qulluqçu üçün şərəf, vicdan və hünər rəmzidir. Döyüş Bayrağına ehtiramla yanaşmaq, ona hörmət göstərmək hər bir hərbi qulluqçunun müqəddəs vəzifəsi və borcudur.

Sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və xoş arzularını şəxsi heyətə çatdırıb.
Silahlı Qüvvələrimizin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu xatırladan general-polkovnik Ramil Usubov onun ordu quruculuğu çərçivəsində Daxili Qoşunların da təkmilləşməsinə böyük önəm verdiyini xatırladıb, Daxili Qoşunların şəxsi heyətinin ərazi bütövlüyümüz və suverenliyimizin, dövlətçiliyimizin, milli mənafelərimizin keşiyində hər zaman ayıq-sayıq dayandığını, ölkəmizdə daxili sabitliyin, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında əsas qüvvələrdən birinə çevrildiyini qeyd edib.

Nazir bildirib ki, Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin tərkib hissəsi olan Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, peşəkarlığının yüksəldilməsinə daim diqqət və qayğı göstərir. Məhz bunun nəticəsi olaraq, bu gün Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir.
Daxili Qoşunların yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığa malik mobil bir quruma çevrildiyini qeyd edən nazir ötən il sentyabrın 22-də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sözügedən hərbi hissədə inşa olunan yeni şəhərciyin açılışındakı iştirakını məmnunluqla xatırladaraq, onun dəfələrlə hərbi hissələrdə olmasının, şəxsi heyətin sosial-məişət şəraiti ilə yaxından maraqlanmasının və göstərdiyi qayğının hərbi qulluqçuların döyüş ruhunun yüksəlməsinə təkan verdiyini, Vətənə, xalqa xidmət əzmini daha da artırdığını vurğulayıb. Bildirilib ki, ictimai qaydanın qorunmasında və qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqlənən şəxsi heyətin fədakar əməyi ölkə başçısı tərəfindən həmişə yüksək qiymətləndirilir, hərbi qulluqçular müxtəlif dövlət mükafatları ilə təltif olunur.
Son illərdə Daxili Qoşunların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilməsinin, nəinki paytaxtda, eləcə də regionlarda yerləşən hərbi hissələrdə geniş abadlıq və quruculuq işlərinin aparılmasının, müxtəlif təyinatlı obyektlərin, o cümlədən yeni hərbi şəhərciklərin, əsgər kazarmalarının tikilməsinin, zabitlər, gizirlər üçün hər bir şəraitə malik yaşayış komplekslərinin istifadəyə verilməsinin bunun bariz nümunəsi olduğu nəzərə çatdırılıb.

Sonda daxili işlər naziri göstərdiyi ali diqqət və qayğıya görə şəxsi heyət adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı zati-aliləri cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib və onu əmin edib ki, Daxili Qoşunların hərbi qulluqçuları ictimai asayişin və sabitliyin keşiyində bundan sonra da ayıq-sayıq dayanacaq, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcək, hər zaman xalqa, Vətənə, dövlətə və Prezidentə sədaqətlə xidmət edəcəkdir.