DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər və Fövqəladə Hallar Nazirlikləri Mətbuat Xidmətlərinin məlumatı

21.10.2014


Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov və fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Qətər Dövlətinin Baş naziri və daxili işlər naziri Şeyx Abdulla bin Nasir Xəlifə Al-Taninin dəvətinə əsasən oktyabrın 19-dan 21-dək bu ölkədə rəsmi səfərdə olmuşlar.
Oktyabrın 20-də Azərbaycan nümayəndə heyəti ilə Qətər Dövlətinin Baş naziri və daxili işlər naziri arasında görüş keçirilmiş, əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

Görüşdə son illər iki ölkə arasındakı əlaqələrin dinamik inkişaf etdiyi diqqətə çatdırılmışdır. Qətərin bir sıra beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT-də, İslam Konfransı Təşkilatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi məmnunluqla vurğulanmışdır.

Daha sonra Azərbaycan Respublikasının Hökuməti və Qətər Dövlətinin Hökuməti arasında "Təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq haqqında" və "Fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında" Sazişlər imzalanmışdır.
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani azərbaycanlı nazirləri qəbul etmişdir.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Doha şəhərində keçirilən 10-cu təhlükəsizlik və sabitlik sərgisində  iştirak etmişdir.