DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

25.10.2014


Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 25-də Gəncə şəhərində növbəti qəbul keçirmişdir.
Şəhər Baş Polis İdarəsində Gəncə, Göygöl, Kəlbəcər, Samux, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarından olan sakinlərin, eyni zamanda, bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin bir qrupunu qəbul edən nazir onların müraciətlərini dinləmiş, qaldırılan məsələlərin operativ şəkildə həlli üçün konkret tapşırıqlar vermişdir.
Müraciətlərin böyük əksəriyyəti qanunvericiliyə uyğun şəkildə elə yerindəcə öz həllini  tapmışdır. Polis fəaliyyətinə aid olmayan ərizələrin isə baxılması üçün aidiyyatı dövlət orqanlarına göndəriləcəyi nəzərə çatdırılmışdır. 
 
Kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq,  sözügedən rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 338 nəfər də qəbulda iştirak etmişdir. Daxili işlər naziri Ramil Usubov onların arasından xidmətə daha yararlı və hazırlıqlı olan 76 gəncin, o cümlədən 7 qızın sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq vermişdir.

Qəbulda iştirak edən vətəndaşlar ölkə Prezidenti cənab  İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə yerlərdə vətəndaşlarla görüşmələri, müraciətlərinə, ərizə və şikayətlərinə operativ və xüsusi həssaslıqla yanaşmaları barədə məlum tapşırığının yüksək səviyyədə icrasına, onların problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə dövlət başçısına minnətdarlıqlarını  bildirmişlər.