DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

29.10.2014


Oktyabrın 29-da Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Qətər Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mübarək bin Fahd Al-Tanini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Qonağı səmimi salamlayan nazir dövlət başçılarının siyasi iradəsinə və dostluq münasibətlərinə uyğun olaraq son illər ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik templə inkişaf etdiyini nəzərə çatdırıb, buna əyani sübut kimi Qətər Dövlətinin Baş naziri və daxili işlər naziri Şeyx Abdulla bin Nasir Xəlifə Al-Taninin dəvətinə əsasən oktyabrın 19-dan 21-dək bu ölkədə rəsmi səfərdə olmasını, orada işgüzar və faydalı danışıqların aparılmasını və "Azərbaycan Respublikasının Hökuməti və Qətər Dövlətinin Hökuməti arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq haqqında" Sazişin imzalanmasını nümunə göstərib.

Cənab Ramil Usubov yüksək səviyyəli qarşılıqlı təmasların və ziyarətlərin, yaradılan hüquqi-normativ bazanın daxili işlər orqanları arasında əməkdaşlığın daha da genişlənəcəyinə xidmət edəcəyini, Azərbaycan tərəfinin birgə əlaqələrin daha da dərinləşməsində hər zaman maraqlı olduğunu vurğulayıb, səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Səfir Mübarək bin Fahd Al-Tani səmimi qəbula və xoş sözlərə görə təşəkkür edib, Qətərlə Azərbaycan arasında hərtərəfli əməkdaşlığın gündən-günə inkişaf etdiyini, respublikamızada diplomatik missiyasının həyata keçirilməsində yaradılmış əlverişli və təhlükəsiz şəraitə görə ölkəmizin rəhbərliyinə minnətdarlığını bildirib.