DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən

13.09.2014


Sentyabrın 13-də Dövlət Bayrağı Meydanında Daxili İşlər Nazirliyinin Polis Akademiyasına bu il qəbul olunmuş və ilkin hərbi hazırlığı başa vurmuş müdavimlərin andiçmə mərasimi keçirilib.
Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev tədbiri giriş sözü ilə açaraq müdavimləri  salamlayıb, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun təbriklərini və ən xoş arzularını mərasim iştirakçılarına çatdırıb. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səslənib.
Sonra müdavimlər  tağımlarla sıra meydanında öz yerlərini tutub  və Polis andını qəbul ediblər.
Valideynlər adından çıxış edən Mədət Məmmədov bildirib ki, bu gün birinci kurs müdavimlərinin həyatında  ən əlamətdar günlərdən biridir. Ali təhsil məktəbləri sırasında öz nüfuzu, yüksək elmi potensialı, güclü maddi-texniki bazası ilə seçilən Polis Akademiyasında  təhsil almaq çox qürurverici və şərəflidir. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra gənclərə dövlət qayğısı daha da gücləndirilib. Ümummilli liderimizin bu sahədəki siyasəti hazırda möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirə yekun vuran polis general-mayoru Nazim Əliyev əminliklə qeyd edib ki, bu gün həyatlarının ən xoşbəxt günlərindən birini yaşayan Polis Akademiyası müdavimlərinin bu müqəddəs yerdə and içmələri onların yaddaşına əbədi həkk olunacaq. Akademiyanın rəisi Polis andını qəbul etmiş müdavimlərə dövlətə, dövlətçiliyə və xalqa hər  zaman sədaqətli olmağı, yaxşı oxumağı, hüquqi bilikləri incəliklərinə qədər öyrənməyi  tövsiyyə edib. Andiçmə mərasimini təntənəli keçidlə başa çatdırdıqdan sonra müdavimlər Dövlət Bayrağı Meydanının Muzeyi ilə də tanış olublar.